Anda di halaman 1dari 116

Az Book Library

(e-Kitab Rauf Baxışov tərəfindən hazırlanıb, Az Book Library tərəfindən oxunaqlı formada şrift
və ölçülər dəyişdirilərək, yenidən redaktə edilərək oxuculara təqdim edilir. Əgər sizin də
kitabınız varsa və paylaşılmasını istəyirsizinizsə bizə göndərə bilərsiniz. Əgər hazırlamaqda
çətinlik çəkirsinizsə səhifələri çəkib göndərin, biz hazırlayaq)
Aqata Kristi “ŞƏRQ EKSPRESİ”NDƏ QƏTL

Aqata Kristi əsərlərinin klassik qəhrəmanı Puaro «Şərq ekspresi»ndə səfərə çıxır və
həmişəki kimi baş gicəlləndirən hadisəylə üz-üzə qalır.
Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti aşkarlanır. Elə bu zaman qatar yolda
qalaqlanmış nəhəng qar topası səbəbindən dayanmalı olur və hərəkət edə bilmir. Puaro bu qətl
hadisəsini araşdırmaq məcburiyyətində qalır. İşin çətin yanı isə odur ki, qatardakı hər bir
möhtərəm sərnişinin, texniki heyət üzvünün qatil çıxmaq ehtimalı var. Yalnız Puaro kimi mahir
detektiv, öz parlaq istedadı və iti məntiqi sayəsində belə bir dolaşıq qətl hadisəsini açmağa yardım
etmək iqtidarındadır.
Dünya detektiv əsərlərinin şedevrlərindən sayılan «Şərq ekspresində qətl» romanı müəllifin
o biri əsərləri kimi çox həvəslə oxunur və oxucunun bütün diqqətini özünə çəkə bilir.
Agatha Christie MURDER ON THE ORIENT EXPRESS

Aqata Kristi “ŞƏRQ EKSPRESİ”NDƏ QƏTL


Bakı, Qanun Nəşriyyatı, 2014

Ruscadan tərcümə: Pərviz Cəbrayıl


Nəşriyyat redaktoru: Anar Mahmudoğlu
Korrektorlar: Şəfiqə Quliyeva
Nigar Musayeva
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37 e-
mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
ISBN 978-9952-26-745-7

© Qanun Nəşriyyatı, 2014


Murder on the Orient Express © 1934 Agatha Christie Limited. All rights reserved. AGATHA
CHRISTIE and POIROT are registered trade marks of Agatha Christie Limited in the UK and/or
elsewhere. All rights reserved.

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım


hüquqları Qanun Nəşriyyatına məxsusdur.
Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və
əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının
Qanunu»na ziddir.
Birinci hissə
Faktlar
I FƏSİL
“Buğalar” ekspresinin önəmli sərnişini

Şaxtalı bir sübh çağı, saat beşdə Suriyanın Hələb stansiyasında dəmir yolu sorğu
kitabçalarında təmtəraqla “Buğalar” adlandırılan ekspress perronda gözləyirdi. Yataqlı vaqonun
çıxışında əzəmətli uniforma geyinmiş cavan fransız zabiti qulaqlarına qədər şərfə bürünmüş
balaca adamla danışırdı. Adamın qızarmış burnuyla bığlarının yuxarı doğru burulan iti uclarından
başqa, sifəti görünmürdü.
Soyuq iliyə işləyirdi. Bu fəxri qonağı uğurlamaq elə həsəd aparılası bir şey olmasa da,
leytenant Dübosk borcunu layiqincə yerinə yetirməyə çalışırdı. Ağzından nəfis fransızca deyilən
zərif sözlər tökülürdü. Əslində, hadisənin iç üzündən xəbərsizdi. Doğrusu, bu cür vəziyyətlərdə
qarnizonda cürbəcür şayiələr dolaşırdı. Əmrində olduğu generalın hiddəti gün boyu artmışdı, heç
nədən razı qalmırdı. Sonra da hayandansa bu belçikalı gəlib çıxmışdı. Özü də düz İngiltərədən.
Aradan çox gərgin bir həftə keçəndən sonra bəzi qəribə işlər baş verməyə başlamışdı. Tanınmış
biri intihar eləmişdi, başqa biri də qəfildən istefaya çıxmışdı. Üzlərdəki həyəcanlı ifadələr silinmiş,
bəzi təhlükəsizlik tədbirləri də ləğv edilmişdi. Düboskun qabaqlar əmrində olduğu general isə
birdən-birə əməlli-başlı on yaş cavanlaşmışdı.
Dübosk təsadüfən “öz” generalıyla qonağın danışığından bir parçanı dinləməli olmuşdu.
“Mon cher1, siz bizi xilas etdiniz, – general həyəcanla demişdi. Danışanda qalın, boz bığı titrəyirdi.
– Siz Fransız ordusunun şərəfini qorudunuz. Qan tökülməsinin qarşısını aldınız! Məni eşidib ta
buralara qədər gəldiyinizə görə sizə necə təşəkkür edəcəyimi belə bilmirəm...”
Erkül Puaro adlı bu gəlmə qonaq gərəkən şəkildə cavab verib demişdi: “Nə
danışırsınız, general, bir vaxt sizin məni ölümdən qurtardığınızı necə unuda bilərəm?” Sonra da
general öz növbəsində belə hallarda deyilməsi gərəkən uyğun sözü deyərək
öz xidmətini kiçiltmiş, ardıyca da Fransa, Belçika, şərəf və ləyaqət kimi şeylərdən söz açıb
qucaqlaşmışdılar.
Leytenant Dübosk isə hələ də olayın iç üzünü bilmirdi. Amma müsyö Puaronu “Buğalar”
ekspresinə mindirmək tapşırığı ona verilmişdi. O da bunu parlaq gələcəkli bir gənc zabitə yaraşan
şəkildə həyəcan və şövqlə yerinə yetirirdi.
– Bu gün bazar günüdü, – leytenant Dübosk dedi. – Sabah axşam, yəni bazar ertəsinə
İstanbulda olacaqsınız.
Leytenant ilk dəfə deyildi ki, bu sözləri deyirdi; ancaq aydın məsələdi ki, qatar yola
düşməmiş stansiyada həmişə bu cür sözləri təkrar eləyirlər.
Müsyö Puaro:
– Orası elədi, – deyə cavab verdi.
– Yəqin ki, orada bir neçə gün qalmaq fikriniz var.
– Bəli. İstanbulda heç olmamışam. Oradan belə sürətlə yan keçib getmək heç yaxşı olmaz, –
Puaro yan keçmənin sürətini göstərmək üçün barmaqlarını şaqqıldatdı. – Heç yana tələsib-
eləmirəm. Orada turist kimi bir neçə gün keçirməyi düşünürəm.
– Ayasofya çox gözəldir, – leytenant Dübosk dedi. Əslində, heç özü də ömrü boyu
İstanbulu görməmişdi.
Soyuq bir rüzgar vıyıldayıb perronda dolaşdı. Leytenant oğrun-oğrun saatına baxdı
– beşə beş dəqiqə vardı, yəni qatarın tərpənməsinə cəmi beşcə dəqiqə qalırdı! Qonağın
bu oğrun baxışı sezdiyindən narahat olan leytenant təlaşla danışmağa başladı:
– Bu mövsümdə yolçular çox az olur. – Arxalarındakı yataq vaqonunun pəncərəsinə
boylandı.
Müsyö Puaro onunla eyni fikirdə olduğunu dedi:
– Hə, elədir.
– Ümid eləyirəm, Toros dağlarında qar fırtınasına düşməzsiniz.
– Məgər belə şeylər də olur?
– Əlbəttə. Amma bu il Allah rəhm eləyib.
Müsyö Puaro:
– Hesab eləyək ki, o halda yenə də rəhm elər, – dedi.
– Avropadan gələn hava xəbərləri necədi, bəd deyil ki?
– Çox pisdi. Balkanlarda dəhşət qar yağıb.
– Eşitdiyimə görə, Almaniyada da eləymiş.
Araya yenidən səssizlik çökürdü ki, leytenant həyəcanla:
– Nəysə, – dedi. – Sabah axşam yeddiyə iyirmi dəqiqə qalmış İstanbulda olarsınız.
Müsyö Puaro:
– Bəli, – deyə mızıldandı, sonra da tələsik sözlərinə davam etdi: – Ayasofya...
Eşitdiyimə görə möhtəşəmmiş.
– Hə, çox gözəldi...
Kupelərdən birinin pərdəsi açıldı, pəncərədən cavan bir qadın bayıra boylandı.
Meri Debenhem ötən cümə axşamı Bağdaddan çıxandan bəri demək olar ki, yuxu üzünə
həsrət qalmışdı. Nə Kərkükə gedərkən qatarda, nə sərnişinlərin Mosuldakı istirahət
otaqlarında istədiyi kimi yata bilmişdi. Ötən gecə qatarda da eləcənə.
İndi də həddən artıq isidilmiş kupenin boğucu istisində bir gözü açıq yatmaqdan
sıxılaraq qalxıb bayıra boylanmışdı.
Bura yəqin ki, Hələbdi. Ancaq baxacaq bir şey də yoxdu. Hardasa yaxında kimlərsə ərəbcə
dilləşirlər. Sadəcə, yaxşı işıqlandırılmış bir perron, vəssalam, – düşündü.
Pəncərəsinin düz aşağısında iki adam fransızca danışırdı. Biri fransız zabiti, o birisə şələbığ,
incə-mincə adamdı. Meri Debenhemin dodaqlarına xəfif təbəssüm qondu. Hələ bu vaxtacan belə
sıx-sıx bürünüb-sarınan birini görməmişdi. Yəqin ki, bayırda çox soyuq idi. Qatarı da buna görə çox
isidirmişlər. Pəncərəni endirməyə çalışdı, ancaq bacarmadı.
Vaqon bələdçisi bu iki adama yaxınlaşdı:
– Qatar yola düşür, müsyö, gecikirsiniz.
Balaca kişi şlyapasını çıxardı. Meri Debenhem kişinin başının necə də yumurtaya oxşadığını
düşünüb, fikirli olmasına baxmayaraq, yenə də güldü. Necə gülünc, incə- mincə adamdı.
Heç kimin ciddi yanaşmayacağı bir tip...
Leytenant Dübosk son sözlərini deyirdi. Bu sözləri öncədən hazırlayıb, özü də lap son ana
saxlamışdı. Çox gözəl, aydın, qısa bir nitq demək olardı.
Müsyö Puaro bu nitqin altında qalmamaq üçün ona eyni şəkildə cavab verdi. Vaqon
bələdçisi bir də: “Lütfən, qatara minin”, – dedi.
Puaro sanki leytenantdan heç ayrılmaq istəmirdi, çox həvəssiz tövrlə pilləkənləri
çıxdı. Bələdçi də onun ardınca getdi. Puaro leytenanta sarı əlini yellədi.
Leytenant Dübosk təzim elədi. Qatar qeyzlə dartınaraq yerindən tərpəndi. Erkül
Puaro: “Axır ki...”, – deyə mızıldandı.
Şaxtanın nə qədər sərt olduğunu hiss edən leytenant Dübosk, “Ooooff...” – dedi.
– Hə, müsyö,– bələdçi nəzərəçarpacaq bir hərəkətlə Puaroya kupesinin gözəlliyinə və
çamadanlarının nə qədər səliqəylə yerləşdirildiyinə işarə vurdu. – Müsyönün kiçik çamadanını da
buraya qoydum. – Bələdçi Puaronun diqqətini cəlb eləmək üçün əlini xüsusi şəkildə uzatmışdı.
Erkül Puaro onun uzanmış əlinə iki qatlanmış əsginaz basdı.
– Təşəkkürlər, müsyö. – Bələdçi ciddiləşdi. – Müsyönün bileti məndədi. İndi pasportunuzu da
xahiş edəcəyəm. Belə başa düşdüm ki, müsyö yolçuluğuna İstanbulda ara verəcək.
Puaro təsdiqlədi, sonra: “Zənnimcə, qatarda elə də çox sərnişin yoxdur”, – dedi.
– Yox, müsyö. Sadəcə, daha iki sərnişin var. İkisi də ingilisdi. Biri Hindistandan gələn
polkovnikdi, biri isə Bağdaddan gənc ingilis ledisi. Bəs müsyönün bir şeyə ehtiyacı varmı?
Müsyö bir şüşə mineral su istədi.
Səhər saat beş qatara minmək üçün çox da uyğun vaxt deyildi. Səhərin açılmağına hələ iki
saat vardı. Gecəni yaxşıca yata bilməmiş və çox incə bir işi uğurla həll etdiyinə görə sevinən Puaro
küncə qısılaraq yuxuya getdi.
Oyananda doqquzun yarısıydı. Qəhvə içmək üçün vaqon restoranına getdi. İçəridə bircə
müştəri vardı. Yəqin ki, bələdçinin dediyi həmin gənc ingilis ledisiydi. Ucaboy, incə və qaraşındı.
İyirmi altı yaşında olardı. Səhər yeməyini arın-arxayın yeməsindən və rahat davranışlarından
yolçuluğa alışıq olduğu və çoxlu səyahətlər etdiyi aydın görünürdü. Əynində qatar havasına çox
uyğun, tünd rəngli yol paltarı vardı.
Başqa bir işi olmayan Erkül Puaro hiss etdirmədən qızı incələyərək vaxtını
öldürməyə başladı.
“Hara gedir-getsin, özünü asanca qorumağı bacaran bir qızdı, – Puaro düşündü. – Təmkinli,
bacarıqlı”. Qızın ciddi ifadəli üzünün cizgiləri və bədəninin ağlığı xoşuna gəlmişdi. Bir də dalğalı,
parlaq qara saçları və soyuq baxışlı qonur gözləri.
“Amma onu heç də yaxşı hesab eləmək olmaz, sadəcə, ciddi və işini bilən bir qızdı”,
– Puaro qərar verdi.
Az sonra vaqon-restorana başqa biri də girdi. Qırx-əlli yaş arasında, ucaboy, gündən
qaralmış, zərif bir kişiydi. Gicgahları ağarmışdı.
– Hindistandan gələn polkovnik, – Puaro öz-özünə dedi. Yeni
gələn adam yüngülcə təzimlə qızı salamladı:
– Günaydın, miss Debenhem.
– Günaydın, polkovnik Arbetnot.
Polkovnik əlini qızın qarşısındakı stula uzadıb dayanmışdı:
– Oturmaq olarmı? – soruşdu.
– Əlbəttə, buyurun.
– Bilirsiniz ki, səhər yeməyində gəvəzəlik eləyənləri heç kim xoşlamır.
– Hə, doğrudu. Ancaq qorxmayın, acılamaram.
Polkovnik oturdu. Qarsonu çağırıb, yumurta və qəhvə sifariş verdi. Gözləri bir anlıq
Erkül Puaroya sataşdı, sonra laqeydliklə başqa yana çevrildi.
İngilisin beynindən keçənləri asanlıqla oxuyan Puaro polkovnikin öz-özünə onun barəsində
“Vur-tut sarsaq bir əcnəbi” deyə düşündüyünü anladı.
İki ingilis öz vərdişlərinə uyğun bir şəkildə çox danışmadan iki-üç kəlmə kəsəndən sonra qız
qalxıb öz kupesinə yollandı.
Nahar yeməyində o iki ingilis yenə də eyni masa arxasında oturdu və bu dəfə də
üçüncü yolçunu görməməzliyə vurdular.
Ancaq naharda səhərkindən daha canlı söhbətləşirdilər. Polkovnik Arbetnot Pəncab haqda
danışır, arabir də qızdan tərbiyəçi kimi qulluq elədiyi Bağdad haqda soruşurdu. Söhbət zamanı
ümumi dostlarının olması haqda biləndən sonra danışıqları daha da canlandı, aradakı sərtlik
götürüldü. Hansısa Tommi Filankəsi, Cerri Bəhmənkəsi yada saldılar, bundan sonra polkovnik
xəbər aldı ki, miss Debenhem birbaşa İngiltərəyə gedir, yoxsa İstanbulda qalacaq?
– Birbaşa İngiltərəyə.
– Sonra peşman olmazsınız ki?
– Mən iki il qabaq bu yolu gedəndə üç gün İstanbulda olmuşam.
– Aydındı. Mən ancaq onu deyə bilərəm ki, buna çox sevindim. Çünki mən də heç yerə
dönməyəcəyəm. – Polkovnik yöndəmsiz halda təzim elədi. Üzü qızarmışdı.
Erkül Puaro rişxəndlə: “Hə, bu yoldaşın zəif bir yanı varmış”, – deyə düşündü. Bu fikirdən
xoşhallandı. “Dəmir yolu yolçuluğu dəniz səfərlərindən heç də az təhlükəli deyil”.
Miss Debenhem arxayınlıqla onunçün də xoş oluğunu söylədi. Ancaq
qarşısındakına daha artıq cəsarət verənə qətiyyən oxşamırdı.
Erkül Puaro polkovnik Arbetnotun qızı kupesinə qədər ötürdüyünü anladı. Bundan sonra
əsrarəngiz mənzərələri olan Toros dağlarından keçdilər. Pəncərələrdən Gülək darvazaları
görünəndə, – Puaro ingilislərdən elə də uzaqda durmamışdı – qızın birdən- birə dərindən içini
çəkib pıçıltıyla dediyi sözləri eşitdi:
– Çox gözəldi... Kaş ki... kaş ki...
– Nə?
– Kaş ki, bütün bunlardan həzz ala biləydim.
Polkovnik Arbetnot bir şey demədi. Onun dördkünc çənəsi daha ciddi, sərt bir ifadəyə
bürünmüşdü.
– Kaş ki, siz bu işə heç qarışmamış olaydınız, – polkovnik dedi.
– Susun... Xahiş edirəm, yalvarıram, susun.
– Yaxşı-yaxşı, – polkovnik bir az da acıqla Puaroya sarı baxdı. Sonra sözünə davam etdi. –
Amma sizin mürəbbiyəliklə məşğul olmaq fikriniz heç xoşuma gəlmir. Öz dediyindən başqa bir şey
bilməyən anaların, bir də adamın zəhləsini tökən körpələrin əmrlərinə boyun əyməyə məcbur
olacaqsınız.
Qız güldü. Səsi yüngülcə əsirdi:
– Ah, nə olar, belə düşünməyin. Hamının əzib-alçaltdığı tərbiyəçi hekayəsinin doğru
olmadığını artıq çoxdandır ki, hər kəs bilir. İnanın ki, əsl analar və atalar məndən çəkinirlər.
Susdular. Deyəsən, Arbetnot o şəkildə həyəcanla danışdığı üçün utanmışdı.
“Burada maraqlı bir komediya oynanılır”, – Puaro ağlından keçirdi. Bu
düşündüyünü daha sonralar xatırlayacaqdı.
O gecə on birin yarısında qatar Konyaya çatdı. İki ingilis sərnişin qatardan enib
qarlı perronda o baş-bu başa gəzişdilər.
Puaro isə qələbəlik stansiyada baş verənləri pəncərədən seyr etməklə kifayətləndi. Ancaq
hardasa on dəqiqə sonra bir az hava almağın heç də pis olmayacağını düşündü. Diqqətlə hazırlaşdı.
Altdan-üstdən geyindi, şərflərinə büründü, botularının üstündən qaloşlarını ayağına taxdı. Sonra
da çəkingən addımlarla perrona enib, addımlamağa başladı. Lokomotivin yanından keçib
irəlilədi.
Baqajların yükləndiyi vaqonun yanında dayanmış iki kölgənin kim olduğunu
səslərindən başa düşdü. Arbetnot idi danışan:
– Meri... Sən...
Qız onun sözünü ağzında qoydu:
– Yox, indi yox. İndi olmaz. Hər şey bitsin, ondan sonra. Qoy o hadisələr arxada
qalsın... onda...
Puaro kübarlıq edərək dərhal geri qayıtdı. “Bunun miss Debenhemin soyuq və sakit səsi
olduğuna inana bilməzdim, – öz-özünə dedi. – Çox qəribədi...”
Ertəsi gün ona elə gəldi ki, bu iki ingilis dalaşıb. Çünki bir-biriylə çox az danışırdılar.
Sanki qızın üzündə əndişəli bir ifadə vardı. Gözlərinin altında bənövşəyi kölgələr görünürdü.
Günortadan sonra, saat üçün yarısına yaxın qatar qəfildən dayandı. Başlar pəncərələrdən
bayıra uzandı. Relslərin yanında kiçik bir dəstə toplanıb, vaqon- restoranın altında nəyəsə
baxaraq əlləriylə işarə edirdilər.
Puaro pəncərədən başını çıxarıb təlaş içində oradan keçməkdə olan vaqon
bələdçisini səslədi. Bələdçi nə baş verdiyini anlatdı. Sonra Puaro başını geri çəkib içəri dönəndə az
qala düz arxasında dayanmış Meri Debenhemlə toqquşacaqdı.
Qız fransızca:
– Nə olub? – soruşdu. Səsi həyəcandan titrədi. – Niyə dayanmışıq?
– Ciddi bir şey yoxdu, madmazel. Vaqon-restoranın altında nəsə yanğın baş verib. Amma bir
şey deyil. Yanğını söndürüblər. İndi də qaydasına salırlar. Arxayın olun ki, bir təhlükə yoxdu.
Qız əlini qəribə və cəld şəkildə yellədi. Sanki təhlükə fikri onunçün mənasız bir şeydi
və onu bir kənara itələyirdi.
– Bəli-bəli, başa düşürəm. Ancaq nə qədər vaxt itiririk!
– Vaxt?
– Hə də, gecikəcəyik.
Puaro:
– Hə, tamamilə mümkündü, – deyib başını yellədi.
– Amma gecikməyimiz heç yaxşı deyil! Qatar stansiyaya altı əlli beşdə girəcək. Mən isə
Bosforu o üzə keçib, saat doqquzda yola düşəcək “Şərq ekspresi”nə yetişməliyəm. Bir- iki saatlıq
ləngimə olsa, qatarı qaçıracağıq.
Puaro, yenə də “Hə, mümkündü”, – dedi.
Maraqla qıza baxırdı. Meri Debenhem pəncərənin altındakı çubuqdan bərk-bərk
tutmuşdu. Əli də, dodaqları da titrəyirdi. Puaro:
– Madmazel, bunun sizin üçün əhəmiyyəti var?
– soruşdu.
– Bəli-bəli. Çox əhəmiyyəti var. O... o qatara mütləq yetişməliyəm. – Qız çevrilib koridorla
addımlayaraq polkovnik Arbetnotun yanına getdi.
Əslində, lap boş yerə həyəcanlanmışdı. On dəqiqə sonra qatar yenidən hərəkətə
başladı və Heydərpaşaya da sadəcə, beş dəqiqə geç çatdı.
Dəniz dalğalıydı. Qarşı yaxaya keçəndə bu vəziyyət Puaronu heç açmadı. Qayıqda
yol yoldaşlarından ayrıldı və onları bir daha görmədi.
Qalata körpüsündən bir taksiyə oturub düz “Tokatlıyan” otelinə yollandı.

1 Mon cher – mənim dostum


II FƏSİL
“Tokatlıyan” oteli

Erkül Puaro “Tokatlıyan”da hamamı olan bir otaq götürdü. Sonra da ona məktub olub-
olmadığını xəbər aldı. Üç məktub, bir də teleqram gəlibmiş. Teleqramı görəndə qaşlarını yüngülcə
dartdı.
Gözləmirdi bunu. Teleqramı həmişəki kimi sakit şəkildə, diqqətlə açdı.
“Kassnerin işində heç gözlənilməyən qəliz dəyişikliklər oldu. Lütfən, dərhal qayıdın”.
Puaro acıqla: “Buna deyərlər, adamın ürəyini sıxan vəziyyət”, – deyə donquldandı.
Sonra başını qaldırıb divar saatına baxdı. Resepsiyondakı məmura:
– Mən bu gecə yoluma davam eləməli oldum, – dedi.
– “Şərq ekspresi” neçədə yola çıxacaq?
– Saat doqquzda, müsyö.
– Mənə bir kupe tapa bilərsinizmi?
– Əlbəttə, müsyö. İlin bu vaxtı çətin olmaz. Qatarların hamısı demək olar ki, boş
gedib-gəlir. Birincidərəcəli istəyirsiniz, yoxsa ikinci?
– Birinci.
– Oldu, cənab. Haraya qədər alım biletinizi?
– Londona.
– Oldu, cənab. Sizə İstanbul-Qala vaqonunda biryataqlı yer ayırtdıracağam.
Puaro yenidən saatına baxdı. Səkkizə on dəqiqə vardı.
– Şam eləməyə vaxtım çatarmı?
– Əlbəttə, cənab, çatar.
Balaca belçikalı başını yellədi. Holldan keçib yemək salonuna girdi.
Qarsona istədiyi yeməkləri sifariş verəndə kimsə çiyninə toxundu. Arxasından gələn bir səs:
– Oo, dostum, – dedi. – Nə xoş təsadüf!
Saçları fırça kimi dimdik, qısaboylu, kök, yaşlı-başlı bir adamdı. Çox razı halda gülümsəyirdi.
Puaro ayağa qalxdı:
– Müsyö Buk!
– Müsyö Puaro!
Müsyö Buk da belçikalıydı; Beynəlxalq Yataqlı Vaqonlar Şirkətinin direktorlarından
biriydi. Belçika polisinin keçmiş şefiylə illərdən bəriydi ki, dostluq edirdi.
Müsyö Buk:
– Yaman uzaqlara gəlib çıxmısınız, dostum, – dedi.
– Suriyada xırda bir problemlə məşğuluydum.
– Həə... İndi isə evinizə qayıdırsınız. Nə vaxt gedəcəksiniz?
– Elə bu gecə.
– Əla! Elə mən də. Daha doğrusu, mən Lozana qədər gedəcəyəm. Orada bəzi işlərim var. Hər
halda, “Şərq ekspresi”ylə gedəcəksiniz də?
– Bəli. Özümçün bir kupe tapşırmışam. Bir neçə gün burada qalmaq niyyətim vardı. Amma
teleqram almışam. İndi vacib bir iş üçün İngiltərəyə dönmək məcburiyyətindəyəm.
– Ah, – müsyö Buk köks ötürdü. – İşlər... işlər... Ancaq nə də olsa, sizi indi bütün dünya tanıyır,
dostum.
– Hə, bəlkə də bir az uğurlarım olub... – Puaro özünü təvazökar kimi göstərməyə
çalışdısa da, deyəsən, istəyi baş tutmadı.
Müsyö Buk güldü:
– Eybi yox, başqa vaxt görüşərik.
Erkül Puaro bığının yeməyinə girməməsi üçün bütün diqqətini cəmləyib şorbasını içməyə
başladı. Bu çətin işin də öhdəsindən gəldikdən sonra o biri yeməyi gözləyərkən ətrafına boylandı.
Yemək salonunda vur-tut beş-altı adam vardı. Onlardan ancaq ikisi Erkül Puaronun diqqətini çəkdi.
Yaxındakı masada oturmuşdular. İçlərindən ən cavanı otuz yaşlarında xoş bir kişiydi.
Amerikalı olduğu dərhal anlaşılırdı. Amma balacaboy detektivin diqqətini tam olaraq çəkən o
deyil, yanındakıydı.
Altmış beş-yetmiş yaşlarında bir kişiydi. Bir az uzaqdan xeyriyyəçilərə məxsus mülayim üzü
vardı. Dazlaşan başı, qabarıq alnı və ağappaq protez dişlərini üzə çıxaran gülüşləri... hər şey onun
insanları sevən, mərhəmətli biri olduğunu nəzərə çarpdırırdı. Yalnız gözləri bu müşahidənin əksini
deyirdi. Kiçik, çuxura düşmüş və hiyləgər baxışlıydı bu gözlər. Cavan yoldaşına nə isə danışa-
danışa baxışları salonda oyanı-buyanı dolaşanda Puaroya ilişdi. Sanki gözlərində bir anlıq da
olsa, qəribə kin parıldadı. Baxışlarında anormal bir israr vardı bu anlarda.
Sonra ayağa qalxdı:
– Hektor, hesabı ödə, – dedi. Səsi yüngülcə qısılmışdı. Bu səsdə qəribə, mülayim, təhlükəli bir
ifadə vardı.
Puaro salona, yoldaşının yanına getdiyi vaxt bu iki kişi də oteldən çıxırdılar. Cavan olanı
çamadanların aşağıya düşürülməsi ilə məşğuldu. Sonra şüşə qapını açıb: “Hər şey hazırdı, cənab
Retçett”, – dedi. Yaşlı kişi nəsə donquldanıb bayıra çıxdı.
– Bu iki adam haqqında nə düşünürsünüz? – Puaro
soruşdu.
Müsyö Buk onların amerikalı olduqlarını dedi.
– Amerikalı olduqları bəllidir. Mən onların haqqında nə düşündüyünüzü soruşurdum.
– O cavan oğlandan xoşum gəldiyini deyə bilərəm.
– Bəs o biri?
– Qoy sizə düzünü deyim, dostum, nədənsə, o, heç xoşuma gəlmədi. Nəsə məndə pis bir hiss
oyadır. Bəs sizin?
Erkül Puaro nəsə gec cavab verdi:
– Yemək salonunda yanımdan keçəndə nəsə qəribə hisslər keçirdim, – Puaro handan-hana
mızıldandı. – Sanki vəhşi bir heyvan keçirdi yanımdan... – son dərəcə vəhşi, qan tökməyə
həris bir heyvan!
– Ancaq belə baxanda çox mötəbər adama bənzəyir.
– Bəlkə də! Döş qəfəsi son dərəcədə sayğı oyadır adamda. Ancaq qəfəs arxasından bir
vəhşi heyvan baxır yan-yörəyə.
Müsyö Buk:
– Təxəyyülünüz çox genişdi, dostum, – dedi.
– Ola bilər ki, elədi. Amma mənə elə gəlir ki, o anda yanımdan o yox, çox pis bir məxluq keçib
getdi. Hələ də təsirindən çıxa bilmirəm.
– Siz o mötəbər amerikalını nəzərdə tutursunuz?
– Bəli, o mötəbər amerikalını deyirəm.
Müsyö Buk nəşəylə:
– Eh, – dedi, – ola bilər. Bu dünyada o qədər pislik var ki!
Bu vaxt qapı açıldı, resepsion işçisi içəri girdi. Onlara doğru gələndə üzündə
həyəcanlı və hüznlü bir ifadə vardı:
– Belə şey ola bilməz, müsyö, – Puaroya dedi. – Qatarda bircə dənə də
birincidərəcəli yer yoxdu.
Müsyö Buk:
– Nə? – deyə çığırdı. – Bu fəsildə? Yüz faiz nəsə bir jurnalist qrupu gedir! Ya da bir dəstə
diplomat!
Resepsion işçisi ona dönüb:
– Deyə bilmərəm, cənab. Ancaq vəziyyət belədi.
– Demək, belə... – Müsyö Buk Puaroya baxdı. – Heç həyəcanlanmayın, dostum. Bir şey
fikirləşərik. “Şərq ekspresi”ndə həmişə boş kupe tapmaq olar. 16 nömrəli kupe. Bələdçilər həmişə
onu ehtiyata saxlayırlar. – Müsyö Buk gülümsədi, başını qaldırıb saata baxdı və: – Çıxaq, – dedi.
Stansiyada qəhvəyi rəngli uniforma geyinmiş vaqon bələdçisi müsyö Buku hörmətlə
qarşıladı.
– Xoş gəldiniz, cənab. Siz birincidərəcəli vaqondasınız.
Bələdçi hambalları çağırdı. Onlar əşyaları üstündə “İSTANBUL TRİESTE –
CALAİS” yazılı vaqona daşıdılar.
– Eşitdiyimə görə, bu gecə yerlərin hamısı doluymuş.
– Hə, inanılmayacaq şeydi, müsyö. Bütün dünya bu gecə səfərə çıxmağa qərar verib deyəsən.
– Nə olursa olsun, bu cənaba bir yer tapmalısan. Yaxın dostumdur. 16 nömrəli kupedə də
gedə bilər.
– O kupeni tutublar, müsyö.
– Nə? 16 nömrəlinimi?
İki kişi anlayışla bir-birinə baxdı. Sonra bələdçi güldü. Ortayaşlı, uzun boylu, sarı
üzlü biriydi.
– Bəli, müsyö. Dediyim kimi... Yerlərin hamısı doludu.
– Belə də iş olar? Nə baş verir axı? – müsyö Buk acıqla soruşdu. – Hardasa toplantı-
zad var? Bəlkə dəstəylə səfərə çıxanlar tutub yerləri?
– Xeyr, cənab. Sadəcə, bir təsadüf. Nədənsə, çox adam məhz bu gecə yola çıxmaq
qərarına gəlib.
Müsyö Buk narahat-narahat donquldandı:
– Belqradda Afinadan gələn vaqonu qoşacaqlar. Sonra Buxarest-Paris vaqonu da var.
Amma Belqrada ancaq sabah axşam çatacağıq. Bəs bu gecə? Boş olan ikincidərəcəli kupe də
yoxdur?
– İkincidərəcəlidə bir yer var, cənab...
– A, lap yaxşı...
– Amma ora qadınlar üçün ayrılıb. Bölmədə bir alman qadın var indi. Xidmətçisiylədi.
Müsyö Buk:
– Vay, vay, vay, – dedi, – adamın ürəyi sıxılır lap.
Puaro:
– Üzülməyin, dostum, – deyib gülümsədi. – Kupedə getməkdən vaz keçirəm.
– Yox, olmaz, – Buk yenidən bələdçiyə sarı döndü. – Bütün sərnişinlər gəlibmi?
– Birindən başqa, – bələdçi tərəddüdlə cavab verdi,
– yəni hələ ki, bir yer boşdu.
– Aha, davam edin...
– Yeddi nömrəli. İkincidərəcəlidə. O sərnişin hələ də gəlib çıxmayıb. Doqquza isə
cəmi dörd dəqiqə qalıb.
– Kimdi o sərnişin?
– Bir ingilisdi, – bələdçi əlindəki sərnişin siyahısına baxdı. – Cənab Harris adında
biridi.
– Bu ad çox yaxşı əlamətdir. – Puaro dedi. – Mən Dikkensi oxumuşam. Deyim ki, cənab Harris
gəlməyəcək.
– Müsyönün çamadanlarını yeddinci nömrəyə qoyun, – Buk əmr etdi. – Cənab
Harris gəlib çıxsa, deyərik ki, çox gecikmisiniz. Başa salarıq ki, kupeləri bu qədər boş
gözlətmək olmaz. Ya elə, ya belə, problemi yoluna qoyarıq. Yeri gəlmişkən, cənab Harris
lazımdı ki mənə?
– Necə istəyirsiniz, cənab. – Bələdçi Puaronun yükünü daşıyan hambala baqajı hara
aparacağını başa saldı. Sonra da belçikalının qatara minməsi üçün pilləkənlərin önündən çəkildi.
– Soldan ikinci kupe, cənab.
Puaro uzun koridordan keçərək söylənən kupeni tapdı. “Tokatlıyan” otelində gördüyü
ucaboy, cavan amerikalı da içəridəydi. Əlini rəfdəki bir çamadana sarı uzadırdı. Puaro içəri girəndə
amerikalı qaşlarını çatdı: “Bağışlayın, deyəsən, siz kupenizi səhv salıbsınız”. Sonra bu sözlərini
ağır-ağır fransızca da təkrarladı. Puaro ingiliscə cavab verdi:
– Siz cənab Harrissiniz?
– Xeyr. Mənim adım Makkuindi. Mən...
Elə bu vaxt bələdçi Puaronun çiyninin üstündən təngnəfəs danışmağa başladı:
– Qatarda başqa kupe yoxdu, müsyö. Bu cənaba da bu yeri vermək məcburiyyətində
qaldıq.
Bələdçi danışa-danışa pəncərəni açmışdı. İndi də Puaronun çamadanlarını içəriyə daşımağa
başlamışdı. Puaro bələdçinin üzr diləyən şəkildə danışmasını təbəssümlə dinləmişdi. Yəqin ki,
amerikalı ona kupesinə başqa birini salmayacağı təqdirdə bol bəxşiş verəcəyini vəd edibmiş.
Ancaq qarşısında Kupeli Vaqonlar Şirkətinin direktorlarından birini görəndən sonra nə eləyə
bilərdi ki!
Belçikalının çamadanlarını yerləşdirən bələdçi kupedən çıxdı:
– Hə, bax belə, müsyö. Hər şeyi yerbəyer elədik. Siz üst yataqdasınız. Yeddi nömrəli yerdə.
Qatar bir dəqiqə sonra yola düşəcək, – dedi və təlaşla koridorda addımlayaraq uzaqlaşdı.
Puaro kupeyə döndü. Şən ovqatla:
– Harda görünüb ki, bələdçi bir sərnişinin əşyalarını öz əliylə yerləşdirə.
Eşidilməmiş bir şeydi... – söylədi.
Amerikalı gülümsədi. Anlaşılan buydu ki, acığı ötüb-keçmiş, şəraiti anlayışla qarşılamaq
gərəkdiyini qəbul eləmişdi:
– Qatarda ağlasığmayacaq qədər adam var, – dedi.
Fit çalındı. Lokomotivin fəryadı eşidildi. İkisi də koridora çıxdı.
Makkuin:
– Tərpəndik, – deyə mızıldandı.
Ancaq hələ yola düşməmişdi qatar. Bir də fit çalındı. Cavan amerikalı birdən-birə:
– Cənab, yadıma düşmüşkən, – dedi, – bəlkə siz aşağı yataqda yatmaq istəyirsiniz? Məncə,
hamısı eyni şeydi.
Bəli, o ürəyəyatan bir cavandı.
– Xeyr-xeyr, – Puaro etiraz etdi. – Sizi rahatsız etmək...
– Yox, nə danışırsınız, lütfən...
– Çox lütfkarsınız...
İkisi də zərifliklə etiraz edirdilər.
– Mənim cəmi bir gecəlik yolum var, – Puaro dedi.
– Belqradda...
– Hə, başa düşürəm. Siz Belqradda düşəcəksiniz...
– Xeyr, elə deyil. Başa düşdüyünüz...
Qatar birdən-birə dartındı. Pəncərəyə sarı çevrildilər. Asta-asta geridə qalan işıqlı
perrona baxırdılar.
“Şərq ekspresi” üç gün davam edəcək Avropa yolçuluğuna başlamışdı.
III FƏSİL
Puaro bir müştərisinə rədd cavabı verir

Erkül Puaro ertəsi gün nahara vaqon-restorana bir az gec getdi. Səhər tezdən qalxıb,
təkbaşına səhər yeməyini yemişdi. Ondan sonra da Londana qayıtmasına səbəb olan hadisə ilə
bağlı qeydləri gözdən keçirmişdi. Kupe yoldaşını da çox az görmüşdü.
Müsyö Buk artıq masasını tutmuşdu. Belçikalıya əliylə salam verib, onu masasına
dəvət etdi.
Puaro dərhal necə bir masada oturduğunu anladı – ofisiantlar birinci bu masaya xidmət edir
və ən ləziz yeməkləri gətirirdilər. Süfrəyə söz ola bilməzdi.
Ən nəhayət, nəfis qaymaqlı pendirə keçəndə diqqətini süfrədən yayındırdı. O artıq
fəlsəfi mühakimələrə başlayacaq qədər doymuşdu.
– Balzakın istedadı məndə olsaydı, – nəfəsini dərdi,
– mütləq bunu qələmə alardım, – dedi və əliylə restoranı göstərdi.
– Pis fikir deyil, – Puaro dilləndi.
– Siz mənimlə razısınızmı? Zənnimcə, ədəbiyyatda beləsi heç olmayıb. Baxın, yan- yörəmizdə
hər təbəqədən olan insan var – hər millətdən, hər yaşda. Üçcə günün içində bir-birinə tamamilə
yad olan bu adamlar bir-birindən ayrılmaz olub – bir damın altında yatıb-qalxır, bir yerdə yemək
yeyirlər. Üç gün keçəcək, həmişəlik ayrılıb, hərə öz yoluyla gedəcək.
– Bir də, – Puaro dedi, – hansısa bir bədbəxt hadisəni də xəyalınıza gətirin...
– Allah iraq eləsin, dostum...
– Başa düşürəm ki, sizin nöqteyi-nəzərdən, bu, heç arzulanan şey deyil. Ancaq yenə də gəlin,
heç olmasa bir dəqiqəliyə belə bir şeyi təsəvvürümüzə gətirək. Hesab eləyək ki, burada toplanan
bu insanları, bir yerə, deyək ki, məsələn, ölüm yığıb.
– Sizə şərab süzümmü? – Buk təklif elədi, tez də qədəhləri doldurdu. – Siz nəsə çox
qəmginsiniz, dostum. Görünür, həzm problemidir.
– Bu məsələdə haqlısınız, – Puaro razılığını bildirdi,
– mədəm Suriya yeməklərinə öyrəşə bilmir.
Puaro şərabından bir qurtum alıb arxaya yaslandı, düşüncəli-düşüncəli vaqon- restorandakı
sərnişinləri gözdən keçirməyə başladı. Gerçəkdən burada hər millətdən vardı sanki. Düz
üzbəüzdəki masada üç adam oturmuşdu.
Onların əslində ayrı-ayrı oturduqlarını təxmin etdi. Eləcə ofisiantlar həmişə olduğu kimi bu
dəfə də yanılmaz fəhmlə hərəkət edərək bu üç yolçunu bir masada oturtmuşdular.
Yekəpər qaraşın italiyalı ləzzətlə dişlərini qurdalayırdı. Onunla üz-üzə varlı evlərində yaxşı
yetişdirilmiş tipik xidmətçilərə bənzəyən cılız ingilis oturmuşdu. İngilislə yanaşı ala-bəzək
pencəyi diqqət çəkən cüssəli bir amerikalı yayxanaraq əyləşmişdi – ehtimal ki,
kommivoyajör2 idi.
Puaro baxışlarını onlardan ayırıb ətrafı seyr etməyə başladı.
Kiçik masada yaşlı bir qadın qəddini şax tutaraq oturmuşdu. Puaronun ömrü boyu gördüyü
yaşlı qadınlardan bəlkə də ən eybəcəriydi. Ancaq onun eybəcərliyində bir qəribəlik vardı – nəinki
adamı diksindirir, əksinə, maraq oyadıb özünə çəkirdi. Boynundakı iri mirvarilər saxta kimi
görünsə də, həqiqi idi. Barmaqlarındakı üzüklər işıq saçırdı. Çiyninə samur xəzindən kürk atmışdı.
Çox bahalı olduğu anlaşılan kiçik qara şlyapası qurbağanı xatırladan üzünə heç uyuşmurdu. Qadın
nəzakətlə, lakin amiranə şəkildə ofisianta əmrlər verirdi:
– Zəhmət olmasa, deyin, mənim kupemə bir şüşə mineral su, bir böyük stəkan da apelsin
şirəsi gətirsinlər. Həm də tapşırın ki, şama mənimçün toyuq, – sousa-zada gərək yoxdu, – bir də
suda bişirilmiş balıq hazırlasınlar.
Ofisiant nəzakətlə söz verdi ki, xanımın bütün tapşırıqları yerinə yetiriləcək.
Sözünü deyib qalxdığı anda Puaroyla üz-üzə gəldi. Yaşlı qadın yan-yörədəkiləri vecinə
almayan aristokratlara məxsus laqeyd tövrüylə baxışlarını süzdürüb salondan çıxdı.
Müsyö Buk astadan:
– Knyaginya Draqomirovadı, – dedi. – Rusdu. Əri inqilabdan öncə bütün pullarını
xaricdə bəzi işlərə yatırıbmış. Qadın son dərəcə varlıdı.
Puaro başını yellədi. Knyaginya Draqomirova haqda az eşitməmişdi. Müsyö Buk
əlavə elədi:
– Çox güclü xarakteri var. Mənim günahlarım qədər çirkindi, ancaq yenə də adamda təsir
buraxır.
Puaro da eyni fikirdəydi.
Başqa böyük bir masada Meri Debenhem iki qadınla oturmuşdu. Biri uzun boylu, ortayaşlıydı;
yun yubka, dama-dama bluz geymişdi. Solmuş sarı saçlarını özünə yaraşmayan şəkildə arxaya
darayıb topa bağlamışdı. Gözündə eynək vardı. Diqqətlə üçüncü qadına qulaq asırdı. O da xoş üzlü,
gonbul, yaşlı qadındı. Dayanmadan, nəfəs dərmədən danışırdı. Səsindən və ləhcəsindən amerikalı
olduğu bəlliydi:
– Belə yerdə qızım deyir: “Buralarda biz öz amerikan metodlarımızdan istifadə edə bilmərik.
Burada insanlar doğuluşdan tənbəl olurlar. Onlar, sadəcə, tələsməyi bacarmırlar”. Bəli, təhsil çox
böyük şeydi. Biz buralarda öz Qərb ideallarımızı yayıb ona nail olmalıyıq ki, Şərq də onları qəbul
eləsin. Qızım deyir ki...
Qatar tunelə girdi. Qəmgin səs eşidilməz oldu.
Düz qadınların yanındakı kiçik masada polkovnik Arbetnot təmtək oturmuşdu.
Gözlərini Meri Debenhemin boynunun ardına zilləmişdi.
Onlar nədənsə ayrı masalarda oturmuşdular. Halbuki birgə oturmalarına heç nə
mane olmurdu. Bəs nədən ayrı?
Puaro düşündü ki, bəlkə də Meri Debenhem belə istəyib. Bir tərbiyəçi diqqətli olmağı
yaxşı öyrənir ki, haqqında dedi-qodu çıxmasının qarşısını alsın. Güzəranını zəhmətlə qazanmaq
məcburiyyətində olan bir qız ehtiyatlı davranmalıdır...
Puaronun baxışları vaqon-restoranın başqa tərəfinə doğru sürüşdü. Lap uzaq küncdə
qarapaltarlı, ortayaşlı bir qadın oturmuşdu. İri üzü ifadəsizdi. “Alman, ya da skandinaviyalıdır, –
Puaro düşündü. – Çox güman ki, həmin alman xidmətçi qadındır”.
Qadından bir az irəlidə iki nəfər – kişiylə qadın bir-birinə doğru əyilib həyəcanla danışırdılar.
Kişi ingilislər kimi tvid kostyum geyinsə də, ingilis deyildi. Arxası Puaroya sarıydı, ancaq yenə də
başının biçimi və çiyinləri onu ələ verirdi. Sağlam cüssəli və biçimli bir adamdı. Qəfildən
başını çevirəndə Puaro onu yandan görə bildi. Otuz-otuz beş yaşlarında, sarı qalın bığlı, çox
yarışıqlı kişiydi.
Qarşısındakı isə gənc qızdı. İyirmidən artıq verməzdin. Əyninə oturan qara ətəkli yubka, ağ
sətin bluz geyinmişdi. Ayrı irqdən olduğunu göstərən çox gözəl üzü, bəmbəyaz dərisi, iri qəhvəyi
gözləri və qapqara saçları vardı. Siqaretinə up-uzun bir müştük taxmışdı. Manikürlü dırnaqlarına
tünd-qırmızı rəng çəkmişdi. Bir barmağında platin sağanaqlı iri zümrüd üzük vardı. Səsi və baxışları
cilvəliydi.
– Elle est jolie et chic3, – Puaro mızıldandı. – Ər-arvad olmasınlar?..
Müsyö Buk başını tərpətdi:
– Zənnimcə, macar səfirliyindəndirlər. Bir-birinə çox yaraşırlar.
Salonda iki sərnişin də vardı. Puaronun kupe yoldaşı Makkuin və müdiri cənab Retçett. Üzü
ona sarıydı. Puaro ikinci dəfə heç ilgi çəkməyən o saxta xeyirxah ifadəli və xain baxışlı xırda gözləri
olan bu üzü nəzərdən keçirdi.
Müsyö Bukun yoldaşının üzündəki ifadənin dəyişdiyini gördüyü açıq görünürdü.
– Yenə o vəhşi heyvana baxırsınız? – soruşdu.
Puaro razılıqla başını tərpətdi.
Belçikalının qəhvəsi gətiriləndə müsyö Buk ayağa qalxdı. Yeməyini Puarodan qabaq
bitirmişdi:
– Mən kupeyə gedirəm. Qəhvənizi içəndən sonra gəlin, danışaq.
– Hə, əlbəttə...
Puaro likör sifariş verib qəhvəsini udumlamağa başladı. Meri Debenhemin stolundakı yaşlı
amerikalı qadın hələ də eyni şövqlə dayanmadan danışır, qoyun üzlü qadın da ona qulaq asırdı:
– Bəli, ancaq mən yenə də bundan heç baş açmıram, – amerikalı qarşısındakı bir topa sikkəyə
baxdı. – Görün hələ o mənə nə verib də! İndi bu dinardı, ya yox? Nəsə çox şübhəli görünür. Qızım
deyir ki...
Axır ki, Meri Debenhem stulunu itələyib ayağa qalxdı. Başıyla masa yoldaşlarına yüngülcə
təzim eləyib, vaqon-restorandan çıxdı. Polkovnik Arbetnot da onun ardınca getdi. Amerikalı
qadınla qoyun üzlü yoldaşı onları arxadan süzdülər. Macar cütlük də artıq çıxmışdı. Salonda Puaro,
Retçett və Makkuindən başqa kimsə qalmamışdı.
Retçett cavan amerikalıya nəsə dedi. Makkuin ayağa qalxıb vaqon-restorandan çıxdı.
Sonra Retçett də yerindən qalxdı. Amma Makkuinin ardınca gedəcəyi halda heç gözlənilməyən bir
iş gördü.
Gəlib Puaronun qarşısında oturdu:
– Kibritiniz olmaz? – soruşdu. Tın-tın, bir az da sakit səsi vardı. – Soyadım
Retçettdi.
Puaro yüngülcə əyildi. Sonra cibindən çıxardığı kibrit qutusunu ona verdi. Retçett kibrit
qutusunu aldı, amma yandırmadı:
– Yanılmıramsa, müsyö Erkül Puaroyla danışmaq şərəfinə nail oluram, – deyə
davam elədi. – Elə deyilmi?
Puaro bir də başını əydi:
– Sizə doğru deyiblər, müsyö.
Hiss eləyirdi ki, o kiçik gözlü amerikalı ağıllı baxışlarıyla danışmazdan əvvəl onu süzgəcdən
keçirir. Ən nəhayət Retçett:
– Mənim ölkəmdə, – dedi, – işə ciddi girişərik. Cənab Puaro, mənim bir işimə
baxmanızı istəyirəm.
Erkül Puaronun qaşları yüngülcə çatıldı:
– Son vaxtlar çox az iş götürürəm, müsyö.
– Hə, əlbəttə. Başa düşürəm. Ancaq deyim ki, bu iş üçün xeyli pul verəcəyəm, cənab
Puaro, – o, mülayim, sirayətedici səsiylə təkrarladı. – Xeyli pul.
Bir neçə dəqiqə Puarodan səs çıxmadı. Sonra:
– Nə etməmi istəyirsiniz... Müsyö... öhhö... Retçett?
– soruşdu.
– Cənab Puaro, mən varlı adamam. Çox varlı bir adam. Belə adamlarınsa düşmənləri
olur. Mənim də bir düşmənim var.
– Bircə düşmənmi?
– Nə demək istəyirsiniz? – Retçett sərt şəkildə soruşdu.
– Müsyö, dediyiniz kimi, düşmənləri olacaq var-dövlətə çatan bir adamın qarşısına
sadəcə, bircə adam çıxmaz. Təcrübələrim mənə bunun əksini deyir.
Puaronun bu cavabı deyəsən Retçetti bir az sakitləşdirdi. Və tez:
– Hə, təbii, – dedi. – Başa düşürəm... Düşmən, ya düşmənlər... bu, vacib deyil. Əsas budur ki,
məni onlardan qoruyub təhlükəsizliyimi təmin eləyəsiniz. Güvən içində yaşamaq istəyirəm.
– Gözəl!
– Məni ölümlə təhdid eləyirlər, cənab Puaro. Əslində, mən özümü qorumağı yaxşı
bacaran adamam. – Retçett cibindən bir anda kiçik avtomatik tapança çıxardı. Sonra da
hirslə sözlərinə davam elədi. – Mən asan-asan ovlanacaq biri olduğumu zənn eləmirəm. Amma
məncə, ehtiyat tədbirlərini ikiqat gücləndirməliyəm. Bildiyimə görə, siz tam bu işə uyğun
adamsınız, cənab Puaro. Bunu da unutmayın... sizə çox, lap çox pul verəcəyəm.
Puaro bir sürə düşüncəli baxışlarla amerikalını süzdü. Üzü demək olar ki, heç nə ifadə
eləmirdi. Yandan baxan bu anda onun başından nələr keçdiyini qətiyyən başa düşə bilməzdi.
Nəhayət:
– Çox təəssüf eləyirəm, müsyö, – dedi. – Amma sizin istəyinizi yerinə yetirə
bilməyəcəyəm.
Amerikalı hiyləgər ifadəylə ona baxdı:
– İstədiyiniz məbləği deyin.
Belçikalı başını yellədi:
– Başa düşmədiniz, müsyö. Seçdiyim bu peşədə mənə ən çox bəxtimin köməyi dəyib.
Ehtiyaclarımı, şıltaqlıqlarımı qarşılayacaq qədər pul qazanmışam. İndi isə... sadəcə, məndə maraq
oyandıran işləri götürürəm.
Retçett:
– Əcəb də soyuqqanlı adamsınız ha, – dedi. – İyirmi min dollar sizi yumşalda
bilərmi?
– Yumşaltmaz.
– Əgər daha çox almaq üçün belə eləyirsinizsə, bundan daşının. İyirmi mindən artıq
vermərəm. Nəyin mənim üçün hansı dəyərdə olduğunu çox yaxşı bilirəm.
– Elə mən də, müsyö Retçett.
– Təklifimi nə üçün qəbul eləmirsiniz?
Puaro ayağa qalxdı:
– İşə şəxsiyyətinizi qarışdırmaq istəməzdim, bunun üçün üzr istəyirəm, ancaq deyim ki,
üzünüz heç xoşuma gəlmədi, müsyö Retçett.
Dedi və vaqon-restorandan çıxdı.

2 Kommivoyajör – ticarət agenti


3 Həm gözəldir, həm də şık
IV FƏSİL
Gecə gələn qışqırıq

“Şərq ekspresi” o gecə doqquza on beş dəqiqə qalmış Belqrada çatdı. Bu stansiyada qatar
yarım saat gözləyəcəkdi. Puaro perrona düşdü. Ancaq çox gəzə bilmədi. Şaxta adamı kəsir,
külək qarı sovururdu. Perronun damı yaxşı örtülməmişdi. Buna görə də Puaro tezliklə öz vaqonuna
qayıtdı. Bələdçi qızınmaq üçün var gücüylə əllərini bir-birinə sürtür, ayqlarını yerə döyəcləyirdi.
– Müsyö, – bələdçi üzünü Puaroya tutub dedi, – sizin çamadanları müsyö Bukun kupesinə
keçirmişik. Bir nömrəliyə.
– Bəs müsyö Buk?
– O, elə indicə qoşulmuş Afina vaqonuna keçdi.
Puaro dostunu axtarmaq üçün getdi. Buk isə israrla onu başından eləməyə çalışdı:
– Boş şeydi, canım! Belə daha yaxşıdı. Baxın, siz İngiltərəyə gedirsiniz, ona görə də Qalaya
qədər dayanacaqsınız getmək sizə daha əlverişlidi. Mənimçünsə burda daha yaxşıdı. Vaqon
demək olar ki, boşdu, mənəm, bir də yunan həkim, – olan sərnişin elə bizik. İlahi, necə də murdar
havadı! Deyirlər, belə qar illərdi ki, görünməyib. Ümid eləyək ki, qar yığınları yolumuzu kəsməz.
Boynuma alım ki, bu məni çox narahat eləyir.
Qatar ona on beş dəqiqə işləmiş Belqraddan yola düşdü. Yolçuluğun bu ikinci günündə hamı
yavaş-yavaş bir-biriylə dostlaşmağa başlamışdı. Puaro vaqon-restoranın lap yanında yerləşən
kupesinə gedərkən dəhlizdə Makkuinlə qarşılaşdı. O, kupesinin qapısında dayanmış polkovnik
Arbetnotla söhbət eləyirdi. Makkuin Puaronu görən kimi birdən-birə söhbətini yarımçıq kəsdi.
Üzündə qorxunc bir heyrət vardı.
– A-a, – az qala qiyyə çəkdi, – elə bildim, düşmüsünüz. Mənə Belqradda
düşəcəyinizi demişdiniz.
Puaro gülümsədi:
– Məni düz başa düşməmisiniz. İndi xatırladım. Elə bunu demək istəyirdim ki, qatar
İstanbuldan hərəkətə başladı, söhbətimiz yarımçıq kəsildi.
– Bəs çamadanlarınız! Çamadanlarınız da kupedə yoxdu axı!..
– Çamadanları başqa kupeyə keçiriblər.
– Hə, aydındı, – Makkuin, Arbetnotla söhbətini yenidən başladı. Puaro da yoluna davam elədi.
Öz kupesindən iki qapı aşağıda xanım Habbard adlı yaşlı amerikalı qadın qoyun üzlü
isveçli yoldaşıyla söhbətləşirdi. Xanım Habbard hansısa bir jurnalı ona zorla verməyə çalışırdı.
– Alın, alın. Məndə oxuyacaq çox şey var. Ah, necə də qorxunc soyuq var, elə deyil?
– Xanım dostyana şəkildə Puaroya salam verdi.
– Çox xeyirxahsınız, – isveçli qadın dedi.
– Buyurun, buyurun. Ümid eləyirəm ki, bu gecə çox yaxşı yatarsınız, başınızın da
ağrısı heç qalmaz.
– Yəqin ki, soyuqdandı. İndi bir çay içərəm.
– Aspirininiz varmı? Yaxşı baxın. Məndə aspirindən bol heç nə yoxdu... Nə isə, gecəniz xeyrə
qalsın, canım.
O biri qadın uzaqlaşanda xanım Habbard üzünü Puaroya çevirdi: “Yazıq qadıncığaz. İsveçli...
Bildiyimə görə, missionerdi – dərs deyənlərindən. Yaxşı insandı, heyif ki, ingiliscə yaxşı bilmir.
Ancaq qızım haqqında danışdıqlarımı çox maraqla dinlədi”.
Puaro da xanım Habbardın qızı haqqında xeyli məlumatlıydı. Həm də təkcə o yox, ingiliscə
bilən hər kəs onun qızı haqqında danışdıqlarını eşitmişdi. Xanım Habbard dayanmadan
danışmaqdan ləzzət alırdı.
Yanlarındakı qapı açıldı və zəif, solğun üzlü ev qulluqçusu dışarı çıxdı. Puaro içəridə cənab
Retçettin yatağı üstündə oturduğunu gördü. Retçett də onu gördü və bir anda üzü acıqdan qaraldı.
Sonra qapı bağlandı.
Xanım Habbard, Puaronu bir az kənara çəkib:
– Bilirsinizmi, – dedi, – bu adamı görəndə qorxudan bağrım yarılır. Xeyr-xeyr, qulluqçudan
yox, ağasından qorxuram. Necə də qəribə ağadı! Nəsə o adamda bir qəribəlik var. Qızım
həmişə deyir ki, məndə güclü fəhm var: “Anamın ürəyinə bir şey gəldisə, mütləq
düz çıxacaq”,
– deyir. Bax, o adamla bağlı da ürəyimə nələrsə damır. Yanımdakı
kupedə olması məni çox rahatsız eləyir. Dünən gecə aradakı qapıya çamadanımı söykədim. Mənə
elə gəldi ki, hətta o, qapının dəstəyini əlləşdirdi. Sabah məlum olsa ki, bu adam bir qatil, ya da
qəzetlərdə bəhs edilən qatar oğrularından biridi, heç çaşmaram. Bəlkə də mən axmaq fikrə
düşmüşəm, amma nə olur, olsun, bu adamdan qorxuram. Qızımla əri İzmirdəki Amerikan
Kollecində işləyirlər. Mənə dedilər ki, yol səfərim çox yaxşı keçəcək. Ancaq sözün düzü, mənimçün
heç də rahat deyil. Bəlkə də gülünc söhbətdir... Mənə elə gəlir ki, bu yolçuluqda hər şeyin baş
verməsi mümkündü. Hər şeyin. O cür sevimli cavanın bu adamın katibi olmağa necə səbri çatır,
başa düşə bilmirəm.
Polkovnik Arbetnotla Makkuin dəhlizdən onlara sarı gəlirdi. Makkuin: “Mənim kupemə gəlin.
Hələ yatağı düzəltməyiblər, – deyirdi. – Hindistan siyasətilə bağlı bunu başa düşmək istəyirəm
ki...”
Onlar Puarogilin yanından keçib Makkuinin kupesi olan vaqona doğru getdilər.
Xanım Habbard Puaroyla sağollaşdı:
– Barı, uzanıb bir az kitab oxuyaq. Gecəniz xeyrə qalsın.
– Gecəniz xeyrə, xanım.
Puaro Retçettinkiylə yanaşı olan kupesinə girdi. Soyunub uzandı. Hardasa yarım
saata qədər kitab oxuyandan sonra işığı söndürdü.
Bir neçə saat sonra diksinərək yuxudan oyandı. Onu nəyin oyandırdığını bilirdi. Hardansa lap
yaxından bərk bir inilti, hətta fəryad gəlmişdi. Eyni anda da qatarın dəli fiti çalınmışdı. Puaro
yerinin içində oturub işığı yandırdı. Hiss etdi ki, qatar dayanıb. Yəqin ki, hansısa stansiyaya daxil
olmuşdular.
Belçikalı həmin fəryad səsindən özünü itirmişdi. Yandakı kupedə Retçettin olduğunu
xatırladı. Yerindən qalxıb qapını açdı. Elə bu vaxt da vaqon bələdçisi təlaşla dəhlizdən qaçaraq
Retçettin qapısını döydü. Puaro qapısını azca aralayıb baxırdı. Bələdçi bir də qapını döydü. Bu vaxt
zəng çalındı və dəhlizin aşağısındakı qapının üstündə işıq yanıb-sönməyə başladı. Bələdçi dönüb,
çiyinlərinin üstündən baxdı. Eyni anda yandakı kupedən kiminsə səsi gəldi:
– Се n’est rien. Je me suis trompe4.
– Yaxşı, müsyö. – Bələdçi bu dəfə qaçaraq gedib üstündə işıq yanan qapını döydü. Ürəyi
yerinə gələn Puaro da yatağına qayıdıb işığı söndürdü. Saata baxdı. Birə iyirmi
üç dəqiqə qalırdı.

4 Bir şey yoxdu. Yanılmışam. (fr)


V FƏSİL
Cinayət

Puaro dərhal yuxuya gedə bilmədi. İlk növbədə qatarın dayanması mane olurdu. Əgər bir
stansiyada dayanmışıqsa, nədən bayırda belə dəhşətli səssizlik var?.. Əvəzində qatardakı adi
səslər belə adama həddən artıq gurultulu gəlirdi. Retçettin öz kupesində var-gəl elədiyini eşidirdi.
Unitaz endiriləndə çıxan çartıltı, axan suyun səsi, nəsə bir şaqqıltı, sonra yenidən unitazın
yerinə oturdulmasından çıxan səs...
Koridorda ayaq səsləri duyuldu. Ayağına tərlik geyinmiş birinin xışıltılı addımlarının
səsiydi.
Erkül Puaro gözlərini tavana dikib uzanmışdı, stansiyanın nədən bu qədər səssiz olduğunu
fikirləşirdi. Boğazı qurumuşdu. Yadına düşdü ki, həmişəki kimi mineral su sifariş eləməyi unudub.
Bir də saatına baxdı. İkiyə on beş dəqiqə işləyirdi. “Bələdçini çağırıb mineral su istəyim”. Barmağı
zəngə doğru uzandı. Amma səssizlikdə “zınq” kimi bir səs eşidəndə əl saxladı. Adam hər zəngə
eyni vaxtda cavab verə bilməz ki!
Zınq... Zınq... Zınq...
Zəng təkrar-təkrar səsləndi. Bələdçi hardaydı axı? Sərnişin hövsələdən çıxmağa başlamışdı.
Z-n-n-n-n-q-q!
Zəngi çalan kimdisə barmağını düymədən çəkmirdi.
Sonra bələdçi təlaş içində gəldi. Koridordan addımlarının səsi eşidildi. Puaronun kupesindən
uzaq olmayan başqa bir kupenin qapısı döyüldü. Sonra nəsə səslər gəldi: bələdçinin sayğılı, üzr
diləyən səsi. Sonra bir qadının danışığı – israrlı, inadkar, daşındırıcı.
Əlbəttə, xanım Habbarddı bu!
Puaro öz-özünə güldü.
Mübahisə – buna mübahisə demək olarsa – bir qədər davam elədi. Xanım Habbard
dayanmadan danışır, bələdçi isə təsadüfən nəsə deməyə nail olurdu. Deyəsən, sonunda problem
həll edildi. Puaro bələdçinin fransızca, “Gecəniz xeyrə, madam”, – dediyini, sonra da qapının
bağlandığını eşitdi.
Zəngi çaldı.
Bələdçi dərhal özünü yetirdi. Təlaşlı və həyəcanlı haldaydı.
– Mineral su gətirə bilərsinizmi?
– Bu dəqiqə, müsyö. – Sanki bələdçinin Puaronun gözlərindəki nəşəli parıltıdan
ürəyinə təpər gəlmişdi.
– Bu amerikalı xanım... – dedi bələdçi.
– Aha?
Bələdçi alnını ovuşdurdu:
– Kaş biləydiniz onunla necə çətin vəziyyətdəyəm. İsrar eləyir ki, kupesində bir kişi var. Həm
də nə israr! Təsəvvür eləyin, müsyö. Bir ovuc yerdə! – əliylə göstərdi. – Adam o balaca yerdə necə
gizlənə bilər axı? Bir az mübahisə elədik. Ona bunun mümkün olmadığını başa salmağa çalışdım.
Amma israr eləyir ki, yox! Oyanıb və kupesində bir kişinin olduğunu görüb. Ona dedim ki, adam
qapının kilidini açmadan çölə necə çıxa bilərdi? Ancaq söz başa salmaq olmur ki... Onsuz da
dərdimiz başımızdan aşır. Bu qar da...
– Qar?
– Hə, doğrudan e. Yəqin müsyö bundan xəbərsizdi. Qatar dayandı. Bir qar topasına girdik.
Allah bilir nə vaxt hərəkət eləyə biləcəyik. Yaxşı yadımdadı, bir dəfə belə qar üzündən düz yeddi
gün yolda qalmışdıq.
– İndi haradayıq?
– Vinkovciylə Brod arasında.
– Vay, vay, – Puaro sıxıntıyla dedi.
Bələdçi çıxdı, bir az sonra mineral suyla gəldi:
– Gecəniz xeyrə qalsın, müsyö.
Puaro su içib, yenidən yerinə uzandı. Elə gözünə təzəcə yuxu getməyə başlayırdı ki, yenə nə
üçünsə oyandı. Bu dəfə sanki ağır bir şey gurultuyla qapısına çırpılıb yerə yıxılmışdı. Yatağından
sürətlə qalxıb qapını açdı, bayıra baxdı. Heç nə görünmürdü. Sadəcə, sağda, koridorun o başında
qırmızı xələtli bir qadın uzaqlaşırdı. Bir az o yanda isə kiçik kətilində oturmuş bələdçi böyük kağız
vərəqlərinə nəsə rəqəmlər yazırdı. Yan- yörəyə əməlli-başlı ölüm sükutu çökmüşdü. Puaro
əsəblərinin pozulduğunu düşünüb, yenidən yatağına uzandı. Artıq bu dəfə səhərə qədər yata bildi.
Oyananda qatarın hələ də yerindən tərpənmədiyini gördü. Pərdəni qaldırıb bayıra baxdı. Qar
yığınları qatarın bütün ətrafını sarmışdı.
Saatına baxdı. Ona işləyirdi.
Saat ona on beş dəqiqə qalmış həmişəki kimi tərtəmiz, zərif geyimində vaqon- restorana
getdi. Salonda məyusluq hakim idi. Sərnişinlər xor halında şikayətlənirdilər. Adamların arasındakı
əngəllər aradan qalxmış, ümumi problem hər kəsi bir-birinə yaxınlaşdırmışdı.
Şikayətlənənlərin arasında ən çox xanım Habbardın səsi eşidilirdi.
– Qızım bu yolun yolların ən rahatı olduğunu demişdi. Parisə çatanacan qatarda rahat-rahat
gedəcəkmişəm. – Qadın zarıdı. – Amma indi belə çıxır, burada günlərcə girinc olub qala bilərik.
Yetişməli olduğum gəmi birisi gün yola düşəcək. İndi necə çatacağam? Yerimdən imtina eləmək
üçün teleqram belə vura bilmərəm. O qədər hirsliyəm ki, danışa da bilmirəm!
Bu arada italiyalı da Milanda tələsik bir işinin olduğunu dedi. Amerikalı italiyalının
sözünə vaysındı:
– Vay-vay, – dedi. – Hələ nə bilmək olar, bəlkə qatar itirdiyi vaxtın əvəzini çıxacaq, xanım.
İsveçli qadın:
– Qardaşım... Uşaqları... Hamısı məni gözləyir, – deyib, ağlamağa başladı. – Onlara xəbər
göndərə bilməyəcəm. Görün indi nələr düşünəcəklər? Başıma bir müsibət gəldiyini fikirləşəcəklər.
Meri Debenhem:
– Burda nə qədər qalacağıq görəsən? – soruşdu. – Bilən varmı? – Səsindən səbirsizlik
yağırdı.
Puaro qızın “Toros” ekspresinin dayandığı vaxtdakı kimi həyəcanlı və qorxu içində
olmadığının fərqinə vardı.
Xanım Habbard yenə də danışmağa başlamışdı:
– Bu qatarda heç kim bir şey bilmir. Bir çarə axtaran da yoxdu. Bir dəstə işəyaramaz xarici...
Amerikada olsaydı, heç olmasa, içlərindən biri nəsə eləməyə çalışardı.
Arbetnot Puaroya sarı dönüb, ingilis ləhcəsiylə fransızca danışmağa başladı:
– Yanılmıramsa, siz bu şirkətin müdirlərindənsiniz, müsyö. Deyirəm, görəsən mənə...
Puaro gülərək onun səhvini düzəltdi:
– Xeyr-xeyr. Dediyiniz adam mən deyiləm. Siz məni yoldaşım müsyö Bukla
qarışdırırsınız.
– Ay... bağışlayın, müsyö.
– Eybi yox. Olan şeydi. Mən indi onun kupesindəyəm.
Bu vaxt müsyö Buk vaqon-restoranda yox idi. Puaro daha kimlərin çatışmadığını görmək üçün
yan-yörəyə boylandı. Macar cütlük, Retçett, onun ingilis qulluqçusu, bir də alman otaq xidmətçisi
gözə dəymirdilər.
İsveçli qadın gözlərinin yaşını silib:
– Çox gülməliyəm... Ağlamağın heç mənası yoxdu. Nə olur, olsun, hər şey yaxşı
olacaq, – dedi. Ancaq deyəsən heç kim onun fikrinə şərik çıxmadı.
Hektor Makkuin bikef-bikef:
– Hər şeyin yaxşı olacağı çox yaxşıdı, – dedi, – ancaq məlum deyil ki, burda nə
qədər girinc olub qala bilərik.
Cənab Habbard ağlamsınaraq:
– İndi hansı ölkədəyik? – deyə soruşdu. Yuqoslaviyada olduqlarını biləndən sonra,
– həə... – dedi, – yəni Balkanlardayıq. Bundan artıq nə gözləyirdiniz?
Puaro üzünü Meri Debenhemə çevirdi:
– Burada təkcə sizi səbirli görürəm.
Qız yüngülcə çiynini çəkdi:
– Əlimizdən başqa nə gəlir ki?
– Sizi əsl filosof hesab eləmək olar.
– Bunun üçün gərək insan tərəfsiz ola. Mən isə əslində çox eqoistəm. Duyğularımı boş yerə
sərf etməməyi, bir də özümü əldən salmamağı öyrənmiş biriyəm.
Meri Debenhem sanki Puaroyla danışmır, çox yüksək səslə düşünürdü. Baxışları belçikalıdan
ötüb pəncərədən bayıra, yüksək qar qalaqlarına tərəf sürüşdü.
– Güclü xarakteriniz var, madmazel, – Puaro şəfqətlə mızıldandı. – Zənnimcə, içimizdə ən
güclü olan da sizsiniz.
– Yox-yox! Məndən daha güclü olan biri var.
– Elə isə o...
Meri Debenhem sanki birdən-birə özünə gəlib, yad bir adamla danışdığının fərqinə
vardı. Güldü – incə, lakin qarşısındakıyla öz arasında məsafə yaradan bir gülüşdü bu.
– Ah... Misalçün, o yaşlı qadın. Yəqin ki, siz də onu sezibsiniz. Çox eybəcərdir, amma
yenə də adamı özünə cəlb eləyir. Çeçələ barmağını qaldırıb lap astadan bir şey istəməsi bəs eləyir
ki, bütün qatar əhli hərəkətə keçsin.
– Bütün qatar dostum müsyö Buka görə də əldən-ayaqdan gedir, – Puaro dedi. – Amma
bunun səbəbi onun güclü xarakteri deyil, şirkət müdirlərindən biri olmasıdır.
Meri Debenhem gülümsədi.
Günorta yaxınlaşırdı. Puaronun da daxil olduğu bir sərnişin qrupu hələ də vaqon-
restorandaydı. Hamısı da düşünürdü ki, vaxtı beləcə, bir yerdə olmaqla daha rahat öldürə
bilərlər. Puaro xanım Habbardın qızı haqqında bir xeyli söhbəti dinləməli oldu. Elə isveçli qadının
ala-yarımçıq ingiliscəsiylə missionerlik mövzusunda danışdığı məsələləri incələməyə çalışırdı ki,
bələdçilərdən biri ona yaxınlaşdı:
– Cənab, bir şey deyə bilərəmmi?
– Buyurun.
– Müsyö Buk deyir ki, lütf edib bir neçə dəqiqəliyinə onun yanına gedə bilərsinizmi? Puaro
isveçli xanımdan üzr istəyib bələdçinin ardınca çıxdı. Bu, onların bələdçisi deyildi – ucaboy,
dolubədənli, kürən biriydi. Puaronun vaqonundan keçib qonşu vaqona daxil oldular. Bələdçi
qapını döyüb Puaroya yol verdi. Buk öz kupesində deyil,
ikincidərəcəli kupelərdən birində kiçik kresloda oturmuşdu.
Pəncərənin yanındakı yerdə qaraşın, balaca bir adam vardı. Bayıra, qar qalaqlarına baxırdı.
Ortada Puaronun keçməsinə əngəl olan yekəpər, mavi geyimli qatar rəisi dayanmışdı. Onun
yanında da vaqon bələdçisi dayanıb gözləyirdi.
– O-o, əziz dostum! – Buk bağırdı. – Gəlin-gəlin. Sizə çox ehtiyacımız var. Pəncərənin
önündə dayanmış balaca adam yana çəkildi. Puaro keçib yoldaşlarının
qarşısında oturdu. Bukun üzündəki ifadədən fövqəladə bir şey baş verdiyi oxunurdu.
– Nəsə olub? – Puaro soruşdu.
– Hələ bir soruşursunuz da! Əvvəlcə bu qar... bu fasilə, indi də... – Buk sözünü bitirmədi.
Vaqon bələdçisindən qəribə bir səs çıxdı – elə bil boğulurdu.
– İndi də nə?
– İndi də o ki, sərnişinlərdən biri yatağında ölü yatır. Öldürüblər. Bıçaqlayıblar. – Müsyö
Bukun sakit səsində bir ümidsizlik vardı.
– Sərnişin? Hansı sərnişin?
– Amerikalıdı. Retçett adında bir nəfər. Retçettmi?
– Bəli, cənab! – Bələdçinin hülqumu gedib-gəldi: – Bəli o... – Puaro baxışlarını
onun üzünə dikdi – rəngi ağappaq ağarmışdı.
– Qoyun, otursun, – Puaro dedi. – Yoxsa ürəyi gedəcək.
Bələdçi bir küncə qısılıb, əlləriylə üzünü qapadı. Puaro:
– Vay, vay, vay... – deyə-deyə mızıldandı. – Vəziyyət çox ciddidir!
– Təbii, ciddidir. Qətldən böyük nə cinayət ola bilər! Qorxunc müsibətdir bu! Ancaq dərd
bununla bitmir ki! Qatar dayanıb. Burda saatlarla, hətta günlərlə qalmaq ehtimalı var. Sonra...
bilirsiniz ki, bir ölkənin ərazisindən keçəndə qatara o ölkənin polisi minir. Amma Yuqoslaviyada
belə eləmirlər. Başa düşürsünüzmü?
– Çox çətin vəziyyət yaranıb, – Puaro dedi.
– Hələ bu da hamısı deyil! Doktor Konstantin... Ay, bağışlayın, sizi tanış eləməyi
unutmuşam. Doktor Konstantin, müsyö Puaro.
Balaca qaraşın adam Puaroya təzim elədi. Belçikalı
da ona.
– Doktor Konstantin hesab eləyir ki, Retçett hardasa gecə saat birdə öldürülüb.
Doktor:
– Belə məsələdə qəti söz demək çox çətindir, – dedi.
– Amma gecə birin yarısıyla saat iki arasında öldüyünü qəti şəkildə deyə bilərəm.
– Retçetti diri olaraq son dəfə kim görüb? – Puaro
soruşdu.
– Retçett birə iyirmi dəqiqə qalmış hələ sağ imiş, – Buk cavab verdi. – O vaxt bələdçiylə
danışıb.
Puaro başını yellədi:
– Doğrudur. Danışdıqlarını mən də eşitdim. Demək, bu axırıncı danışığı olub, eləmi?
– Bəli.
Puaro doktora sarı döndü:
– Retçettin kupesinin pəncərəsi açıq idi, – deyə sözünə davam etdi. – Qatilin oradan qaçdığını
düşünmək olar. Əslində isə açıq pəncərə sadəcə, bir hiylədi. Çünki elə olsa, pəncərədən atılan
adamın qarda ayaq izləri qalmalıydı. Ancaq ayaq izi-filan yoxdu. Qətl nə zaman
ortaya çıxdı?
– Puaro bələdçidən soruşdu.
– Mişel!
Bələdçi yerindən dik atıldı. Rəngi hələ də özünə gəlməmişdi, gözləri də qorxuyla doluydu;
qırıq-qırıq danışmağa başladı:
– Müsyö Retçettin qulluqçusu bu səhər kupenin qapısını bir neçə dəfə döyüb, ancaq içəridən
cavab verən olmayıb. Sonra yarım saat bundan qabaq da vaqon-restorandan ofisiant gəlib ki,
müsyönün nahar eləyib-eləməyəcəyini soruşsun. Saat on bir olardı. Öz açarımla qapını açdım.
Ancaq qapı zənciri keçirilmişdi. Müsyö Retçett cavab vermədi. İçəridə ölü sükutu vardı. Həm də
çox soyuqdu. Çox soyuq. Açıq pəncərədən içəriyə qar çırpırdı. Onun nəsə krizis keçirdiyini
düşündüm. Şefi çağırdım. Zənciri qoparıb içəri girdik. O... İlahi! Çox dəhşətliydi... – Bələdçi yenə
üzünü qapatdı.
– Qapı içəridən kilidlənmişdi, zəncir də taxılmışdı, eləmi? – Puaro dalğın-dalğın danışmağa
başladı. – O halda bu intihar deyilmi?
Yunan doktor rişxəndlə güldü:
– İntihara qərar verən adam özünü on... on iki... on beş yerindən bıçaqlarmı?
Puaronun gözləri kəlləsinə çıxdı:
– Belə də vəhşət olarmı?!
Qatar rəisi bayaqdan bəri ilk dəfə ağzını açıb söhbətə qoşuldu:
– Bu, bir qadın işidir. Əmin olun ki, qadın işidir. Ancaq bir qadın bir kişini o cür
bıçaqlaya bilər.
Doktor Konstantin düşüncəli halda qaşlarını çatdı:
– O halda qadın çox güclüymüş. Texniki terminlərdən istifadə etmək istəmirəm – belə
kəlmələr adamın fikrini qarışdırır. Amma əmin olun, bir, ya da iki zərbə elə nəhəng bir güclə
endirilib ki, bıçaq sümük və əzələləri dələrək keçə bilib.
– Belə görünür ki, qatilin anatomiyadan başı çıxmır,
– Puaro dedi.
– Hətta təsəvvürü də yoxdu, – doktor Konstantin cavab verdi. – Bıçaq elə qarasına, necə gəldi
saplanıb. Bəzi zərbələr çox zərər vermədən dərini cızıb keçib. Sanki qatil gözlərini yumub
qəzəblə bıçağı soxub-çıxarıb, soxub-çıxarıb.
– Deyirəm, qadın işidi bu, – qatar rəisi fikrini təkrarladı. – Qadınlar belədilər də.
Qəzəbləndikləri zaman gücləri dəhşətli dərəcədə artır.
– İstəyirəm, mən də sizin məlumatlara birini əlavə eləyəm, – Puaro dedi. – Cənab
Retçett dünən mənimlə danışdı. Mənə öz həyatının təhlükədə olduğunu söylədi.
– Demək ki, onu vurublar – deyəsən amerikalılar belə deyirlər də? – müsyö Buk
soruşdu. – Belə olan halda, onu qadın yox, qanqster, ya da elə quldur öldürüb.
Vaqon bələdçisi başını yellədi:
– Bəli, müsyö, 16 nömrəli kupedəki sərnişini deyirsiniz siz. Amma qatil o ola bilməz.
Əgər o kupeyə girib-çıxmış olsaydı, mən mütləq görərdim.
– Bəlkə də görə bilməzdiniz. Nəsə, bu haqda sonra danışarıq. İndi isə problemimiz budur ki,
nə etməliyik? – Buk Puaroya baxdı, Puaro da ona.
– Yaxşı-yaxşı, dostum, – Buk dedi. – Sizdən nə istəyəcəyimi bilirsiniz. Gücünüzə bələdəm, bu
istintaqı siz aparın. Xeyr-xeyr, nəbadə mənim sözümü yerə salasınız. Bizim şirkət üçün çox qorxulu
durumdu bu. Polis gəldiyi zaman onlara nəticəni açıqlamağımız vəziyyəti asanlaşdırar. Yoxsa
ləngimələr, cürbəcür mənfi hallar ola bilər. Hətta suçsuz adamların da başı cəncələ düşər. Bütün
bunların yerinə... siz hadisəni açarsınız. Biz də deyərik ki, baxın, bir cinayət hadisəsi baş verib, qatil
də ki, filankəsdi.
– Birdən aça bilmədim?
– Yaxşı da, dostum! – Bukun səsi tərif doluydu. – Sizin peşəkarlığınızdan yaxşı xəbərim var.
Tam sizə görə bir işdi bu. Sizə bütün varlığımla inanıram. Özünüz də tez-tez dediyiniz kimi, yaxşı-
yaxşı oturun və fikirləşin. Beyninizin hüceyrələrini yaxşıca çalışdırın.
İrəli doğru əyilən Buk sevgiylə ona baxdı.
Puaro duyğulanmışdı:
– Bu inamınız məni təsirləndirir, dostum. Bəli, haqlısınız, açılması elə də çətin olan bir hadisə
deyil, zənnimcə. Açığını desəm, marağımı da çəkir.
Buk həyəcanla bağırdı:
– Demək, qəbul edirsiniz?
– Hə, siz işi mənə buraxın.
– Əla... Artıq əmrinizdəyik.
– Öncə İstanbul-Qala vaqonunun bir planını istərdim. Hər kupe sərnişininin adı yazılsın.
Bundan başqa, sərnişinlərin pasportlarını, bir də biletlərini görməyim lazımdı.
– Mişel, deyilənləri gətir. Vaqon
bələdçisi kupedən çıxdı.
– Qatarda başqa kimlər var? – Puaro soruşdu.
– Bu vaqonda bir Doktor Konstantindi, bir də mən. Buxarest vaqonunda isə yaşlı,
əlil bir kişi. Bələdçi onu yaxşı tanıyır. Ondan arxada başqa vaqonlar da var. Amma onlar
bizimçün maraqlı deyil. Çünki dünən gecə axşam yeməyindən sonra o vaqonların qapıları
kilidlənmişdi. İstanbul-Qala vaqonunun qabağında isə yalnız vaqon-restoran var.
– Belə olan halda, qatili İstanbul-Qala vaqonunda axtaracağıq. – Puaro yunan doktora
döndü. – Siz də bunu demək istəyirsiniz, məncə.
Doktor başını tərpətdi:
– Qatar qar qalağına gecəyarısı saplanıb. O vaxtdan bu yana da heç kim qatardan
düşüb qaçmış ola bilməz.
– Madam ki, belədi, onda qatil hələ də aramızdadı,
– Buk ciddi tövrlə öz qənaətini səsləndirdi: – Qatarda.
VI FƏSİL
Qadın?

– Əvvəlcə, – Puaro dedi, – cənab Makkuinlə bir-iki kəlmə danışmaq istəyirəm. Ola bilsin ki,
onda bizim işimizə yarayacaq hansısa məlumat var.
Buk başını yellədi:
– Təbii, təbii.
Qatar rəisi bir işarəyə bəndmiş kimi kupedən çıxdı. Bələdçi pasport və biletləri gətirmişdi.
Buk gətirilənləri ondan alıb:
– Təşəkkür edirəm, Mişel, – dedi, – məncə, artıq yerinizə gedə bilərsiniz. Sonra rəsmi
olaraq ifadənizi alarıq.
– Baş üstə, cənab, – Mişel çıxdı.
Puaro yunan doktora:
– Makkuinlə söhbətdən sonra mənimlə birlikdə ölünün kupesinə gedə bilərsinizmi, doktor?
– Təbii, gedərəm.
– Orda işimizi qurtaran kimi də...
Bu vaxt eyni anda qatar rəisiylə Hektor Makkuin içəri girdi. Buk nəzakətli şəkildə
ayağa qalxdı:
– Burda bir az darlıqdı. Siz mənim yerimə keçin, cənab Makkuin. Müsyö Puaro da sizinlə
üzbəüz otursun. – Sonra üzünü qatar rəisinə tutdu: – Vaqon-restoranı boşaldın. Oranı müsyö
Puaronun istifadəsi üçün ayıraq. Sərnişinlərlə orada söhbət eləməyi daha məqbul hesab edərsiniz,
eləmi, dostum?
– Bəli, – Puaro cavab verdi. – Hər halda daha rahat olar.
Makkuin fransızca gedən bu söhbətləri elə də başa düşə bilməmişdi. Gah Puaroya, gah da
Buka baxırdı. Nəhayət, o da ağır-ağır fransızca:
– Nə olub? – dedi və davam elədi: – Nə üçün?
Puaro sərt bir hərəkətlə ona otağındakı kresloda yer göstərdi. Gənc adam oturandan sonra
bir də “nə üçün? – soruşdu, sonra bir az dayanıb ingiliscə:
– Bu qatarda nələr baş verir? – dedi. – Nəsə olub?
Puaro başıyla təsdiq elədi:
– Bəli, bir şey olub. Özünüzü hazırlayın, cənab Makkuin. Müdiriniz cənab Retçett ölüb.
Makkuin dodaqlarını fit çalacaqmış kimi büzdü. Gözləri daha parlaqlaşmışdısa da, çox
sarsılmış, ya da üzülmüş kimi bir halda deyildi.
– Demək, axır ki, eləyəcəklərini elədilər, hə? – gənc adam dedi.
– Bununla nə demək istəyirsiniz, cənab Makkuin?
Makkuinin bir an çaşqınlıq keçirməsi Puaronun gözündən qaçmadı:
– Hesab eləyirəm ki, siz də Retçettin qətlə yetirildiyini fikirləşirsiniz, – Puaro dedi.
– Yoxsa elə deyil? – Makkuin bu dəfə əməlli-başlı tutulub qalmışdı. – Bəli... Həqiqətən onun
qətlə yetirildiyini fikirləşirəm. Yəni necə ola bilər ki, yatdığı yerdə ölə? Axı, o qoca çox güclü-
qüvvətli və...
– Xeyr, xeyr! – Puaro onun sözünü kəsdi. – O cür düşünməyə tam haqqınız çatır. Cənab
Retçett öldürülüb. Onu bıçaqlayaraq öldürüblər. Ancaq mən sizin nə üçün onun öldürülməsi
fikrinə üstünlük verdiyinizin səbəbini başa düşmək istəyirəm.
Makkuin tərəddüd içindəydi:
– Məni bir yaxşı-yaxşı başa salın görək: siz kimsiniz? Sizin bu işə nə aidiyyətiniz
var?
– Mən Beynəlxalq Yataqlı Vaqonlar Şirkətini təmsil edirəm. – Puaro bir an dayanıb,
sonra davam elədi: – Detektivəm. Adım Erkül Puarodur.
Deyəsən, Puaro bu təqdimatla qarşısındakını təsirləndirəcəyini zənn eləmişdi, ancaq belə
olmadı. Makkuin sadəcə:
– Eləmi? – dedi və detektivin daha nə deyəcəyini gözlədi.
– Adım sizə heç nə demir?
– Doğrusu, nəsə tanış gəlir. Ancaq mənə həmişə elə gəlib ki, bu bir qadın dərzisinin
adıdır.
Erkül Puaro ona narazılıq dolu bir baxışla baxdı:
– İnanılacaq şey deyil!
– Nəyi deyirsiniz?
– Heç-heç. Gəlin işimizə keçək. Mənə mərhum haqda nə bilirsinizsə, danışın, cənab
Makkuin. O, sizin qohumunuz idi?
– Xeyr. Mən onun katibiyəm. Daha doğrusu, katibiydim.
– Haçandan onunla çalışırsınız?
– Bir ildən elə də çox olmaz.
– Lütfən, mənə bacardığınız qədər geniş məlumat verin.
– Cənab Retçettlə hardasa bir il əvvəl İranda tanış olduq...
Puaro onun sözünü kəsdi:
– Orada nə iş görürdünüz?
– Oraya Nyu-Yorkdan neft imtiyazları ilə bağlı araşdırma aparmaq üçün getmişdim. Ancaq
işlərim uğurlu alınmadı. Cənab Retçett də eyni oteldə qalırdı. O da katibiylə dalaşmışdı.
Mənə bu işi onda təklif etdi. Razılaşdım. İşsizdim, həm də yaxşı aylığı olan bir iş tapdığıma görə
sevinirdim.
– Bəs sonra?
– Sonra onunla səfərlərə başladıq. Cənab Retçett dünyanı gəzib görmək istəyirdi. Dil
bilməməsi onun işini çətinləşdirirdi, bu üzdən də mən təkcə katiblik deyil, daha çox cənab
Retçettə tərcüməçilik eləyirdim. Yaxşı iş idi.
– İndi isə mənə müdiriniz haqda bacardığınız qədər ətraflı danışmağa çalışın.
Cavan oğlan çiyinlərini çəkdi. Üzündə çaşqın bir ifadə görünüb yoxa çıxdı:
– Bu elə də asan məsələ deyil...
– Əsl adı nəydi?
– Semuel Edvard Retçett.
– O, Amerika vətəndaşıdı?
– Bəli.
– Amerikanın harasındandı?
– Bilmirəm.
– Elə isə, bildiklərinizi danışın.
– Sözün açığı, müsyö Puaro, mən cənab Retçett haqqında heç bir şey bilmirəm. Cənab Retçett
özü və ya Amerikadakı həyatından heç vaxt danışmazdı.
– Görəsən niyə?
– Bilmirəm. Ola bilsin, ailəsindən, əvvəllər keçirdiyi həyat tərzindən utandığı nəsə
vardı. Bəzi insanlarda bu cür hallar olur.
– Bu izahınız sizin özünüzü razı salırmı?
– Düzünü desəm, yox.
– Qohum-əqrəbası haqda bir şey bilirsinizmi?
– Dediyim kimi, onlar haqqında da heç vaxt danışmazdı.
Puaro israr elədi:
– Zənnimcə, bu mövzuda siz bəzi şeylər bilirsiniz.
– Hə... təbii ki, bəzi şeylər var. Yeri gəlmişkən, onun əsl adının Retçett olduğunu zənn
eləmirəm. Buna da əminəm ki, o, kimdənsə, ya da nədənsə qaçmaq üçün Amerikadan
uzaqlaşmışdı. Onu da deyim ki, cənab Retçett bir neçə həftə bundan qabağa kimi bu
baxımdan istədiyinə nail ola bilmişdi.
– Bəs sonra?
– Sonra nəsə məktublar gəlməyə başladı. Təhdid məktubları.
– Özünüz onları görmüşdünüzmü?
– Bəli. Məktublarına cavab yazmaq mənim üzərimə düşən iş idi. İlk məktub on beş
gün qabaq gəlmişdi.
– O məktublar məhv edilibmi?
– Xeyr. Zənnimcə, qovluqda bir neçəsi qalmalıdır. Bunlardan birini Retçett çox hirslə
cırmışdı. İstəyirsinizsə, onları gətirə bilərəm.
– Mümkünsə.
Makkuin kupedən çıxdı. Bir neçə dəqiqə sonra çox kirlənmiş iki kağızla qayıtdı. İlk məktubda
“Bizə xəyanət edəcəyini, sonra da yaxanı əlimizdən qopara biləcəyini hesab eləyirdin, eləmi? Ay
gördün aa! Səni GƏBƏRTMƏK niyyətindəyik, Retçett. GƏBƏRDƏCƏYİK də!” – yazılmışdı. Altında
imza yox idi. Puaro heç bir şey deməyib, sadəcə, qaşlarını çatdı. Sonra da ikinci məktubu aldı.
“Tezliklə sənin boynunu qıracağıq, Retçett. Özü də lap yaxında. Səni
GƏBƏRDƏCƏYİK. Başa düşürsənmi?”
Puaro məktubu yerə qoydu.
– Sözlər eynidir. Ancaq əlyazma xətti haqda eyni şeyi demək olmaz.
Makkuin ona heyrətlə baxdı.
– Bunu siz tuta bilməzsiniz, – Puaro nəzakətlə dedi.
– Belə şeyləri yalnız vərdişkar olan birinin gözləri görə bilər. Bu məktubu yazan bir adam deyil,
cənab Makkuin. İki ayrı adam yazıb. Hətta daha çox – hərə bir hərfini yazıb sözlərin. Bundan
başqa da böyük hərflərlə yazıblar. Təbii ki, bu da əlyazısının kimə aid olduğunu müəyyən eləmək
işini çox çətinləşdirir. – Puaro bir an susdu. – Cənab Retçettin məndən yardım istəməsindən
xəbəriniz vardımı?
– Sizdən?
Puaro cavan oğlanın səsindəki çaşqınlıqdan anladı ki, bu məsələdən xəbəri yoxdur.
– Bəli, cənab Retçett həyəcanlanmışdı. Cənab Makkuin, deyin görüm, cənab Retçett ilk
məktubu alanda necə oldu?
Makkuin tutuldu:
– Bunu demək çox çətindi. Cənab Retçett... o.. özünəməxsus sakit tərziylə güldü. Amma... –
Makkuin yüngülcə titrədi. – O vaxt mənə elə gəldi ki, o səssizliyin altında nəsə başqa şeylər gizlənir.
Puaro başını yellədi. Sonra da gözlənilməz bir sual verdi:
– Cənab Makkuin, müdirinizlə aranız necəydi? Mənə düzünü deyin: ona qarşı
dostluq hissləriniz varıydımı?
Hektor Makkuin cavab verməzdən əvvəl bir neçə dəqiqə düşündü. Sonra da:
– Xeyr, – dedi. – Yox idi.
– Niyə?
– Bunu dəqiq olaraq deyə bilməyəcəyəm. Mənimlə həmişə çox nəzakətlə davranırdı.
– O, bir an dayanıb, sonra əlavə elədi: – Sizə düzünü söyləyəcəyəm, müsyö Puaro. Mən o adama
nifrət edirdim. Ona heç etibarım yox idi. Əmin idim ki, o, zalım və təhlükəli adamdır. Amma etiraf
edim ki, bu fikrimi sübut edəcək heç bir dəlilim yoxdur.
– Təşəkkür edirəm, cənab Makkuin. Sizdən bir şey də soruşum: Retçetti sonuncu dəfə nə
vaxt görmüsünüz?
– Dünən axşam... – Makkuin bir an fikrə gedib davam elədi. – Hardasa saat onda- zadda.
– Retçett son təhdid məktubunu haçan almışdı?
Bilmirsiniz?
– İstanbuldan çıxdığımız günün sabahı.
– Sizə bir sual da verməliyəm, cənab Makkuin. Müdirinizlə münasibətləriniz
yaxşıydımı?
Birdən-birə gənc adamın gözlərində nəşəli bir parıltı göründü:
– Bu sözlərdən sonra tüklərimin ürpəşməsi lazımdı, eləmi? Sizə çox məşhur bir
romandakı sözü demək istəyirəm: “Mən suçsuzam”. Əslində, Retçettlə aramız yaxşıydı.
Puaro onun Nyu-Yorkdakı ünvanını alandan sonra arxaya yaslandı:
– Hələlik bu qədər, cənab Makkuin. Cənab Retçettin öldüyünü qısa bir müddətlik heç kimə
deməsəniz, çox məmnun olardım.
– Onsuz da Retçettin qulluqçusu Mastermanın bu hadisədən xəbəri var.
– Əlbəttə, onun bundan xəbəri olmamış olmaz. – Puaro eyhamlı təbəssümlə cavab verdi. –
Elədirsə də, çalışın ki, o da dilini dinc saxlasın.
– Məncə, burda çətin bir şey yoxdur. Masterman ingilisdi. Öz sözüylə desəm, ağzını el yoluna
qoyan deyil. Amerikalılara aşağı gözlə baxır. Başqa millətdən olanlarla isə heç əlaqə saxlamır.
– Çox sağ olun, cənab Makkuin.
Amerikalı kupedən çıxdı.
– Hə-ə... – Buk dilləndi. – Bu gəncin söylədiklərinə inandınızmı?
– Mənə elə gəlir ki, o, doğru-dürüst danışırdı. Özünü müdirinə çox bağlı biri kimi göstərməyə
çalışmadı. Bu işlə gerçəkdən bir əlaqəsi olsaydı, onda özünü elə aparardı. Bəli, cənab Retçett
mənimlə sövdələşmək istədiyini və bunu bacarmadığını ona deməyib. Ancaq zənnimcə, bu şübhə
doğuracaq bir şey deyil. Anladığıma görə, Retçett dişini sıxmağı bacaran adammış.
Buk sevinc içində:
– Belədirsə, onda heç olmasa bir insanın günahsız olduğunu dilə gətirə bilərik, –
dedi.
Puaro gileyli-gileyli Buka baxdı:
– Mən ən sonuncu dəqiqəyə kimi hamıdan şübhələnirəm. Ancaq bununla belə ciddi və
təmkinli Makkuinin özünü itirib, qurbanını on iki, ya da on dörd yerindən bıçaqlaya biləcəyini zənn
eləmirəm. Bu onun psixologiyası ilə heç uyğun gəlmir. Heç gəlmir.
Buk düşüncəli bir tərzdə mızıldandı:
– Doğrudu. Bu, müdhiş bir kin üzündən dəliyə dönmüş adamın işidi. Daha çox latın
xarakterinə uyğun gələn şeydi. Ya da elə qatar rəisinin israr etdiyi kimi... qatil qadın.
VII FƏSİL
Cəsəd

Puaro, ardınca da Doktor Konstantin, öldürülən şəxsin kupesinə girdilər.


– Görəsən, burada bir şeyə toxunmayıblar ki?!
– Yox-yox, heç nəyə toxunulmayıb. Cəsədi müayinə eləyəndə də çalışdım ki, onu yerindən
tərpətməyim.
Puaro başını yellədi. Sonra da kupeni gözdən keçirməyə başladı. İlk hiss etdiyi kupeyə
çökmüş soyuq oldu. Pəncərə enə bildiyi qədər aşağıya endirilmiş, pərdə açılmışdı. Puaro
mızıldandı: “Uuuuf...”
Doktor pəncərəni diqqətlə gözdən keçirdi:
– Mən özüm bağlamadım pəncərəni, – dedi.
Puaro da pəncərəyə baxdı:
– Düz eləmisiniz. Pəncərədən atılan olmayıb. Pəncərəni də məhz qəsdən açıq qoyublar ki,
qatilin burdan qaçdığı düşünülsün. Hətta elə olsa da, qar onların planlarını alt-üst eləyib. – Puaro
diqqətlə pəncərənin çərçivəsinə nəzər yetirdi. Sonra cibindən kiçik bir qutu çıxardıb, kənarına bir
az toz üfürdü. – Heç barmaq izi yoxdu. Bundan da belə - qənaətə gəlmək olar ki, çərçivəni yaxşıca
siliblər. Lap yaxşı, barmaq izi olsaydı belə, bildiyimizdən artıq bir şey öyrənə bilməzdik. Çünki o
barmaq izləri cənab Retçettə, qulluqçusu Mastermana, ya da bələdçiyə aid olacaqdı. Son vaxtlar
qatillər belə səhvlər buraxmırlar. – Puaro dedi və sevinc içində əlavə elədi: – Durum belə olduğuna
görə pəncərəni bağlaya bilərik. Bura əməlli-başlı buzxana olub.
Pəncərəni bağlayandan sonra yerində hərəkətsiz uzanmış adama sarı döndü.
Retçett kürəyi üstə uzanmışdı. Pasa bənzər ləkələrlə dolu olan pijamasının
pencəyinin yaxası açılaraq arxaya sürüşdürülmüşdü.
Doktor izah eləməyə başladı:
– Yaraları gözdən keçirməyim lazım idi.
Puaro başını yelləyərək cəsədin üzərinə əyildi. Yenidən qəddini düzəldəndə üzünü
büzüşdürmüşdü.
– Xoşagəlməz mənzərədi, – Puaro dedi. – Ehtimal ki, qatil burada dayanıb, sonra ard-arda
zərbələr endirib. Bədənində tam olaraq neçə yara var?
– Mən on ikisini saymışam. Bunlardan bir-ikisi cızıq sayılacaq qədər xırdadır.
Amma ən aşağıdakı üç yara ölümə səbəb olacaq qədər dərindir.
Doktorun səsindəki ifadə Puaronun diqqətini çəkmişdi. Cəld ona sarı çevrildi. Bu balaca adam
ona sarı çevriləndə yunan doktor alnını qırışdırıb üzündə çaşqın bir ifadəylə cəsədə baxırdı.
– Məncə, burada nəsə sizə çox ilginc gəlir, – Puaro dedi. – Elədirmi? Danışın,
dostum. Burada sizi təəccübləndirən nəsə varmı?
– Haqlısınız, – doktor etiraf etdi.
– Bu nədi belə?
– Bu iki yaranı görürsünüzmü? Bunu və bunu, – doktor işarəylə göstərdi. – Bunlar dərin
yaralardır. Hər iki yara da qan damarlarını kəsmiş olmalıdır. Amma buna baxmayaraq, yaraların
ağzı açıq deyil. Üstəlik, normal bir şəkildə qanaxma da olmayıb.
– Bu, nə anlama gəlir ki?
– Bu yaralar açıldığı zaman adam artıq çoxdan ölübmüş. Ancaq təbii ki, bu fikir gülünc
görünür.
Puaro düşüncəli tərzdə mızıldandı:
– Hə, elə görünür. Deməli, qatil onun öldüyünə əmin ola bilmək üçün geri qayıdıb.
Amma bu fikir də çox gülüncdü! Başqa nə var?
– Şey... Bir nöqtə də var.
– Bəs o nədi?
– Bu yaranı görürsünüzmü? Sağ qolun altındakını. Alın bu qələmi, görün siz belə
bir zərbə endirə bilərsinizmi?
Puaro əlini qaldırdı.
– Başa düşdüm! Sağ əllə belə bir zərbə endirmək çox çətindi. Hətta mümkün deyil. İnsanın
belə bir yara aça bilməsi üçün bıçağı geriyə doğru çəkməsi gərəkdi. Amma əgər bu yaraya zərbə
sol əllə vurulubsa...
– Yaxşı, müsyö Puaro. O zərbənin sol əllə endirildiyi dərhal gəlir adamın ağlına.
– Demək, qatiliniz solaxaydı? Xeyr... Məsələ bundan daha qəlizdi. Elə deyilmi?
– Hə, həqiqətən elədir. Müsyö Puaro, o biri yaraların sağ əlindən istifadə edən biri tərəfindən
açıldığı bəlli olur.
– İki nəfər, – detektiv mızıldandı. – Yenə iki nəfər ehtimalına qayıtdıq. – Sonra da birdən-birə
soruşdu: – İşıq yanırdımı?
– Bunu demək çox çətindir. Hər gün səhər saat onda bələdçi bütün vaqonların işıqlarını
yandırır.
– Biz işıq düyməsindən bunu başa düşə bilərik, – Puaro dedi. Başının üstündəki işıq düyməsini
gözdən keçirdi. Sonra da yatağın baş tərəfindəki lampanın düyməsini incələdi. Hər ikisi
söndürülmüşdü. Puaro düşüncəli-düşüncəli: – Çox gözəl, – dedi. – İndi qarşımızda iki qatil var.
Birinci və İkinci qatil – böyük Şekspir onları bu şəkildə təqdim edərdi. Birinci qatil qurbanını
bıçaqlayır və işığı söndürərək kupedən çıxır. İkinci qatil qaranlıqda gəlir. Qurbanın ölmüş
olduğundan xəbəri yoxdur. Ən azı iki dəfə ölünü bıçaqlayır. Nə deyirsiniz, ağlabatandır?
Doktor həyəcanla:
– Möhtəşəm! – dedi.
Puaronun gözləri işıldadı:
– Siz elə düşünürsünüz? Buna sevindim. Ancaq mənə bir az sarsaq fikir təsiri
bağışladı.
– Bu vəziyyəti başqa necə təsvir eləmək olar ki?!
– Elə mənim də öz-özümdən soruşduğum budur. Bütün bunlar sadəcə, bir təsadüfdümü?
İşdə iki nəfərin iştirakını xatırladacaq nəsə varmı?
– Var saymaq olar. Bayaq da dediyim kimi, bəzi yaralar üzdəndi. Bıçağı vuran kəsin gücünün,
ya da istəyinin olmadığını göstərir. Amma bu... bir də bu... – yenə həmin yaraları göstərdi. – Baxın,
bu zərbələri endirən şəxs ehtimal ki, çox güclüdür. Bıçaq əzələləri dəlib keçib.
– Sizcə, bu işi görən kişidi?
– Əminəm ki, hə.
– Bir qadın bu cür yaralar vura bilməzmi?
– Gənc, güclü-qüvvətli, atletik bədənə malik bir qadın vura bilər. İllah da şiddətli bir
duyğunun təsirində olarsa. Ancaq mən bunu az ehtimal edirəm.
Puaro bir-iki dəqiqə susdu.
– Nə demək istədiyimi başa sala bilirəmmi? – doktor səbirsizliklə soruşdu.
– Çox gözəl başa saldınız, – Puaro cavab verdi. – Məsələ çox yaxşı şəkildə aydınlaşmağa
başlayır! Qatil çox güclü-qüvvətli... son dərəcə də gücsüz... bir kişidi... həm də qadın... sağ əliylə
görür işini... eyni anda da solaxay... Belə də gülünc şey olar?! – Puaro qəzəb
içində çığırdı.
– Bəs qurban? Görəsən, bütün bunlar baş verəndə o, nə işlə məşğulmuş? Qatilə müqavimət
göstəribmi? Özünü müdafiə eləməyə çalışıbmı? – Puaro əlini yastığın altına soxub Retçettin
bir gün öncə göstərdiyi tapançanı çıxardı.
– Silah doludur.
Hər kəs yan-yörəyə baxdı. Retçettin paltarları divardakı asılqandan asılmışdı. Unitazın
yerləşdiyi kiçik masada bir neçə şey vardı. Su dolu stəkana qoyulmuş protez dişlər, başqa boş bir
stəkan, bir şüşə mineral su... Böyük bir cib şüşəsi – içində bir papiros kağızı, yanmış kağız
qalağı və iki gilə də yanmış kibrit çöpü.
Doktor boş stəkanı alıb qoxuladı:
– Bu da qurbanın hərəkətsizliyinin səbəbi.
– Dərman içiriblər?
– Hə.
Puaro başını buladı. Yanmış iki kibrit çöpünü alıb diqqətlə gözdən keçirdi. Balaca
yunan doktor həyəcanla:
– İpucu tapdınızmı? – soruşdu.
– Bu iki kibrit çöpü də bir-birindən fərqlidir, – Puaro dedi. – Biri o birindən daha
yastıdı. Görürsünüzmü?
– Yastıları qatarda verirlər, – deyə, doktor başını yellədi.
Puaro Retçettin pencəyinin ciblərini yoxlayırdı. Bir kibrit qutusu çıxardı, yanmış
kibritlərlə tutuşdurdu.
– Dördkünc olanını Retçett yandırıb. Baxaq görək, yastılardan da onda varıymış, ya yox?
Amma başqa kibrit çöpləri görmədi.
Puaro kupedə ətrafına boylana-boylana qalmışdı. Gözləri quş gözü kimi parıldayırdı.
İnsan gözündən heç nəyin qaça bilməyəcəyini düşünürdü. Sonra astadan səslənib yerdən nəsə bir
şey götürdü. Dördkünc, kiçik, zərif bir yaylıqdı. Küncündə “H” markası toxunmuşdu.
– Bu bir qadın yaylığıdı, – doktor dedi. – Qatar rəisi dostumuz haqlıymış. Bu işdə
bir qadın əli var.
– Hə də, bu qadın bizim işimizi asanlaşdırmaq üçün burada öz yaylığını qoyaraq gedib, –
Puaro dedi. – Lap filmlərdə, kitablarda olduğu kimi. Üstəlik, işimizi daha da asanlaşdırmaq üçün
markalı yaylıq seçib!
– Bəxtimiz at belindəymiş!
– Beləmi yəni? – Puaronun səsinin tonu doktoru çaşdırdı. Amma Konstantindən hələ bir
şey soruşmamışdı ki, belçikalı detektiv bir də yerə əyildi. Bu dəfə dikəldiyi zaman ovcunda lülə
təmizləmək üçün fırça vardı.
– Bəlkə cənab Retçettindi o? – doktor dedi.
– Retçettin cibində lülə yoxdu. Tütün kisəsi də.
– Elə isə bu da bir ipucudu.
– Hə, əlbəttə. Bunu da yerə işimizi asanlaşdırmaq üçün atıblar. Ancaq bu dəfə bir kişiyə aid
olan ipucu. Bu olayda dəlil və ipucu sarıdan şikayətlənməyə heç bir əsasımız yoxdu. Burda
ipucudan bol nə var? Hə, yeri gəlmişkən, bəs bıçağı neyləyibsiniz?
– Kupedə bıçaq yox idi. Görünür, qatil gedəndə bıçağını da aparıb özüylə. Puaro
düşüncəli-düşüncəli mızıldandı:
– Görəsən niyə?
– Baho! – Doktor ölünün ciblərini ehtiyatla yoxlamaqla məşğuldu. – Bunu gözdən
qaçırmışam. Bayaq pijamanın pencəyinin düymələrini tələsik açmışdım. – Döş cibindən bir qızıl
saat çıxardı. Saat əməlli-başlı əzilib yatmışdı, əqrəblər ikinin yarısını göstərirdi. Doktor Konstantin
həyəcanla çığırdı: – Görürsünüzmü? Bu bizə cinayətin törədildiyi vaxtı göstərir. Mənim
hesablarımla da üst-üstə düşür. Mən Retçettin gecə birin yarısıyla saat iki arasında ölmüş ola
biləcəyini demişdim. İndi bu qızıl saat mənim sözlərimi doğruya çıxarır. İkinin yarısında dayanıb
saat. Cinayət saatı da elə budur.
– Əlbəttə, ola bilər, mümkündür.
Doktor ona maraqla baxdı:
– Bağışlayın, müsyö Puaro, amma mən sizi başa düşə bilmirəm.
– Heç özüm də özümü başa düşmürəm, – Puaro dedi. – Heç bir şeyi başa düşə bilmirəm. Və
gördüyünüz kimi, bu da məni çox narahat eləyir. – Puaro içini çəkib masaya doğru əyildi və
yanmış kağız qalağını gözdən keçirməyə başladı. Sonra birdən- birə dikəlib kupedən çıxdı.
Geri qayıdanda doktor böyük maraq içində ona baxırdı. Puaro yanmış kağız parçalarını saç
maşasıyla qarışdırıb yandırdığı spirt sobasının üstünə tutdu:
– Uydurma bir şeydi bu. Ancaq hesab eləyirəm ki, işimizə yarayacaq.
Saç maşası qızarmağa başlamışdı. Sonra birdən-birə yanmış kağızda bəzi sözlər
görünməyə başladı. Odlu sözlər.
Kağız parçası çox kiçikdi. Üstündə üç söz, bir də “İ”hərfi ilə başlayan bir sözün yarısı vardı.
– Kiçik Deizi Armstronqu unu...
Puaro qışqırdı:
– Ah!
Doktor:
– Sizcə, bunların bir mənası var? – deyə soruşdu.
Puaronun gözləri işıq saçırdı. Saç maşasını ehtiyatla masanın üstünə qoydu:
– Mən ölən adamın əsl adını bilirəm – onun Amerikadan nə üçün qaçdığını bildiyim kimi.
– Adı nədir?
– Kasetti.
Konstantin qaşlarını çatdı.
– Bu adı sanki hardansa xatırladım. Bir neçə il qabaq... Yadıma sala bilmirəm... Bu, Amerikada
baş vermiş bir hadisə ilə bağlı deyil ki?
– Hə, – dedi Puaro. – Amerikada baş vermiş bir hadisə ilə bağlıdır. – Onun artıq
nəsə demək niyyətində olmadığı anlaşılırdı. Ətrafına baxıb, – bu haqda sonra danışarıq,
– deyə əlavə elədi. – Burada diqqətimizi çəkəcək hər şeyi görüb-görmədiyimizdən əmin
olmalıyıq.
Puaro Retçettin paltarlarının ciblərini yenidən sürətlə axtardı. O biri kupeyə açılan
ara qapını yoxladı. Qapı o üzdən rəzələnmişdi.
– Anlaya bilmədiyim bir şey var, – doktor Konstantin dedi. – Bu ara qapı bağlıdı. Koridor qapısı
isə həm kilidli, həm də zənciri taxılıymış. Qatil pəncərədən də qaçmayıb. Yaxşı, bəs onda kupedən
necə çıxıb?
– Əlləri-ayaqları bağlı birini dolaba salanda, sonra da birdən-birə o yoxa çıxanda,
seyirçilər də eyni şeyi düşünürlər.
– Demək istəyirsiniz ki...
– Qatil istəyirmiş ki, onun pəncərədən qaçdığını zənn eləyək. Ona görə də o biri iki çıxışdan,
yəni qapılardan çıxılmasının imkansız olduğu ehtimalını yaradıb. Dolabda yoxa çıxan biri kimi,
bu da bir hiylə qurub. Bu hiylənin necə qurulduğunu öyrənmək işi də bizim boynumuza düşür. –
Puaro ara qapını kilidlədi. – Birdən bizim xanım Habbard qızına cinayət haqda təfsilatıyla yaza
bilmək üçün buraya girmək istər. – Bir də ətrafa baxdı. – Artıq burda görə biləcəyimiz bir iş
qalmadı. İndi isə müsyö Bukun yanına gedək.
VIII FƏSİL
Deizi Armstronq olayı

Onlar kupeyə girəndə müsyö Buk omletini bitirmək üzrəydi.


– Məsləhət gördüm ki, dərhal nahar yeməyi versinlər, – müsyö Buk açıqladı. – Ondan sonra
buranı dərhal boşaldacaqlar və müsyö Puaro sərnişinləri rahatca dindirə biləcək. O arada bizə də
yemək vermələrini tapşırdım.
– Bu çox yaxşı fikirdi, – Puaro dedi.
Ancaq o üç nəfərdən heç biri ac deyildi. Naharı tez bitirdilər. Müsyö Buk hər kəsin fikrini-
zikrini almış o vacib mövzunu bir də qəhvə içilərkən açdı.
– İndi mövzuya keçə bilərik, – Buk dedi.
– Mən qurbanın əslində kim olduğunu başa düşdüm. Onun Amerikadan nə üzdən
ayrılmaq məcburiyyətində qaldığını da bilirəm, – Puaro dedi.
– Kimmiş ki o?
– Armstronq ailəsinin körpə uşaqlarıyla bağlı qəzetlərdə gedən xəbərləri
xatırlayırsınızmı? Baxın, həmin körpə Deizi Armstronqu öldürən bu adammış. Kasetti.
– İndi xatırladım. Dəhşətli hadisəydi. Amma təfərrüatlarını xatırlamıram.
– Polkovnik Armstronq ingilisdi. Anası amerikalıdı. Milyoner V.K.Van der Haltın qızıydı.
Polkovnik Armstronq zamanının ən tanınmış faciə oyunçusu Linda Ardenin qızıyla evliydi.
Amerikada yaşayırdılar. Bir uşaqları vardı. Tapdıqları körpə bir qızdı. Uşaq üç yaşındaykən
qaçırılmışdı. Onu qaytarmaq üçün ağlasığmaz qədər böyük pul istəyirdilər. Ondan sonra olanları
danışıb sizi darıxdırmaq istəmirəm. Amma uşağın anasıyla atası beş yüz min dollar verdilər.
Ancaq bundan dərhal sonra Deizinin cəsədi tapıldı. Üstəlik də, sən demə, uşaq ən azı beş günmüş
öldürülübmüş. O vaxt camaatın nə hala düşdüyünü təsvir eləmək çətindi. Ancaq faciə təkcə
bununla bitmir. Xanım Armstronq bu vaxt hamiləydi. Deizinin cəsədinin tapılmasından sonra
vaxtsız doğuşu oldu. Uşaq ölü doğuldu. Xanım Armstronq özü də doğuş zamanı tələf oldu.
Əzablardan dəliyə dönən əri isə tapançayla intihar etdi.
– İlahi! – Buk içini çəkdi. – Belə də fəlakət olar?! İndi tam olaraq xatırladım.
Yanılmıramsa, o sırada başqa biri də ölmüşdü.
– Hə, elədi. Uşaq otağına baxan bədbəxt – fransızmı, isveçrəlimi, – bir xidmətçi qız idi. Polis
onun bu olay haqqında məlumatı olduğundan əminiydi. Qızın ağlayıb- sızlayaraq heç bir şeydən
xəbəri olmadığını söyləməsinə inanmadılar. Axırda da bədbəxt qız sonsuz ümidsizliyə qapılaraq
özünü pəncərədən atmışdı. Ancaq onun ölümündən sonra məlum oldu ki, zavallı qızın hadisəylə
heç bir bağlılığı yoxmuş.
– Təsəvvür elədikcə adamın halı xarablaşır, – Buk mızıldandı.
– Ondan hardasa altı ay sonra bu Kasetti adlı şəxs yaxalanır. Uşağı qaçıran dəstənin
başçısıymış. Bundan qabaq da eyni işlə məşğulmuşlar. Polisin onların izinə düşəcəyini başa düşən
kimi, qaçırdıqlarını öldürüb cəsədi basdırır, cinayət ortaya çıxana kimi də qaçırılanların
yiyələrindən mümkün olduğu qədər çoxlu pul çəkirmişlər. İndi sizə demək istədiyim budur. Uşağı
gerçəkdən Kasetti öldürübmüş. Ancaq yığdığı böyük sərvət hesabına və bəzilərinin sirlərini də
bildiyi üçün hansısa formal tərəflərdən istifadə edərək bəraət ala bilmişdi. Buna baxmayaraq,
yenə də bir yolunu tapıb qaçmasaydı, xalq tərəfindən linç ediləcəkdi. İndi baş verənləri daha yaxşı
anlayıram. Kasetti adını da üstündən ataraq, Amerikadan baş götürüb qaçmışdı. O gündən bu yana
da işi-gücü olmayan varlı adam sifətiylə dünyanın bu başından vurub, o başından çıxırdı.
– İyrənc heyvan! – Bukun səsi qəzəblə doluydu. – Elə yaxşı olub ölüb. Heç təəssüflənmirəm
də.
– Mən də.
– Amma bu olayın “Şərq ekspresi”ndə olması yaxşı deyil. Elə bil başqa yer qəhətmiş başlarına.
Puaro xəfifcə gülümsədi:
– İndi özümüzçün bunu araşdırmalıyıq. Bu cinayət Kasettinin vaxtıyla dələduzluq etdiyi rəqib
bir dəstənin işidirmi? Yoxsa xüsusi bir qisasmı? – Puaro yarıyanmış kağızda oxuduğu o bir neçə
kəlməni söylədi. – Yanılmıramsa, o məktubu məhz qatil yandırıb. Nə üçün? Çünki burda
Armstronqun adı yazılmışdı. Bu da sirri açmağa yardım eləyəcək bir ipucuydu.
– Armstronq ailəsindən həyatda olan kimsə varmı?
– Çox təəssüflər ki, bilmirəm. Amma yox, qəzetlər cənab Armstronqun kiçik bir
bacısı olduğunu yazmışdılar.
– Puaro doktor Konstantinlə gəldikləri qənaəti Buka söylədi. Qırıq saat haqqında
eşitdiklərindən müsyö Bukun gözləri parıldadı!
– Beləliklə, qətlin tam dəqiq saatı üzə çıxmış olur.
– Bəli. Bu, bizim işimizi asanlaşdıran bir şeydi. – Səsindəki qəribə ifadə o biri iki nəfərin ona
maraqla baxmalarına səbəb oldu.
– Yanılmıramsa, siz Retçettin birə iyirmi dəqiqə qalmış bələdçi ilə danışdığını demişdiniz? –
Buk dedi.
Belçikalı o gecə olanları danışdı.
Buk başını yellədi:
– Bundan da Retçettin birə iyirmi dəqiqə qalmış həyatda olduğu məlum olur. Puaro
cavab vermədi. Düşüncəli tərzdə önünə baxırdı.
İkinci hissə
Şahid ifadələri I
FƏSİL Bələdçi

Vaqon-restoranda hər şey sorğulama üçün hazırlanmışdı. Puaroyla müsyö Buk masanın bir
üzündə oturmuşdular. Doktor üzbəüz əyləşmişdi. Masaya İstanbul-Qala vaqonunun planı
qoyulmuşdu. Hər kupenin sərnişininin adı qırmızı mürəkkəblə yazılmışdı. Bir yanda isə pasport və
biletlər düzülmüşdü.
– Çox gözəl, – Puaro dedi. – Artıq sorğulamağa başlaya bilərik. Ancaq əvvəlcə vaqon
bələdçisiylə danışmağımız yaxşı olardı. Yəqin ki, hər biriniz onu tanıyır. O, necə bir insandı? Sözünə
inana bilərikmi?
– Təbii. Tam inanmaq olar. Pyer Mişel on beş ildən çoxdu ki, bizim şirkətdə çalışır. Fransızdı.
Qala yaxınında bir yerdə yaşayır. Son dərəcə dürüst və hörmətə layiq bir adamdı. Ancaq
onu çox da ağıllı adam saymaq olmaz.
Puaro anlayışlı tərzdə başını tərpətdi:
– Yaxşı... İndi özüylə danışaq.
Pyer Mişel bir az özünə gəlmişdi, ancaq hələ də hədsiz dərəcədə əsəbiydi.
– Ümid eləyirəm ki, müsyö bu olayı mənim vəzifə borcumun öhdəsindən gələ bilməməyim
kimi anlamayacaq. – Bələdçi ürkək-ürək bir Puaroya, bir müsyö Buka baxdı.
– Faciəvi bir hadisədi bu. Güman eləyirəm ki, müsyö bu işdə mənim bir qüsurum
olduğunu düşünmür.
Puaro bələdçinin qorxularını aşağı salandan sonra suallarına keçdi:
– Dünən gecə cənab Retçett neçədə yatmışdı?
– Axşam yeməyindən dərhal sonra, müsyö. Yəni biz Belqraddan ayrılmamışdan qabaq. Ondan
qabaqkı gecə də elə erkəndən yatmışdı. Şam eləyərkən mənə yerini hazırlamağı tapşırmışdı. Mən
də hazırladım.
– Ondan sonra onun kupesinə gedən olubmu?
– Qulluqçusu, bir də o cavan amerikalı.
– Başqa?
– Başqa heç kimi görməmişəm, cənab.
– Belə. Demək, cənab Retçetti axırıncı kərə onda görmüsünüz?
– Xeyr, müsyö. Cənab Retçettin birə iyirmi dəqiqə qalmış zəngi çalmasını yaddan
çıxarırsınız. Yəni, qatar dayanandan bir az sonra.
– Onda nə olmuşdu ki?
– Qapısını döydüm. Ancaq cənab Retçett içəridən dedi ki, zəngi yanlış olaraq çalıb.
– İngiliscə danışırdı, yoxsa fransızca?
– Fransızca.
– Sonra qayıdıb yerinizə getdiniz?
– Xeyr, cənab. Başqa bir zəng çalındı, o kupeyə getdim.
– Mişel, indi sizdən çox vacib bir şey soruşacağam. İkiyə on beş dəqiqə işləmiş hardaydınız?
– Məni deyirsiniz, cənab? Koridorun başındakı kiçik skamyamda oturmuşdum o vaxt. Üzüm
də koridora sarıydı, təbii ki!
– Yerinizdən heç qalxmamışdınızmı?
– Bəli... demək istəyirəm ki...
– Hə?
– Bizdən arxadakı vaqona, yəni Afina vaqonuna keçdim. Oranın bələdçisiylə söhbət elədim.
Onunla qar yığınından danışdıq. Zənnimcə, hardasa saat ikiyə işləyərdi. Ancaq vaxtı tam dəqiqliyi
ilə xatırlamıram.
– Bəs yerinizə nə vaxt qayıtdınız?
– Yenə də zəng çalındı, müsyö. Sizə dediyim yadımdadı. O amerikalı xanım... Zəngi
dayanmadan çalırdı.
– Hə, yadımdadı, – Puaro dedi. – Bəs sonra?
– Sonra? Sizin zənginizə cavab verdim, gedib sizə mineral su gətirdim. Ondan hardasa yarım
saat sonra isə başqa kupelərdən birindəki yatağı hazırladım. Retçettin katibi olan o cavan
amerikalı bəyin yatağını.
– Yatağını hazırlamağa getdiyiniz vaxt cənab Makkuin təkiydimi?
– Yox, on beş nömrəli kupedəki sərnişin ingilis polkovniki də yanındaydı. Oturub söhbət
eləyirdilər.
– Makkuinin yanından çıxandan sonra polkovnik neylədi?
– Öz kupesinə getdi.
– İngilis polkovnikinin kupesi, yəni on beş nömrəli kupe sizin oturduğunuz yerə
yaxın deyilmi?
– Bəli, cənab. Oturduğum yerdən baxanda soldan ikinci qapı.
– Polkovnikin yatağı hazırlanmışdı?
– Bəli, müsyö. Onun yatağını özü yeməkdə olanda hazırlamışdım.
– Bəs bütün bunlar nə vaxt olmuşdu?
– Dəqiq deyə bilmərəm, cənab. Amma iki tamam olmamışdı, hər halda.
– Sonra?
– Sonra səhərə qədər öz yerimdə oturmuşam.
– Bəs yenidən Afina vaqonuna getmədiniz ki?
– Yox, cənab.
– Gecə koridorda gəzən birini görmədinizmi?
Bələdçi bir az fikirləşib dilləndi:
– Yanılmıramsa, xanımlardan birinin o biri başdakı tualetə getdiyini gördüm.
– Hansı xanım?
– Bilmirəm, müsyö. Koridorun lap o başındaydı. Arxası da mənə tərəfdi. Üstündə
toxunma əjdahalar olan qırmızı xələt geyinmişdi.
Puaro başını tərpətdi:
– Bəs ondan sonra?
– Səhərə qədər başqa heç nə olmadı.
– Buna əminsiniz?
– Ay, bağışlayın, siz də bir dəfə qapınızı açıb çölə baxdınız.
Puaro:
– Afərin, – dedi. – Düşünürdüm ki, görəsən, bunu xatırlayacaqsınız, ya yox. Hə, yadıma
düşmüşkən, mən bir səsə oyanmışdım. Sanki qapıma ağır bir şey çırpılıb aşmışdı. Bu, nə ola
bilərdi sizcə?
Bələdçi heyrətlə Puaroya baxdı:
– Koridorda elə bir şey dəyməyib gözümə, cənab. Tam əminliklə deyirəm bunu. Puaro
filosofanə tərzdə çiynini çəkib:
– Yəqin gözümə kabus görünüb, – dedi, bir an susdu.
– Deyək ki, qatil qatara dünən gecə minib. Cinayətdən sonra qaça bilərdimi?
Pyer Mişel başını yellədi:
– Mümkün deyil.
– Hardasa gizlənə bilərmi?
Buk yerindən dik atıldı:
– Hər yeri axtarmışıq, dostum. Bu fikri başınızdan atın.
Pyer Mişel də Bukun fikrinə dəstək verdi:
– Onsuz da kimsə yataqlı vaqona girmiş olsaydı, mən mütləq görərdim.
– Axırıncı hansı stansiyaydı?
– Vinkovci.
– Qatar ordan neçədə qalxıb?
– Əslində, 11:58-də qalxmalıydıq. Ancaq havanın dəyişilməsinə görə iyirmi dəqiqə
gecikdik.
– Sizin vaqona başqa vaqonlardan keçmək olarmı?
– Olmaz, müsyö. Nahardan sonra yataqlı vaqonlarla o biriləri arasındakı qapılar
kilidlənir.
– Siz Vinkovcidə qatardan düşmüşdünüzmü?
– Bəli, cənab. Həmişə olduğu kimi, perrona düşüb, vaqon qapısının qabağındakı
pilləkənlərin yanında dayanmışdım. O biri bələdçilər də mənim kimi.
– Bəs qabaqdakı qapı? O restoranın yaxınlığında olanı deyirəm.
– O qapı həmişə içəridən bağlanır.
– Axı indi açıqdır.
Bələdçi çaşıb qaldı, ancaq tezliklə özünə gəldi:
– Yəqin sərnişinlərdən biri qara baxmaq üçün açıb.
– Yəqin... – Puaro dedi. Barmaqlarını fikirli-fikirli masaya vururdu.
– Siz məni günahkar hesab eləmirsiniz ki? – Pyer Mişel çəkinə-çəkinə soruşdu.
Puaro üzünü ona tutub mərhəmətlə gülümsədi:
– Sizin ancaq bəxtinizin gətirmədiyini demək olar, dostum. Hə, düzü, indi yadıma düşdü. Siz
cənab Retçettin qapısını döyəndə başqa bir zəng də çalınmışdı. Kim idi o zəngi çalan?
– Knyaginya Draqomirovaydı, müsyö. Məndən xidmətçisini çağırmağı istəyirdi.
– Çağırdınız?
– Əlbəttə, cənab. Puaro
başını tərpətdi:
– Çox gözəl. Hələlik kifayətdi.
– Minnətdaram, cənab. – Bələdçi ayağa qalxıb Buka baxdı.
– Özünüzü üzməyin, – Buk mehribanlıqla dedi. – Bu işdə sizin günahınız yoxdur. Pyer
Mişel sevinc içində salondan çıxdı.
II FƏSİL
Katib

Puaro bir neçə dəqiqə dərin düşüncəyə dalandan sonra:


– Bütün bu öyrəndiklərimizin üstündən, – dedi, – cənab Makkuinlə yenidən
danışmağımız heç pis olmazdı.
Amerikalı cavan dərhal gəldi:
– Hə, işlər necə gedir?
– Pis demək olmaz. Sonuncu sorğudan bu yana bir şey də öyrənmişəm, cənab
Retçettin əsl kimliyini, – Puaro cavab verdi.
Hektor Makkuin maraqla Puaroya doğru əyildi:
– Aha?
– Retçett sizin də şübhələndiyiniz kimi saxta bir admış. Retçett adını daşıyan o adam
əslində Kasettiydi. Uşaq qaçırmağın ustası olan qanqster. Qaçırdığı uşaqlar arasında Deizi
Armstronq da varmış.
Makkuinin üzündə dəhşətli bir heyrət ifadəsi göründü. Sonra da sifətini tökdü:
– Demək, bu, həmin o şərəfsizmiş!
– Bundan xəbəriniz yoxuydumu, cənab Makkuin?
– Yox idi, – amerikalı cavan qəti tərzdə cavab verdi.
– Olsaydı, ona katiblik eləməkdənsə, sağ əlimi biləyimdən kəsməyi üstün tutardım.
– Deyəsən, bu mövzu sizi çox acıqlandırır, cənab
Makkuin?
– Əlbəttə. Bunun xüsusi bir səbəbi var. Atam o işi aparan prokurordu, cənab Puaro. Xanım
Armstronqu bir neçə dəfə görmüşdüm. Çox gözəl, xeyirxah qadınıydı. Həm də kədərliydi. –
Baxışları sərtləşdi. – Retçett... daha doğrusu, Kasetti... ölüm ona haqq oldu! Axır ki, gəbərdiyi üçün
sevinirəm. Elə bir adamın yaşaması belə günah idi.
– Elə acıqlandınız ki, sanki bu işi özünüz də həvəslə görərdiniz!
– Təbii, özüm də görərdim. – Makkuin sözünə ara verdi, sonra da suçlu-suçlu əlavə
elədi: – Deyəsən, bütün şübhələri üstümə çəkəcək şəkildə aparıram özümü...
– Özünüzü müdirinizin ölümünə dəhşətli dərəcədə üzülürmüş kimi aparsaydınız,
onda sizdən daha çox şübhələnərdim, cənab Makkuin.
– Bunu hətta özümü elektrik stulundan qurtarmaq üçün də eləməzdim, – Makkuin hiddətlə
dedi. Ardıyca əlavə elədi: – Maraqcıllığımı üzrlü hesab eləyin... ancaq bunu necə bildiniz? Yəni
Retçettin Kasetti olduğunu?
– Kupesində tapılan bir məktub parçasından.
– Amma o... yəni... qoca nə əcəb belə diqqətsizlik eləyib?
– Baxır buna kim necə yanaşır da.
Cavan amerikalının bu sözlərdən bir şey anlamadığı görünürdü. Belçikalının başından
keçənləri oxumağa çalışırmış kimi diqqətlə onu süzürdü.
– Bundan sonra mənim görəcəyim iş qatardakıların nə işlə məşğul olmasını
öyrənməkdir, – dedi. – Narahatlığa əsas yoxdu. Sadəcə, rəsmiyyət üçün.
– Bilirəm. Nə istəyirsinizsə, məndən soruşa bilərsiniz. Mümkün olduğu qədər
əleyhimə olan şübhələri aradan qaldırmaq istəyirəm.
Puaro gülümsədi:
– Sizdən kupenizin nömrəsini soruşan deyiləm. Çünki bir gecə o kupedə birlikdə
qalmışıq. İkincidərəcəli, 6-7 nömrəli kupe.
– Elədi.
– İndi, cənab Makkuin, mənə dünən gecə vaqon-restorandan çıxdıqan sonra nə iş
gördüyünüzü danışın.
– Bundan asan nə ola bilər? Kupemə getdim. Bir az kitab oxudum. Belqradda perrona
düşdüm. Ancaq hava çox soyuq olduğu üçün yenidən qatara mindim. Kupesi mənimkinin yanında
olan o gənc ingilis xanımla bir az söhbət elədim. Sonra da başqa bir ingilislə, polkovnik Arbetnotla
çənə döydük. Sonra biz onunla danışdığımız vaxt siz yanımızdan keçdiniz. Sonra da cənab Retçettin
yanına getdim. Bunu sizə demişdim. Aldığı antikvar vazlar haqqında mənə bir-iki məktub diktə
elədi. Ona “gecən xeyrə qalsın deyib”, yanından çıxdım. Polkovnik Arbetnot hələ də koridordaydı.
Yatağı hazırlanmışdı. Ona mənim kupemə gəlməyi təklif elədim. Adama bir içki sifariş verib
yenidən çənə vurmağa başladıq. Əslində, mənim ürəyim heç vaxt ingilislərə qızmır. Soyuq
insanlardır. Amma polkovnik nəsə xoşuma gəlmişdi.
– Polkovnik nə vaxt otağınızdan çıxdı?
– Xeyli keçmişdi. Yəqin ki, iki olardı.
– Qatarın dayandığını hiss etdinizmi?
– Hə, əlbəttə. Nə olduğuyla maraqlandıq. Pəncərədən baxanda qar yığınlarını
gördük. Amma ciddi bir şey hesab eləmədik.
– Polkovnik Arbetnot yanınızdan çıxandan sonra neylədiniz?
– O öz kupesinə getdi. Mən də yatağımı hazırlatdırmaq üçün bələdçini çağırdım.
– Bələdçi yatağınızı hazırlayanda siz haradaydınız?
– Koridorda, düz qapının ağzında. Siqaret çəkirdim.
– Sonra?
– Sonra uzandım, sabahacan yatdım.
– Gecə qatardan düşdünüzmü heç?
– Bir ara Arbetnotla... nəydi o stansiyanın adı? Hə, Vinkovci. Polkovniklə perronda bir az
gəzişmək istədik. Dəhşət şaxtaydı deyə, tez də yenidən içəri qayıtdıq.
– Perrona hansı qapıdan düşmüşdünüz?
– Bizim kupeyə ən yaxın olanından.
– Vaqon-restoranın yaxınında olanı deyirsiniz?
– Bəli.
– Qapının rəzəsi keçirilmişdimi?
Makkuin yadına salmağa çalışdı:
– Hə, haqlısınız, zənnimcə bağlıydı qapı.
– Yaxşı, qatara minəndə rəzəni yenə keçirdinizmi?
– Yox, belə bir şey elədiyimi xatırlamıram. Bunun elə bir əhəmiyyəti var, yəni?
– Ola bilsin ki var! İndi... Hər halda polkovnik Arbetnotla oturub söhbət eləyəndə
kupenizin qapısı açığıydı da?
Hektor Makkuin başıyla razılığını bildirdi:
– Hə.
– Qatar Vinkovcidən qalxdıqdan sonra və polkovnik sizin kupedən çıxana qədər koridordan
kimsənin keçdiyini gördünüzmü?
Makkuin qaşlarını çatdı:
– Zənnimcə, bir dəfə bələdçi keçib. Restoran tərəfdən gəlirdi. Bir qadın da o tərəfə
doğru getdi.
– Hansı qadın?
– Onu bilmirəm. Elə də diqqət vermədim. Arbetnotla nəsə mübahisə eləyirdim. Mənə
elə gəlir ki, qapıdan qırmızı ipək paltarlı bir qadın keçib getdi. Yaxşı görmədim. Onsuz da üzünü
görə bilməzdim. Bildiyiniz kimi, mənim kupem qatarın vaqon-restoranı olan tərəfinə baxır.
Koridordan o tərəfə gedən bir qadın kupemi keçər-keçməz mənə arxası dönmüş olur.
Puaro başını tərpətdi:
– Hər halda, qadın tualetə getmiş olar...
– Hər halda.
– Siz onun qayıtdığını gördünüz?
– Görmədim... Amma hər halda, qayıdar da.
– Son sualımı da verim: cənab Makkuin, qəlyan çəkirsiniz?
– Yox, müsyö, çəkən deyiləm.
Puaro bir an fikrə getdi və:
– Sizinlə hələlik kifayətdi. İndi cənab Retçettin qulluqçusunu görmək istəyirəm. Hə,
yadıma düşmüşkən, siz və qulluqçu həmişə ikincidərəcəli qatarda səfər eləyirsiniz?
– Qulluqçu edərdi. Mən isə çox vaxt birincidərəcəlidə gedərdim. Mümkün olanda mənə
cənab Retçettin kupesinin yanında yer ayrılardı. Belə olanda da cənab Retçett əşyalarının çoxunu
mənim kupemə qoyardı. Çünki beləcə istədiyi vaxt məni də, hansısa əşyasını da çox tez tapırdı.
Ancaq bu dəfə özününkünü çıxmaqla, qatarda bütün birincidərəcəli kupelər tutulmuşdu.
– Başa düşdüm. Təşəkkür edirəm, cənab Makkuin.
III FƏSİL
Qulluqçu Masterman

Amerikalının yerini Puaronun bir gün qabaq diqqətini çəkmiş o solğun və ifadəsiz üzlü ingilis
tutmuşdu. Ayaq üstə dayanıb, ədəbli şəkildə gözləyirdi. Puaro oturması üçün ona yer göstərdi.
– Bildiyimə görə, cənab Retçettin qulluqçusu idiniz.
– Bəli, cənab.
– Adınız?
– Edvard Henri Masterman.
– Cənab Retçettin öldürüldüyünü eşitdinizmi?
– Bəli, cənab. Çox dəhşətli hadisədir.
– Cənab Retçetti axırıncı dəfə haçan görmüsünüz?
Qulluqçu fikirləşəndən sonra:
– Dünən gecə doqquzda, cənab, – dedi. – Həmişəki qaydada paltarlarını asdım, dişlərini suya
qoydum, sonra gecə ona lazım ola biləcək şeyləri yanına gətirdim.
– Ovqatı həmişəki kimiydi, ya?..
– Bir az əsəbiydi, cənab. Görünür, buna oxuduğu bir məktub səbəb olmuşdu. Zərfi kupeyə
mənim qoyub-qoymadığımı soruşdu. Təbii ki, ona elə bir şey eləmədiyimi dedim. Ancaq məni
söydü, ondan sonra hər addımda mənə nöqsan tutmağa başladı.
– Onda belə halla heç qarşılaşmamısınız?
– Xeyr, cənab, xeyr. Əksinə, özündən çox gec çıxardı.
– Cənab Retçett yuxu dərmanından istifadə edirdimi?
– Qatarla yola çıxanda, edərdi, cənab. Deyirdi ki, dərmansız gözünə yuxu getmir.
– Dünən gecə də dərman içmişdimi?
– Mən dərmanını masasının üstünə qoymuşdum, amma içib-içmədiyini bilmirəm.
– Başqa?
– Cənab Retçettdən soruşdum ki, onu sabah neçədə oyadım. “Məni zəng
çalınanacan narahat eləməzsən”, – dedi.
– Bu, adi bir şeydi?
– Bəli, cənab. Haçan qalxmaq istəsəydi, bələdçini çağırırdı. O da gəlib mənə xəbər verirdi.
– Cənab Retçett yuxudan tez qalxardı, yoxsa çox yatmağı sevirdi?
– Bu onun kefinə bağlıydı. Bəzən səhər yeməyindən əvvəl qalxardı, bəzən də nahara
yaxın.
– Demək, bu səhər sizi çağırtdırmayana qədər onun üçün narahatlıq
keçirməyibsiniz?
– Bəli, cənab.
– Cənab Retçettin düşmənlərinin olduğundan xəbəriniz varıydımı?
– Bəli, cənab, – qulluqçu heç nə ifadə eləməyən bir səslə dedi.
– Hardan bilirdiniz?
– Cənab Makkuinlə bəzi məktublar haqqında danışdığını eşitmişdim.
– Ağanızı çox istəyirdinizmi, Masterman?
Qulluqçunun üzü daha da ifadəsizləşdi.
– Düzünü desəm, səxavətli adamıydı, cənab.
– Buna baxmayaraq, ondan xoşunuz gəlmirdi, eləmi?
– Belə deyək də, cənab, amerikalılardan elə də xoşum gəlmir.
– Amerikaya getmisinizmi heç?
– Xeyr, cənab.
– Qəzetlərdə Armstronqun uşaqlarının qaçırılması haqda bir şey oxumuşdunuzmu?
Qulluqçunun yanaqları yüngülcə qızardı:
– Bəli, əlbəttə oxumuşdum, cənab. Kiçik bir qız uşağı deyildimi? Çox qorxunc hadisəydi.
– Bu işin ağanız cənab Retçettin başının altından çıxdığından xəbəriniz vardımı?
– Xeyr, bunu bilmirdim, cənab, – ilk dəfəydi ki, qulluqçunun səsində həyəcan vardı.
– Buna inanmağım gəlmir, cənab.
– Ancaq belədir. İndi də keçək dünən gecə gördüyünüz işlərə. Bu, təbii ki, sadəcə, rəsmiyyət
üçündür. Cənab Retçettin yanından çıxandan sonra neylədiniz?
– Cənab Makkuinə çatdırdım ki, ağam onu çağırır. Sonra öz kupemə gedib kitab
oxumağa başladım.
– Sizin kupeniz... – Puaro ona verilmiş plana baxırdı.
– Lap axırdakı ikincidərəcəli kupedi, cənab, vaqon-restoranın yanındakı.
– Kupedə başqa bir sərnişin də varıydımı?
– Bəli, cənab. Cüssəli bir italyandı. İngiliscənin qol-qanadını sındıra-sındıra danışır.
– Qulluqçunun üzü o adam haqqında ikrahla danışırmış kimi ifadə aldı. – Amerikada
yaşayandı, Çikaqoda.
– Onunla tez-tez söhbətləşirsiniz?
– Xeyr, cənab. Mən kitab oxumağı ondan üstün tuturam.
– Başa düşdüm... Davam eləyək. Deməli, cənab Retçettin işlərini görüb qurtarandan sonra
kupenizə gedib, kitab oxudunuz. Sonra?
– Təqribən on birin yarısına qədər kitab oxudum. Sonra o italyan yatmaq istədiyini dedi.
Bələdçi gəldi, yataqları hazırladı.
– Siz də uzanıb yatdınız?
– Xeyr, cənab. Uzandım, amma yata bilmədim. Dişim ağrıyırdı. Səhərağzı dörddə
mürgüləmişəm.
– Bəs yol yoldaşınız?
– O italyanı deyirsiniz? Xorultuyla yatmışdı, cənab.
– O, gecə kupedən heç çıxmadı ki?
– Yox, heç çıxmadı.
– Haçansa cənab Makkuinlə cənab Retçettin dalaşdığının şahidi olmamısınız? Bir- biriylə
düşmən deyildilər ki?
– Xeyr. Cənab Makkuin çox yaxşı adamdır.
– Siz cənab Retçettin yanında qulluğa nə vaxt başlamısınız?
– Doqquz ay bundan qabaq.
– Təşəkkür edirəm, Masterman. Hə, yeri gəlmişkən, siz qəlyan çəkirsinizmi?
– Xeyr, cənab. Mən siqaret çəkirəm. – Qulluqçu bir an tərəddüd içində dayandı. – Bağışlayın,
cənab, bunu deyim ki, o yaşlı amerikalı olan xanım sərnişin həyəcan içindədi. Bu cinayətlə bağlı
məlumatının olduğunu deyir. Çox həyəcanlıdı.
Puaro güldü:
– Madam ki, elədi, bir onunla da söhbətləşək.
IV FƏSİL
Amerikalı qadın

Xanım Habbard tövşüyə-tövşüyə özünü vaqon-restorana atanda həyəcandan nəfəsi kəsilir,


güclə danışırdı:
– Yox, siz əvvəlcə mənə deyin görüm, burda əsas adam kimdi? Mən çox, çox vacib bir şey
haqqında məlumat vermək istəyirəm. Cənablar, əgər siz... – Onun baxışları kupeni dörd
dolandı.
Puaro ona sarı əyildi:
– Mənə deyə bilərsiniz, madam, – dedi, – ancaq sizdən çox xahiş eləyirəm, əyləşin. Xanım
Habbard özünü ağır-ağır onunla üzbəüzdəki stula yıxdı:
– Dünən gecə qatarda bir cinayət baş verib! Özü də qatil mənim kupemdəydi, –
xanım Habbard dramatik şəkildə sözünə ara verdi.
– Bundan əminsiniz, madam?
– Əlbəttə, əminəm! Siz nə danışırsınız?! Sizə hər şeyi danışacağam! Yuxuya getmişdim, nə
üçünsə birdən-birə oyandım. Ətraf zil qaranlığıydı. Dərhal başa düşdüm ki, kupemdə bir kişi var.
Elə qorxdum ki, hətta çığıra da bilmədim. Düşündüm ki, ilahi, bu məni öldürəcək. Sadəcə, sizə nə
çəkdiyimi təsvir eləyə bilmirəm. Demək, fikirləşirəm ki, bu şoqərib qatarlarda nə qədər adamlar
öldürülür, indi qəzetlərdə də ancaq bundan yazırlar. Bir də onu fikirləşdim ki, nə olur olsun, onsuz
da qır-qızılımı tapa bilməyəcək. Çünki onları bir coraba doldurub, yastığımın altında gizləmişdim.
Sonra dedim, yaxşı ki, qızım indi nə vəziyyətdə olduğumu bilmir. Hə, sonra özümü birtəhər ələ
aldım və zəngin düyməsini basdım... Basdım... Ancaq nə gələn oldu, nə gedən. Dedim, elə bu
dəqiqə ürəyim dayanacaq. Ağlıma gəldi ki, deyəsən, qatarda hamını öldürürlər. Üstəlik, bir yandan
da qatar dayanmışdı. Ətrafda qorxunc bir səssizlik vardı. Ancaq mən barmağımı zəngdən
çəkmirdim. Sonra eşitdim ki, biri qaça-qaça gəlib kupemin qapısını döyməyə başladı. İlahi, elə
rahat nəfəs aldım ki! “Girin!” deyə qışqırdım. Eyni anda da işıqları yandırdım. İnanırsınızmı?
Kupedə heç kim yoxuydu!
– Sonra nə oldu, madam?
– Nə olacaq? Bələdçiyə nə baş verdiyini danışdım. Amma o, mənə inanmadı. Hesab elədi ki,
yuxu görmüşəm. Onu məcbur elədim, kreslonun altına baxdı. İntəhası dedi ki, ora adam sığa
bilməz. Bəlliydi ki, qatil qaçıb. Bələdçinin məni yatırtmağa çalışması lap xarab elədi əsəblərimi!
Mən kabus görəcək bir qadın deyiləm, cənab... A, yeri gəlmişkən, adınızı da bilmirəm...
– Puaro. Bu da şirkətin müdiri müsyö Buk. Bu isə doktor Konstantin.
Xanım Habbard başıyla onları salamladıqdan sonra yenə də həyəcanla söhbətinə
davam elədi:
– Bu məsələdə çox ağıllı davrandığımı iddia eləmək fikrində deyiləm. Nədənsə mənə o sırada
elə gəldi ki, içəriyə girən yan kupedəki adamdı. Yəni bu öldürülən bədbəxt. Bələdçiyə dedim ki,
iki kupenin arasındakı qapıya da baxsın. Gerçəkdən də, qapının rəzəsi keçirilməmişdi. Təbii
ki, bələdçiyə dərhal qapının rəzəsini keçirməyi əmr elədim. O, getdikdən sonra isə ara qapının
qabağına çamadanımı söykədim – ehtiyat üçün.
– Bütün bu dedikləriniz nə vaxt olub, xanım Habbard?
– A, nə bilim! O qədər həyəcanlıydım ki, saata baxmaq yadıma belə düşmədi.
– Bəs indi necə fikirləşirsiniz?
– Onun hara yoxa çıxdığını hardan bilim axı? Gözlərimi qorxudan kip-kip
yummuşdum.
– Qapıdan sivişib koridora çıxmış olmasın?
– Bilmirəm. Dedim axı, gözlərimi yummuşdum. – Xanım Habbard dərin bir nəfəs
aldı. – İlahi, elə qorxmuşdum ki! Qızımın bundan xəbəri olsaydı...
– Bəlkə də eşitdiyiniz, qonşu... yəni öldürülən adamın kupesində gəzişən birinin ayaq
səsləriymiş, madam.
– Xeyr, xeyr, cənab... adınız nəydi? Hə, Puaro. Xeyr, cənab Puaro, adam yanımda, mənim
kupemdəydi. Üstəlik, bunu isbatlamaq üçün əlimdə əşyayi-dəlilim də var. – Əlini öz iri çantasının
dərinliklərinə salıb bir az qarışdırdıqdan sonra çantadan iki təmiz burun dəsmalı, buynuz
sağanaqlı eynək, bir qutu aspirin, bir topa açar, qayçı, çek kitabçası, çox eybəcər bir uşağın şəkli,
bir neçə məktub, ən nəhayət, yaxından baxanda düymə olduğu bilinən dəmir bir şey çıxardı. –
Bunu görürsünüzmü? Bu düyməni deyirəm. Mənim deyil bu. Yəni paltarımdan qopmayıb. Bu
səhər yuxudan qalxanda tapmışam.
Qadın düyməni masaya qoyarkən Buk irəli əyilib baxdı:
– Bu ki yataqlı vaqon bələdçilərinin uniformalarındakı düymələrdəndi!..
– Bunun adi bir izahı ola bilər, – Puaro dedi. Sonra da nəzakətlə xanım Habbarda döndü. –
Madam, bələdçi bu düyməni dünən gecə yatağınızı hazırlayanda, ya da ondan sonra kupenizi
axtaranda düşürə bilərdi.
– Eh, siz də ancaq etiraz edirsiniz! Bu düyməni mən bu səhər, dünən gecə oxuduğum
jurnalların üstündən götürdüm. Bələdçi isə o jurnalları gecə yatmamışdan qabaq qoyduğum
tərəfə heç ayağını da basmayıb. İndi buna da nə deyəcəyinizi bilmirəm.
Puaro:
– Buna ipucu deyilir, madam, – dedi. Bu
cavab qadını sakitləşdirdi:
– Sözlərimə inanılmaması məni çox əsəbiləşdirir.
– Bizə çox maraqlı və dəyərli bir ipucu verdiniz, – Puaro dərhal dedi. – İndi sizə bir neçə sual
verə bilərəmmi?
– Əlbəttə, buyurun.
– Retçettdən çox ehtiyatlandığınızı zənn eləyirəm. O halda nə üçün aradakı qapının
rəzəsini keçirməmişdiniz?
Xanım Habbard dərhal:
– Amma bağladım da, – deyə cavab verdi.
– Eləmi?
– Daha doğrusu, o isveçli qadından qapının rəzəsinin keçirilib-keçirilmədiyini
soruşdum. Yaxşı qadındı. Mənə rəzəni keçirdiyini dedi.
– Bəs siz özünüz görmürdünüz?
– Mən uzanmışdım. Tualet ləvazimatları olan torbam da qapının dəstəyindən
asılmışdı. Ona görə də rəzəni görə bilmirdim.
– İsveçli xanımdan bunu soruşduğunuz vaxt saat neçəydi?
– Dayanın, fikirləşim... On birin yarısı, ya da on birə on beş dəqiqə qalardı, yəqin. Məndən
aspirin almağa gəlmişdi. Dərmanın yerini başa saldım. O da mənim çantamdan götürdü.
– Bu arada siz heç yerinizdən qalxmadınız?
– Zavallı qadıncığaz, – xanım Habbard qəfildən güldü. – Elə həyəcanlıydı ki, yazıq, çaşıb
yandakı kupenin qapısını açmışdı.
– Cənab Retçettinkini?
– Bəli. O da qadıncığaza gülüb, nəsə xoşagəlməz sözlər demişdi. Zavallı qadın...
Retçett qayıdıb ona demişdi ki, siz çox qocasınız.
– Ondan sonra cənab Retçettin kupesindən səs gəlmədi ki?
– Şey... Xorultusu eşidildi.
– Bəs, siz kupenizə girən kişi üzündən qorxandan sonra? Yenə də onun xorultusu gəlirdi?
– Necə xoruldaya bilərdi ki, cənab Puaro? Bədbəxt
ölməmişdimi?
– Hə, doğrudan e, – Puaro özünü çaşıbmış kimi göstərdi. Sonra, – Armstronqun
övladının qaçırılma hadisəsini xatırlayırsınızmı, madam? – soruşdu.
– Təbii, xatırlayıram. O işi görən alçaq axırda yaxasını qurtarmışdı. Düzü, onu əlimə
bir keçirsəydim, onda...
– Yaxasını qurtara bilmədi onsuz da. Kasetti öldü. Dünən gecə öldü.
– Yəni... – xanım Habbard həyəcanlanıb stulunun içində dikəldi.
– Bəli, Retçett həmin o adamdı.
– Nə danışırsınız! Vay, vay, vay, vay! Bunu dərhal qızıma yazmalıyam. Amma yadınızdamı,
dünən gecə sizə o adamın pissifət olduğunu demədimmi? Haqlıymışam da, yox? Qızım həmişə
deyir: “Anamın ki ürəyinə bir şey damdı, demək, iş bitib”.
– Siz Armstronqlar ailəsini tanıyırdınızmı?
– Xeyr. Onlar çox yüksək çevrənin adamlarıydılar. Amma xanım Armstronqun çox gözəl bir
qadın olması, ərinin də ona sonsuz heyranlığı haqda çox eşitmişdim.
– Belə... Xanım Habbard, sağ olun, bizə böyük kömək etdiniz. Çox böyük. Bəlkə
mənə adınızı tam olaraq deyəsiniz?
– Hə, əlbəttə. Karolina Marta Habbard.
– Lütfən, buraya da ünvanınızı yazın.
Xanım Habbard xahişi yerinə yetirə-yetirə də danışmaqdan qalmırdı:
– Adamın inanmağı gəlmir! Kasetti... bu qatardaymış! Baxın, amma mənim ürəyimə
dammışdı, düz demirəmmi, cənab Puaro?
– Tamamilə haqlısınız, madam. Hə, yadımdan çıxmamışkən, sizin qırmızı ipək xələtiniz varmı?
– A... nə qəribə sual oldu bu! Yanımda iki xələtim var. Biri çəhrayı flaneldən, biri də
qızımın hədiyyəsi – bənövşəyi ipəkdən. Niyə bu sualı verdiniz ki?
– Dünən gecə qırmızı xələtli bir qadın, ya cənab Retçettin kupesinə, ya da sizinkinə
girib.
– Mənim kupemə qırmızı xələtli biri gəlməyib.
– Deməli, cənab Retçettinkinə girib.
Xanım Habbard dodaqlarını büzdü:
– Bu, heç təəccübləndirici bir şey deyil.
Puaro irəli əyildi:
– Demək, qonşu kupedə bir qadının danışdığını eşidibsiniz?
– Bilmirəm, siz bunu necə bildiniz, cənab Puaro? Həqiqətən də elə olub.
– Ancaq, baxın, sizdən bir şey eşidib-eşitmədiyinizi soruşanda dediniz ki, yalnız və
yalnız Retçettin xoruldadığını eşidibsiniz.
– Təbii ki, elədi. Xoruldamağı doğrudu. O biri məsələyə gəlincə... – Xanım
Habbardın üzündə sıxıntılı bir ifadə göründü. – Bu haqda danışmaq yaxşı olmazdı.
– Qadının səsini eşitdiyiniz zaman saat neçəydi?
– Bilmirəm. Bir dəfə oyandım, bir qadının danışdığını eşitdim. Səsin hardan gəldiyi məlum
idi. “Demək, o, belə adammış”, – fikirləşdim. Ancaq heç təəccüblənmədim... Sonra yenə də
yuxu tutdu məni.
– Bu dediyiniz, o naməlum adam sizin kupenizə girib sizi qorxutduqdan sonra oldu, yoxsa
əvvəl?
– Bayaq da belə dediniz! Retçett ölmüş olduğuna görə, hər halda qadınla danışa
bilməzdi. Elə deyil?
– Bağışlayın. Deyəsən, mənim çox gicbəsər olduğumu fikirləşirsiniz...
– Hər halda, sizin başınızın bu cür ara-bərə qarışmağı var. Düzü, o adamın Kasetti deyilən
vəhşi olduğuna hələ də inana bilmirəm! Kim bilir, qızım buna nə deyəcək?..
Puaro qadını nəzakətlə qapıya qədər ötürdü. Sonra da birdən-birə dedi:
– Madam, yaylığınız düşdü.
Xanım Habbard ona uzadılmış kiçik, zərif yaylığa baxdı:
– O, mənim deyil, cənab Puaro. Mənimki burdadı.
– Bağışlayın, üstündəki “H” hərfini görüncə... soyadınızı xatırladım...
– Çox maraqlıdı. Amma o yaylıq mənim deyil. Mənimkilərdə K.M.H. markası var. Özü də adi
bir yaylıqdı, o bahalı Paris fintiflüşlərindən deyil. Bu yaylıqla kim burnunu silə bilər?
Üç kişidən heç biri bu suala cavab tapa bilməyəndə, xanım Habbard qələbə
qazanmış ədayla bayıra çıxdı.
V FƏSİL
İsveçli qadın

Müsyö Buk xanım Habbardın verdiyi düyməni gözdən keçirirdi:


– Bu düymə... başa düşə bilmirəm... Yəni Pyer Mişelin bu işdə əli var? – Bir an dayandı.
Puaronun cavab vermədiyini görüb, sözünə davam elədi. – Nə düşünürsünüz, dostum?
Puaro fikirli-fikirli danışmağa başladı:
– O düymə insanın ağlına cürbəcür fikirlər gətirir... Öncə isveçli qadınla danışaq.
Öyrəndiklərimizi sonra gözdən keçirərik. – Qarşısındakı pasportları qurcaladı. – Hə, bu da Qreta
Olson. Yaşı qırx doqquz.
Müsyö Bukun əmri ilə sarı-boz saçlarını boynunun ardında topa bağlamış, itaətkar ifadəli,
uzun, qoyun üzlü qadın içəri gətirildi.
Qreta Olson eynəyinin arxasından Puaroya baxdı.
Sakitiydi.
Qadının fransızca bildiyi məlum olunca bu dildə danışmağa başladılar.
– Dünən gecə qatarda baş verənlərdən xəbəriniz var yəqin ki, madmazel.
– Təbii. Faciəli hadisədi. Amerikalı xanım mənə qatilin onun kupesinə girdiyini
danışdı.
– Eşitdiyimə görə, öldürülən adamı axırıncı dəfə siz görmüsünüz.
– Nə bilim! Ola bilər. Çaşaraq onun kupesinin qapısını açmışdım. Çox utandım.
Xəcalətverici bir səhv idi.
– Özünü gördünüzmü?
– Hə, gördüm. Kitab oxuyurdu. Tez-tələsik üzr istədim və aralandım.
– Cənab Retçett sizə bir şey demədimi?
Qadının yanaqları yüngülcə qızardı.
– Güldü, bir-iki kəlmə də söz dedi. Nə dediyini... nə dediyini elə də başa düşmədim. Puaro
incə şəkildə sözü dəyişdirdi:
– Ondan sonra neylədiniz, madmazel?
– Amerikalı xanımın, yəni xanım Habbardın kupesinə getdim. Aspirin istəyirdim. O
da verdi.
– Xanım Habbard cənab Retçettin kupesiylə özününkü arasında olan qapının
rəzəsinin keçirilib-keçirilməmiş olduğunu soruşdumu sizdən?
– Bəli.
– Keçirilmişdi?
– Hə. Ondan sonra öz kupemə getdim. Aspirin içib yatağıma uzandım.
– Bütün bunların olduğu vaxt yadınızdadı?
– Mən uzandığım vaxt on birə beş dəqiqə qalırdı. Bunu dəqiq bilirəm, çünki saatımı
quranda baxmışdım.
– Yuxuya tez getdiniz?
– Elə də yox. Başımın ağrısı yüngülləşdi, ancaq yenə də bir müddət gözümə yuxu getmədi.
– Siz yuxuya getməmişdən qabaq qatar dayanmışdı?
– Məncə, yox. Deyəsən, elə yuxuya keçirdim ki, bir stansiyada dayandıq.
– Yəqin Vinkovcini deyirsiniz. İndi xanım... siz on nömrədəsiniz, eləmi?
– Bəli.
– Kupenizdə başqa biri də olmalıdı, hə?
– Bəli, cavan ingilis qızdı. Çox tərbiyəli, yaxşı insandı. Bağdaddan gəlir.
– Qatar Vinkovcidən qalxdıqdan sonra miss Debenhem kupedən çıxmışdı?
– Xeyr. Çıxmadığına əminəm.
– Yuxuya getdiyiniz halda bundan necə əmin ola bilərsiniz?
– Mən çox dərin yatmıram. Bir səs gələn kimi oyanıram. Miss Debenhem yuxarıdakı yataqdan
ensəydi, mütləq eşidərdim.
– Siz kupedən heç çıxdınızmı?
– Bir də səhər çıxmışam.
– Sizin qırmızı ipək xələtiniz varmı, madmazel?
– Xeyr. Bu nə sualdı? Mən missionerəm. Adi çit xələtim var.
– Bəs miss Debenhemin? Onun gecə xələti nə rəngdi?
– Qısaqol, açıq-bənövşəyi ipək xələti var onun – belələrini Şərqdə satırlar ancaq. Puaro
başını tərpətdi. Sonra da dostyana bir tərzdə
soruşdu:
– Bu səfərinizin səbəbini deməzsiniz? Tətilə çıxıbsınız?
– Bəli. Tətilimi evimdə keçirəcəyəm. Ona qədərsə Lozannada bacımın yanında bir həftəyəcən
qalacağam.
– Lütfən, mənə bacınızın adını və ünvanını verərsinizmi?.. Miss
Olson xahişi yerinə yetirdi.
– Heç Amerikada olmusunuzmu, xanım?
– Xeyr. Elə imkan olmayıb.
– Armstronq olayı yadınıza gəlirmi?
– Xeyr. O nədi ki? Puaro
əhvalatı danışdı.
Qreta Olson hadisəni dinləyəndən sonra çox əsəbiləşdi... Sarımtıl topası qeyzindən titrəyirdi:
– Bu dünyada nə qədər pis məxluqlar varmış! Adamın inancını məhv edirlər. Yazıq
ana... Ürəyim lap yandı ona.
İtaətkar isveçli qadın bayıra çıxanda üzü hələ də qıpqırmızıydı. Gözləri dolmuşdu.
– Siz orda nə yazırsınız? – müsyö Buk Puarodan
soruşdu.
– Dostum, mənim iki şüarım var – hər şeydə metodik və nizamlı olmaq. Mən hadisənin
xronoloji ardıcıllığını tərtib eləyirəm.
Puaro yazıb bitirəndən sonra kağızı müsyö Buka uzatdı.
09:15 – qatar Belqraddan çıxır.
Təqribən 09:40 – qulluqçu yuxu dərmanını masanın üstünə qoyub Retçettin
yanından çıxır.
Təqribən 10:00 – Makkuin Retçettdən ayrılır.
Təqribən 11:40 – Qreta Olson Retçetti görür (onu axırıncı sağ görən adam). N.В. Retçett
yatmayıb – kitab oxuyur.
00:10 – qatar Vinkovcidən çıxır (ləngimə ilə).
00:30 – qatar qar yığınları zolağına düşür.
1:10 – Retçettin zəngi çalınır. Bələdçi qapısına yanaşır. Retçett yanlışlıq olduğunu
deyir.
Təqribən 1:17 – xanım Habbarda elə gəlir ki, kupesində kişi var. Bələdçini çağırır.
– Artıq məsələ aydınlaşmağa başlayır, – Müsyö Buk başını yelləyərək dedi. – Cinayətin ikiyə
on beş dəqiqə işləmiş baş verməsi aydındı. İndi siz məndən soruşsanız, cəsarətlə deyə bilərəm ki,
qatil o heyvərə italiyalıdı. Amerikada yaşayır, özü də məhz Çikaqoda. Bunu da unutmayın ki,
italyanlar silah kimi əsasən bıçaqdan istifadə edirlər, ona görə də bir bıçaq zərbəsi ilə
kifayətlənməyib.
– Doğrudu.
– Məncə, işin iç üzü də elə budur. Əminəm ki, italyanla Retçett o uşaqqaçırma əməliyyatını
da birlikdə planlaşdırıblar. Kasetti də italyan soyadıdı. Sonradan Retçett italyanlara kəf gəlib.
Bunlar da axtarıb onu tapıblar. Əvvəlcə ona təhdid məktubları yollayıb, sonra da dəhşətli
şəkildə intiqamını alıblar. Bu qədər sadə.
Puaro şübhəylə başını buladı.
– Məsələ o qədər də bəsit deyil.
– Əminəm ki, məhz belədi, – Buk irəli sürdüyü ehtimala getdikcə daha dərindən
inanmağa başlayırdı.
– Mənsə işin iç üzünün əslində belə olduğuna inanmıram. Yaxşı, bəs sabaha qədər
dişi ağrıyan qulluqçunun ifadəsi? O and içir ki, italyan kupesindən bayıra çıxmayıb.
– Elə bütün biclik də burdadı.
Puaronun gözlərində nəşəli bir parıltı göründü:
– Bəli, çox sıxıntılı durumdu. Cənab Retçettin qulluqçusunun dişinin ağrıması sizin
versiyanızın üstünə kölgə salır. İtalyan dostumuza isə əməlli-başlı yardım eləmiş olur.
Buk böyük inam hissiylə:
– Bu nöqtənin də izahı ola bilər, – dedi.
Puaro yenə başını yelləyib:
– Xeyr, – deyə mızıldandı. – Məsələ bu qədər bəsit deyil.
VI FƏSİL
Rus knyaginyası

Puaro:
– Əvvəlcə Pyer Mişeldən bu düymə haqqında soruşaq, – dedi.
Vaqon bələdçisi içəri çağırıldı.
– Mişel, baxın, bu düymə sizin pencəyinizdən düşüb. Bunu xanım Habbardın
kupesində tapıblar. Bununla bağlı nə deyə bilərsiniz?
Bələdçinin əli dərhal pencəyinin yaxasına doğru qalxdı:
– Axı mənim düymələrimin hamısı yerindədir, müsyö. Mənə elə gəlir ki, burda bir
yanlışlıq var.
– Çox qəribədi.
– Düzü, heç nə başa düşə bilmirəm, müsyö, – Pyer Mişel çaşqın haldaydı, ancaq elə
də günahkar halı yoxuydu.
– Belə çıxır ki, qatil xanım Habbardın kupesindən keçib, düyməni də elə o sırada düşürüb, –
Buk dedi.
Pyer Mişel birdən-birə həyəcanlandı:
– Düz eləmirsiniz, müsyö! Düz eləmirsiniz! Məni cinayətdə günahlandırırsınız! Mən
günahsızam! İndiyə qədər heç vaxt görmədiyim bir insanı niyə öldürməliyəm ki?
– Xanım Habbard zəngi çaldığı vaxt hardaydınız?
– Dedim də, müsyö. O biri vaqondaydım, bələdçiylə danışırdım.
Həmin bələdçini çağırdılar. O da Pyer Mişelin dediklərini doğruladı. Üstəlik, Buxarest
vaqonunun bələdçisinin də o arada yanlarında olduğunu əlavə elədi.
– Gördünüzmü, müsyö? – Mişel həyəcanlanaraq səsini ucaltdı. – Mən günahkar deyiləm.
– Yaxşı, o zaman bu düymə məsələsini necə izah edəcəksiniz?
– İzah etməyəcəyəm, cənab. Çox müəmmalı məsələdir. Mənim düymələrimin hamısı
yerindədir.
O biri iki bələdçi də pencək düymələrinin yerli-yerində olduğunu dedilər. Buk:
– Sakit olun, Mişel, – dedi. – Siz xanım Habbardın zəng çağırışına cavab vermək üçün
getdiyiniz anı yadınıza salın. O sırada koridorda heç kimsəylə qarşılaşmadınızmı?
– Xeyr, müsyö.
– Koridorda əks tərəfə gedən birini də görməmisiniz?
– Xeyr, müsyö.
Buk:
– Çox qəribədi... – dedi.
– O qədər də yox, – Puaro cavab verdi. – Zaman məsələsidir bu. Xanım Habbard qəfildən
yuxudan ayılır və kupesində kiminsə olduğunu başa düşür. Bir-iki dəqiqə gözləri yumulu, tam
hərəkətsiz şəkildə dinməzcə uzanıb qalır. Hər halda, qatil də o arada sivişib koridora çıxa bilir.
Sonra xanım Habbard zəngi çalmağa başlayır. Amma Mişel bir az gec cavab verir. Çünki başqa
vaqondadı. Ancaq üçüncü, ya da dördüncü zəngi eşidə bilir. Məncə, qatilin əlində bolluca vaxt
olub...
– Bolluca? Neyləmək üçün? Neyləmək üçün, dostum? Unutmayın ki, qatarın
ətrafında yüksək qar yığınları vardı.
Puaro ağır ağır:
– Bizim sirli qatilin görə biləcəyi iki şey vardı, – dedi.
– Tualetlərdən birində... ya da bir kupedə gizlənə bilərdi...
– Ancaq bütün kupelər doluydu.
– Bəli.
– Yəni, demək istəyirsiniz ki, qatil öz kupesinə çəkilə bilərdi, eləmi? Puaro
başını tərpətdi.
– Doğru... – Buk mızıldandı. – Doğru... Bələdçinin o biri vaqonda keçirdiyi on dəqiqə
içində qatil öz kupesindən çıxır. Retçetti öldürür. Qapını içəridən kilidləyib zənciri keçirir.
Xanım Habbardın kupesindən çıxıb bələdçi gələnə qədər rahat-rahat yerinə qayıdır.
Puaro içini çəkdi.
– O qədər də bəsit deyil, dostum. Doktor da eyni fikirdədi. Buk
bələdçilərə getmək üçün işarə elədi.
Puaro dərhal:
– Knyaginya Draqomirova bizə bir neçə dəqiqəsini lütf eləyə bilərmi? – dedi. –
Mişel, bunu ona çatdırın.
Bir qədər sonra Knyaginya Draqomirova da vaqon-restorana təşrif buyurdu, başıyla yüngülcə
təzim eləyəndən sonra Puaronun qarşısında əyləşdi. Balaca, sarı üzü həmişəkindən daha çox
qurbağaya bənzəyirdi. Gerçəkdən çox eybəcər qadındı. Bununla belə, eynən qurbağanınkı kimi
diqqəti çəkən parıltılı gözləri vardı. Zər-ziba kimi parıldayan, əzəmətli baxışları olan bu gözlərdə
qadının bütün gizli enerjisi və zehni gücü toplanmışdı sanki. Səsi kifayət qədər soyuq və qalın, bir
az da sərt idi.
Təmtəraqlı cümlələrlə ondan üzr istəyən Bukun sözünü yarıda kəsdi knyaginya:
– Üzr diləməyinizə gərək yoxdu, cənablar. Bir qətlin baş verdiyini eşitdim. Təbii ki, bütün
sərnişinlərlə danışmalısınız. Sizə əlimdən gəldiyi qədər yardım etməyə çalışacağam.
– Çox nəcibsiniz, madam, – Puaro dedi.
– Heç də elə deyil. Bu mənim borcumdu. Nəyi öyrənmək istəyirdiniz?
– Adınızı və ünvanınızı rica edirəm, madam. Bəlkə özünüz yazmaq istərdiniz? – Puaro kağız-
qələm uzatdı, amma knyaginya əlini yelləyib istəmədiyini bildirdi.
– Siz yazın. Çətin bir şey deyil. Natalya Draqomirova. Avenyü Kleber, 17, Paris.
– Madam, İstanbuldanmı gəlirsiniz?
– Bəli. Orada Avstriya səfirliyində qalırdım. Xidmətçim də mənimlədir.
– Lütfən, bizə dünən gecə yeməkdən sonra nə etdiyinizi danışarsınızmı?
– Təbii, məmnuniyyətlə. Mən şamda olarkən bələdçiyə yerimi hazırlamasını əmr etmişdim.
Şamdan sonra dərhal yerimə uzandım. On birə kimi kitab oxudum, sonra işığı söndürdüm.
Revmatizm ağrılarım tutduğu üçün yata bilmədim. Birə on beş dəqiqə qalmış zəngi çalıb
xidmətçimi çağırdım. Məni masaj elədi, ondan sonra da məni yuxu tutana qədər ucadan kitab
oxudu. Onun nə vaxt getdiyini belə dəqiq bilmirəm. Ola bilər yanımda yarım saat olub, ola da bilsin
daha artıq.
– O vaxt qatar dayanmışdımı?
– Hə, dayanmışdı.
– O aralarda bir şey eşitmədiniz ki, madam? Diqqət çəkəcək, qeyri-adi bir şey?
– Heç nə eşitməmişəm.
– Xidmətçinizin adı nədir?
– Hildeqarda Şmidt.
– Sizin yanınızda xidmət elədiyi nə qədər olar?
– On beş ildən bəridir.
– Etibarlı qadındımı?
– Sözün tam mənasında. Valideynləri ərimin Almaniyadakı bağlarından birində
xidmət eləyirdilər.
– Hər halda, yəqin ki, Amerikada olmusunuz!
Mövzunun belə qəfil dönüşlə dəyişilməsi knyaginyanın qaşlarını çatmasına səbəb oldu:
– Çox...
– Armstronq adında bir ailəni tanıyırdınızmı? O ailənin başına bir faciə gəlmişdi... Yaşlı
qadın səsi həyəcandan titrəyə-titrəyə:
– Siz mənim dostlarım haqqında danışırsınız, müsyö, – dedi.
– Deməli, polkovnik Armstronqu yaxşı tanıyırdınız?
– Bir az tanıyırdım. Ancaq həyat yoldaşı Sonya Armstronqun xaç anasıydım. Sonyanın anası
aktrisa Linda Arden rəfiqəm idi. Linda Arden əsl dahiydi. Dünyanın ən böyük faciə aktrisalarından
biriydi. Ledi Maqbet, ya da Maqda rolunu onun kimi oynaya bilən ikinci biri yoxuydu. Mən təkcə
onun sənətinin heyranı deyil, eyni zamanda da çox yaxın rəfiqəsiydim.
– Dünyasını dəyişibmi?
– Xeyr, xeyr. Həyatdadı. Amma o hadisələrdən sonra əlini-ətəyini dünyadan çəkdi.
Sağlığı yerində deyil. Günün çoxunu demək olar ki, divanda uzanmağa məcbur olur.
– Yanılmıramsa, Linda Ardenin bir qızı da vardı?
– Haqlısınız. Sonya Armstronqdan çox kiçikdi.
– Yaşayırmı?
– Təbii.
– İndi haralardadı?
Yaşlı qadın ağıllı gözləriylə ona baxdı:
– Sizdən verdiyiniz bu sualların səbəbini soruşmalı olacağam. Bunların indiki hadisəylə, yəni
bu qatarda baş vermiş cinayətlə nə əlaqəsi var?
– Öldürülən Retçett, xanım Armstronqun övladının qaçırılmasını və öldürülməsini təşkil
eləyən adamdı.
– Nə danışırsınız?! – Knyaginya Draqomirovanın qaşları çatıldı. Qadın bir anda yerindəcə
dikəldi. – Elə isə mən bu cinayəti ancaq və ancaq alqışlayıram. Tərəf saxladığıma görə məni başa
düşməyə çalışın.
– Biz bunu normal qarşılayırıq, madam. İndi cavablamadığınız suala qayıdaq...
Linda Ardenin kiçik qızı, xanım Sonya Armstronqun bacısı indi hardadır?
– Düzünü desəm, bu haqda sizə heç bir məlumat verə bilməyəcəyəm, müsyö. Onların
cavanlarıyla bütün əlaqələrim kəsilib. Ancaq yanılmıramsa, o qız bir ingilisə ərə getdi və
Britaniyaya yollandı. İndi isə o adamın adını xatırlaya bilmirəm. – Knyaginya bir qədər fikrə
gedəndən sonra: – Məndən soruşmaq istədiyiniz başqa bir şey yoxdu ki?
– Bir şey də var, madam. Bu, bir az şəxsi sualdı. Sizin gecə xələtinizin rəngini bilmək istərdim...
Knyaginya qaşlarını yüngülcə qaldırdı:
– Yəqin ki, bu sualı verməyinizin səbəbi olmamış olmaz. Qara sətindi xələtim.
– Başqa sualım qalmadı, madam. Suallarıma dərhal cavab verdiyiniz üçün çox təşəkkür
edirəm.
Knyaginya üzüklərlə süslənmiş əlini yüngülcə tərpətdi. Ayağa qalxanda o birilər də
yerlərindən qalxdılar. Qadın birdən-birə dayandı:
– Bağışlayın, müsyö, adınızı soruşa bilərəmmi? Üzünüz mənə tanış gəlir.
– Erkül Puaro, madam. Əmrinizdəyəm.
Knyaginya bir an dillənmədi. Sonra:
– Erkül Puaro, – deyə təkrarladı. – Hə, indi xatırladım. Qismətmiş demək. – Qapıya doğru
yönəldi. Özünü dimdik tutmuşdu. Ancaq görünürdü ki, çətinliklə yeriyir.
Buk:
– Tam əsilzadə xanımdır, – dedi. – Onun haqqında nə düşünürsünüz, dostum? Erkül
Puaro sadəcə, başını tərpətdi:
– Onun “qismət” sözüylə nə demək istədiyini fikirləşirəm...
VII FƏSİL
Qraf və qrafinya Andrenilər

Puaro knyaginyanın ardınca Kont və Kontes Andreniləri içəri dəvət etdi. Amma qraf vaqon-
restorana qrafinyasız gəlmişdi.
Qraf həqiqətən də çox yaraşıqlı kişiydi – boyu azı bir səksən olardı, çiyinləri geniş, beli
incəydi. Çox yaxşı bir dərzinin əlindən çıxdığı bəlli olan tivid paltar geyinmişdi. Bığın şəklini
və qabarıq almacıq sümüyünü nəzərə almasan, onun ingilis olduğunu zənn edərdin.
– Bəli, bəylər, – qraf dedi. – Sizə necə yardım göstərə bilərəm?
– Olanlardan xəbəriniz var, müsyö, – Puaro cavab verdi. – Düşdüyümüz bu vəziyyətə
görə sərnişinlərdən bəzi şeylər soruşmaq məcburiyyətindəyik.
Kont arxayın şəkildə:
– Təbii, təbii, – dedi. – Sizi çox yaxşı başa düşürəm. Ancaq mənə elə gəlir ki, mənim də,
yoldaşımın da sizə bu məsələdə elə də yardımımız toxunmayacaq. İkimiz də yatmışdıq, ona
görə də heç bir şey eşitməmişik.
– Siz ölən adamın kim olduğunu bilirsinizmi, müsyö?
– Eşitdiyimə görə, o cüssəli amerikalını öldürüblər. Üzü də heç xoşa gələn deyildi. Yemək
vaxtı həmişə bu stolda otururdu. – Başıyla Retçett və Hektor Makkuinin oturduğu stola işarə
elədi.
– Hə, elədi, müsyö. Ancaq mən bilmək istəyirdim ki, siz onun adını bilirdiniz, ya
yox.
– Bilmirəm, – Kont sanki verilən suallardan çaşqın vəziyyətə düşmüşdü. – Adını
öyrənmək istəyirsinizsə, hər halda, pasportunda yazılmış olar.
– Pasportundakı adı Retçettdi, – Puaro dedi. – Amma əsl adı bu deyil, müsyö. Retçett
Amerikada uşaq qaçırma olayında adı hallanan Kasetti isimli biriydi. – Puaro danışdığı vaxt
diqqətlə Kontu süzürdü. Ancaq bu sözləri cavan qrafın heç tükünü də tərpətmədi. Sadəcə, gözləri
bir az böyüdü.
– Oho! Hə, bax bu, vəziyyətə aydınlıq gətirəcək. Çox qəribə yerdi Amerika.
– Hər halda, Amerikada olmusunuz?
– Bir il Vaşinqtonda yaşamışam.
– Bəlkə Armstronq ailəsiylə tanışlığınız da olub?
– Armstronq... Armstronq... yada salmaq çətindi. Adamın o qədər tanışı olur ki, – qraf
gülümsəyərək çiyinlərini çəkdi. – Yaxşı, mövzuya qayıdaq. Sizə yardım üçün başqa nə eləyə
bilərəm?
– O gün kupenizə nə vaxt qayıtmışdınız? Plana görə Kontla Kontes 12 və 13 nömrəli kupelərdə
qalırlar.
– Hələ şam eləyərkən kupelərdən birindəki yatağı hazırlatdırmışdıq. Qayıdarkən orada bir az
oturub kart oynadıq. Saat on birdə yoldaşım yatdı. Bələdçi mənim yatağımı hazırladı. Mən də
uzanıb səhərə qədər mışıl-mışıl yatdım.
– Qatarın dayandığını hiss etdinizmi?
– Ancaq səhər xəbər tutduq, – Kont gülümsədi. – Yoldaşım qatarla səfərə çıxanda həmişə
yuxu dərmanı içir. Dünən gecə də yenə dərman içib yatdı, – Kont bir an sözünə ara verdi. – Sizə
hər hansı bir şəkildə yardım edə bilmədiyim üçün təəssüf eləyirəm.
Puaro ona kağız-qələm uzatdı:
– Bu, sırf rəsmiyyət üçündür. Xahiş edirəm, bura adınızı və ünvanınızı yazın.
Qraf deyilənləri yerinə yetirəndən sonra ayağa qalxdı:
– Yoldaşımın buraya gəlməsinə gərək yoxdu. Sizə mənim danışdıqlarımdan artıq
heç nə söyləyə bilməyəcək onsuz da.
Puaronun gözlərində xəfif bir parıltı sezildi:
– Hər halda, haqlısınız. Amma yenə də madam Konteslə qısa bir söhbət eləmək istəyirəm.
– İnanın mənə ki, buna gərək yoxdur, – Kontun səsi çox zabitəliydi. Puaro
ona sakit-sakit baxaraq gözlərini qırpmağa başladı:
– Sadəcə, rəsmiyyət üçün. Yekun hesabat hazırlamaq üçün bu dindirməni aparmağa
məcburam.
– Siz deyən olsun, – Kont istəməyə-istəməyə razı oldu. Xaricilərə məxsus tərzdə əyilib
tələsik təzim eləyərək salondan çıxdı.
Puaro uzanıb masanın o başından Kontun pasportunu götürdü. Başda cavan qrafın adı və
ünvanı yazılmışdı. Puaro ondan sonrakı bölümə keçdi:
– Yanındakı kişi: həyat yoldaşı. Adı: Yelena Maria. Qızlıq soyadı: Qoldenberq. Yaşı:
iyirmi.
Pasporta diqqətsiz bir məmurun yağ dağıtdığı görünürdü.
– Diplomatik pasport, – Buk dedi. – Onları özlərindən çıxarmamaq üçün diqqətli
davranmalıyıq. Bu cütlüyün cinayətlə əlaqəsi ola bilməz.
– Həyəcanlanmayın, əziz dostum. Son dərəcə diqqətli və mədəni olacağam. Sadəcə,
rəsmiyyət.
Kontes Andreni vaqon-restorana girdiyi üçün Puaro səsini qısmışdı. Cavan qadın
həddən artıq gözəldi və utancaq bir halı vardı.
– Məni çağırıbsınız.
– Sadəcə, rəsmiyyət üçün, madam Kontes, – Puaro kübarcasına ayağa qalxıb əyildi. Qadına
yer göstərdi. – Sizdən sadəcə, dünən gecə bir şey görüb-görmədiyinizi soruşmaq istəyirdim. Bu
hadisəyə aydınlıq gətirə biləcək bir şey görməmisiniz ki? Ya da eşitdiyiniz bir şey?
– Nə eşitdim, nə də gördüm, müsyö. Yatmışdım.
– Yeri gəlmişkən... sizinkinin lap yanında olan kupedən gələn səs-küyü də eşitmədinizmi?
Orda qalan amerikalı xanım müdhiş bir qorxuya qapılaraq bələdçinin zəngini çalıb.
– Heç bir şey eşitməmişəm, müsyö. Çünki yuxu dərmanı içmişdim.
– Aha! Başa düşürəm. Nəysə... Sizin vaxtınızı çox almayım. – Cavan qadın sürətlə ayağa
qalxarkən belçikalı əlavə elədi: – Bir dəqiqə. Pasportda yazılı olan bu nöqtələr... Bunlar
doğrudurmu? Qızlıq familiyanız, yaşınız və başqa şeylər.
– Doğrudu, müsyö.
– Lap yaxşı. Elə isə buraya imzanızı atın, lütfən...
Qrafinya dərhal imza atdı. “Yelena Andreni”. Bir yana meyilli əyri yazısı zərifdi.
– Ərinizlə birlikdə Amerikada olmusunuzmu, madam?
– Xeyr, müsyö, – Kontes gülümsədi. Yüngülcə qızarmışdı. – O vaxt evli deyildik.
Evlənməyimizdən cəmi bir il keçib.
– Aha, anladım. Təşəkkür edirəm, madam... Hə, ağlıma gəlmişkən, əriniz tütün çəkirmi?
Getməyə hazırlaşan qrafinya ona heyrətlə baxdı.
– Bəli.
– Qəlyan?
– Xeyr. Siqar, bir də siqaret çəkir.
– Sonsuz təşəkkürlər, madam.
Cavan xanım ayaq saxladı. Sonsuz bir maraqla Puaronu süzürdü. Çox gözəl gözləri
vardı. Qara, badam gözlüydü. Qrafinyanın o uzun, qara kirpikləri bəyaz dərili
yanaqlarıyla həmahənglik yaradırdı. Modaya uyğun olaraq qıpqırmızı boyanmış
dodaqları azacıq parıldadılmışdı. Onun gözəlliyində nəsə qəribə və ekzotik çalarlar vardı.
– Bunu nə üçün soruşdunuz? – Qrafinya dilləndi.
Puaro sanki boş şeymiş kimi əlini yellədi:
– Madam, detektivlər cürbəcür suallar verməyə məcbur olurlar. Söz gəlmişkən... mənə
gecə xələtinizin rəngini deməzsiniz?
Kontesin baxışları Puaronun üzündə donub qaldı. Sonra isə güldü:
– Sarı şifon. Bu o qədər vacibiydi ki?
– Çox, xanım, son dərəcə çox.
– Siz gerçəkdən detektivsiniz? – Qrafinya qəribə maraqla soruşdu.
– Əmrinizdəyəm, madam.
Kontes Andreni gülümsədi, sonra da yüngülcə təzim eləyərək çıxdı.
Müsyö Buk xanımı öyməyə başladı:
– Çox gözəl qadındır... – deyərək içini çəkdi. – Amma işimizə yarayacaq heç nə
öyrənə bilmədik.
Puaro mızıldandı:
– Elədi... Bu ailə nə bir şey görüb, nə də bir şey eşidib.
– Artıq italyanla danışmağın vaxtıdı, eləmi?
Puaro bir an cavab vermədi. Macar pasportundakı yağ ləkəsini gözdən keçirirdi.
VIII FƏSİL
Polkovnik Arbetnot

Puaro dalıb getdiyi düşüncələrdən ayıldı. Baxışları müsyö Bukun həyəcanlı baxışlarıyla
toqquşunca gözlərində nəşəli parıltı göründü.
– Eh, sevgili dostum, görürsən də, mən də snob5 olub getdim. Onun üçün də
ikincidərəcəli vaqondan qabaq birincidəkilərlə danışmaq lazım olduğunu fikirləşirəm. İndi yaraşıqlı
polkovnik Arbetnotla danışacağıq...
Puaro Arbetnotun adını, yaşını və ünvanını götürdükdən sonra:
– İzin alaraq Hindistandan İngiltərəyə qayıdırsınız, eləmi? – dedi.
Arbetnot ingilislərə məxsus yığcam şəkildə cavab verdi:
– Bəli.
– Lakin hərbi gəmiylə getmirsiniz!
– Elədi.
– Niyə?
– Bəzi şəxsi səbəblər üzündən dəmir yolunu seçməli oldum. – Arbetnot bu tərziylə
sanki deyirdi: “Bu cavab sənin səsini kəsər, sarsağın biri sarsaq”.
– Siz Hindistandan birbaşa gəlirsiniz?
Polkovnik istehzalı görkəm alıb:
– Üç gün Bağdadda, köhnə bir dostumun yanında qalmışam, – deyə cavab verdi.
– Bildiyimə görə, miss Debenhem də Bağdaddan gəlir. Bəlkə onunla da orada tanış
olmusunuz?
– Xeyr, orada deyil. Miss Debenhemi ilk dəfə bu qatarda görmüşəm.
Puaro irəli əyildi. Xaricilərə məxsus hərəkətləri daha da şişirdilmiş şəkil aldı:
– Müsyö, sizdən bir xahişim olacaq. Onun üçün ikinizə də bir-biriniz haqqındakı
fikirlərinizi soruşmaq məcburiyyətindəyəm.
Polkovnik Arbetnot soyuq-soyuq:
– Bu, qanunlara ziddir, – dedi.
– Qətiyyən elə deyil. Çünki bu cinayəti bir qadının törətməsi haqda ehtimallar var. Onun üçün
də İstanbul-Qala vaqonundakı bütün qadın sərnişinləri saf-çürük eləməyim lazımdı. Amma ingilis
qadınları haqqında qərar vermək asan iş deyil. İngilislər bir az qapalı olurlar. Sizdən ədalət naminə
xahiş edirəm, müsyö, miss Debenhemin necə bir insan olduğunu deyəsiniz. Onun haqqında nə
bilirsiniz?
– Miss Debenhem sözün əsl mənasında nəcib bir xanımdır, – Arbetnot həyəcanla cavab verdi.
Puaro özünü elə apardı ki, guya çox razı qaldı:
– Aha! Yəni onun cinayətlə bir əlaqəsi ola biləcəyini sanmırsınız?
– Bunu ağlınızın ucundan keçirməyinizin özü belə çox gülməlidi, – Arbetnot dedi. – Bu ölən
adam yad biriydi. Miss Debenhem onu indiyə qədər bircə dəfə də görməmişdi.
– O xanım özü sizə belə deyib?
– Bəli, elə deyib. Onunla üz-üzə gələndə miss Debenhem onun eybəcərliyindən danışdı. Hətta
bu cinayət bir qadın əməli olsa belə, miss Debenhemin bununla heç bir əlaqəsi yoxdu. Bundan
əmin ola bilərsiniz. Bunu da deyim ki, sizin dediyiniz də sadəcə, bir təxmindi, heç bir təmələ, heç
bir dəlilə əsaslanmır.
Puaro gülümsədi:
– Nədənsə bu mövzuda çox həyəcanlısınız.
Arbetnot ona soyuq nəzərlə baxdı:
– Nə demək istədiyinizi başa düşmədim.
Baxışları Puaronu utandırmışdı sanki. Belçikalı gözlərini ondan qaçıraraq qarşısındakı kağızları
qarışdırmağa başladı.
– Bütün bu danışdıqlarımız mövzudan kənar şeylərdi. İndi əsl hadisələrə gələk. Cinayətin
dünən gecə ikiyə on beş dəqiqə işləndiyi vaxt törədildiyini sanırıq. Rəsmiyyət üçün qatarda gedən
hər kəsdən o aralarda nə iş gördüyünü soruşmaq məcburiyyətindəyik.
– Təbii. Yanılmıramsa, saat ikiyə on beş dəqiqə işləmiş o cavan amerikalıyla söhbət eləyirdik.
Bu ölən adamın katibiylə.
– Aha! Yaxşı siz onun kupesindəydiniz, ya o sizin?
– Mən onun kupesindəydim.
– O cavanın adı Makkuindi, eləmi?
– Hə.
– Dostunuzdurmu?
– Xeyr. Onunla da elə bu səfərdə tanış olmuşam. Dünən söhbət eləməyə başladıq. Sonra
ikimizin də ilgisini çəkən mövzular çıxdı. Mən əslində amerikalılardan elə də xoşlanmıram...
Makkuinin ingilislər haqqındakı sözlərini xatırlayan Puaro bığaltı güldü.
– Amma bu cavan xoşuma gəldi. Onunla xeyli söhbət elədik. Saata baxıb ikiyə on
beş dəqiqə qaldığını görüncə təəccübləndim.
– Söhbətiniz o vaxt bitdimi?
– Hə, elədi.
– Ondan sonra neylədiniz?
– Öz kupemə gedib uzandım.
– Yeriniz hazırlanmışdımı?
– Bəli.
– Siz kupenizə getdiyiniz vaxt bələdçi haradaydı?
– Özünün lap başdakı yerində oturmuşdu. Hətta mən öz kupemə gedəndə Makkuin onu
çağırdı.
– Nə üçün?
– Hər halda, yatağını hazırlatdırmaq üçün olar da. Yatağı hazır deyilmiş.
– İndi isə, polkovnik Arbetnot, istəyirəm ki, yaxşıca düşünəsiniz. Siz cənab
Makkuinlə söhbət etdiyiniz vaxt koridordan keçən biri oldumu?
– Yəqin ki, çoxusu keçib. Amma fikir verməmişəm.
– Aha! Ancaq mən... söhbətinizin son saat yarımını nəzərdə tuturam. Vinkovcidə
qatardan düşmüşdünüz, eləmi?
– Bəli, ancaq cəmi bircə dəqiqəliyə. Dəhşət şaxta vardı. Soyuq adamın iliyinə işləyirdi.
İçəri qayıdanda çox sevindim. Yeri gəlmişkən, mənə elə gəlir ki, bu qatarları həddindən artıq
qızdırırlar.
Buk içini çəkdi:
– Eyni vaxtda hamını razı salmaq çox çətindi. İngilislər bütün pəncərələri açırlar.
Ondan sonra başqaları gəlir və bütün pəncərələri bağlayırlar. Çox çətindi...
Puaro da, Arbetnot da ona fikir vermədilər.
Belçikalı qarşısındakına cəsarət verməyə çalışırmış kimi:
– İndi gecəni yadınıza salın, müsyö, – dedi. – Deməli, bayırda çox soyuğuydu. Qayıdıb qatara
mindiniz. Kreslonuza oturdunuz və bir siqaret çəkdiniz. Ya da qəlyan alışdırdınız... – Puaro bir an
dayandı.
– Mən qəlyan çəkirəm. Ancaq Makkuin siqaretə üstünlük verir.
– Qatar hərəkətə başladı. Siz qəlyan çəkirdiniz. Cənab Makkuinlə beynəlxalq problemlərdən
danışdınız. Xeyli vaxt keçdiyi məlum oldu. Sərnişinlərin çoxu yatmışdı. O sırada qapının önündən
keçən biri oldumu? Yaxşı fikirləşin.
Arbetnot xatırlamağa çalışaraq qaşlarını çatdı:
– Buna cavab vermək çətindi. Açığını desəm, çöllə-bayırla maraqlanmırdım...
Amma... bir dəqiqə. Deyəsən, bir qadın keçmişdi.
– Gördünüzmü onu? Qocaydı, cavandı? Yadınıza salın.
– Yox, görmədim. O yana baxmırdım. Bir xışıltı eşitdim. Bir də qoxu!
– Qoxu? Gözəl qoxuydumu?
– Necə deyim... Ağır bir parfüm qoxusuydu. Bilmirəm, nə demək istədiyimi başa düşürsünüz,
ya yox? O qədər ağırıydı ki, parfümün qoxusunu yüz metrdən duya bilərdin. Amma... – Arbetnot
sözünə həyəcanla davam elədi. – ...Bu qadın həmin hadisə axşamı ordan daha qabaq da keçmiş
ola bilər... Hə də, elədi, Vinkovcidən sonra keçdiyini hesab eləyirəm.
– Daha dəqiq bir şey deyə bilərsinizmi?
– Xeyr. Makkuinlə söhbətimizin son yarım saatında olub bu.
– Qatar dayanmışdımı o vaxt?
Polkovnik başını tərpətdi:
– Bəli, elə bundan dərhal sonraydı.
– Çox gözəl. Bunu bir kənara qoyaq. Amerikada olmusunuzmu heç, polkovnik
Arbetnot?
– Heç vaxt. Getmək fikrim də yoxdu.
– Polkovnik Armstronq adında birini tanımırsınız ki?
– Armstronq... İki, ya da üç Armstronq tanıyırdım. Altımışıncı alaydan Tom
Armstronq... Onumu deyirsiniz? Bir də Selbi Armstornq. Sommidə öldürülmüşdü.
– Mən bir amerikalıyla evlənən, körpə qızı adam oğruları tərəfindən qaçırılan
polkovnik Armstronqu nəzərdə tuturam.
– Hə-hə, bu hadisə haqda qəzetlərdə oxuduğumu xatırlayıram. Dəhşətli hadisədi! Nə vaxtsa
polkovnik Armstronqla qarşılaşdığımı isə güman eləmirəm. Amma onun haqqında
danışıldığını eşitmişdim. Tobi Armstronq. Yaxşı adam idi. Ondan hamının xoşu gələrdi. Peşə
həyatında uğurlar qazanmışdı.
– Dünən gecə bıçaqlanan adam polkovnik Armstronqun qızının ölümünə səbəb olan
qulduruydu.
Arbetnotun üzündə sərt bir ifadə göründü:
– O halda o it oğlu lap özünə layiq cəzanı alıb. Təbii, onun asılmasını daha doğru
hesab edərdim. Daha doğrusu, elektrik stuluna oturdulmasını.
– Yəni qısaca desək, siz şəxsi intiqam yerinə qanun və qaydaya əməl edilməsinə
üstünlük verirsiniz, polkovnik Arbetnot?
Arbetnot:
– Mafiyadakılar, ya da korsikalılar kimi bir-birini bıçaqlamaq olmaz, – deyə mızıldandı. – Siz
nə deyirsiniz deyin, andlılar məhkəməsinin rəyi ilə hökm çıxarılması üsulu daha doğru bir prinsipə
dayanır.
Puaro düşüncəli bir tərzdə onu bir-iki dəqiqə süzdü...
– Bəli... Sizin belə düşündüyünüz aydındı. Nəsə, sizdən soruşulacaq başqa bir şey olduğunu
güman eləmirəm, polkovnik Arbetnot. Əlbəttə, dünən gecə şübhəli görünən nəsə bir şeylə
qarşılaşdınızsa...
Arbetnot bir qədər düşündü.
– Xeyr. Elə bir şey yoxdu. Amma... – dayandı.
– Bəli-bəli. Xahiş eləyirəm, davam edin...
– Yox, elə də ciddi bir şey deyil... Adi bir şeydi. Öz kupemə qayıdanda lap sonuncu
qapının...
– On altı nömrəlinın yəni...
– Hə. O qapı aralıydı. Bir adam içəridən bir az da sanki oğrun-oğrun koridoru süzürdü. Sonra
da cəld hərəkətlə qapını bağladı. – Arbetnot üzr istəyirmiş kimi əlavə elədi. – Başqa bir şey deyə
bilməyəcəm.
– Təşəkkür edirik, polkovnik Arbetnot.
İngilis bir an tərəddüd etdi. Xaricilərin onu sorğuya çəkməsindən duyduğu o ilk
narazılıq üzündən yoxa çıxmışdı. Uyğunsuz bir tərzdə:
– Miss Debenhem... – deyə mızıldandı. – Mənə inanın, gerçəkdən vicdanlı bir qızdı.
– Sonra dərhal salondan çıxdı.
Puaro isə dərin düşüncələrə dalmışdı yenə. Barmaqlarını xəfif-xəfif stola vururdu. Sonra
başını qaldırdı.
– Polkovnik Arbetnot qəlyan çəkirmiş, – dedi. – Qəlyan təmizləyicisini Retçettin kupesində
tapmışam. Retçett isə ancaq siqaret çəkərmiş.
– Yəni...
– Bu vaxta qədər təkcə Arbetnot qəlyan çəkdiyini etiraf eləyib. Polkovnik
Armstronqu da tanıyır. Hətta bəlkə onunla yaxın da olub, amma təbii ki, bunu etiraf etmir.
– Yəni sizcə...
Puaro gərgin hərəkətlə başını yellədi:
– Şərəfli, bir az da nadan, doğrusu, bir ingilisin düşmənini on iki yerindən
bıçaqlaması ağlasığan bir şey deyil! Mümkün deyil bu! Siz də belə fikirləşmirsinizmi?
– Bu, psixoloji məsələdi, – Buk cavab verdi.
– İnsan isə psixolojiyə ciddi yanaşmağa məcburdu. Bir cinayətə imza atılıb. Bu imza isə
qətiyyən polkovnik Arbetnotun imzası deyil. Nəsə... İndi də başqa şahidə keçək.
Buk bu dəfə italyanı yada salmadı, ancaq yenə də onun haqqında düşünürdü.

5 Snob – aristokrat cəmiyyətinin zövq və ədalarını kor-koranə təqlid etməyə çalışan


və başqa hər şeyə xor baxan adam.
IX FƏSİL
Cənab Hardman

Birincidərəcəli vaqon sərnişinlərinin sonuncusu cənab Hardmandı. İtalyan və ingilis


qulluqçuyla eyni masada oturan şişman, gözəgəlimli amerikalı. Hardman ala-bəzək dama-dama
kostyum, pambıq köynək geyinmiş, qalstukuna iri bəzəkli sancaq taxmışdı. Vaqon-restorana
girəndə ağzında saqqız çeynəyirdi. İri, ətli, kobud cizgili, lakin itaətkar təsir bağışlayan üzü vardı.
– Günaydın, cənablar, – Hardman dedi. – Sizə nə yardım eləyə bilərəm?
– Cinayət haqqında eşidibsiniz yəqin, eləmi, cənab... Hardman?
– Təbii. – Ağzındakı saqqızın yerini ustalıqla dəyişdirdi.
– Buna görə də qatardakı bütün sərnişinləri dindirmək məcburiyyətində qalmışıq.
– Mənim qəti etirazım yoxdu. Hər halda bu işi başqa cür həll etmək mümkün deyil. Puaro
qarşısındakı pasporta bir nəzər saldı.
– Kris Betman Hardman. Amerika Birləşmiş Ştatlarının vətəndaşı. Qırx bir yaşında. Yazı
makinaları satışı üzrə şirkətin ticarət agenti.
– Bəli. Elədir ki, var.
– İstanbuldan Parisə gedirsiniz?
– Doğrudu.
– Səbəb?
– İş.
– Siz həmişə birincidərəcəlidə yer tutursunuz, cənab Hardman?
– Bəli, cənab. Yol haqqını şirkət ödəyir. – Gözünü qırpdı.
– İndi dünən gecə baş verənlərə gəlirik. Bizə bu haqda nə deyə bilərsiniz?
– Heç nə deyə bilməyəcəm.
– Ah, çox heyif. Cənab Hardman, bəlkə bizə dünən gecə axşam yeməyindən sonra nələr
etdiyiniz haqda danışasınız?
Amerikalı dərhal cavab vermədi. Sonra:
– Bağışlayın, amma, – dedi, – siz kimsiniz? Bu haqda bir az açıqlama verə
bilərsinizmi?
– Bu, müsyö Bukdu. “Yataqlı Vaqonlar Şirkəti”nin direktorlarından biridi. Bu bəy də cəsədi
müayinə edən doktordu.
– Bəs siz özünüz?
– Mən Erkül Puaroyam. Şirkət bu hadisəni araşdırmaq üçün məni tutub. Cənab
Hardman:
– Sizin haqqınızda eşitmişəm, – deyə mızıldandı. Bir-iki dəqiqə tərəddüdlə susdu və
nəhayət, dilləndi. – Mənə elə gəlir ki, hər şeyi olduğu kimi danışmaq daha məsləhətlidi.
– Bildiklərinizi söyləməyiniz hər halda sizin üçün daha yaxşı olar, – Puaro istehzayla
cavab verdi.
– Əgər bildiyim bir şey varsa... Amma yoxdu axı. Dediyim kimi, mən heç bir şey
bilmirəm. Ancaq bilməyim lazımmış. Məni əsəbiləşdirən də elə budur. Bilməliydim.
– Lütfən, nə demək istədiyinizi açıq deyin, cənab Hardman.
Amerikalı ah çəkdi. Saqqızını çıxardı, sonra əlini cibinə saldı. Eyni anda da üzü tamam dəyişdi.
İndi səhnədə rol oynayan aktyordan çox həqiqi insana bənzəyirdi. Hətta onun iyrənc ləhcəsi də
quş həddinə düşdü.
– O pasport əslində bir az saxtadı, – Hardman dedi,
– əslində isə mən buyam. – Tanıtım kartını çıxarıb masanın üstünə atdı.
Puaro onun qarşısına atdığı karta baxdı. Buk da onun çiyninin üstündən baxaraq
kartı gözdən keçirirdi.
“Cənab Sayrus B. Hardman.
Makneylin Detektiv Agentliyi.
Nyu-York”.
Belçikalı bunun Nyu-Yorkun ən güvəncli detektiv agentliklərindən biri olduğunu
bilirdi.
– İndi bizə bunun nə anlama gəldiyini başa salın, cənab Hardman.
– Hə, əlbəttə. Bir iş üçün getmişdim İstanbula. Onu həll etdikdən sonra Nyu-Yorka dönməyə
hazırlaşdığım vaxt bu məktubu aldım.
Hardman bir kağızı Puaroya uzatdı.
“Cənab Hardman!
Mənə Makneyli Detektiv Agentliyindən olduğunuzu söylədilər. Lütfən, bu gün nahardan
sonra saat dörddə oteldəki otağıma gəlin.
S.E.Retçett”.
– Aha? – Puaro dedi.
– Bildirilən saatda otağına qalxdım. Cənab Retçett mənə vəziyyətini danışdı. Aldığı
bir neçə məktubu da göstərdi.
– Həyəcanlıydı?
– Özünü elə aparırdı ki, deyil, əslində isə həyəcanlanmışdı. Mənə bir təklif elədi. Onunla eyni
qatara minərək Parisəcən gedərək, onu öldürülməkdən xilas edəcəkdim. Eyni qatara mindim
minməyinə, ancaq kimsə onu öldürməyə nail oldu. Baxın, məni də özümdən çıxaran elə budur.
Yaranmış bu vəziyyət mənimçün qətiyyən xoş deyil.
– Cənab Retçett sizə necə hərəkət eləməli olduğunuzu da dedimi?
– Əlbəttə. Hər şeyi planlaşdırmışdı. Dərhal yanındakı kupedə getməyimi istəyirdi. Ancaq lap
əvvəldən işlər tərs getməyə başladı, güclə 16 nömrəli yeri əldə eləyə bildim. O da dediyim kimi
çox çətinliklə. Nəsə, sonradan başa düşdüm ki, elə 16 nömrəli də işimə yaraya bilər. İstanbul
yataqlı vaqonunun qabağında sadəcə, yemək salonu vardı. Aradakı qapı da gecə kilidlənirdi. Bir
qatil vaqonun yalnız arxasındakı qapıdan içəri girə bilədi, onda da mütləq mənim kupemin
qənşərindən keçəsi olacaqdı.
– Yəqin ki, qatilin necə bir adam olduğunu bilmirsiniz.
– Əksinə, bilirəm. Retçett onu mənimçün təsvir eləmişdi.
– Nə?
Üç adamın üçü də həyəcanla irəli doğru əyildi.
– Balaca, qaraşın, qadın səsli bir nəfərmiş. Qoca mənə elə dedi. Ayrıca mənə bunu da dedi
ki, qatilin səfərin elə ilk günü hərəkətə keçəcəyini hesab eləmir. “İkinci, ya da üçüncü gecə”, –
dedi.
Buk mızıldandı:
– Bir bildiyi varmış!
Puaro düşüncəli-düşüncəli fikrini açdı:
– Katibinə danışdıqlarından daha çox şey bilirmiş.
– Retçett sizə bu düşməni haqqında başqa nəsə deməmişdi ki? Sözgəlişi-filan,
həyatının hansı səbəbdən təhlükədə olduğunu?
– Xeyr. Bu haqda danışmaq istəmədi. Sadəcə, dedi ki, adam onu öldürməkdə çox qərarlıdı.
Puaro düşüncəli-düşüncəli təkrarladı:
– Balaca, qaraşın, qadın səsli bir adam... – Sonra da zarafatyana baxışla gözlərini
Hardmana dikdi. – Təbii ki, siz onun əslində kim olduğunu bilmiş olarsınız.
– Kimin?
– Retçettin. Onu tanıyırdınız, eləmi?
– Nə demək istədiyinizi başa düşmədim.
– Retçett, əslində Kasettiydi. Armstronqların qızını öldürən qatil.
Cənab Hardman uzun bir fit çaldı.
– Bu, heç ağlıma gəlməzdi! Vay-vay! Xeyr, onu bilmirdim. O olay sırasında mən qərbdəydim.
Hər halda, fotosunu qəzetlərdə görmüş ola bilərəm. Ancaq bilirsiniz ki, bir şəkil qəzetdə veriləndə
nə günə düşür. Ananızın şəkli olsa belə, yenə də tanıya bilməzsiniz. Bir neçə nəfərin Kasettiyə
düşmən olmasına heç təəccüblənmərəm.
– Bu deyilən əlamətlərə uyğun, üstəlik Armstronqlarla bağlılığı olan birini
tanıyırsınızmı? Balaca, qaraşın, qadın səsli...
Hardman bir-iki dəqiqə düşündü.
– Demək çox çətindi. Bilirsiniz ki, o hadisəylə əlaqəsi olanların çoxu ölüb.
– Özünü pəncərədən atan qızı yaddan çıxarmayın.
– Bəli. Vacib bir nöqtəyə toxundunuz. Qız xariciydi, zənnimcə. Deyəsən, italyan əqrəbaları
vardı. Amma Armstronq hadisəsindən başqa hadisələr də oldu, onu da unutmayın. Kasetti uşaq
oğurluğu ilə uzun müddət məşğul olub, onunçün də yalnız Armstronq olayının üzərində
durmağınız doğru olmazdı.
– Hə, amma biz cinayətin Armstronq olayıyla bağlı olduğuna inanırıq.
Cənab Hardman maraqla Puaroya baxdı. Amma belçikalı susurdu. Amerikalı başını
yellədi.
– Armstronq cinayətində o nam-nişana uyğun gələn biri vardı, yoxdu, xatırlaya bilmirəm.
Ancaq təbii ki, mən o hadisənin araşdırılmasında iştirak etməmişəm, haqqında da bildiyim
artıq bir şey yoxdur.
– Siz gecə nə işlər görmüsünüz, onları danışmaqda davam edin, cənab Hardman.
– Danışacaq artıq bir şey yoxdu. Gündüz yatdım, gecə keşik çəkdim. Həmin o ilk gecə elə
şübhə oyandıracaq bir şey olmadı. Dünən gecə də həmçinin. Qapımı bir az - aralamışdım, eşiyi
gözdən keçirirdim. Heç yad adamın keçdiyinə şahid olmadım.
– Bundan əminsinizmi, cənab Hardman?
– Əlbəttə, əminəm. Qatara sonradan minən olmadı. Arxadakı vaqonlardan bu tərəfə
keçən də olmayıb. Bu baxımdan sizi arxayın edə bilərəm.
– Yerinizdən bələdçini görə bilirdinizmi?
– Hə, təbii. Oturduğu balaca kətil hardasa elə mənim qapımın ağzındadı.
– Qatar Vinkovcidə dayandıqdan sonra bələdçi yerindən qalxdımı, görmədiniz?
– O son stansiyadı da, eləmi? Bəli, bələdçi yerindən qalxdı. Çalınan zənglərə cavab vermək
üçün. Deyəsən, o sırada qatar qara saplanıb dayanmışdı. Sonra qabağımdan keçib başqa
vaqona getdi. Zəng çalınınca yenə qaçaraq qayıtdı.
– Bələdçi heç yuxulamadı ki?
– Bunu deyə bilmərəm. Yuxulamış ola bilər.
Puaro başını yellədi. Sonra da amerikalının kartını
götürdü:
– Lütfən, bunun üstünə imzanızı atın.
Hardman xahişi yerinə yetirdi. Sonra da ayağa qalxıb:
– Eh, nə isə, hələlik. Sağlıqla qalın, – dedi. – Sizinlə tanış olduğum üçün çox məmnunam,
cənab Puaro.
Belçikalı ona siqaret tənəkəsini uzatdı:
– Buyurun... Amma bəlkə də siz qəlyana üstünlük verirsiniz?
– Xeyr. – Amerikalı bir siqaret götürüb tələsik uzaqlaşdı.
Qalan üç adam bir-birinə baxa-baxa qaldı.
– Görəsən, bu gerçəkdən də detektivdi? – doktor Konstantin soruşdu.
– Bəli-bəli. Mən bu tipləri yaxşı tanıyıram. Bundan başqa, danışdığı əhvalatların
yalan olub-olmadığı da tezliklə üzə çıxa bilər.
– Ancaq bizə maraqlı dəlil verdi, – Buk dedi.
– Həqiqətən də elədi.
Buk fikrə gedərək mızıldandı:
– Balaca, qaraşın, qadın səsli adam...
Puaro:
– Bu əlamətlər qatarda gedənlərin heç birinə uyğun gəlmir... – dedi.
İtalyan

– İndi isə, – Puaro qurnazca gülümsəyərək dedi, – müsyö Buku xoşbəxt etmək üçün italyanla
danışacağıq.
Antonio Foskarelli pişik kimi cəld və sürətli addımlarla vaqon-restorana girəndə
gülümsəyirdi. Tipik bir italyan üzü vardı – qaraşın, güləş. Fransızca çox yaxşı, lakin yüngülcə hiss
olunan ləhcəylə danışırdı.
– Adınız Antonio Foskarellidirmi?
– Bəli, müsyö.
– Amerika vətəndaşlığını qəbul etdiyinizi görürəm.
İtalyan güldü.
– Bəli, müsyö. Bu, iş üçün daha əlverişlidi.
– Ford avtomobilləri şirkətinin agentisiniz, eləmi?
– Bəli. Gördüyünüz kimi... – Antonio dedi, sonra uzun-uzadı işi, səfərləri, gəliri və Amerika
haqqında fikirlərindən söz açdı. Sonra mənalı tərzdə fikirlərini tamamlayıb yaylığıyla alnını
sildi. İtaətkar ifadəli, uşağı andıran üzündən həyatından çox məmnun olduğu anlaşılırdı. –
Gördüyünüz kimi, başım böyük işlərə qarışıb. Zaman keçdikcə irəli gedirəm... Satıcılığın nə demək
olduğunu bilirəm.
– Demək, son on ili Amerikada yaşayırsınız?
– Elədi, müsyö.
– Heç orda cənab Retçettlə qarşılaşdığınız olubmu?
– Yox. Amma o tiplərə bələdəm. – Antonio mənalı-mənalı barmaqlarını şaqqıldatdı.
– Görünüşdən ciddi tərzdə, çox yaxşı geyinən və hörmət oyandıran biridi. Amma içdən çox
bərbad bir adam hesab eləyirəm onu. Təcrübəm mənə deyir ki, o əsl cinayətkar olub.
– Haqlısınız, – Puaro istehzayla cavab verdi. – Retçett
– Kasettiydi. Uşaq oğrusu, qatil.
– Bax görürsünüzmü? Mən nə dedim sizə! Bizim işimiz belədi – gərək insan sərrafı olasan,
bircə baxışdan tutasan ki, iş gördüyün adam kimdi. Bunsuz mümkün deyil. Bəli, yalnız Amerikada
ticarət işi düz qurulub.
– Armstronq cinayətini xatırlayırsınızmı?
– Elə də xatırlamıram. Ancaq ad mənə tanış gəlir. Zənnimcə, lap körpə bir uşaqdı.
Körpə qız uşağı. Elədirmi?
– Bəli. Faciəvi hadisəydi.
İtaliyalı başqalarından fərqli olaraq bu fikri bölüşdüyünü dilə gətirmədi:
– Nə danışırsınız, hara baxsanız, belə hadisələrlə qarşılaşa bilərsiniz, – filosofanə
tərzdə dedi. – Amerika kimi böyük sivilizasiya ölkəsində...
– Amerikada Armstronq ailəsindən kimlərləsə tanışlığınız varmı?
– Xeyr, güman eləmirəm. Bu sualınıza cavab vermək çox çətindi. Sizə bir neçə
rəqəm sadalayım, baxın, təkcə keçən ilki satışım...
– Müsyö, rica edirəm, mövzudan qırağa çıxmayın.
İtalyan üzr istəyən kimi əllərini açdı:
– Bağışlayın, üzr istəyirəm...
– Lütfən, dünən gecə axşam yeməyindən sonra nə işlər gördüyünüzü danışın.
– Sevə-sevə... Burada bacardığım qədər çox oturdum. Burada daha əyləncəli olur.
Masamdakı amerikalı bəylə söhbətləşdim. O da yazı makinası agentidi. Sonra kupemə getdim.
Kimsə yoxuydu. Kupe yoldaşım olan o məzlum ingilis qulluqçu ağasının yanına
getmişdi. Nəhayət, həmişəki kimi yenə də qəm-qüssə içində qayıdıb gəldi. Mənimlə kəlmə belə
kəsmədi. Sözlərimə də qısaca ya “hə” cavab verdi, ya da “yox”. Bu ingilislər heç xoşagələn millət
deyil də. Adamın heç qanı qaynamır onlara. Masterman da eləcə bir küncdə dimdik oturub kitab
oxudu. Sonra bələdçi gəlib yataqları hazırladı.
– Dörd və beşinci nömrəli yataqları, – Puaro dedi.
– Bəli. Bizimki ən axırıncı kupedi. Mənim yerim üst qatdakıdı. Yerimə qalxdım. Siqaret çəkə-
çəkə kitab oxudum. Deyəsən, o balaca ingilisin dişi ağrıyırdı. Yerində uzanıb zarıyırdı. Sonra mən
axır ki, yuxuya getmişəm. Hər dəfə ayılanda da ingilisin zarıdığını eşidirdim.
– Masterman gecə kupedən çıxmadı ki?
– Mənə elə gəlir ki, çıxmayıb. Çıxmış olsaydı, eşidərdim. Qapı açılanda bayırdan içəri işıq
düşür. O vaxt adama elə gəlir ki, hansısa sərhədə çatıb, gömrükçülər içəri girir, ona görə də dərhal
oyanır.
– Masterman sizə heç ağası haqda danışmışdımı? Ona qarşı düşmən münasibəti-
filanı yoxuydu ki?
– Axı sizə dedim, bu ingilis ağzını heç açmır. Suyuşirin adam deyil. Buz kimi məxluqdu.
– Siz siqaret çəkirdiniz, yoxsa deyək ki, qəlyan, ya siqar?
– Sadəcə siqaret, – Puaronun uzatdığı tənəkədən bir siqaret götürüb dedi. Buk
irəliyə doğru əyildi:
– Çikaqoda olmusunuzmu heç?
– Hə, əlbəttə! Gözəl şəhərdi. Amma mən Nyu-Yorku, Detroytu, Klivləndi daha yaxşı hesab
eləyirəm. Bəs siz heç Amerikada olmusunuzmu? Olmamısınız? Baxın, məndən sizə demək –
mütləq getməlisiniz. Mən...
Puaro Antonio Foskarelliyə doğru kağız itələdi:
– Ora ünvanınızı yazın, bir də imzanızı atın.
İtalyan tələb olunanları yerinə yetirəndən sonra ayağa qalxdı. Yenə şirin-şirin
gülümsəyirdi:
– Elə bu? Bitdimi? Artıq mənə ehtiyacınız yoxdurmu? Sağlıqla qalın, bəylər. Bu qardan da
canımızı qurtara bilsəydik! Milanda işim var, – məyus-məyus başını yellədi, – yoxsa, o iş əlimdən
çıxacaq, – deyib salondan çıxdı.
Puaro yoldaşlarına baxdı.
– Demək xeyli vaxtmış ki, Amerikada yaşayırmış, – Buk dedi. – Özü də italyan. İtalyanlarınkı
ancaq bıçaqdı. Üstəlik, yaman da yalan danışan olurlar! Mənim bu italyanlardan heç xoşum gəlmir
də!
Puaro gülümsədi:
– Ola bilər. Bəlkə də haqlısınız. Amma ona qarşı əlimizdə bircə dəlil belə yoxdu. Bunu
sizə xatırlatmağa məcburam.
– Bəs sizin psixoloji söhbətiniz nə yerdə qaldı? İtalyanlar adam bıçaqlamırlarmı?
– Bəli, – Puaro dedi. – İllah da davanın ən şiddətli məqamında. Amma bu... başdan- ayağa
başqa tipli cinayətdi. Mənə elə gəlir ki, bu cinayət son dərəcə diqqətlə planlaşdırılıb.
Ondan sonra da ustalıqla səhnəyə qoyulub. Burada çox uzaq hədəf var... Heç bilmirəm necə izah
eləyim? “Latın” tipli cinayət deyil. Mən bu hadisədə soyuqqanlı, yaxşı işləyə bilən, diqqətli bir
beyinin izlərini görürəm. Məncə, bir “anqlosakson” beyninin məhsuludur bu.
Sonuncu iki pasportu əlinə götürdü:
– İndi də miss Debenhemlə danışaq.
Miss Debenhem

Meri Debenhem vaqon-restorana girəndə Puaro onu ilk dəfə gördüyü zaman verdiyi
qiymətin doğruluğuna bir daha əmin oldu. Qız qara zərif kostyum və boz-bənövşəyi köynək
geyinmişdi. Qara dalğalı saçları yaxşıca daranaraq, səliqəylə yığılmışdı. Elə hərəkətləri də saç
düzümü kimi yerli-yerindəydi – sakit və rahat.
Puaroyla Bukun qarşısında oturub nəsə soruşacaqmış kimi onlara baxdı.
– Adınız Meri Hermiona Debenhemdi, eləmi? – Puaro sorğuya başladı.
– Bəli.
– İngilissiniz?
– Bəli.
– Madmazel, lütfən bu kağıza daimi ünvanızı yazın.
Miss Debenhem yazdı. Xətti aydın və oxunaqlıydı.
– İndisə, madmazel, o gecəki hadisə haqqında bizə nə deyə bilərsiniz?
– Təəssüf ki, heç bir şey deyə bilməyəcəyəm. Çünki
yatmışdım.
– Qatarda belə bir cinayət hadisəsinin baş verməsi sizə pis təsir eləyibmi?
Qızın belə bir sual gözləmədiyi dərhal hiss olundu. Onun qara gözləri iriləşdi:
– Nə demək istədiyinizi başa düşmədim.
– Sizə sadə bir sual verdim, madmazel. Elə isə, təkrarlayıram: qatarda bir cinayətin baş
verməsi sizə pis təsir eləyibmi?
– Mən bu haqda düşünməmişəm. Xeyr, mənə pis təsir buraxdığını deyə bilmərəm.
– Yəni sizin üçün cinayətin baş verməsində qeyri-adi bir şey yoxdu, eləmi? Meri
Debenhem sakit-sakit:
– Əlbəttə, yaxşı şey deyil, – dedi.
– Siz tipik bir anqlosaksonsunuz, madmazel. Hissə
qapılmırsınız.
Qız yüngülcə güldü:
– Duyğulana bilən biri olduğunu isbat etmək üçün isteriyaya qapılacaq deyiləm. Hər gün bir
dünya insan ölür.
– Bəli, haqlısınız, ölürlər. Ancaq cinayət daha dəhşətli şeydi.
– Hə, təbii ki!
– Cənab Retçettlə tanışıydınızmı?
– Onu ilk dəfə dünən burada səhər yeməyində görmüşəm.
– Sizdə necə təsir buraxmışdı?
– Ona elə də fikir vermədim.
– Sizdə onun pis bir insan olması fikri yaranmadı ki?
Qız çiynini çəkdi:
– Doğru sözümdü, ona elə də fikir vermədim.
Puaro onu diqqətlə süzdü:
– Belə başa düşürəm ki, suallarım heç xoşunuza gəlmədi.
Gözlərində qəribə bir parıltı yaranmışdı Puaronun.
– Bağışlayın, ancaq mənə elə gəlir ki, bu vaxt itkisindən başqa bir şey deyil. Cənab
Retçettin üzünü bəyənib-bəyənməməyimin qatili tapmanıza nə xeyri dəyəcək axı...
– Retçettin əslində kim olduğunu bilirsinizmi? Meri
Debenhem başını yellədi:
– Bəli, xanım Habbard qarşısına çıxan hər kəsə o haqda danışır.
– Armstronq hadisəsi haqda nə fikirləşirsiniz? Qız
nifrətlə:
– İyrənc hadisədi, – dedi.
Puaro düşüncəli-düşüncəli ona baxdı:
– Siz Bağdaddan gəlirsiniz?
– Bəli.
– Londona gedirsiniz?
– Elədir.
– Bağdadda nə işlə məşğulsunuz?
– İki uşağın tərbiyəçisiyəm.
– Tətildən sonra yenə ora qayıdacaqsınız?
– Güman eləmirəm. Londonda bir iş tapmağa çalışacağam.
– Başa düşdüm. Ancaq mən sizin evlənəcəyinizi sanırdım.
Miss Debenhem cavab vermədi. Başını qaldırıb diqqətlə Puaroya baxdı, sanki, “Siz çox
ədəbsizsiniz”, – deyirdi.
– Sizinlə eyni kupedə qalan xanım haqqında fikrinizi bilmək istərdim. Miss Olson
haqqında.
– Müti, sadə bir insandı.
– Onun xələti hansı rəngdədi?
Meri Debenhem heyrətlə baxdı:
– Qəhvəyi. Yun.
– Aha! Zənnimcə... sizinki də açıq-bənövşəyidi, doğru deyirəmmi?
– Hə, elədi.
– Sizin başqa xələtiniz də varmı? Məsələn qırmızı
bir xələt?
– Xeyr, o mənim deyil.
Puaro azca irəli əyildi. İndi siçovulun üstünə cuman pişiyə bənzəyirdi:
– Elə isə o kimin xələtidir?
Qız açıq-aydın sarsılaraq geri çəkildi:
– Bilmirəm. Nə demək istəyirsiniz ki?
– Siz “Mənim qırmızı xələtim yoxdu” demədiniz. “O mənim deyil” cavabını verdiniz. Bu
cavabdan da belə bir xələtin başqasının olması nəticəsi çıxır. – Qız başını yellədi. – Qatarda gedən
başqa birinindimi o xələt?
– Bəli.
– Kimin?
– Bilmirəm. Bu səhər saat beşdə oyandım. Mənə elə gəldi ki, qatar xeyli vaxtdı dayanıb.
Qapını açıb koridora baxdım. Hansısa bir stansiyada dayandığımızı fikirləşirdim. Qırmızı xələtli
birinin koridorun o başına tərəf getdiyini gördüm.
– Kim olduğunu bilmədinizmi? Saçları sarıydımı? Yoxsa qaraydı? Ya da deyək ki, boz?
– Kim olduğunu bilmirəm. Başında bir fəs vardı. Onu arxadan gördüm.
– Bədən quruluşu necəydi?
– İncə, uzun boyluydu deyəsən. Amma bu da dəqiq deyil. Xələtinin üstünə əjdaha rəsmi
işlənmişdi.
– Bəli, doğrudu... Əjdahalar. – Puaro bir qədər fikrə getdi. Öz-özünə, “Başa düşmürəm, başa
düşmürəm, başa düşmürəm, – deyə təkrarlayırdı. – Heç birindən bir məna çıxmır”. Sonra başını
qaldırıb: – Xanım Debenhem, sizin vaxtınızı çox almayım, – dedi.
– Of, – qız çaşqın halda ah çəkdi, ancaq dərhal da ayağa qalxdı. Sonra qapıda ayaq saxlayıb
geri döndü. – O isveçli qadın... Miss Olson... nəsə bir az həyəcanlıdı. Ona, yanılmıramsa, cənab
Retçetti axırıncı dəfə onun gördüyünü deyibsiniz. Buna görə də
ondan şübhələndiyinizi düşünür. Ona bu səbəbdən yanıldığını deyə bilərəmmi ki, sakitləşsin.
İnanın, o, bir qarışqanı belə öldürə bilməz, – Debenhem danışa-danışa gülümsəyirdi.
– Miss Olson, xanım Habbarddan aspirin istəməyə nə vaxt getmişdi?
– On birin yarısından bir az sonra.
– Gəlməsi nə qədər çəkdi?
– Beş dəqiqəyə qədər.
– Gecə bir də kupedən çıxdımı?
– Xeyr.
Puaro doktora sarı çevrildi:
– Retçett on birin yarısı aralarında öldürülmüş ola bilərmi?
Konstantin başını buladı:
– Mümkün deyil.
– Yoldaşınıza ondan şübhələnmədiyimizi söyləyə bilərsiniz, madmazel.
– Təşəkkür edirəm. – Qız qəfildən güldü. Özünün başa düşülməsini gözləyən birinin
gülüşüydü bu. – Bilirsinizmi, bu xanım eynən quzudu ki var! Həyəcanlanır və mələməyə başlayır.
XII FƏSİL
Alman otaq xidmətçisi

Buk çox qəribə şəkildə Puaroya baxırdı:


– Mən sizi o qədər də anlamıram, qoca. Siz nəyə nail olmaq istəyirsiniz?
– Mən çat axtarırdım, dostum.
– Çat?
– Hə də, onun səbrindəki çatı. Onun soyuqqanlılığını sarsıtmaq istəyirdim. Bacara bildimmi?
Bilmirəm. Bircə bunu dəqiq deyə bilərəm ki, o mənim belə metod seçəcəyimi güman eləmirdi.
– Miss Debenhemdən şübhələndiyinizi görürəm, – Buk fikirli-fikirli dedi. – Amma nəyə görə?
Cavan və sevimli qızdı. Mənə elə gəlir ki, bu cür qəşəng qız başını belə bir cinayətə qoşmaz.
Konstantin:
– Mən də eyni fikirdəyəm, – dedi. – Soyuqdu, duyğusuzdu, ancaq bir kişini bıçaqlamaz,
uzaqbaşı, onu məhkəməyə verər.
Puaro ah çəkdi və:
– Bu cinayətin bir anlıq hirs üzündən baş verdiyini düşünürsünüz. Deyəsən, bu fikriniz
getdikcə də möhkəmlənir. Bu fikirdən daşının. Miss Debenhemdən şübhələnməyə gəlincə,
bunun iki səbəbi var, – dedi. – Birincisi, Konya stansiyasında eşitdiyim bir söhbət, – Puaro
eşitdiklərini onlara danışdı. – İkinci səbəbə gəlincə... Bu artıq psixoloji səbəbdir. Öz-özümdən
soruşurdum ki, miss Debenhem bu cinayətə qabaqcadan düşünülmüş şəkildə gedə bilərmi? Bu
qətlin arxasında sakit, soyuqqanlı, yaxşı işləyən bir baş var. Bundan əminəm. Miss Debenhem isə
bu əlamətlərə cavab verir.
Buk başını yellədi:
– Yanılırsınız, dostum. Bu ingilis qızı qatil ola bilməz. Puaro
son pasportu götürdü:
– Nəysə... Siyahımızdakı son ada gələk – otaq xidmətçisi Hildeqarda Şmidt. Ofisiantın
çağırdığı Hildeqarda Şmidt mədəni bir tərzdə Puaronun göstərdiyi yerdə
oturdu.
Əllərini daraqlayıb sakitcə gözləməyə başladı. Əslində çox sakit biri olduğu ilk
baxışdan da gözə çarpırdı.
Qarşısındakı şəxsdə özünə sayğı yaradan, çox da ağıllı olmayan qadındı.
Puaro nəzakətlə ona adını və ünvanını yazdırdı. Sonra da sorğulamağa başladı.
Söhbət almanca gedirdi.
– Dünən gecə baş verənlər haqqında məlumat toplamaq istəyirik. Deyirik, bəlkə
bizim üçün yararlı ola biləcək bir şey gördünüz, ya eşitdiniz. Başa düşürsünüzmü?
Aydın görünürdü ki, qadın ondan nə soruşulduğunu başa düşmür. İri, xoşagəlimli üzündə
küt və sakit ifadə vardı.
– Mən bir şey bilmirəm, müsyö, – o dedi.
– Məsələn... dünən gecə knyaginya sizi yanına çağırtdırıb.
– Bəli. Elədir.
– Çağırıldığınız vaxtı xatırlayırsınızmı?
– Xatırlamıram, müsyö. Bələdçi gəlib xəbər verdiyi vaxt mən yatmışdım.
– Hə, başa düşürəm. Xəbəri alınca dərhal qalxdınız. Xələtinizi geyindiniz?
– Xeyr, müsyö. Paltarlarımı geyindim. Xələtlə xanımların yanına getmək olmaz ki!
– Ancaq xələtiniz də çox gözəldi, qırmızı deyilmi?
Qadın baxışlarını heyrətlə ona dikib qaldı.
– Xələtim tünd-mavidi.
– Hə, davam edin. Knyaginyanın yanına getdiniz. Orada neylədiniz?
– Ülyahəzrət knyaginyanı masaj elədim, müsyö. Sonra onunçün ucadan kitab
oxudum. O, yuxuya gedəndən sonra isə öz kupemə qayıtdım.
– Deyə bilməzsiniz onda saat neçəydi?
– Xeyr, müsyö.
– Knyaginyanın yanında nə qədər qaldınız?
– Yarım saata qədər.
– Aha, davam edin...
– Deyəcəyim başqa bir şey yoxdu, cənab. Kupemə qayıtdım, sonra da uzanıb
yatdım.
– Koridorda kimsəylə qarşılaşmadınızmı?
– Xeyr, cənab.
– Məsələn, üstündə əjdaha şəkli olan qırmızı xələt geyinmiş bir qadınla?
Hildeqarda Şmidtin müti gözləri genişləndi:
– Xeyr, cənab. Koridorda bələdçidən başqa heç kim yoxdu. Hamı yatmışdı.
– Amma bələdçini gördünüz.
– Bəli, müsyö.
– Neynirdi?
– Bələdçini kupelərin birindən çıxanda gördüm.
– Nə? – Buk irəli əyildi. – Hansı kupedən?
Hildeqarda Bukun bu cür müdaxiləsindən ürkdü. Puaro yoldaşına gileylə baxdı.
Sonra da:
– Əlbəttə, – dedi, – bələdçi gecə çalınan zənglərə cavab verir. Onun hansı kupedən
çıxdığını xatırlaya biləcəksinizmi?
– Vaqonun ortasındakı kupelərin biriydi, müsyö. Madam knyaginyanın kupesindən iki, ya
üç qapı o yandaydı.
– Belə! Sonra nə oldu?
– Adam az qala mənimlə toqquşacaqdı, cənab.
– Hansı tərəfə gedirdi?
– Mənə doğru gəlirdi. Məndən üzr istədi. Sonra vaqon-restorana sarı qaçdı. Bir zəng
çalınmağa başlamışdı. Amma məncə, bələdçi ona cavab vermədi.
– Yazıq bələdçi, gecəni qaça-qaça keçirib ki! Əvvəlcə sizi oyadıb, sonra zənglərə
cavab vermək üçün qaçıb.
– Məni oyandıran bələdçi deyildi, cənab, başqasıydı.
– Eləmi! Başqa biri! Onu qabaqlar görmüşdünüzmü?
– Xeyr, cənab.
– Yenidən görsəniz, tanıyarsınızmı?
– Məncə, tanıyaram.
Puaro müsyö Bukun qulağına nəsə pıçıldadı. Buk nəsə bir sərəncam vermək üçün
qalxıb qapıya tərəf getdi. Puaro isə yenə öz mehriban tərziylə sorğuya davam edirdi:
– Heç Amerikada olmusunuzmu, frau Şmidt?
– Yox, heç olmamışam, müsyö. Yəqin ki, çox gözəl bir
yerdi.
– Yəqin ki, qətlə yetirilən bu adamın əslində bir uşağın ölümünə səbəb olduğunu
eşitmisiniz.
– Bəli, eşitmişəm, müsyö. İyrənc şeydi bu. Çox iyrəncdi. Tanrı belə şeylərə gərək imkan
verməsin.
Qadının gözləri dolmuşdu. Başa düşülürdü ki, hadisə xidmətçinin analıq duyğularına
güclü təsir buraxıb.
Puaronun üzü ciddi ifadə aldı və:
– Çox iyrənc cinayətdi, – dedi. Sonra da cibindən o kiçik, zərif, incə yaylığını çıxarıb qadına
uzatdı. – Bu yaylıq sizinkidirmi?
Qadın yaylığı gözdən keçirəndə araya qısa bir səssizlik çökdü. Sonra Hildeqarda
Şmidt başını qaldırdı. Üzü bir az qızarmışdı:
– Xeyr, cənab. Mənim deyil.
– Üstündə “H” markası var. Elə buna görə yaylığın sizinki olduğunu zənn elədim.
– Of! – Hildeqarda köks ötürdü. – Bu, kübar bir xanımın yaylığıdı. Çox bahalı şeydi.
Marka əllə toxunub. Məncə, bu yaylıq Parisdən alınıb.
– Demək, sizin deyil? Yaxşı, bəs kimin olduğunu
bilmirsiniz?
– Mənmi? A, xeyr, cənab.
Ancaq Puaro qadının yüngülcə tərəddüd keçirdiyini gözdən qaçırmadı. Buk əyilib onun
qulağına yenə nəsə pıçıldadı. Puaro başını tərpətdi və qadına:
– İndi üç bələdçi gələcək, – dedi. – Dünən gecə knyaginyanın yanına gedəndə
qarşılaşdığınız hansıydı, bizə göstərin.
Bələdçilər içəri girdilər. Pyer Mişel, Afina-Paris vaqonuna baxan cantaraq sarışın və
Buxarest vaqonunun enlikürək bələdçisi.
Hildeqarda Şmidt onlara baxdı, sonra da dərhal başını buladı:
– Xeyr, müsyö. Dünən gecə gördüyüm o adam bunlardan heç biri deyil.
– Axı qatarda onlardan başqa bələdçi yoxdu... Hər halda yanılırsınız.
– Yox, cənab, mən sizə əminliklə deyirəm. Bunlar uzun boylu, cantaraq adamlardı. Mənim
gördüyümsə balaca və qaraşındı. Mənə, “Pardon”, deyəndə də səsinin cır olduğunu sezdim. Qadın
səsi kimi nazikdi. Onu çox yaxşı xatırlayıram, müsyö.
XII FƏSİL
Ehtimallar

Müsyö Buk:
– Qaraşın, cır səsli bir adam, – dedi. Bələdçilər
və Hildeqarda Şmidt getmişdilər. Bukun
üzündən ümidsizlik yağırdı:
– Heç nə başa düşmürəm! Retçettin təsvir elədiyi o düşmən qatardaydımı? Elə isə, indi
hardadır? Quş olub göyə uçmadı ki? Başım şişdi. Xahiş eləyirəm, bir şey söyləyin, sevgili dostum.
Mənə imkansız bir şeyin mümkün olduğunu göstərin.
– Çox gözəl ifadə elədiniz, – Puaro dedi. – İmkansız bir şey ola bilməz. O halda bu
“imkansız şey” görünüşünə baxmayaraq, yenə də mümkün olmalıdı...
– Elə isə mənə dünən gecə qatarda nə baş vediyini təcili surətdə başa salın.
– Mən sehrbaz deyiləm, dostum. Mən də sizin kimi heyrət içindəyəm. Bu iş çox qəribə şəkildə
irəliləyir.
– Mənə elə gəlir ki, yerimizdə sayırıq.
Puaro başını yellədi:
– Xeyr, bu, doğru deyil. Bir xeyli irəliləmişik. Artıq bəzi şeyləri bilirik. Sərnişinlərin ifadələrini
almışıq.
– Onlardan nəsə öyrənmişik? Heç nə... Puaro
onu sakitləşdirməyə çalışırmış kimi:
– Yox-yox, elə hesab eləməyin, – deyə mızıldandı.
Buk ona sarı çevrildi:
– O halda danışın ki, Erkül Puaronun zəka incilərini biz də görək.
Belçikalı detektiv yüngülcə öskürərək qarşısındakı kağızları səliqəyə saldı.
– Gəlin, hadisəni bir də gözdən keçirək. Əvvəlcə inkar edilməyəcək bəzi faktlara baxaq.
Retçett, ya da Kasetti dünən gecə on iki yerindən bıçaqlanaraq ölüb. Doktor Konstantinlə birgə
nəzərimizi cəlb eləyən bəzi qəribəliklərin üstündən hələlik keçək. Onlara sonra qayıdarıq. Məncə,
başqa önəmli bir məqam cinayətin baş verdiyi saatdı. Bu baxımdan, üç ehtimalla qarşı-qarşıyayıq:
Bir: sizin də söylədiyiniz kimi, cinayət ikiyə on beş dəqiqə işləmiş baş verib. Bunu sınmış saat,
xanım Habbardın sözləri və alman otaq xidmətçisi Hildeqarda Şmidtin ifadəsi dəstəkləyir.
Bundan başqa doktor Konstantinin baxışına da uyğun gəlir.
İki: cinayət birinci ehtimalda deyildiyinin əksinə olaraq, daha sonra baş verib və
saatdakı vaxtı məhz bizi çaşdırmaq üçün dəyişdiriblər.
Üç: cinayət birinci ehtimaldakından da qabaq baş verib və yenə də əqrəbləri eyni səbəblə
başqa vaxta çəkiblər.
İndi birinci ehtimalı qəbul etsək, o zaman ortaya bəzi məsələlər çıxacaq. Bunları da qəbul
etmək məcburiyyətindəyik. Əgər cinayət ikiyə on beş dəqiqə işləmiş baş veribsə, onda bu o
deməkdir ki, qatil qatardan qaçmayıb. Yaxşı, bəs indi o hardadır? Və kimdir? İndi öyrəndiklərimizi
diqqətlə gözdən keçirək. Bu adamın varlığı haqda əvvəlcə Hardman məlumat verib: balacaboy, cır
səsli, qaraşın adam. Hardman Retçettin düşmənini ona belə təsvir etdiyini deyir. Amma onun
sözlərini qüvvətləndirəcək heç bir dəlil yoxdur. Sonra... Hardman həqiqətənmi Nyu-Yorkdakı bir
detektiv bürosunda çalışır?
Mənim üçün hadisənin ən qəribə tərəfi odur ki, polisin çox asanlıqla əldə edə biləcəyi
yardımçı dəlillərin heç biri yoxdu. Bu adamların əslində kim olduqlarını araşdırmaq imkanımız da
yoxdu. Hər şey başımızın necə işləməsinə bağlıdı. Elə tapmacaya
çevrilməsinə görə də bu hadisə mənə çox maraqlı gəlir. Özümdən soruşuram ki, Hardmanın
şəxsiyyəti ilə bağlı dediklərinə inana bilərəmmi? Beləcə qərarımı verərək “Bəli” deyirəm.
Hardmanın özü haqda dediklərinə inana bilərik.
– Yəni, demək istəyirsiniz ki, onu şübhəlilər siyahısından silirsiniz, eləmi?
– Yox, onun dəxli var! Məni düz başa düşmədiniz. Hər hansı bir amerikalı detektiv də xüsusi
səbəblər üzündən Retçetti öldürmək istəyə bilər. Xeyr, mən sadəcə, Hardmanın özüylə bağlı
verdiyi məlumatları qəbul edə biləcəyimi demək istəyirəm. O halda Retçettin onu tapıb
bağlaşması söhbəti də doğru ola bilər. Bunu dəstəkləyəcək nə var? Heç gözləmədiyin birinin, yəni
Hildeqarda Şmidtin sözləri. Qadının gördüyü bələdçinin təsviri Hardmanın dedikləri ilə büsbütün
uyğun gəlir. Yaxşı, bizdə bu iki ifadəni qüvvətləndirəcək bir dəlil varmı? Bəli, var. Xanım Habbardın
kupesində tapdığı düymə. Eyni şəkildə dəstəkləyici başqa sözlər də var, lakin bunlar bəlkə də sizin
diqqətinizdən yayınıb.
– Nədi ki, onlar?
– Həm polkovnik Arbetnot, həm də Hektor Makkuin kupenin qarşısından bələdçinin
keçdiyini söylədilər. Təbii ki, buna əhəmiyyət verməyiblər. Əslində isə Pyer Mişelin sözlərinə görə,
o, o vaxtda bir dəfə də Hektor Makkuinlə polkovnik Arbetnotun olduğu kupenin qarşısından
keçməyib. O halda vaqon bələdçisi geyimində, balacaboy, qaraşın və cır səsli adam söhbəti
doğrudan doğruya, ya da dolayı şəkildə dörd şahid tərəfindən təsdiqlənmiş olur.
Buk səbrini itirməyə başlayırdı:
– Bəli-bəli, dostum. Hamımız belə bir adamın mövcudluğunu qəbul edirik. Əsl vacib olan
nöqtə budur: bu adam haraya yoxa çıxdı?
Puaro gileyli-gileyli başını yellədi:
– Çox səbirsizsiniz. Mən öz-özümə, “bu adam hara yoxa çıxdı” deyə soruşmamışdan əvvəl,
“əslində belə bir adam varmı”, dedim. Çünki bu adam bir nağıl olsaydı, onu aradan çıxarmaq
çox asan olacaqdı! Onun üçün əvvəlcə bu adamın ətdən-sümükdən bir insan olduğunu dərk
eləməyə çalışdım.
– Aha.
– Artıq belə birinin var olduğunu bilirik.
– Yaxşı, bəs o hardadı?
– Bu sualın iki cavabı var, dostum. Ya qatarda bizim ağlımızın ucundan belə keçməyəcək
qədər gizli bir yerdə gizlənib, ya da, necə deyərlər, ikili şəxsiyyəti var. Yəni həm cənab Retçettin
qorxduğu adam, həm də qurbanının onu tanıya bilməyəcəyi qədər ustalıqla qiyafəsini dəyişdirmiş
bir sərnişin olaraq.
Bukun gözləri parıldadı:
– Bu, çox gözəl fikirdi, – dedi, ancaq o an da bu parıltı sönüb getdi. – Amma bir
uyğunsuzluq var...
Puaro onun sözünü kəsib dərhal:
– Adamın boyu... – dedi. – Bunu deyəcəkdiniz? Retçettin qulluqçusu Mastermandan
başqa qatardakı kişi sərnişinlərin hamısı canlı-cəsədlidir. İtalyan, polkovnik Arbetnot, Hektor
Makkuin, Kont Andreni... Beləcə, bizimçün bircə qulluqçu qalır. Yəni o qədər də uyğun gəlməyən
namizəd – Masterman. Lakin bir ehtimal da var. “Cır səs”i yaddan çıxarmayın. Bəlkə elə o adam
qadın qiyafəsinə girib? Və yaxud da bunun əksinə – qadın kişi qiyafəsinə girib. Kişi paltarları
geymiş uzun boylu bir qadın daha qısa görünür.
– Ancaq heç şübhəsiz ki, Retçett bunu bilə bilərdi...
– Ola bilsin, Retçett vəziyyətdən duyuq düşüb. Hətta bəlkə də bu qadın hadisədən daha əvvəl
kişi qiyafəsinə girərək onu öldürməyə cəhd eləyib. Bəlkə Retçett onun yenə eyni hiyləyə əl
atacağını düşünərək Hardmana bir kişini təsvir eləyib. Amma onu deyəndə “cır səsli”, “qadın
səsli” deməyi də unutmayıb.
– Bəli, bəlkə də, – Buk mızıldandı. – Ancaq yenə də...
– Qulaq asın, dostum, indi sizə doktor Konstantinin müşahidə etdiyi bir-birinə zidd məqamları
sayacağam.
– Puaro Buka doktorla yaraların arasındakı fərqlər üzündən gəldikləri nəticələri açıqladı.
Buk inildəyərək əllərilə başını tutdu.
– Başa düşürəm, – Puaro canıyanan tərzdə dedi. – Nələr çəkdiyinizi bilirəm, adamın başı
hərlənir, deyilmi?
– Bu ki əsl kabusdu!
– Məhz elədi! Çox sarsaq... imkansız... sadəcə, mümkün olmayan bir şey! Mən də sənin kimi
deyirəm. Amma, dostum, hər şey göz qabağındadı. Faktlardan qaçmaq mümkün deyil.
– Bu bir dəlilikdi!
– Bəli, məhz dəlilik! Bütün bunlar elə ağlasığmaz bir şeydi ki, əslində zaman-zaman
“hadisənin mahiyyəti çox adi olmalıdı”, deyə düşünürəm... Ancaq bu, sadəcə, mənim o “kiçik
fikirlərim”dən biridi.
– İki qatil... Həm də “Şərq ekspresi”ndə... – Buk yenə inildədi. Az qalırdı ki, ağlasın.
– İndi bu inanılmaz əhvalatı daha da inanılmaz vəziyyətə gətirək, – Puaro gümrah ovqatla
dedi. – Dünən gecə qatarda iki sirli yad adam vardı. Hardmanın təsvirinə uyğun gələn və
Hildeqarda Şmidt, polkovnik Arbetnot və Hektor Makkuinin gördüyü bələdçi. Bundan başqa, miss
Debenhemin, Makkuinin, bir də mənim gördüyüm və polkovnik Arbetnotun səpdiyi ətirin
qoxusunu duyduğu o incə, uzun boylu, qırmızı xələtli qadın. Kimdi o? Qatarda heç kim qırmızı
xələtinin olduğunu boynuna almır. Bu qadın da ortalıqdan yoxa çıxıb. O yad bələdçi bu qadın
deyildi ki? Yoxsa, o, ayrı biriydi? Yaxşı, bu iki
nəfər indi hardadılar? Söz açılmışkən, həmin o bələdçi uniformasıyla qırmızı xələt hardadı?
– Hə, bax, biz bunu yoxlaya bilərik! – Buk həyəcanla ayağa qalxdı. – Bütün sərnişinlərin
əşyalarını axtarmalıyıq.
Puaro da ayağa qalxdı:
– Mən bir öncəgörənlik eləyəcəyəm.
– Demək istəyirsiniz ki, onların kimdən çıxacağını
bilirsiniz?
– Balaca bir fikrim var.
– Hardadılar?
– Qırmızı xələti kişi sərnişinlərdən birinin çamadanında tapacaqsınız. Bələdçi
uniformasını isə Hildeqarda Şmidtin əşyalarının arasında.
– Hildeqarda Şmidt? Yəni siz?..
– Xeyr, xeyr, düşündüyünüz kimi deyil. Qoy, belə deyim də: əgər Hildeqarda Şmidt
günahkardısa, uniformanı onun çamadanında tapa bilməzsiniz. Əgər qadın suçsuzdursa, onda
uniforma mütləq onun çamadanından çıxacaq.
– Axı necə?.. – Buk nəsə demək istədi, sonra tərəddüd etdi. – Bu səs nə səsdi? Lokomotiv
səsinə oxşayır.
Səs yaxınlaşdı. Şiddətli ağlaşma və bir qadının etiraz səsləri eşidilirdi. Qapı açıldı və
xanım Habbard güllə kimi vaqon-restorana soxuldu:
– İlahi, bu nə müsibətdir! – o qışqıra-qışqıra deyirdi.
– Mənim çantamda! Düz mənim ləvazimat çantamda! Heyvərə bir bıçaq! Özü də qan içində!
– Sonra birdən-birə irəliyə yırğalanaraq Bukun çiyninə yıxıldı. Bayılmışdı.
XIV FƏSİL
Silah

Buk çox da nəzakət göstərmədən bayılan qadının başını sinəsindən ayırıb masaya söykədi.
Doktor Konstantin həyəcana qapılaraq ofisiantlardan birini çağırdı:
– Başını belə tutun. Özünə gələn kimi də ona bir az konyak verin. Başa düşürsünüzmü?
Sonra da Puaroyla Bukun ardınca qaçdı. Onu bayılmış ortayaşlı qadından çox, cinayət
maraqlandırırdı.
Qatarın sərnişinləri xanım Habbardın kupesinin qabağına yığılmışdılar. Heyrətdən üzü əyilmiş
bələdçi koridora yığılanların kupeyə girməsinə əngəl olmağa çalışırdı.
Müsyö Buk kök bədəniylə zorla onun yanından keçərək içəri girdi. Puaro dərhal onun
arxasında göründü.
Bələdçi rahat bir nəfəs dərdi:
– Yaxşı ki, gəldiniz, cənab. Hamı özünü içəri təpməyə çalışırdı. O amerikalı xanım... İlahi, elə
bir qiyyə çəkdi ki! Əvvəl elə bildim ki, qatil gəlib onu da öldürmək istəyir. Nəfəs dərmədən qaçıb
gəldim. Gəlib gördüm ki, qadın dəli kimi bağırır. Sonra sizi çağırmağa getdiyini deyib baş götürdü.
O arada da qabağına kim çıxdısa, nə baş verdiyini danışdı, – əliylə hamını
heyrətləndirən dəlilə işarə elədi.
– Bıçaq ordadı, müsyö. Ona toxunmamışam.
Yan kupeyə açılan ara qapının dəstəyindən dördkünc rezinli süngər torbası asılmışdı.
Lap altında, yerdə düzağız xəncər vardı. Xanım Habbard onu burdaca əlindən salmışdı. Pasa
bənzər ləkələr görünən ucu iti, sapı döyməydi.
Puaro öz üsuluyla xəncəri götürdü:
– Bəli... Bu da belə. Burada səhv ola bilməz. Axtardığımız silah budur. Elə deyilmi, doktor?
Konstantin xəncəri gözdən keçirdi.
– Bu qədər də diqqətlə yanaşmağa ehtiyac yoxdu, özünüzü yormayın, – Puaro dedi.
– Xəncərin üstündə barmaq izi olduğunu güman eləmirəm. Əgər varsa da, xanım
Habbardın əl izləridi.
Konstantinin xəncəri gözdən keçirməsi çox çəkmədi:
– Bəli, bu həmin silahdı. Bütün yaralara da uyğun gəlir.
– Xahiş edirəm, dostum, nəticə çıxarmağa tələsməyin!
Doktor heyrətlə Puaroya baxdı.
– Onsuz da bu işdə kifayət qədər təsadüfi üst-üstə düşmələr var. Dünən gecə iki adam
Retçetti bıçaqlamağa qərar verib. Durub, onların hər ikisinin eyni bıçaqla zərbələr endirməsini
düşünməyimiz lap ağ olar.
– Yox əşi, – doktor dedi. – Bu, o qədər də inanılmayacaq bir təsadüf deyil. Bu xəncərlərdən
kütləvi şəkildə hazırlayıb İstanbulda hər addımda satışa çıxarırlar.
– Hə, bax, indi içim bir az rahat oldu, – Puaro dedi.
– Amma sadəcə, bir az. Qarşısındakı qapıya fikirli-fikirli baxdı. Sonra süngər torbasını qaldırıb qapı
dəstəyini çevirdi. Qapı açılmadı. Dəstəkdən otuz santimetrə qədər yuxarıda rəzə vardı. Puaro
rəzəni çəkdi və bir də qapını açmaq istədi. Amma qapı yenə də özünü o yerə qoymadı.
– Deyəsən, unudubsunuz... – doktor irəli atıldı. – Biz axı qapını o üzdən kilidləmişik.
Puaro dalğın-dalgın mızıldandı:
– Hə, doğrudu, – dedi, əslində isə sanki başqa bir şey düşünürdü. Heyrətlə qaşlarını
çəkmişdi.
– Uyğun gəlir, yox? – deyə Buk soruşdu. – Adam burdan keçir. Aradakı qapını örtəndə
barmaqları süngər torbasına toxunur. Elə o an ağlına bir şey gəlir və qanlı xəncəri torbaya
soxur. Sonra xanım Habbardı oyandırdığının fərqinə varmadan o biri qapıdan koridora sivişir.
– Hə, dediyiniz kimidi. Yəqin ki, elə də olub, – Puaro dedi, amma hələ də üzündə
heyrət dolu o ifadə vardı.
– Ancaq nəsə başqa şey var? – deyə Buk soruşdu.
– Deyəsən, sizi açmayan nəsə bir şey sezibsiniz, eləmi?
Puaro ona ani bir nəzər saldı:
– Siz də eyni şeyi müşahidə etmədinizmi? Yox, belə başa düşürəm ki, gözünüzdən
yayınıb. Nəsə... Elə ciddi bir şey deyil.
Bələdçi qapıdan başını uzatdı:
– Amerikalı qadın gəlir.
Doktor Konstantin suçluymuş kimi onlara baxdı. Xanım Habbardın səhhəti ilə
maraqlanmamışdı. Amma qadın ondan gileylənmədi. Bütün gücüylə diqqətini başqa şeyə
yönəltmişdi.
Qapıya çatar-çatmaz xanım Habbard nəfəsini dərmədən:
– Sizə bir şeyi açıq-açığına deyəcəyəm! – deyə çığırdı. – Mən artıq bu kupedə qala bilmərəm!
Mənə bir milyon dollar da versəniz, bu gecə burada yatmaq fikrim yoxdu!
– Axı, madam...
– Nə deyəcəyinizi bilirəm. Amma sizə açıq deyirəm, heç bir halda razılaşacaq deyiləm! Bütün
gecə koridorda oturmağa da razıyam! – Xanım Habbard artıq ağlamağa başlamışdı. – Ah, kaş ki
qızım bu vəziyyəti bir görəydi... Bu halımı görəydi bir...
Puaro sərt şəkildə onun sözünü kəsdi:
– Yox, madam. Siz məni yanlış anladınız. Sizin bu istəyiniz çox normaldı. Çamadanlarınız
dərhal başqa bir kupeyə daşınacaq, narahat olmayın.
Xanım Habbard yaylığını aşağı saldı:
– Düz deyirsiniz? Ah! İndidən özümü yaxşı hiss etməyə başladım. Amma qatar doludu.
Əlbəttə kişilərdən biri...
Buk söhbətə qoşuldu:
– Madam, əşyalarınız bu vaqondan daşınacaq. Sizi bundan sonrakı vaqona yerləşdirəcəyik.
Ordakı kupelərdən birinə. Həmin vaqon qatara Belqradda qoşulub.
– Hə, bax, bu çox yaxşı oldu. Mən düşündüyünüz kimi elə əsəbi bir qadın deyiləm. Amma bir
ölüylə yanaşı kupedə yatmaq!.. – xanım Habbard titrədi. – İnanın ki, dəli ola bilərəm.
Buk bələdçini səslədi:
– Mişel, bu xanımın əşyalarını Afina-Paris vaqonundakı boş kupeyə daşıyın.
– Baş üstə, müsyö. Bunun kimi üç nömrəliyə əmr edirsiniz?
Yoldaşı cavab verməyə macal tapmamış Puaro dilləndi:
– Madamın başqa bir nömrədə qalması daha yaxşı olar. Məsələn, 12 nömrəli kupedə.
– Yaxşı, müsyö. – Bələdçi çamadanları götürdü.
Xanım Habbard minnətdarlıqla Puaroya tərəf döndü:
– Siz çox xeyirxah və həssassınız, müsyö. İnanın ki, sizə böyük bir minnətdarlıq
borcum var.
– Boş seydi, madam, inanın, boş şeydi. Biz də sizinlə birlikdə gedirik. İstəyirik ki, orada yerinizi
rahatlamağınızı öz gözlərimizlə görək.
Üç kişi xanım Habbardı yeni kupesinə apardı. Qadın razılıqla yan-yörəsinə
boylandı.
– Çox gözəl!
– Xoşunuza gəldimi, madam? Baxın, elə çıxdığınız kupenin özüdü ki var!
– Hə, elədi. Ancaq üzü başqa yanadı. Nə isə, elə də vacib deyil. Bu qatarlar ya üzü bu yana
gedir, ya da o yana.
– İndi razı qaldınızmı, madam?
– Düzü, lap o qədər də deyə bilmərəm. Bu qar yığınına saplanıb qalmışıq, heç kim də bir
tədbir görmək istəmir. Minəcəyim gəmi isə birisi gün yola düşəcək.
– Madam, biz də sizinlə eyni vəziyyətdəyik, – Buk dedi. – Özü də hamımız.
– Hə, doğrudu, – deyə, xanım Habbard etiraf etdi.
– Amma bunu da nəzərə alın ki, gecəyarısı məndən başqa heç kimin kupesindən bir qatil
keçməyib.
– Ancaq mən hələ də bir məsələdən baş aça bilmirəm, madam, – Puaro dedi. – Aradakı
qapının rəzəsinin keçirildiyini dediniz. Elə olan halda qatil sizin kupenizə necə girə bilərdi, anlaya
bilmirəm? Qapının rəzəli olduğundan əminsinizmi?
– A, nə danışırsınız, o isveçli xanım qapını mənim gözlərimin qabağında yoxladı.
– Elə isə, gəlin o kiçik səhnəni gözlərimizin önündə canlandırmağa çalışaq.
Yerinizdə uzandığınıza görə qapını görməyiniz mümkün deyildi.
– Bəli. Əlbəttə ki, o süngər torbasına görə. Ah! Gərək təzə süngər torbası alam. Buna
baxdıqca ürəyim bulanır.
Puaro süngər torbasını götürüb yan kupeyə açılan qapının dəstəyindən asdı:
– Belə... Başa düşürəm... Rəzə dəstəkdən altdadı. Süngər torbası onun üstünü örtür. O xanım
rəzənin keçirilmiş olduğunu dedi.
– Hə, elə dedi.
– Ancaq o xanım bir səhv eləyib, madam. Nə demək istədiyimi başa düşürsünüz, eləmi? –
Belə görünürdü ki, Puaro durumu açıqlamağa cəhd göstərir. – Rəzə deyilən şey, çıxıntılı uzunsov
dəmir parçasıdı. Sağa çəkildiyi vaxt qapı kilidlənir. Sola çəkilərsə, açılır. Hər halda miss Olson qapını
yoxlamağına yoxlayıb, ancaq o biri üzdən kilidlənmiş olduğuna görə yanılıb. Elə zənn eləyib ki, qapı
sizin tərəfinizdən kilidlənib.
– Nə deyim, sarsaq bir şeydi.
– Madam, çox yaxşı və çox itaətkar biri həm də çox ağıllı demək deyil.
– Orası elədi, təbii ki.
– Hə, ağlıma gəlmişkən, İstanbula da qatarlamı getmişdiniz, madam?
– Yox, gəmiylə getmişdim. Orada qızımın bir tanışı qarşıladı, məni İstanbulda gəzdirdi. Ah!
Kim bilir, qızım bu başıma gələnləri eşidəndə nə deyəcək! Üstəlik, gəmiyə də gecikəcəyəm. İlahi,
belə də müsibət olar! – Xanım Habbard yenə də ağlamaq üzrəydi.
Hövsələsi daralmağa başlayan Puaro bu fürsətdən dərhal yararlandı:
– Madam, siz bu cür şok keçiribsiniz. Qoy ofisianta tapşırım, sizə bir qəhvə gətirsin.
– O konyakdan başım hərləndi. Mən içkiyə heç vərdişkar deyiləm. Bəli, qəhvə çox yerinə
düşərdi.
– Amma ondan qabaq tamamlanması lazım olan bir rəsmiyyətçilik var.
Çamadanlarınızı axtarmağıma izin verirsinizmi, madam?
– Niyə axtaracaqsınız ki, çamadanlarımı?
– Bütün sərnişinlərin əşyalarını axtarmağa başlayırıq. Sizə o qorxunc hadisəni
xatırlatmaq istəməzdik, amma süngər torba məsələsi var.
– Aman, ya rəbbim! Hə, bəlkə də əşyaları axtrmağınız daha yaxşı olar. Bir də elə pis sürprizə
dözüm gətirə bilmərəm.
Araşdırma sürətlə başa çatdı. Xanım Habbardın əşyası elə də çox deyildi. Bir şlyapa qutusu,
ucuz çamadan, içi basabas doldurulmuş bir çanta. Əgər xanım Habbard qız nəvələrinin şəkillərini
göstərməkdə israr etməsəydi, axtarış lap tez bitə bilərdi.
– Bu mələklərə baxın hələ! Görürsünüz də necə şirin balalardı,
yox?..
XV FƏSİL
Sərnişinlərin əşyaları

– Başlamağına başladıq, ancaq heç nə tapa bilmədik,


– Buk dedi. – İndi kimin çamadanını axtaracağıq?
– Ən asanı kupedən-kupeyə keçmək olar, məncə. Yəni işə 16 nömrəlidən
başlayacağıq. Cənab Hardmanın çamadanlarını axtaraq.
Hardman siqaret çəkirdi. Onları nəzakətlə qarşıladı:
– Buyurun, cənablar. Əlbəttə, kupeyə sığa bilərsinizsə.
Buk nə istədiklərini deyincə yekəpər detektiv anlayışla başını tərpətdi:
– Çox gözəl. Düzünü desəm, bu işə lap əvvəldən niyə başlamadığınızı fikirləşirdim. Buyurun,
bu da mənim açarlarım. Əgər ciblərimi də yoxlamaq istəsəniz, buyurun. Çamadanlarımı
düşürümmü?
– Bələdçilər düşürər, narahat olmayın. Mişel!
Hardmanın iki çamadanını dərhal axtardılar. Əşyaları arasında ən çox diqqəti çəkən içki
şüşələri oldu. Hardman gülə-gülə onlara göz basdı. Buk:
– Belə görünür, içki yasağını vecinizə almırsınız, müsyö Hardman, – deyərək gülümsədi.
– Doğrusu, deyə bilmərəm ki, bu yasaq məni çox narahat eləyir.
– Ah! – Puaro köks ötürdü. – Amerikanı görmək istərdim.
Hardman:
– Orda yeni metodlar öyrənə bilərdiniz, – deyə cavab verdi. – Avropanı bir balaca silkələmək
lazımdı, yoxsa lap turşuyacaq.
Puaro başıyla razılığını bildirdi:
– Əlbəttə, Amerika sürətlə irəliləyir – burada sizinlə razıyam. Amerikalıların heyran olduğum
tərəfləri də çoxdu. Ancaq bunu da deyim ki, – bəlkə də siz məni gericil hesab eləyəcəksiniz, –
düzü, amerikan qadınlarını bizimkilər qədər bəyənə bilmirəm. Bir fransız qızı... Ya da belçikalı.
Çox şirin, sevimli olurlar.
Hardman başını çevirib bir müddət qar yığınlarına baxdı və handan-hana dilləndi:
– Bəlkə də siz haqlısınız, cənab Puaro. Amma hər kəs öz ölkəsinin qızlarını xoşlayır.
– Qar gözlərinə yağılıbmış kimi kirpiklərini qırpdı. – Çox parıltılıdı e, bu qar. Elə deyilmi?
Adamın gözünü qamaşdırır. Bu vəziyyət sinirlərimi pozmağa başladı, cənablar. Cinayət, üstəgəl də
qar. Əldən də heç nə gəlmir. Oturub nə cürsə vaxtını öldürməyə çalışırsan. Nəsə eləmək, ya da
kiminsə izinə düşmək istərdim.
Puaro güldü:
– Əsl Amerika düşüncəsidir.
Bələdçi çamadanları yerinə qoydu. Qonşu kupeyə keçdilər. Polkovnik Arbetnot bir küncdə
oturub nəsə bir jurnal oxuya-oxuya qəlyan çəkirdi.
Puaro durumu başa salınca polkovnik etiraz etmədi. Kupedə iki iri dəri çamadan
vardı.
– Qalan əşyalarımı gəmiylə yollamışam, – polkovnik dedi.
Arbetnotun əşyaları səliqəylə yerləşdirilmişdi. Çamadanların axtarılması bir-iki dəqiqə çəkdi.
Puaro əşyaların arasındakı bir paket qəlyan lüləsi təmizləyən fırçanı gözdən qaçırmadı.
– Həmişə eyni markadan istifadə edirsiniz?
– Demək olar ki, hə. Təbii ki, tapa bildikcə.
– Aha! – Puaro başını tərpətdi. Bu fırçalar, ölünün kupesində tapılan fırçaların
eynisiydi.
Arbetnotun yanındakı kupe knyaginya Draqomirovanınkıydı. Qadın işdən hali olunca:
– Madam gərəkli hesab eləyirsiniz, – dedi, – çamadanlarımın açarları
xidmətçimdədi. Qoy o sizə yardım etsin.
– Belə görünür, xidmətçinizə çox etibar eləyirsiniz?
Knyaginya sakit-sakit:
– Bunu sizə demişdim, – deyə cavab verdi. – Güvənmədiyim birinə yanımda çalışmağa izin
vermərəm. – Bir an dayandı. – Sədaqət və bağlılıq – indi belə şey hələ- hələ qarşına çıxmaz.
Pulla alınan şeylər də deyil ki, alasan.
Alman xidmətçi açarları gətirəndən sonra knyaginya koridora çıxıb qar yığınlarına baxmağa
başladı. Puaro da çamadan axtarışı işini Buka həvalə edib, yaşlı qadının yanına getdi. Knyaginya
istehzalı bir təbəssümlə onu süzdü:
– Hə, müsyö, çamadanlarımda nələr olduğunu görmək istəmirsinizmi? Puaro
başını buladı:
– Madam, bu, sırf rəsmiyyət üçündür.
– Buna əminmisiniz?
– Sizin şəxsinizdə, hə.
– Ancaq bilirsiniz ki, mən Sonya Armstronqu tanıyır, özü də çox istəyirdim. Buna nə deyirsiniz
bəs? Kasetti kimi alçaq bir adamı öldürərək əllərimi onun murdar qanına batırmayacağımı
düşünürsünüzmü? Nə deyim, bəlkə də siz haqlısınız. – Puaronun cavab vermədiyini görüb səsini
yüksəltdi. – Heç bir şey deyə bilmirsiniz, müsyö Puaro. Görəsən, bu anda ağlınızdan nələr
keçir?
Belçikalı ona baxdı:
– Məncə, sizin gücünüz qollarınızda deyil, iradənizdədi, madam.
Knyaginya qara paltarının örtdüyü incə qollarına və üzüklərlə bəzədilmiş pəncəyə
bənzəyən sarı, quru əllərinə baxdı:
– Doğrudur... Əllərimdə heç güc qalmayıb. Bax, bilmirəm buna sevinməliyəm, yoxsa
kədərlənməliyəm.
– Çevrilib kupesinə girdi.
Knyaginyanın kupesinin yanındakı iki qapının ikisi də bağlıydı. Buk dayanıb başını qaşıdı:
– Lənət şeytana. Bu, heç xoşagələn iş deyil. Bu sərnişinlərin diplomatik pasportları
var. Onların çamadanları axtarıla bilməz.
– Bəli, gömrükdə olmaz, ancaq söhbət bir qətldən gedirsə, olar...
– Bilirəm... Amma aləmin bir-birinə dəyməsini də
istəmirəm.
– Fikir eləməyin, dostum. Kontla Kontes bizi başa düşəcəklər, – Puaro dedi, sonra
Bukun cavabını gözləmədən 13 nömrəli kupenin qapısını döydü.
– Girin, – biri içəridən dedi.
Kont qapının yanında bir küncdə oturub qəzet oxuyurdu. Kontes isə pəncərənin qabağındakı
kresloda oturmuşdu. Başının altında yastıq vardı. Hiss olunurdu ki, yuxudan yenicə oyanıb.
Puaro Kont Andreniyə vəziyyəti başa saldı. Qraf bir an dayanıb qaldı, sonra da
çamadanlarının axtarılmasına razılıq
verdi:
– Bizə başqa sərnişinlər kimi yanaşmağınızı istəyirəm.
– Üzünü xanımına çevirdi. – Məncə, sən də etiraz eləmirsən, hə, Yelena?
Kontes heç tərəddüd etmədən:
– Təbii ki, yox, – deyə cavab verdi.
Əşyalar vaxtı zərrəcə uzatmadan yoxlanıldı. Puaro nəsə anlaşılmaz şəkildə
mızıldanaraq utandığını ört-basdır etməyə çalışırdı.
– Madam, çamadanınızdakı bu etiket islanıb.
Kontes cavab belə vermədi. Deyəsən, bütün bu işlərdən cana doymuşdu. Dalğın- dalğın
pəncərədən dışarı baxırdı.
Puaro əlüzyuyanın üstündəki dolabı açıb araşdırmanı başa çatdırdı. Burada bir süngər, üz
kremi, pudra və yuxu dərmanı vardı.
Ondan sonra Retçettin və Puaronun kupesini axtardılar.
Axtarılma növbəsi gəlib ikincidərəcəli vaqonun sərnişinlərinə çatmışdı. Birinci kupedə Meri
Debenhemlə Qreta Olson vardı.
Miss Debenhem kitab oxuyur, isveçli qadın isə mürgüləyirdi. Onlar içəri girəndə
diksinib oyandı.
Puaro onlara vəziyyəti başa saldı. İsveçli qadın həyəcanlandı. Meri Debenheminsə
tükü belə tərpənmədi.
Puaro miss Olsona:
– İzin verirsinizsə, əvvəlcə sizin çamadandan başlayaq, – dedi. – Ondan sonra bəlkə gedib
xanım Habbardı yoxlamaq lütfü göstərərsiniz. Onu başqa bir vaqona keçirmişik. Ancaq hələ də
əsəbləri qaydasında deyil.
İsveçli qadının ürəyi xanım Habbarda görə çox pis olmuşdu deyə, kiçik
çamadandakı bir neçə əşyası gözdən keçirildikdən sonra dərhal özünü bayıra atdı.
Meri Debenhem də kitabını bir yana qoydu. Puaro onun çamadanını rəfdən
düşürəndə:
– Miss Olsonu nə üçün oraya göndərdiniz? – deyə
soruşdu.
– Mənmi, madmazel? Təbii ki, amerikalı xanıma baş çəkməsi üçün, başqa nə olacaq
ki!
– Çox gözəl bəhanədi – gözəl olmağına. Amma bəhanədi ki, bəhanə.
– Nə demək istədiyinizi başa düşə bilmədim, madmazel?
– Çox yaxşı başa düşdünüz. – Qız gülümsədi. – Mənimlə baş-başa qalmaq
istəyirdiniz. Yoxa elə deyil?
– Lütfən, madmazel... mən elə bir şey demədim.
– Hətta fikirləşmədiniz də? Yox, siz bu haqda düşündünüz, düzdürmü?
– Xanım bizdə...
– Mənim də başı işləyən və bəzi şeyləri nəzərdən qaçırmayan bir insan olduğumu qəbul
etməlisiniz, müsyö Puaro. Sizə nə üçünsə elə gəlir ki, bu iyrənc hadisə haqqında mənim nəsə
məlumatım var. Yəni indiyə qədər heç görmədiyim o adamın öldürülməsi ilə bağlı...
– Xeyr, xanım, bu, sadəcə, sizin təxəyyülün məhsuludu.
– Heç də təxəyyül deyil. Ancaq məncə, adam dərhal həqiqəti dilə gətirməməklə, sözü
ağzında çeynəməklə vaxtını boş yerə itirmiş olur.
– Və sizin vaxtı yelə verməkdən heç xoşunuz gəlmir. İstəyirsiniz ki, dərhal mövzuya keçəsiniz.
Yaxşı, elə olsun. O halda mən də sizə Suriyadan gəldiyimiz vaxt eşitdiyim bir neçə sözün nə mənaya
gəldiyini soruşacağam. Konya stansiyasında bir az gəzişmək üçün qatardan düşmüşdüm. Qaranlıq
gecədə sizin və polkovnik Arbetnotun səsini eşitdim. Ona deyirdiniz ki: “İndi olmaz, indi olmaz.
Qoy hələ hər şey başa çatsın... Bütün bunlar arxada qalsın, sonra...” Bu sözlərlə nəyi nəzərdə
tuturdunuz, madmazel?
– Siz elə hesab eləyirsiniz ki, bu sözlərlə... mən cinayəti nəzərdə tuturdum? – qız
sakit tərzdə soruşdu.
– Xanım, burda sualları mən verirəm.
Meri ah çəkdi. Dərin düşüncəyə daldı. Sonra:
– Əlbəttə ki, o sözlər boşuna deyilməmişdi, bir mənası vardı, müsyö, – qız dedi. – Amma bu
haqda sizə heç nə deyə bilmərəm. Di gəl, sizə and içirəm ki, Retçett adlı o adamı bu qatara
minən günə kimi heç vaxt görməmişəm.
– Deməli... o sözlərin mənasını açıqlamaqdan imtina edirsiniz?
– İstəyirsinizsə, elə də başa düşün. İmtina edirəm. O sözlərin... boynuma götürdüyüm
bir tapşırıqla bağlı- lığı vardı.
– Bu tapşırıq başa çatıb da artıq, eləmi?
– Nə demək istəyirsiniz?
– O iş başa çatdı, eləmi?
– Niyə belə fikirləşirsiniz ki?
– Mənə qulaq asın, madmazel. Sizə başqa bir şey də xatırladacağam. Toros ekspresinin
gecikməsi... O vaxt da çox həyəcanlandınız. Baxmayaraq ki, əslində çox sakit və soyuqqanlı bir
insansınız.
– “Şərq ekspresi”ni qaçırmaq istəmirdim.
– Bəli, elə də dediniz. Amma “Şərq ekspresi” İstanbuldan hər gün yola çıxır. O
günkü qatarı qaçırsaydınız, iyirmi dörd saat sonrakı ekspresə minərdiniz.
Miss Debenhem hirslənməyə başlayırdı:
– Londonda məni gözləyən yoldaşlarım var. Birgünlük ləngimə hər şeyi alt-üst edə
bilərdi.
– Eləmi? Ancaq nə olsun, elə bu qatar da gecikəcək. Və vəziyyət bu dəfə daha pis olacaq –
buradan Londonda sizi gözləyən yoldaşlarınıza vəziyyət haqda nə teleqram vura, nə də başqa
cür xəbər verə biləcəksiniz. Məsələn, beynəlxalq telefonla...
– Siz şəhərlərarası demək istəyirsiniz?
– Bəli-bəli...
– Haqlısınız. İnsanın yoldaşlarına telefonla xəbər verə bilməməsi, ya da bir teleqram
vura bilməməsi adamı əsəbiləşdirir.
– Amma bu dəfə halınızı heç pozmursunuz. Hövsələniz heç daralmır, tələsənə oxşamırsınız.
Sakit və filosofanə halınız var.
Meri Debenhem qızararaq dodağını dişlədi.
– Cavab vermirsiniz, madmazel.
– Bağışlayın. Cavab vermək lazım olduğunu bilmirdim.
– Heç halınızı pozmamağınızdan danışırdıq...
– Siz milçəkdən fil düzəltməyinizin fərqindəsinizmi, müsyö Puaro?
Belçikalı sanki üzr istəyirmiş kimi əllərini iki yana açdı:
– Bağışlayın. Biz detektivlərin də qüsuru budur. Biz insanların bütün davranışları arasında
məntiq axtarırıq. Ruhi dəyişikləri nəzərdən qaçırmırıq.
Meri Debenhem heç nə demədi.
– Polkovnik Arbetnotu yaxşı tanıyırsınızmı, madmazel? – Puaroya elə gəldi ki, mövzunu bu
şəkildə dəyişdirməsi qızı sakitləşdirdi.
– Onunla ilk dəfə bu səfərdə qarşılaşmışam.
– Sizin onun Retçetti tanımasıyla bağlı bir şübhəniz vardımı?
Miss Debenhem qəti şəkildə başını buladı:
– Əminəm ki, tanış deyildilər.
– Siz niyə belə əmin danışırsınız ki?
– O özü deyib mənə.
– Lakin biz Retçettin kupesində döşəmədə bir qəlyan təmizləyən fırça tapdıq. Qatarda isə
polkovnik Arbetnotdan başqa qəlyan çəkən yoxdu. – Puaro diqqətlə qızı süzürdu. Amma Meri
Debenhem yenə də nə çaşdı, nə də həyəcanlandı.
– Tam cəfəngiyatdı. Gülünc söhbətdi bu. Polkovnik Arbetnot cinayətə qarışacaq bir adam
deyil. Üstəlik də, belə melodramatik drama heç vaxt baş qoşmaz.
– Sizə xatırlatmalıyam ki, onu kifayət qədər dərindən tanımırsınız. Qız
çiynini çəkdi:
– O cür tipləri çox yaxşı tanıyıram.
Puaro çox nəzakətlə:
– Mənə o sözlərin nə anlama gəldiyini deməyəcəksinizmi? – deyə soruşdu. – “Her
şey arxada qalandan sonra...”
Meri Debenhem soyuq şəkildə cavab verdi:
– Deyəcəyim başqa heç nə yoxdu.
– Vacib deyil, – Erkül Puaro dedi. – Onsuz da necə olur olsun, öyrənəcəyəm. – Qıza
təzim edərək kupedən çıxdı.
– Bu hərəkətinizi ağıllı bir şey hesab eləyirsiniz, dostum? – deyə Buk narazılıq etdi.
– Qız bundan belə daha diqqətlə davranacaq. Polkovnik də eləcə.
– Dostum, dovşan tutmaq istəyən gərək onun yuvasına bir dələ buraxa. Dovşan
içəridədirsə, mütləq çölə çıxacaq. Mən də eyni şeyi elədim.
Hildeqarda Şmidtin kupesinə çatdılar. Alman qadın hörmət-izzətlə onları dəvət etdi. Sakitiydi.
Puaro onun kiçik çamadanını yoxladı. Sonra da bələdçiyə işarə elədi ki, rəfdəki böyük çamadanı
düşürsün.
– Açar?
– Çamadan kilidli deyil, müsyö, – deyə Hildeqarda Şmidt cavab verdi. Puaro
çamadanın qayışlarını açıb qapağını qaldırdı:
– Hə! – Buka sarı döndü. – Yadınızdamı sizə nə demişdim? Hələ bir buraya baxın!
Çamadanın lap yuxarısında qatlanmış xidmətçi paltarı vardı. Bir bələdçi uniforması.
Sakit alman qadının özünü aparmasında birdən-birə dəyişiklik baş verdi.
– Ah! O mənim deyil! İstanbuldan çıxandan bəri o çamadana heç baxmamışam.
Mənə inanın! – Qadın baxışlarıyla yalvarırdı.
Puaro şəfqətlə onun qolundan tutaraq sakitləşdirməyə çalışdı:
– Həyəcanlanmayın. Sizə inanıram. Təlaşlanmayın. Sizin yaxşı bir aşpaz olduğunuza
nə qədər arxayınamsa, o uniformanı oraya qoymamanıza da bir elə əminəm. Yoxsa... Siz yaxşı
aşpazsınız, eləmi?
Çaşqın hala düşmüş qadın özünü saxlaya bilməyərək güldü:
– Bəli, həqiqətən də bütün xanımlarım elə deyirdilər. Mən... – Ara verdi.. Ağzı bir
qarış açıq qalmışdı. Üzünə yenə də qorxu dolu bir ifadə çökmüşdü.
– Ürəyinizi sıxmayın, – Puaro dedi. – Hər şey yolundadı. Sizə hadisənin necə baş verməsini
danışacağam. Bələdçi uniformasıyla gördüyünüz adam ölünün kupesindən çıxanda sizinlə
qarşılaşır, hətta toqquşur. Əlbəttə, o bunu gözləmirdi. Çünki hesab eləmişdi ki, heç kimlə
qarşılaşmayacaq. Sonramı?.. Nə olur olsun o uniformanı başından eləməsi lazımıydı. Bu artıq onun
üçün bir təhlükəydi. – Onu diqqətlə dinləyən Buk və doktor Konstantinə baxdı. – Çünki qatar
qara girəndə qatilin bütün planları alt-üst olmuşdu. Uniformanı harada gizləyəcəkdi? Bütün
kupelər doluydu. Amma açıq bir qapının qabağından keçəndə bu kupenin boş olduğunu gördü.
Düşündü ki, hər halda bu kupe qarşılaşdığım qadınındı. Nəzərə çarpmadan içəri girib
uniformanı çıxardı və rəfdəki çamadanın içinə soxuşdurdu. – Puaro uniformanı götürdü.
Üçüncü düyməsi qopmuşdu. Puaro əlini pencəyin cibinə saldı, bütün qapıları açmaqda işə yarayan
o ana açarlardan birini çıxardı. – Baxın, bu da qatilin bağlı qapılardan necə keçməsinin cavabı. İndi
qalır o qırmızı xələti tapmaq.
– Haqlısınız. Qalan son iki kupedə kişi sərnişinlər var.
– Nə olur olsun, onların çamadanlarını da axtaracağıq.
– Hə, əlbəttə, dediklərinizi unutmamışam...
Hektor Makkuin əşyalarının axtarılmasına dərhal izin verdi:
– Belə olması mənə də sərf eləyir. Bilirəm ki, bu qatarda ən çox məndən şübhələnirsiniz. Bir
də Retçettin bütün sərvətini mənə bağışlamasını bildirən bir vəsiyyətnamə də tapsanız, hər şey
tamam olur. – Bukun ona şübhəylə baxdığını görüb həyəcanla əlavə elədi. – Zarafat edirəm. O
mənə bir sent də vəsiyyət eləməyib. Mən Retçettin əlindən tuturdum. Dil baxımından-filan.
İngiliscədən başqa bir dil bilməyən adam üçün səfər eləmək çox sıxıntılı olar. Mənsə bir az
fransızca, almanca və italyanca bilirəm. – Səsini bir az qaldırmışdı. Öz istəyini söyləmiş olmasına
baxmayaraq, əşyalarının axtarılması onu həyəcanlandırırdı sanki.
Puaro işini bitirmişdi.
– Heç bir şey yoxdu. Sizdən şübhələnmək üçün əsas verəcək vəsiyyətnamə belə
yoxdu.
Makkuin dərindən nəfəs alıb gülümsəyə-gülümsəyə:
– Nəsə, çiynimdən dağ götürüldü, – dedi.
Puaronun qrupu sonuncu kupeyə keçdi. Yekəpər italyanla ingilis qulluqçunun
çamadanlarının axtarışı da bir nəticə vermədi.
Üç kişi koridorun başında dayanaraq bir-birinə baxdı. Puaro:
– Vaqon-restorana gedək, – deyə mızıldandı. – Artıq öyrənə biləcəyimiz hər şeyi öyrəndik.
Başqa heç kimdən yardım gözləyə bilmərik. İndi növbə çatdı başımızdan istifadə eləməyə. –
Siqaret tənəkəsini açdı. Amma boşdu. – Mən indi gəlirəm. Kupemdən siqaret götürəcəyəm... Çox
qəribə hadisədi bu. Qırmızı xələtli qadın kimdi axı? Xələt indi hardadı? – Çevrilib sürətlə koridorla
irəlilədi. Öz kupesinə gedib çamadanlardan birini açdı. Sonra da heyrətdən gözlərini bərəldib
çamadana baxdı.
Lap üstdə əjdaha işləməli incə, qırmızı ipək bir xələt qoyulmuşdu.
– Deməli belə, hə? – Belçikalı detektiv pıçıldadı. – Deməli, mənə meydan oxuyurlar. Nolar,
qoy elə olsun... Axır ki, görüşəcəyik.
Üçüncü hissə
Son
I FƏSİL
Kim?

Puaro qayıdıb vaqona gələndə müsyö Bukla doktor Konstantin nə haqdasa qızğın- qızğın
söhbət eləyirdilər. Müsyö Buk sıxıntılı və üzgün görünürdü.
– Hə, axır ki... – Puaronu görüncə Buk dedi. Detektiv oturandan sonra isə davam elədi. –
Dostum, baxın nə deyirəm. Əgər bu müəmmanı aça bilsəniz, onda mən möcüzələrə həqiqətən
inanacağam.
– Demək, bu hadisə sizi gerçəkdən narahat eləyir?
– Əlbəttə narahat edir, mən hələ də bir şey başa düşə bilmirəm.
– Elə mən də sizin kimi, – Doktor dedi. Maraqla Puaroya baxırdı. – Düzünü desəm, bundan
sonra nə eləyə biləcəyinizi belə təxmin etmirəm.
– Eləmi? – Puaro fikirli-fikirli dedi. Tənəkəsini çıxarıb nazik, qısa siqaretlərindən birini
yandırdı. Gözlərində sonsuz dalğınlıq ifadəsi vardı. – Mənimçün bu hadisənin maraq oyandıran
tərəfi də budur. Biz adi metodlarla sorğulama apara bilmərik. Dindirdiyimiz bütün bu insanların
dedikləri doğrudurmu? Yoxsa hər kəs bir yalan uydurur? Bunu anlamaqçün əlimizdə heç bir şey
yoxdu. Sadəcə, biz onları yoxlamaq üçün özümüzdən nələrsə uydura bilərik. Bu isə bizdən böyük
ixtiraçılıq tələb edir.
Müsyö Buk:
– Çox yaxşı, çox pakizə, – dedi. – Amma əlinizdə hansısa bir dəlil varmı?
– Dedim axı. Sərnişinlərin danışdıqları və bizim öz gözlərimizlə gördüklərimiz.
– Dəlil də nə dəlil! İllah da sərnişinlərin danışdıqları. Mən sizə demişdim ki, onların
heç biri işə yaramayacaq.
Puaro başını buladı.
– Mən elə düşünmürəm, dostum. Sərnişinlərin danışdıqları arasında diqqətimi çəkəcək
bir neçə məqam üzə çıxdı.
– Doğrudan? – Müsyö Buk şübhəylə mızıldandı.
– Düzü, mən onları tutmamışam.
– Çünki qulaq asmayıbsız.
– A... elə isə nəyi buraxdığımı mənə deyin.
– Məsəlçün, götürək ilk şahidi. Gənc Makkuinin dediklərini. Məncə, çox diqqətəlayiq
bir şey söylədi.
– Məktublar haqqında dediklərinimi deyirsiniz?
– Xeyr-xeyr, məktublar haqqında deyil. Yadımdadı ki, Makkuin belə bir şey dedi: “Səfərlərə
çıxırdıq. Cənab Retçett dünyanı gəzib-görmək istəyirdi. Başqa bir dil bilməməsi onun işini
çətinləşdirirdi. Mən katibdən çox tərcümanlıq eləyirdim”. – Puaro bir doktora, bir də Buka baxdı.
– Yəni “nə olsun” demək istəyirsiniz? Yenə də başa düşmədinizmi? Bunu sizə bağışlamaq olmaz.
Çünki Makkuin, “İngiliscədən başqa dildə danışa bilməyən bir insan səfərlərdə çətinlik çəkər”, –
dediyi zaman əlinizə ikinci bir fürsət düşmüş oldu, ancaq qaçırdınız. – Yəni?.. – Bukun üzündə hələ
də çaşqın bir ifadə vardı. – Ah, hər şeyi sizə heca-heca başa salmaq lazımdı məgər? Lap yaxşı, elə
isə qulaq asın! Cənab Retçett fransızca bilmirdi. Amma dünən gecə bələdçi çalınan zəngə cavab
vermək üçün gedib Retçettin qapısını döyəndə içəridən kimsə ona fransızca cavab
verərək bir yanlışlıq olduğunu deyib. Fransızca. Üstəlik də ancaq fransızca mükəmməl bilən biri o
cür ifadələr seçə bilərdi. O danışığı beş-altı kəlmə fransızca öyrənmiş birinin danışması mümkün
deyil.
Konstantin həyəcanla çığırdı:
– Haqlısınız! Biz gərək bunu başa düşəydik! İndi sınmış saatı nəyə görə dəlil olaraq qəbul
etməyi çox da istəmədiyinizi anlamağa başlayıram. Çünki saat birə iyirmi üç dəqiqə qalmış
Retçett artıq ölmüşdü... – Konstantin təsiredici tərzdə fikrini bitirdi. – Və fransızca cavab verən
şəxs də onun qatiliydi.
Puaro əlini qaldırdı:
– Hövsələniz olsun. Bildiklərimizə bəzi məqamları da əlavə eləyək. Zənnimcə indiki halda
rahatlıqla: “O sırada, yəni birə iyirmi üç dəqiqə qalmış Retçettin kupesində başqa biri vardı. Və bu
kişi ya fransızdı, ya da fransızca çox yaxşı danışa bilirdi” deyə bilərik.
– Siz çox tədbirlisiz, dostum.
– İnsan gərək addım-addım irəliləsin. Retçettin o sırada ölmüş olduğunu göstərəcək heç bir
dəlilimiz yoxdu.
– Sizi oyandıran o fəryadı yaddan çıxarırsınız!
– Haqlısınız.
– Bir yandan da, – müsyö Buk düşüncəli tərzdə dedi, – bu kəşf heç nəyi dəyişmir. Siz
kiminsə yandakı kupedə gəzişdiyini eşitdiniz. Retçett deyil, o, başqa bir adamdı. Yəqin ki,
əllərindəki qanı yuyur, təhlükəli məktubu yandırırdı. Sonra ara sakitləşincəyə qədər gözləyir,
Retçettin qapısını içəridən kilidləyib zənciri taxır. Sonra xanım Habbardın kupesinə açılan
qapıdan qaçır. Yəni vəziyyət yenə də əvvəl düşündüyümüz kimi qalır. Sadəcə, fərq bircə ondadı ki,
Retçett yarım saat qabaq öldürülüb və qatilin alibisi üçün saat ikiyə on beş dəqiqə işləmişdə
durdurulub.
– Yox, əşi, elə də güclü alibi deyil, – Puaro dedi. – Sadəcə, əqrəblər 01:15-i göstərir. Yəni
həmin vaxt yan kupedəki çağırılmamış qonaq cinayət yerini tərk eləyib.
Bukun fikirləri lap dolaşmışdı:
– Haqlısınız. Yaxşı, bəs indi bu saat sizə nə deyir?
– Əgər əqrəblər irəliləyibsə, onda göstərdiyi vaxtın nəsə bir mənası var. Təbii ki, əgər
irəliləyibsə. O zaman saatın göstərdiyi dəqiqə, yəni 01:15-də harada olduğunu, nə iş
gördüyünü yaxşıca isbatlaya bilən hər kəsdən şübhələnməyə haqqımız çatır.
– Bəli-bəli, – deyə doktor başını tərpətdi. – Bu, çox məntiqli səslənir.
– Bundan başqa, o adamın kupeyə girdiyi zamanla da bir az maraqlanmağımız lazım
gəlir. O, nə vaxt bunu eləməyə imkan tapdı? Əgər əsl bələdçinin bu işlə bir bağlılığı olmadığını
düşünsək, onda belə çıxır ki, qatil yandakı kupeyə girmək imkanını bir dəfə əldə eləyib. Yəni qatar
Vinkovcidə dayandığı vaxtlarda. Qatar oradan qalxdıqdan sonra bələdçi üzü koridora tərəf
oturubmuş, elə isə ola bilsin, sərnişinlərdən kimsə bələdçi geyimində olan ikinci şəxsə baxmasın,
ancaq əsl bələdçinin bu yalançı bələdçini gözdən qaçırması mümkün deyildi. Qatar Vinkovcidə
dayananda bələdçi perrona çıxır, deməli, koridor boş olur.
– Yenə də sıfır nöqtəsinə qayıtdıq, – Buk dedi. – Qatil sərnişinlərdən biridi. Amma
hansı?
Puaro gülümsədi:
– Mən bir siyahı hazırlamışam. Bəlkə yaddaşınızı bir az təzələyə, – deyib, Buka bir
kağız uzatdı.
II FƏSİL
On sual

Kağızda yazılmışdı:
İZAHI VACİB OLAN SUALLAR:
1. Üstündə “H” markası olan yaylıq kimindir?
2. Cinayət yerində düşmüş qəlyan fırçası polkovnik Arbetnotundur, yoxsa
başqasının?
3. Qırmızı xələti geyinən kim olub?
4. Bələdçi qiyafətinə girən qadın və ya kişi kimdir?
5. Saatın əqrəbləri nə üçün 01:15-i göstərirdi?
6. Cinayət o aralarda baş vermişdimi?
7. Yoxsa bundan əvvəl?
8. Bəlkə bundan da sonra baş verib?
9. Retçetti birdən artıq adamın bıçaqladığından əmin ola bilirikmi?
10. Bədənindəki yaraları başqa necə izah etmək olar?
Bu sualları zəkasına qarşı bir meydan oxuma hesab edən müsyö Bukun kefi bir az duruldu:
– Baxaq görək, indi nəsə eləyə biləcəyikmi? Başda yaylıq gəlir. Bu işi qaydaya uyğun
və nizamlı şəkildə araşdıraq.
Puaro razı şəkildə başını tərpətdi:
– Əlbəttə, dostum.
Buk davam etdi:
– “H” markalı olan yaylıq üç qadına aid ola bilər – xanım Habbard, ikinci adı
Hermiona olan miss Meri Debenhem və otaq xidmətçisi Hildeqarda Şmidt.
– Of! Yaxşı, indi içlərindən hansı?
– Bax, bunu demək çox çətindir. Amma mən miss Debenhemi seçərdim. Bəlkə də onu əslində
ikinci adıyla çağırırlar. Bundan başqa, onsuz da ondan şübhələnirik. Sizin eşitdiyiniz o söhbət
həqiqətən də çox qəribədi. Üstəlik, qızın dediyi o sözlərin mənasını açıqlamaması da şübhəyə əsas
verir.
– Mən amerikalının üstündə dayanardım, – doktor Konstantin dedi. – O yaylıq bahalı yaylıqdı.
Hamınız da bilirsiniz ki, amerikalılar nəyə gəldi çoxlu pul verməyi xoşlayırlar.
– Demək, – Puaro soruşdu, – ikiniz də otaq xidmətçisini siyahıdan çıxarırsınız?
– Bəli. Qadının özünün də dediyi kimi, bu yaylıq yuxarı təbəqədən olan birinindi.
– İndi isə ikinci sual. Qəlyan təmizləyən fırça polkovnik Arbetnotundu, yoxsa başqa
birinin?
– Bu daha çətin sualdı. İngilislər adam bıçaqlamırlar. Bu baxımdan haqlısınız.
Məncə, o fırçanı kimsə oraya qəsdən atıb ki, o caydaq ingilisdən şübhələnək.
– Haqlısınız, müsyö Puaro. Eyni vaxtda iki dəlil qatilin çox diqqətsiz olduğunu göstərir, –
doktor da öz fikrini bildirdi. – Mən də müsyö Bukla eyni fikirdəyəm. Məncə, qatil bu yaylığı
görməyib. Ona görə də qadınlardan heç biri yaylığın ona aid olduğunu demir... Qəlyan təmizləyən
fırça isə saxta dəlildi. Sonra polkovnik Arbetnot qəlyan çəkdiyini və o tip təmizləyicidən istifadə
etdiyini bizdən gizləmədi.
Puaro başını tərpətdi:
– Məntiqiniz tam ağlabatandı.
Buk davam elədi:
– Üçüncü sual: qırmızı xələti geyinən kim idi? Doğrusu, bu məsələ ilə bağlı deyə
biləcəyim heç nə yoxdur. Bəs siz necə, doktor Konstantin?
– Mən də sizin kimi.
– Onda gəlin, bu baxımdan tam məğlub olduğumuzu boynumuza alaq. Yenə də şükür, ondan
sonrakı sualı, heç olmasa, daha asan saymaq olar. Bələdçi qiyafəsinə girən qadın və ya kişi kimdi?
Bunu eləməyəcək adamların siyahısını çox asanlıqla çıxara bilərik. Hardman, polkovnik
Arbetnot, Foskarelli, Kont Andreni və Hektor Makkuin.
Bunların hamısının boyları çox uzundu. Xanım Habbard, Hildeqarda Şmidt və Qreta
Olsonun bədəni çox enlidi. Yerdə – qulluqçu, miss Debenhem, knyaginya Draqomirova və Kontes
Andreni qalır.
Bunların da heç biri uyğun deyil. Qreta Olson da, Antonio Foskarelli də ayrı- ayrılıqda miss
Debenhemin və qulluqçusunun kupelərindən çıxmadığına and içirlər. Hildeqarda Şmidt
knyaginyanın öz kupesində olduğuna and içir. Kont Andreni isə bizə xanımının yuxu dərmanı içib
yatdığını dedi. Yəni belə çıxır ki, xələti kimsə geyməyib. Əlbəttə ki, bu da çox gülünc söhbətdi, –
Puaro mızıldandı. – Köhnə dostumuz Öklidin dediyi kimi...
Buk siyahıdakı növbəti suala keçmişdi:
– Beş... saat nədən 01:15-i göstərirdi? Bunu iki cür yozmaq olar: birincisi, ya qatil alibi
qazanmaq üçün saatı dəyişdirib. Amma sonra kimlərinsə koridorda dolaşdığını hiss edib kupedən
çıxmayıb. İkincisi: ya da... dayanın-dayanın, ağlıma bir şey gəlir... – Buk başındakı fikirlərlə
vuruşduğu sürədə yoldaşları hörmətlə gözlədilər. – Vəssalam, tapdım, – axır ki, vuruşu bitirib
dedi. – Saatı qabağa çəkən yataqlı vaqon qatili deyil, ikinci qatil dediyimiz adamdır. Solaxay qatil.
Yəni qırmızı xələtli qadın. O, kupeyə daha sonra gəlib və özünə alibi qazana bilmək üçün saatı
dəyişdirib.
Doktor Konstantin:
– Bravo, – deyə çığırdı. – Yaxşı fikirdi.
– Qadın Retçetti qaranlıqda bıçaqlayıb, – Puaro da fikrini dedi. – Özü də heç xəbəri olmayıb
ki, Retçett artıq öldürülüb. Ancaq necə olubsa, Retçettin cibində saat olması qənaətinə gəlib. Saatı
çıxarıb qaranlıqda geri çəkib, hətta saatı əzib.
Buk ona soyuq-soyuq baxdı:
– Sizin bundan daha ağlabatan bir təxmininiz varsa, buyurun.
– Bu dəqiqə yoxdu... xeyr, – Puaro etiraf etdi. – Amma yenə də saatla bağlı ən əsas məqamı
dəyərləndirə bilmədiyiniz qənaətindəyəm. İkinizin də.
– Altıncı sual bununla bağlı deyilmi? – doktor soruşdu. – Cinayət məhz o ərəfədə
işlənmişdimi? Yəni 01:15-də. Mənim cavabım: xeyr.
– Mən də eyni fikirdəyəm, – Buk dedi. – Ondan sonrakı sual: yoxsa ondan da əvvəl
baş vermişdi? Mən “bəli” deyirəm. Bəs siz, doktor?
Doktor başını yellədi:
– Fikrinizi bölüşürəm. Ondan sonrakı “Ya da o vaxtdan sonra?” sualı da eyni şəkildə
cavablandırıla bilər. Mən də sizinlə eyni fikirdəyəm, müsyö Buk. Məncə, elə müsyö Puaro da...
Amma o, qətiyyən danışmaq istəmir. İlk qatil 01:15-dən əvvəl gəlib... İkinci qatilin gəlişisə 01:15-
dən sonraya düşür. Solaxaylığa gəlincə... Sərnişinlərdən hansının solaxay olduğunu öyrənmək
üçün hərəkətə keçməməliyikmi?
– Elə bilməyin ki, mən bu işi nəzərdən qaçırmışam, – Puaro dedi. – Bəlkə də bilirsiniz.
Sorğulama zamanı hər kəsə ünvanını yazdırır, ya da imzasını atdırırdım. Təbii ki, yekun fikrə
gəlmək üçün bunu tam əsas saya bilmərik, çünki bəzi insanlar bəzi işləri sağ əlləriylə, bəzilərini isə
sol əlləriylə görürlər. Məsələn, kimlərsə sağ əliylə yazır, ancaq solla qolf oynayır. Amma nə qədər
olmaya, bu yoxlama da bir şeydi. Sorğuya çəkilən hər kəs qələmi sağ əlinə götürürdü. Knyaginya
Draqomirovadan başqa. O da ki, yazmaq istəmədi.
– Knyaginya Draqomirovamı? – Buk çığırdı. – Mümkün deyil!
– Onun sol əllə zərbə endirməyə yetəcək gücü olduğunu zənn eləmirəm, – doktor dedi. – O
yara daha ciddi bir güclə açılmışdı.
– Bir qadında ola biləcəyindən daha artıq bir gücləmi?
– Yox, elə demək istəmirəm. Amma yaşlı bir qadında olduğundan daha artıq güc
lazım idi. Knyaginya Draqomirova isə çox taqətsiz, zəif bir qadındı.
– Ola da bilsin ki, bu hadisədə əsas rolu bədənin imkanlarını aşan ruhi güc oynayıb,
– Puaro dedi. – Knyaginya Draqomirovanın güclü şəxsiyyəti və müdhiş iradəsi var. Amma
hələlik bu fikri bir qırağa qoyaq.
– Doqquzuncu və onuncu suala keçməyə nə deyirsiniz? Retçetti bir neçə adamın
bıçaqlamasından tam əmin ola bilərikmi? Bədənindəki yaraları başqa necə izah eləmək olar ki?
Bir doktor kimi deyirəm bunu. Tibb elmi baxımdan o yaralar başqa cür izah edilə bilməz. Bir
adamın əvvəlcə zəif, sonra güclü zərbəylə bıçağı endirdiyini, əvvəlcə sağ, sonra sol əlindən istifadə
etdiyini, bəlkə də yarım saata qədər gözlədikdən sonra ölünün bədənində yeni deşiklər açdığını
iddia etmək sarsaq bir şey olardı.
– Bəli, bu çox məntiqsiz olardı, – Puaro cavab verdi.
– Sizcə, iki qatil ehtimalı məntiqə uyğun gəlirmi?
– Siz özünüz də söylədiniz bunu. Bu dəlilləri başqa necə izah eləmək olar? Puaro
gözünü qabağa, nəsə bir nöqtəyə dikib baxırdı.
– Mən də öz-özümdən elə bunu soruşuram. Dayanmadan soruşduğum budu ki var!
– Belçikalı arxaya yayxandı. – Bundan sonrakı bütün dəlillər ancaq buradadı, – Puaro barmaqlarını
alnına vurdu. – Hər şeyi müzakirə etdik. Hadisələr gözümüzün qabağındadı. Bunlar nizamla sıraya
düzülüb. Sərnişinlər bir-bir burada oturdular və - gördüklərini, bildiklərini danışdılar. Bayırdan
öyrənilə bilinəcək hər şeyi bilirik. – Buka mehribanlıqla gülümsədi. – Kresloda arxaya yaslanıb
düşünə-düşünə həqiqəti tapmaq fikri, olsun ki, bizim ikimizin də zarafatıydı. Amma indi mən
sizin gözlərinizin qarşısında nəzəriyyəni təcrübəyə tətbiq etməyə başlayacağam. Siz də eyni cür
etməlisiniz. Gözlərimizi bağlayaq və düşünməyə başlayaq: Retçetti o sərnişinlərdən biri və ya bir
neçəsi öldürüb. Kimlərdi onlar?
III FƏSİL
Bəzi vacib xırdalıqlar

On beş dəqiqəyə qədər kimsə ağzını açmadı.


Müsyö Bukla doktor Konstantin, Puaronun təlimatlarına uyğun hərəkət etməyə çalışaraq işə
başladılar. Bir-birinə zidd təfərrüatları ayırd eləyib, dəqiq, məntiqli nəticəyə gəlməyə çalışırdılar.
Müsyö Buk fikirləşirdi: “Bəli, yaxşı-yaxşı düşünməliyəm... Ancaq elə buna qədər də
düşünürdüm də... Puaronun ingilis qızının bu işlə əlaqəsi olduğuna inandığı aydındı. Məncə, o
yanılır... İngilislər çox soyuqqanlı millətdirlər... Bütün bunlar da onların boşluğundan irəli gəlir. Bu
işi italyanın gördüyünə də inanmıram... heyif... Hər halda, ingilis qulluqçu o birinin kupedən heç
çıxmadığını iddia etdiyi zaman yalan demirdi. Nədən yalan desin ki? İngilisləri pulla-parayla
susdurmaq asan deyil!.. Deyəsən, hər şey uğursuzluğa doğru gedir. Məni maraq götürüb ki, bu
cəhənnəmdən nə vaxt canımızı qurtaracağıq. Hər halda, bizi xilas etmək üçün hərəkətə keçiblər.
Bu adamlar da o qədər ağır hərəkət edirlər ki... Sonra bu ölkələrin polisləri. Onlarla da bir xeyli
girinc olacağıq... Təbii ki, hadisə haqda qəzetlər də yazacaq...” – Ondan sonra Buk öz-özünə
bundan qabaq bəlkə yüz kərə düşündüyü şeyləri təkrar-təkrar fikirləşib, bir yana çıxara bilmədi.
Doktor Konstantin isə belə fikirləşirdi: “Bu balaca adam da nə qəribədi e. Bu adam ya dahidi,
ya dəli?.. Bu müəmmanı aça biləcəkmi? Mümkün deyil. Mən bu işin sonunda bir zərrə də olsa işıq
görə bilmirəm... Hər şey adamın ağlını qarışdırır... Bəlkə də hamısı yalan-palan danışıb bizə...
Bununsa bizə heç bir xeyri yoxdu. Dediklərinin yalan olması isə həqiqəti söyləyəcəkləri halda
olduğu kimi işi lap dolaşdırır. O yaralar da çox qəribədi... Heç cür baş aça bilmirəm...
Adamı tapançayla vursaydılar, ağlım bir şey kəsərdi. Amerika qəribə ölkədi. Oraya getmək
istərdim... Görəsən, Zia indi neyləyir?.. Arvadım bu vəziyyətdən xəbər tutsa... – Doktor bundan
sonra ancaq öz şəxsi məsələlərini düşünməyə başladı.
Erkül Puaro hərəkətsiz oturmuşdu. Adama elə gəlirdi ki, yatıb.
Beləcə, on beş dəqiqə sus-pus oturduqdan sonra qaşları ağır-ağır qalxmağa başladı. Yüngülcə
köks ötürdü. Nəsə astadan mızıldanırdı. “Axı niyə də olmasın? Əgər elədisə, onda hər şey açıla
bilərmi?” Gözlərini açdı. Pişik gözü kimi yamyaşılıydı gözləri.
– Hə... – sakit-sakit dilləndi, – mən hər şey haqda fikirləşdim. Bəs siz? Fikrə
getmiş iki yoldaşı diksindi.
Buk bir az günahkarcasına:
– Mən də fikirləşdim, – deyə cavab verdi. – Amma bir nəticəyə gələ bilmədim. Cinayətlərin
üstünü açmaq sizin bacaracağınız işdi, dostum. Mənim görə biləcəyim iş deyil.
Doktor da:
– Mən də dərin-dərin fikirləşdim, – deyə açıqladı. – Ağlıma bir xeyli ciddi ehtimallar
gəldi, lakin bunlardan heç biri məni razı salmır.
Puaro dostyana şəkildə başını buladı. Sonra yerindəcə dikəlib sinəsini irəli verdi.
Bığlarını sığalladı. Və toplantılarda çıxış eləməyə vərdiş eləmiş natiqlər kimi:
– Dostlarım, deyə sözə başladı. – Hadisələri, şahidlərin dediklərini bir-bir başımdan keçirdim.
Bu nəticəyə gəldim: hadisələri ancaq bir şəkildə izah eləyə bilərik. Bu izah hələ ki, bir az qeyri-
müəyyəndi. Amma eyni zamanda da diqqətçəkicidi. Əlbəttə ki, doğru olub-olmadığından
hələlik tam əmin deyiləm. Vəziyyəti tam öyrənmək üçün bəzi yoxlamalar keçirmək
məcburiyyətində qalacağam. Əvvəlcə vacib hesab elədiyim
məqamları sadalayacağam. Müsyö Bukla burada ilk dəfə nahar elədiyimiz gün ətrafımızda
hər təbəqədən, hər yaşdan və hər millətdən insan vardı. Bu fəsildə elə də görünməmiş bir şeydi.
Məsələn, Afina-Paris və Buxarest-Paris vaqonları az qala tamamilə boşdu. Sonra, qatara gəlib
çıxmamış sərnişini də yada salın. Məncə, bu çox vacibdi. Sonra diqqətimi çəkən başqa xırda
detallar da var. Məsələn, xanım Habbardın süngər torbasının yeri, xanım Armstronqun anasının
adı, cənab Hardmanın detektivlik üsulları, Makkuinin tapdığımız yarıyanıq məktubu Retçettin
özünün yandırdığını deməsi, knyaginya Draqomirovanın adı və bir macar pasportundakı yağ
ləkəsi.
Doktor və Buk ona heyrətlə baxdılar.
– Bu məqamlar sizə bir şey söyləmirmi? – Puaro soruşdu.
Buk açıq-açığına “Xeyr”, – deyə etiraf etdi.
– Doktor, bəs sizə?
– Nədən danışdığınızı belə başa düşmədim.
Yoldaşının sözləri arasında bircə şeyi başa düşmüş müsyö Buk bu vaxt pasportları
əlləşdirirdi. Nəhayət, nəsə mızıldanaraq Kont və Kontes Andreninin pasportunu açdı:
– Ləkə düşən pasport bu deyilmi?
– Bəli. Bu ləkə lap təzəlikcə düşüb. Ləkənin hara düşdüyünə fikir verdinizmi?
– Kontun xanımıyla bağlı hissədədi. Daha doğrusu, gənc qadının kiçik adının yazılı olduğu
yerdə. Amma yenə də nə demək istədiyinizi anladığımı zənn eləmirəm.
– Bu mövzuya başqa yöndən yanaşacağam. Keçək hadisə yerində tapdığımız yaylığa. Bir az
əvvəl də danışdığımız kimi, “H” markasıyla üç qadının bağlılığı ola bilər. Xanım Habbardın, miss
Debenhemin və xidmətçi Hildeqarda Şmidtin. İndi bu yaylığa başqa bir yöndən baxaq. Çox bahalı
yaylıqdı, dostlarım. Lüks bir şeydi. Parisdə əldə hazırlanıb, üstünə marka işlənib. Sizcə, markasını
çıxmaq şərtilə, sərnişinlərdən hansının belə bir yaylığı ola bilər?
Xanım Habbardın ola bilməz. Çünki onun geyim məsələsində heç bir çılğın iddiası yoxdu. Miss
Debenhemin də ola bilməz. Bu tip ingilis qadınları incə kətan yaylıqdan istifadə edirlər. Hələ
xidmətçi qadın belə şeyi heç ala bilməz. Amma qatarda belə yaylıqlardan ala biləcək iki qadın var.
Baxaq görək, “H” markasını onlardan hansısa birinə bağlaya bilərik? Nəzərdə tutduğum iki
qadından biri knyaginya Draqomirovadı...
Buk istehzalı bir tərzdə atıldı:
– Adı Natali olan xanım?
– Bəli. Bir az öncə dediyim kimi, bu ad çox ciddi şübhələr doğurur. İkinci qadın isə
Kontes Andrenidi. Belə olduğu təqdirdə bir şey diqqətimizi çəkir.
– Bizim yox, sizin!
– Yaxşı, mənim olsun. Kontesin pasportda yazılmış kiçik adı yağ ləkəsi üzündən bir az
oxunmaz hala düşüb. Bunu bir qəza da hesab eləmək olar. Amma Kontesin kiçik adını düşünün.
Deyək ki, bu gənc qadının adı Yelena deyil, Helenadırsa? “H” hərfi asanlıqla “E”6 şəklinə salına
bilər. Sonra da bu dəyişikliyi gizləmək üçün üstünə yağ damızdırırlar.
Buk:
– Helena! – deyə qışqırdı. – Buyur, buna deyərəm fikir.
– Özü də necəsindən! Mən öz tapıntımı isbat etmək üçün – baxmayaraq ki, o elə də böyük
deyil – bir az araşdırma apardım və bəzi şeylər tapdım. Kontesin çamadanlarından
birinin üstündəki bir etiket azca islanmıştəhər idi. Və bu, çamadanın yuxarısındakı markanın ilk
hərfinin üstündəydi. Etiket başqa bir yerdən çıxarılmış, sonra markanın üstünə yapışdırılmışdı.
– Məni fikrimdən daşındırmağa başladınız, – Buk dedi. – Amma Kontes Andreni... qətiyyən...
yox...
– Eh, dostum, siz indi geri dönməli və hadisəyə tamamilə başqa yöndən
baxmalısınız. Fikirləşin, bu cinayətin bütün dünyaya necə görünməsini istəyirdilər? Qarın
qatilin əsl planını alt-üst etmiş olduğunu unudun. Bir an qar olmadığını və qatarın normal şəkildə
yola davam etdiyini təsəvvür edək. O zaman necə olacaqdı?
– Hər halda, cinayət dünən yox, bu səhər tezdən İtaliya sərhədində ortaya çıxacaqdı.
Sərnişinlər bizə danışdıqlarının çoxunu İtaliya polisinə danışacaqdılar. Təhdid məktubları
Makkuin tərəfindən göstəriləcəkdi. Cənab Hardman da öz əhvalatını danışacaqdı. Xanım Habbard
bir adamın kupesindən keçdiyini danışmaq üçün əldən- ayaqdan gedəcəkdi. Düymə tapılacaqdı.
Məncə, sadəcə, iki şey fərqli olacaqdı. Adam xanım Habbardın kupesindən saat birdən qabaq
keçəcəkdi, vaqon bələdçisinin uniforması da tualetlərdən birində tapılacaqdı.
– Yəni?..
– Yənisi budu ki, cinayət əslində elə planlaşdırılmışdı ki, qatilin qatara eşikdən daxil olması
təsəvvürü yaransın. İşlər qarışmasaydı, qatilin 00:58-də Brodda qatardan düşdüyü düşünüləcəkdi.
Hər halda, biri koridorda yad bir vaqon bələdçisinin yanından keçəcəkdi. Uniforma hiylənin necə
həyata keçirilməsinin anlaşılması üçün göz qabağında olan bir yerə atılacaqdı. Və beləcə, heç kim
sərnişinlərdən şübhələnməyəcəkdi. Yəni qatardan kənardakı dünya bu hadisəni bu şəkildə
qavrayacaqdı. Amma qatarın qəzaya uğraması hər şeyi alt-üst elədi. Hər halda, qatil də öz
qurbanıyla kupedə o qədər uzun müddət qalmağa buna görə məcbur olub. O gözləyirdi ki, qatar
yoluna davam eləməyə başlasın. Amma axır başa düşdü ki, qatar yerindən tərpənməyəcək. Artıq
fərqli planlar qurulması lazım idi. Çünki bundan sonra qatilin hələ də qatarda olduğunu
düşünəcəkdilər.
– Bəli-bəli, – Buk səbirsizcə dedi. – Bütün bunları başa düşürəm. Amma yaylığın bu
işə nə dəxli var axı?
– Bir az qarışıq yolla olsa da, o yaylığın üstünə gəlirəm. Əvvəlcə, bunu bilməlisiniz: o təhdid
məktubları əslində bir hiylədi. Elə bil hətta sarsaq bir amerikan romanından olduğu kimi
köçürülüb. Əslində, onsuz da bu məktublar polis üçün hazırlanmış şeylərdi. İndi öz-özümüzdən
bunu soruşa bilərik: bu məktublar Retçetti aldada bilmişdimi? Üzdən baxanda cavab “yox”
olacaq, yəqin ki! Hardmana verdiyi təlimata görə, onun çox yaxşı tanıdığı “xüsusi” bir düşmənin
üstündə dayandığı başa düşülür – yəni əgər Hardmanın danışdıqlarının doğru olduğunu qəbul
etmiş olsaq. Retçettə bambaşqa bir məktub gəldiyinə isə şübhə ola bilməz. Bu, Arsmtronqların
körpə uşağıyla bağlı kupedə bir parçasını tapdığımız məktubdu. Retçettin ölümlə təhdid
edilməsinin səbəbini başa düşməyəcəyi ehtimalı vardı, bax, həmin bu məktub da onun bu səbəbi
yaxşıca anlaması üçün yazılmışdı. Əslində bu məktubun tapılması da istənilən deyildi. Qatilin ilk işi
bu məktubu yox etmək olmuşdu. Beləliklə, planın qarşılaşdığı ikinci tərslik də buydu, ilkincisi qar
idi, ikincisi isə o məktub parçasından məna çıxarmağımız. Məktubun o qədər diqqətlə
yandırılmasını isə ancaq belə izah etmək olar: qatarda Armstronq ailəsiylə çox yaxınlığı olan biri
vardı. Və məktubun tapılması bütün şübhələrin dərhal o şəxsin üzərinə toplanmasına səbəb
olacaqdı.
İndi isə gələk əldə elədiyimiz başqa iki dəlilə. Qəlyan təmizləyən fırçanın üstündən keçirəm.
Onun haqqında çox danışmışıq. İndi keçək yaylıq müəmmasına. Ən bəsit şəkildə izah etsək...
bu, adı “H” hərfiylə başlayan birinin cinayətlə əlaqəsi olduğunu və o şəxsin yaylığı özü də bilmədən
düşürdüyünü göstərir.
– Tamamilə doğrudu, – doktor Konstantin dedi. – Bu qadın görəndə ki, yaylığını
itirib, onda öz adını gizləmək üçün tədbir tökməyə başlayır.
– Tələsməyin, əzizim! Siz mənim heç vaxt xoşlanmayacağım şəkildə tələsik qənaətlər
çıxarırsınız.
– Başqa necə ola bilər ki?
– Ola bilər. Məsələn... deyək ki, bir cinayət hadisəsi törətmisiniz və günahı başqa birinin
üstünə yıxmaq istəyirsiniz. Qatarda isə Armstronq ailəsiylə yaxın əlaqəsi olan biri var. Bir qadın.
Deyək ki, cinayət yerinə o qadına aid bir yaylıq atırsınız. Qadın sorğu- suala tutulacaq və
Armstronq ailəsiylə olan bütün bağları ortaya çıxarılacaq. Və buyurun, bu da sizinçün həm motiv,
həm də əleyhinizə olan əşyayi-dəlil.
Doktor etiraz etdi:
– Amma belə bir vəziyyətdə işə qarışdırılan şəxs suçsuz olduğu üçün özünün kim
olduğunu gizləməyə çalışmaz.
– Eləmi? Siz elə düşünürsünüz? Məhkəmədə belə düşünürlər. Ancaq mənim insan
xarakterindən başım çıxır, dostum. Əmin olun, cinayət törətməkdə ittiham olunmaq ehtimalıyla
qarşılaşan biri, nə qədər suçsuz olursa olsun, nə eləməli olduğunu çaş salacaq və dünyanın
ən gülünc addımlarını atacaq. Yox-yox. Yağ ləkəsi və yeri dəyişdirilən etiket sadəcə, Kontes
Andreninin hansısa bir səbəbdən bizim onun həqiqi kimliyini üzə çıxarmağımızı istəmədiyini
göstərir.
– Bəs onun Armstronqlarla nə bağlılığı ola bilər? Axı özü də deyir ki, Amerikada
olmayıb.
– Bəli. O, ingiliscə ləhcəylə danışır. Görünüşdən də oxşamır. Cavan qadın bunu xüsusilə
nəzərə çarpdırır. Amma onun kim olduğunu təxmin etmək heç də çətin deyil. Mən elə bir az qabaq
xanım Armstronqun anası haqda danışdım. Adı Linda Ardendi, çox tanınmış bir aktrisaydı. Əsasən
də Şekspirin əsərlərində oynardı. Arden meşəsini və Şekspirin Rozalinda adlı qadın xarakterini
yada salın. Linda Arden səhnə üçün ad axtararkən bunlardan yararlanmışdı. Bütün dünya onu
Linda Arden adıyla tanıyırdı. Amma əsl adı bu deyildi. Bəlkə də Qoldenberqdi. Hesab eləyirəm
ki, damarlarında yəhudi qanı vardı. Axı Amerikaya bir çox millətdən olan insanlar axışırlar. Məncə,
cənablar, xanım Armstronqun o faciə ərəfəsində kiçik bir uşaq olan bacısı Helena Qoldenberqdi.
Yəni Linda Ardenin kiçik qızı. Və Kont Andreni Vaşinqtonda attaşe olanda qız onunla
evlənmişdi.
– Amma knyaginya Draqomirova qızın bir ingilislə evləndiyini dedi bizə.
– Knyaginya o adamın adını xatırlaya bilmədi! Sizdən soruşuram, bu, mümkündümü?
Knyaginya Draqomirova Linda Ardeni çox sevərmiş. Böyük ledilərin böyük sənətkarları sevdikləri
kimi. Aktrisanın qızlarından birinin xaç anasıymış. Knyaginya o biri qızın evləndiyi adamın adını bu
qədər tez unuda bilərmi sizcə? Mənə elə gəlir ki, mümkün deyil. Məncə, knyaginya
Draqomirovanın yalan söylədiyini qətiyyətlə iddia edə bilərik. O, Helenanın qatarda olduğunu
bilirdi. Onu görmüşdü. Retçettin əslində kim olduğunu eşidər-eşitməz, Helenadan şübhə
edəcəyimizi anladı, buna görə də ondan xanım Armstronqun bacısı haqda soruşduğumuz zaman
yalan dedi. Guya çox da yaxşı xatırlayammırdı, amma Helena, deyəsən, bir ingilislə evlənibmiş. Bu
sözlər həqiqətdən çox uzaqdı.
Ofisiantların biri dibdəki qapıdan girib onlara yaxınlaşdı. Buka:
– Axşam yeməyi servisinə başlaya bilərikmi, müsyö?
– deyə soruşdu. – Yemək hazır olduğu üçün deyirəm.
Buk Puaroya baxdı. Belçikalı başını tərpətdi:
– Əlbəttə-əlbəttə. Başlaya bilərsiniz.
Ofisiant o biri başdakı qapıdan çıxıb gözdən itdi. Əlindəki zəngi çalır və ingilis,
fransız dillərində deyirdi:
– İlk servis. Axşam yeməyi hazırdır. İlk servis...

6 Orijinalda ad Elena olduğu üçün


IV FƏSİL
Pasportdakı yağ ləkəsi

Puaro, Buk və doktor bir masada oturmuşdular.


Vaqon-restorana yığışmış hər kəsin ovqatı təlx idi. Hamı, demək olar ki, ağzına su alıb
oturmuşdu. Gəvəzəliyi ilə tanınan xanım Habbard belə anormal sayılacaq qədər səssiz
görünürdü. Oturduğu yerdə nəsə mızıldanırdı: “Ürəyim heç nə istəmir”.
Ancaq bir az sonra ona baxmaqda özünü mükəlləf saydığı anlaşılan isveçli qadının
ürəkləndirici sözlərindən iştahlanan xanım Habbard gətirilən hər yeməkdən yedi.
Yemək verilməmişdən qabaq Puaro baş aşpazın qolundan yapışıb qulağına nəsə demişdi.
Kont və Kontes Andreniyə ən axırda yemək verildiyini, yeməyin sonunda isə hesabın gec
gətirildiyini görəndə, Konstantin Puaronun baş aşpaza necə təlimat vermiş olduğunu başa düşdü.
Ər-arvad masadan qalxdılar. Puaro da yerindən dik qalxıb onların ardınca getdi.
– Pardon, madam, yaylığınız düşdü, – Puaro hadisə yerindən tapılmış həmin o kiçik
yaylığı xanıma uzadaraq dedi.
Xanım Kontez yaylığı alıb, ötəri bir nəzər saldı, sonra geri qaytardı:
– Yanılırsınız, müsyö. Bu yaylıq mənim deyil.
– Deyil? Əminsinizmi?
– Tamamilə əminəm, müsyö.
– Amma üstündə sizin ad markanız var, madam: “H” hərfi.
Kont Puaroya doğru hərəkət elədi, ancaq Puaro ona fikir vermədi. Gözlərini
Kontesin üzünə dikmişdi. Kontes sakitcə ona baxıb:
– Başa düşmədim, müsyö? – deyə cavab verdi. – Mənim adımın baş hərfləri “Y.A.”-
dır.
– Mən elə hesab eləmirəm. Sizin adınız Helenadı, Yelena deyil. Helena Qoldenberq.
Linda Ardenin kiçik qızı. Xanım Armstronqun bacısı Helena Qoldenberq.
Araya bir neçə an gərgin səssizlik çökdü. Həm Kontun, həm də Kontesin üzü kağız
kimi ağarmışdı.
Puaro bu dəfə daha yumşaq bir səslə:
– Danmağa gərək yoxdu, – dedi. – Elə deyil?
Kont hirsindən qışqırdı:
– Müsyö, bu nə cürət?..
Kontes xırda zərif əlilə ərinin ağzını tutub onu susdurdu:
– Yox, Rudolf, qoy danışaq. Bu bəyin söylədiklərini danmağın xeyri yoxdu. Oturub bu haqda
danışmağımız daha doğru olardı. – Qrafinyanın səs tonu və ləhcəsi dəyişmişdi. İlk dəfəydi ki, tam
mənasında bir amerikalının ağzıyla danışırdı.
Kont səsini çıxarmadı. Qadınının əliylə verdiyi işarəyə tabe olub susdu. İkisi də eyni vaxtda
keçib Puaronun qarşısında oturdu. Kontes:
– Dedikləriniz çox doğrudu, müsyö, – dedi. – Mən xanım Armstronqun bacısı
Helena Qoldenberqəm.
– Ancaq səhər bunu demədiniz mənə, madam la Kontes.
– Elədi.
– Ərinizin və sizin mənə danışdıqlarınız başdan-ayağa yalanıydı.
Kont qəzəblə:
– Müsyö! – deyə qışqırdı.
– Acıqlanma, Rudolf. Müsyö Puaro həqiqəti bir az amansız şəkildə dilə gətirir. Amma
dediklərini danmaq mümkün deyil.
– Bunu belə rahatlıqla boynunuza almağınıza sevinirəm, madam. İndi mənə
pasportunuzdakı kiçik adınızı dəyişdirməyinizin səbəblərini söyləməzsiniz?
Kont yerindən dik atıldı:
– O iş başdan-ayağa mənə aiddir, – dedi.
Helena sakit-sakit cavab verdi:
– Müsyö Puaro, hər halda, səbəbləri təxmin edə bilərsiniz. Öldürülən bu adam körpə
qohumumun qatiliydi. Bacımın ölümünə bais olmuş, yeznəmi məhv etmişdi. Dünyada ən çox
sevdiyim üç adamın düşməniydi. Bütün dünyada ən çox sevdiyim və mənim ailəmin üzvü olan üç
nəfərin! – Kontesin səsi həyəcanla titrədi. Geniş seyrçi kütlələrini ağladan o böyük aktrisanın qızı
olduğu göz qabağındaydı. Sonra daha sakit tərzdə davam etdi:
– Qatardakı bütün sərnişinlərin içində o adamın ölməsini mənim qədər kimsə istəyə
bilməzdi.
– Lakin onu öldürən siz deyilsiniz, eləmi, madam?
– Müsyö Puaro, sizə and içirəm ki, o adamı öldürməyi bu qədər çox istəməyimə baxmayaraq,
ona barmağımı da toxundurmamışam. Ərimin də vəziyyətdən xəbəri var. O da and içə bilər ki,
məsələ mən dediyim kimidi.
– Şərəfimə and içirəm, – Kont dedi. – Helena dünən gecə ayağını kupenin kandarına
belə qoymayıb. İfadəmdə sizə dediyim kimi yuxu dərmanı atıb yatmışdı. O, mələk kimi günahsızdı.
– Puaro bir ona, bir də xanımına baxdı. Kont andını təkrarladı. – Şərəfimə and içirəm.
Puaro başını yüngülcə tərpətdi:
– Amma bununla belə, pasportda adınızın üstündə düzəliş aparmısınız?
Kont həyəcanlı tərzdə:
– Müsyö Puaro, – dedi. – Özünüzü mənim yerimə qoyun. Sizcə, mən arvadımın təmiz adının
murdar bir cinayətə bulaşdırılmasına dözə bilərdimmi? O, tam suçsuzdu. Bunu bilirdim. Amma
dedikləriniz də doğruydu. Armstronq ailəsiylə olan bağlılığı üzündən dərhal ondan
şübhələnəcəkdilər. Onu sorğulayacaq, bəlkə də tutacaqdılar. Onun Retçettlə eyni qatara
düşməsinə isə murdar bir təsadüf səbəb olub. Artıq əlimdən bircə şey gəlirdi. Sizə yalan
danışdığımı boynuma alıram, müsyö. Bircə şeydən başqa. Arvadım dünən gecə kupedən bayıra
addım atmayıb.
Kont o qədər əminliklə danışırdı ki, ona etiraz etmək mümkün deyildi. Puaro
ağır-ağır:
– Mən demədim ki, sizə inanmıram, müsyö, – dedi.
– Bilirəm ki, siz çox qədim və möhtərəm bir ailədənsiniz. Əlbəttə, xanımınızın pis bir hadisəyə
qarışması sizin üçün çox ağır olardı. Bu baxımdan sizi yaxşı başa düşürəm. Amma xanımınızın
yaylığının ölən adamın kupesində tapılmasına nə sözünüz?
– O yaylıq mənim deyil, müsyö, – Kontes dedi.
– “H” hərfinə baxmayaraq?
– Hə, ona baxmayaraq. Buna bənzər yaylıqlarım var, amma lap bu şəkildə olanı yoxumdu.
Təbii ki, mənə inanmayacağınızı bilirəm. Amma əmin olun ki, düzünü deyirəm. O yaylıq
mənimki deyil.
– Bəlkə günahı sizin boynunuza yükləmək istəyən biri atıb yaylığı kupeyə? Xəfif
təbəssümdən qrafinyanın dodaqları qaçdı:
– Yəni sonda heç nəyə baxmayaraq, yaylığın elə mənimki olduğunu etiraf etdirmək
istəyirsiniz? Əmin olun, müsyö Puaro, yaylıq mənim deyil.
– Madam ki, yaylıq sizin deyil, onda pasportdakı adı nəyə görə dəyişdirirdiniz?
Bu suala Kont cavab verdi:
– Çünkü üstünə “H” hərfi işlənmiş bir yaylığın tapıldığını eşitdik. Sorğulamadan
qabaq öz aramızda bu haqda danışdıq. Helenaya adının “H” hərfiylə başladığının
bilinəcəyi təqdirdə özünü pis vəziyyətə salacağını, ciddi şəkildə sorğulanacağını başa
saldım. Bu iş bir su içmək qədər asan olduğu üçün Helenanı Yelenaya rahatca çevirdik.
Puaro istehzalı tərzdə:
– Sizdən çox böyük bir fırıldaqçı çıxa bilərdi, müsyö lö Kont, – dedi. – Parlaq bir zəkanız və
istintaqı təəccübləndirmək üçün də güclü əzminiz var.
– Eh, yox, – gözəl qrafinya ona sarı əyildi. – Müsyö Puaro, ərim sizə olanları danışdı,
– fransızcanı dayandırıb, ingiliscə danışmağa başladı. – Qorxdum. Çox qorxdum, başa
düşürsünüzmü, ölümünə qorxdum... Bir vaxtlar çox ağır günlər keçirmişdik. İndi də yenidən hər
şeyi xortladacaqdılar. Üstəlik, məndən şübhələnəcək, hətta bəlkə də məni həbsə atacaqdılar. Çox
qorxdum, müsyö Puaro. Bunu başa düşə bilmirsinizmi?
Qrafinyanın səsi də çox gözəl idi. Qalın, şirin, yalvarışla doluydu. Aktrisa Linda
Ardenin qızının səsiydi bu.
Puaro ciddi görkəm alıb ona baxdı:
– Sizə inanmağımı istəyirsinizsə, onda mənə yardım etməlisiniz, madam.
– Sizə yardım etmək?
– Bəli. Bu cinayətin səbəbi keçmişin dərinliklərində gizlənib; ailənizi dağıdan, sizin gəncliyinizi
yaralayan o faciədə. Məni keçmişə aparın, madam. Beləcə, hər şeyi ortaya çıxaracaq o bağı
birlikdə tapaq.
– Sizə nə danışa bilərəm ki? Hamısı da ölüb artıq. – Qrafinya iztirab içində təkrarladı. –
Öldülər. Hamısı öldü. Robert, Sonya, sevimli Deizi. O qədər şirin, o qədər xoşbəxt idi... elə gözəl,
elə dadlı qıvrım saçları vardı ki! Hamımızın ondan ötrü ürəyi gedirdi.
– Başqa bir qurban da vardı, madam. Deizinin qətlinin ardınca gələn bir ölüm.
– Yazıq Suzannanı nəzərdə tutursunuz? Hə, onu unutmuşdum. Polis onu dindirmişdi.
Suzannanın hadisəylə bir əlaqəsi olduğundan arxayındılar. Bəlkə də əlaqəsi vardı, ancaq çox
günahsız şəkildə. Yəqin ki, biriylə boşboğazlıq eləyərək, ona Deizinin hansı saatlarda küçəyə-bayıra
çıxması haqda məlumat vermişdi. Bədbəxt qızcığaz hadisədən sonra çox sarsılmışdı. Onu günahkar
saydıqlarını düşünürdü. – Qrafinyanın bədənindən əsməcə keçdi. – Yəqin ki, ona görə də özünü
pəncərədən atdı. Of! Çox dəhşət bir şeydi bu. – Əlləriylə üzünü tutdu.
– Madam, milləti nəydi onun?
– Fransızdı.
– Soyadı necəydi?
– Çox qəribə olsa da, yadıma sala bilməyəcəyəm. Hamımız onu Suzanna çağırırdıq.
Gülərüz, gözəl bir qızıydı. Deizini də çox sevirdi.
– O, uşaq otağına baxırdı da, eləmi?
– Bəli.
– Bəs, dayə kim idi?
– Diplomlu tibb bacısıydı. Soyadı Stenqelberqdi. O da Deizini çox sevirdi. Bacım
Sonyanı da.
– İndi, madam, sualıma cavab verməmişdən qabaq yaxşıca fikirləşməyinizi istəyirəm.
Bu qatara mindiyinizdən bəri sizə tanış gələn biriylə rastlaşmamısınız ki?
Qrafinya Kontes ona heyrətlə baxdı:
– Mən? Xeyr, heç kimlə qarşılaşmamışam.
– Bəs knyaginya Draqomirova?
– Hə, onu deyirsiniz? Əlbəttə, onu tanıyıram. Mən sizin o... o günlərimizlə bağlılığı
olan birini nəzərdə tutduğunuzu sandım.
– Mən də elə bunu soruşurdum. İndi yaxşıca düşünün. Unutmayın, aradan illər keçib. Bu
qədər vaxtda insan çox dəyişə bilərdi.
Helena dərin-dərin fikirləşməyə başladı. Sonra da:
– Xeyr, – dedi. – Burada elə birinin olmadığından əminəm.
– Siz o hadisələrin baş verdiyi vaxt kiçik bir qız idiniz. Sizə baxan, dərslərinizlə
məşğul olan bir kimsəniz yoxuydumu?
– Hə-hə, elə biri vardı. Mənə tərbiyəçilik, Sonyaya da katibəlik eləyən ingilis idi. Daha
doğrusu, şotland. Yekəpər, qırmızısaçlı bir qadın idi.
– Adı nəydi?
– Miss Fribodi.
– Cavan, yoxsa qocaydı?
– Mənə elə gələrdi ki, çox yaşlıdı. Amma hər halda, qırxdan çox olmazdı yaşı.
Suzanna paltarlarıma baxar, otağımızın təmizliyi ilə məşğul olardı.
– Başqa kimlər vardı evdə?
– Ancaq qulluqçular.
– Qatarda heç kimi tanımadığınızdan tam əminsinizmi?
– Çox əminəm. – Qrafinya səmimi tərzdə cavab verdi.
– Qatarda heç kimi tanımıram. Heç kimi, müsyö, heç kimi.
V FƏSİL
Knyaginya Draqomirovanın adı

Qrafla qrafinya getdikdən sonra Puaro dönüb arxadaşlarına baxdı:


– Gördünüzmü, hə? Artıq irəliləyirik.
– Siz bu səhnəni çox möhtəşəm qurdunuz, – Buk onu bütün qəlbiylə öydü. – İş mənlik olsaydı,
Andrenilərdən şübhələnmək ağlımın ucundan belə keçməzdi. Boynuma alıram ki, onların bu işlə
hansısa bir əlaqəsi olduğunu düşünmürdüm. Hər halda, mənə belə gəlir ki, indi siz Kontesin
Retçetti öldürdüyünə şübhə eləmirsiniz, eləmi? Bu, çox ağır gəlir adama. Amma düşünmürəm
ki, onu gilyotinə göndərərlər. Yüngülləşdirici səbəblər var. Bir neçə il həbsə məhkum edərlər,
bundan artığı olmaz.
– Beləliklə, siz əminsiniz ki, Retçetti o öldürüb.
– Dostum, artıq hər şey göz qabağında deyilmi? Yəqin siz bilə-bilə onları elə arxayınlaşdırdınız
ki, biz qarın əsarətindən qurtarana və polis işi öz üzərinə götürənə kimi bir qarışıqlıq olmasın.
– Kont xanımının günahsız olduğunu dedi, şərəfinə and içdi. Buna inanmırsınız,
deyəsən?
– Dostum, əlbəttə, elə deyəcəkdi. Başqa nə deyə bilərdi ki? Xanımını çox sevir. Onu xilas
etmək istəyir. Yalanını ustalıqla təkrarlayır. Özünü bir zadəgan kimi aparır, ancaq əmin olun ki,
onun dedikləri yalandan başqa bir şey deyil.
– Əlbəttə, sarsaq fikirdi, ancaq mən onun dediklərinin doğru olduğunu
fikirləşirdim.
– Yox, siz nə danışırsınız? Yaylığı necə yaddan çıxarmaq olar? Yaylıq işi qətiləşdirir.
– Of, mən o yaylıq məsələsindən çox da əmin deyiləm. Yadınıza düşürsə, sizə o
yaylığın yiyəsi haqda iki ehtimal olduğundan bəhs etmişdim.
– Hətta elə olsa da... – Buk susdu.
Baş tərəfdəki qapı açılmış və knyaginya Draqomirova vaqon-restorana girmişdi. Birbaşa
onların yanına gəldi. Üçü də ayağa qalxdı.
Knyaginya o biri ikisinə fikir verməyərək Puaroyla danışmağa başladı:
– Yanılmıramsa, yaylığım sizdəymiş.
Belçikalı bir qalib ədasıyla yoldaşlarına baxdı:
– Bunu deyirsinizmi, madam? – Zərif yaylığı çıxardı.
– Hə, budur. Küncündə də ad markam var.
– Ancaq, madam la Knyaginya, – deyə Buk etiraz etdi. – “H” hərfidi bu. Bağışlayın,
amma sizin kiçik adınız Natalya deyilmi?
Qadın ona soyuq nəzərlərlə baxdı:
– Haqlısınız, müsyö. Mən həmişə yaylığıma rus hərfləriylə toxuduram adımı.
Ruscada “H”, “N” hərfi olur.
Buk bir az çaşbaş qalmışdı. Bu yaşlı sərt qadın onu çaşdırır, narahat eləyirdi:
– Axı siz bu səhərki sorğulamada yaylığın sizin olduğunu demədiniz bizə.
Knyaginya istehzayla:
– Soruşmadınız, demədim, – deyə cavab verdi.
– Madam, rica edirəm, oturun, – Puaro dedi.
Qadın ah çəkdi.
– Hə, məncə, oturmağım daha yaxşıdı, – deyib oturdu. – Bu işi bu qədər
uzatmağınız yersizdi, cənablar. Bundan sonrakı sualınızın nə olacağını bilirəm:
“Yaylığınızın cinayətə qurban gedən adamın cəsədinin yanında nə işi ola bilər?” Mən də
belə cavab verəcəyəm: “Bu haqda təsəvvürüm belə yoxdur”.
– Həqiqətənmi yoxdur?
– Qətiyyən.
– Bağışlayın, madam, amma cavablarınızın doğruluğuna nə dərəcədə inana bilərik?
– Puaro bu sözlərini çox ehtiyatla dedi.
– Məncə, ona görə belə deyirsiniz ki, mən Helena Andreninin xanım Armstronqun
bacısı olduğunu sizə deməmişəm. – Knyaginya Draqomirova ikrahla cavab verdi.
– O məsələdə bizə bilə-bilə yalan demisiniz.
– Əlbəttə. Yenə olsa, yenə də eyni cür edərdim. Anasıyla dostluq edirdim. Mən insanın
dostlarına, ailəsinə və öz zümrəsindən olanlara sadiqliyinin vacibliyinə inanan biriyəm.
– Siz haqq-ədalətin yerini tutması üçün insanın əlindən gələni etməli olduğuna
inanmırsınızmı?
– Mən elə hesab eləyirəm ki, bu işdə məhz ədalət zəfər çalıb.
Puaro irəli əyildi:
– Madam, görürsünüz ki, necə çətinliklə qarşı-qarşıyayıq. Hətta bu yaylıq məsələsində olsa
belə, sizə inana bilərəmmi? Yoxsa, yenə də dostunuzun qızını qorumaqda davam edirsiniz?
– Ah! Nə demək istədiyinizi başa düşürəm. – Knyaginyanın üzündə sərt bir təbəssüm
göründü. – Bu sözlərim çox asanlıqla təsdiq oluna bilər. Parisdə mənimçün yaylıq işləyən yerin
ünvanını sizə verəcəyəm. Onlara burada tapdığınız yaylığı göstərməyiniz bəsdir ki, bu yaylığı bir il
əvvəl sifariş verdiyimi və marka işlədiklərini sizə desinlər. O yaylıq mənimdir, bəylər. – Qadın ayağa
qalxdı. – Məndən soruşmaq istədiyiniz başqa bir şey varmı?
– Madam, sizin xidmətçiniz... Bu yaylığı bu səhər ona göstərdiyimiz zaman
tanıdımı, görəsən?
– Yəqin ki, tanımış olar. Yaylığı görüb heç nə demədi, eləmi? Hə, bu onun da sadiqliyini
göstərir. – Başıyla yüngülcə təzim eləyib, sağollaşaraq salondan çıxdı.
Puaro mızıldandı:
– Demək məsələ buymuş, hə?.. Xidmətçidən yaylığın kimin olduğunu bilib- bilmədiyini
soruşduğum zaman qadın bir an tərəddüd eləmişdi. Demək, qərara gələ bilmirmiş ki, yaylığın
əslində kiminki olduğunu desin, ya deməsin. Amma bu mənim o qəribə olan əsas fikrimə necə
uyğun gələcək? Bəli, ola bilər...
Buk əlini yellədi:
– Of! Bu knyaginya çox qorxunc qocadı.
– Retçetti knyaginya öldürmüş ola bilərmi? – Puaro doktordan soruşdu.
– Xeyr. Böyük bir güclə endirilən və əzələlərə qədər işləmiş zərbəni onun qədər zəif bir qadın
ömründə vura bilməzdi, – doktor başını yelləyərək cavab verdi.
– Yaxşı, bəs dərinə işləməyənləri?
– Hə, onlar ola bilərdi.
– Bu səhər knyaginyaya gücün onun qollarından çox, iradəsində olduğunu söylədiyim anı
fikirləşirəm, – Puaro dedi. – Bu söz əslində bir növ tələ idi. Onun hansı qoluna baxacağını görmək
istəyirdim. Sağ, yoxsa sol qoluna? Amma gözlədiyimin əksinə, iki qoluna da eyni vaxtda baxdı. Özü
də mənə qəribə bir şey dedi: “Xeyr, bu qollarda heç güc qalmayıb. Bilmirəm, buna sevinməliyəm,
yoxsa kədərlənməli?” Çox qəribə cavab idi bu. Üstəlik, cinayət haqqındakı fikrimi də qəbul eləyir.
– Bununla belə, biz hələ də bilmirik ki, solaxay zərbə endirən kimdir.
– Elədir. Hə, yeri gəlmişkən, bilmirəm siz gördünüzmü, Kont Andreni yaylığını
pencəyinin sağ döşündəki cibinə qoyur?
Buk başını buladı. Son yarım saat içində üzə çıxan heyrətverici yenilikləri fikirləşirdi.
– Yalanlar... – deyə mızıldandı. – Yenə də yalanlar...
– Hələ öyrənəcəyimiz xeyli şey var, – Puaro şövqlə dedi.
– Siz elə fikirləşirsiniz?
– İşdi, elə olmasa, mən tamamən ruhdan düşəcəyəm.
– Bu qədər yalançılıq çox qorxunc şeydi, – deyə Buk donquldandı. Sonra da gileylə
davam etdi. – Amma belə görünür ki, bu sizi çox məmnun edir.
– Bunun bu xeyri var da, – Puaro açıqladı, – əgər sizə yalan danışmış birini divara dirəyib
üzünə həqiqəti çırpsanız, doğrunu deməyə başlayacaq. Çox vaxt da çaşdığı, heyrətləndiyi üçün.
Bunu eləyə bilmək üçün təxminlərinizin doğru olması lazımdır. Bu cinayəti də ancaq bu şəkildə
incələyə bilərik. Mən növbəylə, bir-bir hər sərnişinin ifadəsi haqda fikirləşirəm, dediklərini
düşünür və öz-özümə “əgər bu adam yalan deyirsə, – deyirəm, – dediklərinin hansı hissəsi yalandı
və bunun səbəbi nədi?” Sonra, “əgər yalan deyirsə, – deyə cavab verirəm... Bu “əgər” sözünə fikir
verin. – Əgər yalan deyirsə, bu, bu səbəbdən və bu nöqtədə həqiqətdən ayrılır”. Bunu Kontes
Andrenidə uğurla uyğuladıq. İndi eyni metodu başqa bir neçə nəfərin üstündə sınaqdan
keçirəcəyik.
– Yaxşı, dostum, əgər təxmin yanlışdısa?
– O zaman heç olmasa bir nəfər şübhələrdən tamamən qurtulmuş olar.
– Eh... Deməli, siyahıdakıları bir-bir siləcəksiniz?
– Bəli.
– Elə isə indi kimi sıxışdırmağa başlayacağıq?
– Hindistandan gələn polkovnik Arbetnotu.
Polkovnik Arbetnotla ikinci söhbət

İkinci dəfə sorğu-sual edilmək üçün yenidən vaqon-restorana çağırılması polkovnik


Arbetnotu özündən çıxarmışdı.
Oturan kimi “Eşidirəm” deyərkən üzündə çox sərt ifadə vardı.
– Sizi ikinci dəfə narahat etdiyimiz üçün üzr istəyirəm, – deyə Puaro sözə başladı. – Amma
bizə məlumat verə biləcəyinizi güman elədiyim bəzi nöqtələr var.
– Eləmi? Mən heç güman eləmirəm.
– Əvvəlcə... bu qəlyan təmizləyicisini görürsünüzmü?
– Hə, nə olsun?
– Bu sizinkilərdən biri deyilmi?
– Bilmirəm. Üstünə nişan vurmuram ki.
– Polkovnik Arbetnot, İstanbul-Qala vaqonunda qəlyan çəkən bircə kişi sərnişin
olduğunuzu bilirsinizmi?
– Belə olan halda o mənimki olmalıdır.
– Bilirsinizmi bunu haradan tapmışıq?
– Heç nə deyə bilmərəm.
– Öldürülən adamın cəsədinin yanından.
Arbetnot qaşlarını çatdı.
– Polkovnik Arbetnot, bu fırça oraya necə, hansı şəkildə düşə bilər? Bunu necə izah
eləyərdiniz?
– Bunu orada salıb-itirdiyimi soruşursunuzsa, cavab verirəm: yox.
– Heç cənab Retçettin kupesində olmuşdunuzmu?
– Onunla bir kəlmə belə kəsməmişəm.
– Onunla heç kəlmə kəsməyibsiniz, heç onu öldürən də siz deyilsiniz, eləmi?
Polkovnikın qaşları yenə istehzalı bir ifadəylə çatıldı:
– Belə bir iş görmüş olsam da, hər halda sizə deməyəcəm ki! Amma doğrusunu
bilmək istəyirsinizsə, o adamı mən öldürməmişəm.
– Ah, – Puaro mızıldandı. – Nəsə, bu elə də vacib deyil.
– Nə-ə?.. – Arbetnot çaşmışdı. Həyəcanla Puaronu
süzürdü.
– Çünki qəlyan təmizləyici fırçanın elə də əhəmiyyəti yoxdu, – deyə balaca belçikalı
davam etdi. – Onun kupeyə necə düşdüyünü on bir variantda izah edə bilərəm.
Arbetnot ona daha da heyrətlə baxdı.
– Mən sizi başqa bir məsələyə görə görmək istəyirdim,
– belçikalı davam elədi. – Bəlkə miss Debenhem sizinlə Konya stansiyasındakı söhbəti
eşitdiyimi artıq sizə danışıb.
Arbetnot cavab vermədi.
– Miss Debenhem, “Hələ olmaz, – dedi. – Hər şey bitəndən sonra. Bütün bunlar arxada
qalanda...” Bu sözlərin nə məna daşıdığını bilirsinizmi?
– Çox təəssüf eləyirəm, müsyö Puaro. Amma bu sorunuza cavab verməkdən imtina
edirəm.
– Niyə?
– Bu sözlərin nə məna daşıdığını miss Debenhemin özündən soruşmağınızı tövsiyə
edəcəyəm, – Arbetnot soyuq tərzdə dedi.
– Mən elə də elədim.
– O da sizə bunların nə məna daşıdığını izah etməkdən imtina elədi? Elə deyil?
– Elədi.
– O halda siz bilməliydiniz ki, mən ağzımı açıb bu mövzuda sizə bircə kəlmə belə
olsun söyləməyəcəyəm.
– Deməli, bir xanımın sirrini ələ vermək istəmirsiniz?
– İstəyirsinizsə, elə bu cür də qəbul eləyə bilərsiniz.
– Miss Debenhem dedi ki, bu sözlər sadəcə, onun özünə aid olan xüsusi bir məsələylə
bağlıdır.
– Madam ki, belədi, onun dediyi sözə nə üçün inanmırsınız?
– Ona görə ki, miss Debenhem bizdə çox şübhə oyadır.
– Cəfəngiyatdı, – polkovnik hirslə dedi.
– Cəfəngiyat deyil.
– Əlinizdə onun əleyhinə heç bir dəlil yoxdu.
– Körpə Deizi Armstronq qaçırıldığı sırada miss Debenhemin Armstronqların
evində tərbiyəçi olaraq işləməsi, sizcə, ciddi bir şey deyil?
Araya qorxunc bir səssizlik çökdü.
Puaro yavaşca başını tərpətdi:
– Görürsünüzmü? Mən sizin zənn elədiyinizdən daha çox şey bilirəm. Miss Debenhem
günahkar deyilsə, bunu nədən gizləsin? Neyçün mənə bir dəfə də Amerikaya getmədiyini dedi?
Polkovnik yüngülcə öskürdü.
– Siz əminsinizmi bundan?
– Əminəm. Miss Debenhem mənə nəyə görə yalan danışıb?
Arbetnot çiynini çəkdi:
– Bunu onun özündən soruşmağınız daha doğru olar. Amma mənə yenə də elə gəlir ki, siz
yanılırsınız.
Puaro səsini qaldırıb ofisiantlardan birini səslədi:
– 11 nömrədəki ingilis xanımdan soruşun, bizi şərəfləndirərək buraya gələ bilərmi?
– Əmr edərsiniz, cənab. – Ofisiant uzaqlaşdı.
Dörd kişi səssiz-səmirsiz oturmuşdu. Arbetnotun üzü daşdan oyulmuşdu sanki;
ifadəsiz üz cizgiləri gərilmişdi.
Ofisiant qayıdıb:
– Gəlir, cənab, – dedi.
– Təşəkkür edirəm.
Bir iki-dəqiqə sonra Meri Debenhem vaqon-restorana girdi.
Meri Debenhem kimdir

Gənc xanımın başında şlyapa yox idi. Başını meydan oxuyurmuş kimi arxaya atmışdı. Alnından
arxaya doğru dalğalanan saçları, qabarmış burun burazlarıyla dalğaların arasına cəsarətlə baş
vuran bir gəminin başındakı oyma gəmi şirinə bənzəyirdi. O anda çox gözəl görünürdü.
Baxışları bir anlıq Arbetnota sarı yönəldi.
Sonra da üzünü Puaroya tutub:
– Məni görmək istəmisiniz? – dedi.
– Sizdən soruşmaq istəyirdim ki, bu səhər bizə niyə yalan danışmısınız, madmazel?
– Yalanmı danışmışam? Nə demək istədiyinizi başa düşə bilmirəm.
– Armstronq faciəsi zamanı o evdə çalışdığınızı bizdən gizləyibsiniz. Mənə Amerikaya
heç vaxt getmədiyinizi dediniz. – Puaro onun bir an diksindiyini, sonra da özünü ələ aldığını gördü.
– Bəli, – Meri Debenhem dedi. – Doğrudu.
– Xeyr, xanım. Bu yalandı.
– Məni yanlış başa düşdünüz. Demək istədim ki, sizə yalan dediyimi doğru
deyirsiniz.
– Demək, bunu danmaq fikrində deyilsiniz?
Miss Debenheminn dodaqları acı təbəssümdən
büzüşdü:
– Əlbəttə. Madam ki, yalanımı tuta bildiniz, daha nə deyəsiyəm ki?!
– Nə deyim, ən azı açıq sözlüsünüz, madmazel.
– Görünür, yenə də mənə başqa bir yol qalmır.
– Hə, əlbəttə, doğrudu. Beləliklə, madmazel, indi sizdən bu yalanların səbəbini
soruşa bilərəmmi?
– Səbəbin çox açıq olduğunu zənn eləyirdim, müsyö Puaro.
– Mənimçün heç də açıq deyil, madmazel. Meri
Debenhem sakit, ancaq bir az sərt səslə:
– Mən təkbaşıma özümə gün-güzəran ağlamağa məcburam, – dedi.
– Yəni?..
Meri Debenhem başını qaldırıb Puaronun üzünə baxdı:
– Bir qızın doğru-dürüst bir iş tapması və bunu əldən buraxmamaq üçün necə can qoymasının
nə demək olduğunu bilirsinizmi, görəsən, müsyö Puaro? Bir cinayət hadisəsi üzündən sorğuya
çəkilən, həbs edilən, adı, hətta şəkli ingilis qəzetlərində çıxan bir qızı orta təbəqədən olan ana öz
uşağına tərbiyəçi tutarmı, sizcə?
– Günahınız yoxdursa, niyə də tutmasın?
– Günah? Bunun günahkar olmaqla əlaqəsi yoxdur. Əsas məsələ qəzetlərə düşməkdi!
Bu günə qədər həyatda həmişə uğur qazanmışam, müsyö Puaro. Yaxşı ailələrin yanında
yüksək məvaciblə çalışmışam. Heç bir xeyrinin olmayacağını bilə-bilə, yüksəldiyim bu vəziyyəti
təhlükəyə atacaq deyiləm ki!
– Bu baxımdan siz deyil, mən qərar verə bilərdim, madmazel. İzin verin bunu sizə
deyim.
Meri Debenhem çiynini çəkdi.
– Məsələn, siz bəzi adamların kim olması məsələsində mənə yardımçı ola bilərdiniz,
– Puaro dedi.
– Nəyi nəzərdə tutursunuz?
– Yəni Nyu-Yorkda dərs verdiyiniz qızı, xanım Armstronqun bacısı Kontes
Andrenini tanımamış olmanız mümkünmüydü?
– Kontes Andreni? Yox. – Meri Debenhem başını yellədi. – Bəlkə də bu sizə qəribə gələcək...
amma onu tanımadım. Onu gördüyüm vaxt hələ çox balacaydı. Üç ildən artıq vaxt keçib aradan.
Bəli, Kontes mənə sanki kimisə xatırladırdı. Buna görə də durmadan beynimi qurdalayırdım.
Amma elə ekzotik bir görünüşü var ki, onun o kiçik amerikalı məktəb şagirdi olduğu ağlıma belə
gəlmədi. Vaqon- restorana girərkən ona eləcə bir nəzər saldım. Üzündən də
çox paltarlarına baxdım.
– Meri gülümsədi. – Qadınlar belədilər də. Sonra... başım məşğuluydu.
– Sirrinizi mənə açmayacaqsınızmı, madmazel? – Puaronun səsində həlimlik, eyni zamanda
təkid vardı.
Meri Debenhem astadan:
– Deyə bilmərəm, – dedi, – deyə bilmərəm. – Sonra birdən-birə, heç gözlənilməz bir anda
özünü ələ ala bilmədi, üzünü qabağa uzatdığı qollarının arasında gizləyib hıçqıra- hıçqıra, titrəyə-
titrəyə ağlamağa başladı.
Arbetnot yerindən dik qalxıb, uyğunsuz bir tərzdə qızın yanında dayandı:
– Mən... bura baxın... – Dayanıb çevrildi və son dərəcə hirslə Puaroya baxdı. – Səni, murdar
göbələk, səni! Sənin bütün sür-sümüyünü qıracağam!
Buk etiraz etdi:
– Müsyö!
Arbetnot yenidən qıza sarı çevrilmişdi:
– Meri... Sən Allah... Meri... Meri
Debenhem ayağa qalxdı:
– Boş şeydi. Artıq sakitləşdim. Onsuz da mənə ehtiyacınız qalmadı, eləmi, müsyö Puaro? Bir
sözünüz olsa, gələrsiniz. Of, özümü necə də gicbəsər kimi aparıram! Bir gicbəsər kimi! –
deyib tələsik şəkildə salondan çıxdı.
Arbetnot onun ardınca getməzdən qabaq yenə üzünü Puaroya tutdu:
– Miss Debenhemin bu işlə heç bir əlaqəsi yoxdur. Heç bir. Başa düşürsünüzmü?
Əgər bir də onu narahat eləyib canını sıxsanız, qarşınızda məni görəcəksiniz.
Hirslə salonu tərk elədi.
– Hirsli bir ingilislə qarşılaşmaq çox xoşuma gəlir, – Puaro dedi. – Çox gülməli olurlar.
Həyəcanlandıqca ağızlarının danışığını itirirlər.
Ancaq ingilislərin reaksiyaları müsyö Buku qətiyyən maraqlandırmırdı. Bu anlarda ancaq
arxadaşına heyranlıq hiss edirdi.
– Dostum, sizin tayınız-bərabəriniz yoxdur! – Buk çığıra-çığıra dedi. – Bu da daha bir möcüzə!
Möcüzə kimi bir təxmin.
Doktor Konstantin heyranlıqla:
– Axı bunlar sizin ağlınıza necə gəlir? – dedi. – Adamın inanmağı belə gəlmir.
– Ah, bu dəfəki şərəf mənə aid deyil. Bu, bir təxmin də sayılmaz. Kontes Andreni vəziyyəti
mənə, demək olar, açıq-açığına danışmışdı.
– Nə? Mümkün deyil!
– Xatirinizdə olar, ondan tərbiyəçi haqda soruşdum. Bundan da əvvəl özlüyümdə qərara
gəldim ki, əgər Meri Debenhemin bu işlə bir əlaqəsi varsa, deməli, o sırada onların evində
tərbiyəçi kimi çalışıb.
– Bəli, amma Kontes Andreni tamamilə başqa birini təsvir eləmişdi.
– Təbii, elə deyəcək. Uzunboylu, qızılı saçları olan, ortayaşlı bir qadın. Yəni miss Debenhemlə
daban-dabana zidd biri. Çox maraq doğuracaq şeydi bu. Sonra Kontes əlimyandıda bir ad
uydurmaq məcburiyyətində qaldı. Və özü də hiss eləmədən şüuraltı assosiasiyası sayəsində özünü
tam olaraq ələ verdi. Bildiyiniz kimi, o, həmin qadının soyadının Fribodi olduğunu söylədi.
– Elədi.
– Bəlkə də bilmirsiniz, Londonda Debenhem və Fribodi adında bir mağaza var. Debenhem adı
ağlından keçərkən tələsik başqa bir ad tapmağa çalışanda, ağlına ilk gələn Fribodi oldu. Təbii ki,
mən də dərhal nə baş verdiyini anladım.
– Deməli, bir yalan daha. Axı Kontes nə üçün yalan söyləyir?
– Hər halda, yenə sədaqət üzündən. Bu da işləri bir az çətinləşdirir.
– Aman-aman! – Buk qəzəblə dedi. – Görəsən, bu qatarda hamı yalan danışırmı?
– Elə biz də bunu çözməyə çalışacağıq, – Puaro cavab verdi.
VII FƏSİL
Yeni qəribə açıqlamalar

– Məni artıq heç bir şey təəccübləndirə bilməz, – Buk dedi. – Heç bir şey. Qatardakı bütün
sərnişinlərin vaxtıyla Armstronqların evində yaşamış olduğunu öyrənsəm, yenə də
heyrətlənmərəm.
– Bu dedikləriniz çox maraqlıdır, – Puaro qımışaraq dedi. – Hamıdan çox
şübhələndiyiniz italyanın nələr deyəcəyini eşitmək istəmirsinizmi?
– Yoxsa yenə də o möhtəşəm təxminlərinizdən birini təqdim eləməyə hazırlaşırsınız?
– Düz tapdınız.
– Çox həlləm-qəlləm hadisədir bu, – Konstantin dedi.
– Xeyr, razı deyiləm, əksinə, çox normaldır.
Buk əllərini qaldırıb məzəli bir ümidsizlklə heyrətini bildirdi:
– Dostum, sizin normal dediyiniz bu isə... – ardınca deməyə söz tapmayıb, dayandı.
Puaro o arada ofisiantı Antonio Foskarellini çağırmağa yollamışdı.
Yekəpər italyan içəri girəndə üzündə ehtiyatlı bir ifadə vardı. Tələyə düşmüş heyvan kimi
əsəbi-əsəbi gah sağa, gah da sola baxırdı.
– Nə demək istəyirdiniz? – soruşdu. – Sizə deyə biləcəyim başqa bir şey qalmayıb.
Eşidirsinizmi? Heç bir şey qalmayıb. Per Dio... – Əlini masaya çırpdı.
– Bizə söyləyəcəyiniz bir şey var, – Puaro əmin tərzdə dedi. – Həqiqət!
– Həqiqət? – İtalyan həyəcan içində Puaroya nəzər saldı, özündən müştəbeh
davranışı yoxa çıxmışdı.
– Bəli. Əslində mən hardasa bunu indi də bilirəm. Amma sizin deməyiniz özünüz üçün yaxşı
olardı.
– Lap amerikan polisi kimi danışırsınız. Onlar bircə bunu deyirlər: “Hər şeyi aç tök ortaya...”
– Aha! Deməli, Nyu-York polisini çox yaxından tanıyırsınız?
– Yox-yox. Onlar mənim əleyhimə heç bir dəlil tapa bilmədilər. Özü də az
çalışmadılar.
– Bu iş Armstronq olayıyla bağlıydı, doğrumu? – Puaro sakitcə soruşdu. – Siz
onların sürücüsü deyildinizmi? – italyanla baxışları toqquşdu.
Yekəpər adamın lovğalığından əsər-əlamət qalmadı,
– elə bil havasını aldılar. Boşalmış şara oxşayırdı. – Madam ki, bilirsiniz... o halda daha məndən
niyə soruşursunuz?
– Bu səhər sizi yalan danışmağa məcbur edən nəydi?
– İş! Bundan başqa da o Yuqoslav polislərinə arxayın deyiləm. Onlar italyanlara nifrət edirlər.
Mənimlə ədalətli olmazdılar.
– Bəlkə əksinə, çox ədalətli olardılar!
– Xeyr-xeyr, mənim dünən gecəki hadisəylə heç bir əlaqəm yoxdur. Kupemdən bircə dəfə də
çıxmamışam. O uzunsifət ingilisdən soruşun, o da deyəcək. O it balasını... Retçett adlı o şəxsi mən
öldürməmişəm. Əlinizdə əleyhimə bircə dəlil də ola bilməz.
Puaro kağıza nə isə yazırdı. Başını qaldırıb astadan:
– Lap yaxşı, – dedi. – Gedə bilərsiniz.
Foskarelli həyəcandan donuxub qaldı:
– Başa düşdünüz ki, mən qatil deyiləm, eləmi? O hadisəylə heç bir əlaqəmin
olmadığını da başa düşdünüz, yox?
– Sizə dedim ki, gedə bilərsiniz.
– Bu, sui-qəsddir. Cinayəti mənim üstümə yıxmaq istəyirsiniz hamınız. Həm də elektrik
stulunda gəbərməsi gərəkən bir əclaf üzündən. Onun elektrik stuluna oturulmaması biabırçılıqdır.
Bu işi mən eləmiş olsaydım, məni ələ keçirsəydilər...
– Yoxsa elə olmalıydı deyirsiniz?
– Siz nə danışırsınız? O körpə bütün evin sevinci-fərəhiydi. Mənə Tonio deyirdi. Maşına minib
sükanı sağa-sola bururdu, guya ki, sürürdü. Bütün ev əhli onu sevirdi. Axırda polis də başa
düşdü bunu. Heyif, o gözəl uşaqdan!
– Foskarellinin səsi titrədi. Gözləri doldu. Sonra da qəfildən dabanlarının üstündə
çevrilərək sürətlə salondan çıxdı.
– Pyetro, – Puaro çağırdı. Ofisiant qaça-qaça gəldi.
– Onnömrəlidəki o isveçli qadını çağır.
– Baş üstə, müsyö.
– Biri də? – Buk qışqırdı. – Ah, xeyr... belə şey olmaz. Olmaz deyirəm sizə!
– Dostum, bunu bilməniz lazımdı... Axırda qatarda hər kəsin Retçetti öldürməsi üçün
ciddi bir səbəbi olduğunu ortaya çıxarsaq belə, yenə də öyrənməyə məcburuq. Bir dəfə də
öyrəndikmi, qatilin kim olduğuna qətiyyətlə qərar verə bilərik.
– Artıq mənim başım hərlənir, – Buk inildədi.
Ofisiant mədəni şəkildə Qreta Olsonu içəri saldı. Qadın Puaronun qarşısındakı stula çökdü.
Və yaylığını üzünə tutub hıçqırmağa başladı.
– Qanınızı qaraltmayın, xanım. Üzülməyə dəyməz.
– Puaro yüngülcə qadının çiyninə vurdu. – Mənə, sadəcə, doğru olan bir neçə söz deyin. Körpə
Deizi Armstronqa baxan dayə sizdiniz, eləmi?
– Doğru deyirsiniz, – deyə yazıq qadın mızıldanaraq ağlamağa davam elədi. – Doğru
deyirsiniz. Ah, o bir mələkdi. Qəlbi güvən dolu körpə, şəkər bir mələk. Sevgi və şəfqətdən başqa
nə görmüşdü ki! O əxlaqsız adam qaçırdı onu. Onunla amansız davrandı... Anası və yaşaya
bilməyən o biri uşaq... Siz bunu başa düşə bilməzsiniz... Bilməzsiniz... Siz də mənim kimi orada
olsaydınız, bütün o fəlakəti öz gözlərinizlə görsəydiniz! Gərək sizə elə bu gün səhər həqiqəti
deyəydim. Amma qorxdum... Qorxdum. O iyrənc adamın öldürülməsinə sevinmişdim. Artıq körpə
uşaqlara işgəncə verə, onları öldürə bilməyəcəyinə görə. Ah, danışa bilmirəm... Söz tapa
bilmirəm...
Bir az da şiddətlə ağlama başladı.
Puaro hələ də şəfqətlə onun çiyninə vururdu.
– Yaxşı... Yaxşı... Başa düşürəm... Hər şeyi başa düşürəm... Hər şeyi, hər şeyi... Mənə inanın.
Sizə artıq sual verməyəcəyəm. Elə doğru olduğunu bildiyim bir şeyi etiraf etməyiniz bəsdir. Əmin
olun, başa düşürəm... – Qreta Olson hıçqırıqdan danışa bilmirdi. Ayağa qalxdı, kor adamlar kimi əl
havasına qapıya doğru getdi. Elə o an içəri girən adamla toqquşdu. Qulluqçu Masterman idi.
Masterman düz Puaronun yanına gəldi və həmişəki sakit, ifadəsiz səsiylə danışmağa başladı:
– Sizi rahatsız eləmirəm ki, cənab? Dərhal gəlib sizə həqiqəti deməyin daha yaxşı olacağını
fikirləşdim. Mən müharibədə polkovnik Arbetnota xidmət edən əsgərdim. Ondan sonra Nyu-
Yorkda da onun yanında qulluqçu olaraq çalışdım. Bu gün səhər həqiqəti sizdən gizlədim. Bu,
doğru hərəkət deyildi, cənab. Gəlib sizə hər şeyi danışmağın doğru olacağına qərar verdim. Amma
güman eləyirəm ki, Toniodan şübhələnmirsiniz, cənab. Tonio bir qarışqaya belə qıyan adam
deyil. Onun bütün gecə kupedən çıxmadığına and içirəm, cənab. Onun üçün də cinayəti
törədən o ola bilməz. Tonio yad biri ola bilər, cənab, amma çox işıqlı insandır. Qəzetlərdə
oxuduğumuz o murdar qatil italyanlara heç bənzəmir. – Susdu.
Puaro dayanmadan ona baxırdı:
– Bütün deyə biləcəyiniz elə bunlardımı?
– Bəli, elə bu qədər, cənab, – Masterman dayandı. Puaronun heç nə demədiyini görüb, üzr
istəyirmiş kimi, əyilib təzim elədi. Qısa bir tərəddüddən sonra gəldiyi kimi sakitcə vaqon-
restorandan çıxdı.
– Bu, oxuduğum bütün detektiv romanların hamısından eybəcər bir şey oldu, –
doktor Konstantin dedi. – Adam gözünə, qulağına inanmır.
– Mən də eyni fikirdəyəm, – Buk içini çəkərək dedi.
– O vaqondakı on iki sərnişindən doqquzunun Armstronq olayıyla əlaqəsi olduğu üzə
çıxdı. Görək bundan sonra nə olacaq? Daha doğrusu, kim olacaq? Bilmək istərdim.
– Bu sualınıza yəqin ki, cavab verə biləcəyəm, – Puaro dedi. – Beləliklə, amerikalı
detektivimiz cənab Hardman gəlir.
– Deyirsiniz, o da etiraflarla gəlir?
Puaro cavab verməyə macal tapmamış amerikalı masalarına yanaşdı. Ağıllı
gözləriylə onları sırayla süzdükdən sonra oturdu.
– Deyə bilərsinizmi, bu qatarda nələr baş verir? – deyə soruşdu. – Bura mənimçün
dəlixanadan heç də fərqlənmir.
Puaronun gözlərində nəşəli bir parıltı vardı.
– Cənab Hardman, – belçikalı dedi. – Armstronqların evində bağban olmadığınızdan
əminsinizmi?
Cənab Hardman bu sözə başqa şəkildə cavab verdi:
– Onların evlərinin bir bağçası vardı.
– Ya da deyək ki, qulluqçu?..
– Mən elə yerlərə uyuşacaq qədər kübar adam deyiləm. Xeyr, Armstronqların eviylə heç bir
bağlılığım olmayıb. Qatarda da onlarla heç bir bağlılığı olmayan bircə mənəm, deyəsən. Yavaş-
yavaş buna inanmağa başlayıram. Buna necə inanasan axı? Elə deyil, yoxsa? Yəni inanmaq olar?
– Gerçəkdən bir az heyrətamiz işdir, – Puaro sakit-sakit mızıldandı.
Buk çığırdı:
– Doğrudan ee! Çox gülünc məsələdir!
– Sizin bu cinayətlə ilgili nəsə bir fikriniz varmı, cənab Hardman? – Puaro soruşdu.
– Xeyr. Çaşıb qalmışam. Nə deyəcəyimi belə bilmirəm. Axı necə ola bilər ki, az qala bir
vaqonun hamısının o ailəylə nəsə bir əlaqəsi olsun. Amma hansının günahkar olduğunu heç cür
müəyyən eləyə bilmirəm. Siz bütün bunları necə başa düşdünüz? Mən bunu bilmək istəyirəm.
– Təxmin etdim sadəcə.
– Yaxşı da. Elə isə, inanın mənə, sizin haqqınızda bütün dünyaya car çəkəcəyəm. Bəli. Siz
əsl fövqəlbəşərsiniz. – Cənab Hardman arxasına yaslanaraq heyran-heyran Puaroya baxdı. – Məni
bağışlayın, ancaq deyim ki, sizi görən ilk baxışdan bunu ağlına belə gətirə bilməz. Qarşınızda
sayğıyla baş əyirəm. Gerçəkdən baş əyirəm.
– Çox lütfkarsınız, cənab Hardman.
– Yox, elə deyil. Mən olanı deyirəm.
– Nə olursa olsun, – Puaro dedi, – hələ ki, problem həll edilməyib. Cənab Retçetti kimin
öldürdüyünü əminliklə deyə bilərikmi?
– Məndən heç soruşmayın, – Hardman cavab verdi.
– Mən heç nə deyə bilmərəm. Qəlbim heyranlıqla doludur. Haqlarında hələ heç bir təxmin
etmədiyiniz o iki sərnişin necə olacaq? O yaşlı amerikalı qadınla otaq xidmətçisi? Qatarda sadəcə,
o ikisinin günahsız olduğunu qəbul edəcəyinizi güman edirəm.
Puaro gülümsədi:
– Onları kiçik kolleksiyamıza qata bilsək, vəziyyət dəyişəcək. Məsələn... deyək ki,
Armstronqun evindəki aşpaz və eşik ağası...
– Artıq bu dünyada məni heç bir şey təəccübləndirə bilməz, – Hardman bezgin tərzdə
dedi. – Dəlixana... Buranın dəlixanadan heç fərqi yoxdu.
– Of! Yox, daha bu qədər də təsadüf ola bilməz axı! – Müsyö Buk həyəcanla, qışqıra- qışqıra
danışırdı. – Hamısı da bu cinayətdə iştirakçı olmayacaq ki! Hə?
Puaro ona baxdı:
– Başa düşmürsünüz... Deyin mənə: Retçetti kimin öldürdüyünü bilirsinizmi? Buk
suala sualla cavab verdi:
– Bəs siz bilirsinizmi?
Puaro başını buladı:
– Hə, təbii ki! Bunu bir qədər əvvəl başa düşmüşəm. Elə açıq-aydın bir şeydi ki, onu sizin də
görməməyinizdən təəccüblənirəm. – Sonra Hardmandan soruşdu: – Bəs siz?
Amerikalı:
– Xeyr, – dedi. Özü də maraqla belçikalı detektivə baxırdı. – Bilmirəm... Qətiyyən
bilmirəm... Qatil onlardan hansıdı axı?
Puaro bir an cavab vermədi. Sonra da:
– Cənab Hardman, hamını buraya dəvət edərsinizmi?
– dedi. – Bu müəmmanın iki çözüm yolu var. Hər ikisini də hamıya birdən başa salmaq
istəyirəm.
IX FƏSİL
Puaro iki çözüm yolundan danışır

Sərnişinlər ard-arda vaqon-restorana girib yerlərində əyləşdilər. Hamının üzündə az qala eyni
ifadə vardı – həyəcan və nigarançılıq. İsveçli qadın hələ də ağlayır, xanım Habbard isə onu
sakitləşdirməyə çalışırdı.
– Özünüzü ələ alın, ömrüm-günüm. Hər şey yaxşı olacaq. Qanınızı qaraltmağa gərək yoxdu.
Bəlkə də içimizdəkilərdən biri iyrənc bir qatildir, ancaq hər kəs bilir ki, o qatil siz deyilsiniz. Bunu
ağlına gətirən adam ancaq dəli ola bilər. Mən sizin yanınızdayam, əzizim, heç
həyəcanlanmayın.
Puaro ayağa qalxanda xanım Habbardın səsi kəsildi.
Vaqon bələdçisi qapının ağzında durmuşdu:
– Cənab, olarmı mən burada dayanım?
– Əlbəttə, Mişel, – Puaro yüngülcə öskürdü. – Xanımlar və cənablar, hamınız az da olsa
ingiliscə bildiyiniz üçün bu dildə danışacağam. Buraya Semuel Edvard Retçettin, əsl adıyla desəm,
Kasettinin ölümünü araşdırmaq üçün toplanmışıq. Bu cinayəti iki şəkildə izah edə bilərik. Hər
ikisini də gözünüzün qabağında açıqlayacağam və müsyö Bukla doktor Konstantindən hansının
doğru olmasıyla bağlı qərar vermələrini xahiş edəcəyəm. Hadisə ilə bağlı hər şeyi bilirsiniz. Bu
səhər cənab Retçettin öldürüldüyü məlum olub. Onun dünən gecə 12:37-yə qədər həyatda olduğu
məlumdu. Çünki o ərəfədə qapının arxasından bələdçiylə danışmışdı. Pijama pencəyinin cibindəki
saatın əzilmiş olduğu üzə çıxdı – saat ikiyə on beş dəqiqə işləmiş dayanmışdı.
Cəsədi tapıldığı vaxt müayinə edən doktor Konstantin Retçettin gecə on ikiylə iki arasında
öldürülmüş ola biləcəyini bildirdi. Hamınızın da bildiyi kimi, qatar gecəyarısı iri qar qalağına
saplanıb. Ondan sonra da kiminsə qatardan düşüb uzaqlaşması mümkün olmayıb.
Nyu-Yorkdakı bir detektiv agentliyindən olan cənab Hardman deyir ki (bir neçə nəfər
dönüb Hardmana baxdı), ...kupesinin qarşısından onun gözünə görünmədən kimsə keçə
bilməzdi.
Söhbət lap sondakı, on altı nömrəlı kupedən gedir. Buna görə də o qənaətə gəlməyə
məcburuq ki, qatili İstanbul-Qala vaqonundakı sərnişinlərin arasında axtaraq. Bu cinayət
haqda bizim versiyamızdır.
– Nə? – Buk heyrətlə bağırdı.
– Amma indi sizə ikinci versiyanı açıqlayıram. Cənab Retçettin qorxduğu məlum bir
düşməni olub.
Retçett bu düşməni haqda cənab Hardmana danışıb və deyib ki, onun həyatına qəsd,
təbii ki, icra edilməyə başlanacağı təqdirdə, İstanbuldan çıxandan sonra ikinci gecə həyata
keçiriləcək.
Xanımlar və cənablar! Sizə deməliyəm ki... məncə, cənab Retçett Hardmana dediklərindən
daha çox məlumata malikmiş. Cənab Retçettin də təxmin etdiyi kimi, onun düşməni qatara
Belqrad və ya Vinkovcidə minib. O sırada perrona düşmüş polkovnik Arbetnotla cənab Makkuinin
açıq qoyduqları qapıdan girib. Yataqlı vaqon bələdçilərinə aid uniforma taparaq paltarlarının
üstündən geyinib. Bundan əlavə, onda kupe qapılarına düşən əsas açar olub və bu açarlarla
qapının kilidli olmasına baxmayaraq, cənab Retçettin kupesinə girə bilib. Cənab Retçett yuxu
dərmanının təsiri ilə yuxuya gedibmiş. Bu adam onu elə yatmış vəziyyətdə dəhşətli kinin
təsiri ilə bıçaqlayıb və aradakı qapıdan xanım Habbardın kupesinə girib...
Xanım Habbard başıyla təsdiq elədi:
– Bəli, bəli.
– Sonra, – Puaro davam elədi, – xanım Habbardın kupesindən keçərkən istifadə etdiyi xəncəri
onun süngər torbasına atıb. Elə o anlarda özünün xəbəri olmadan əyninə taxdığı uniformanın bir
düyməsi qoparaq düşüb. Sonra burdan bayıra çıxaraq koridorla irəliləyib. Uniformanı həyəcan
içərisində əynindən çıxararaq, boş kupelərdən birindəki çamadana basıb. Və bir neçə dəqiqə sonra
öz paltarlarıyla qatar hərəkətə başlayandan bir an qabaq perrona atılıb. Yenə də eyni yerdən, yəni
vaqon-restoranın yaxınlığındakı qapıdan çıxmaqla.
Sərnişinlər axır ki, rahat nəfəs dərdilər.
– Bəs saatın işini neyləyək? – Hardman dedi.
– Elə hər şeyi də bu saat aydınlaşdırır. Cənab Retçett Çarbrodda saatını altmış dəqiqə
geri çəkməliydi. Lakin geri çəkməmişdi. Saatı hələ də Şərqi Avropa vaxtıylaydı. Bu da Orta Avropa
saatından altmış dəqiqə irəlidi. Cənab Retçett bıçaqlandığı zaman saat birə on beş dəqiqə
işləmişdi, ikiyə yox.
– Bu ki cəfəngiyatdır! – Buk bağırdı. – Bəs birə iyirmi üç dəqiqə qalmış kupedən səslənən
adam? Bunu necə izah edəcəksiniz? O adam ya cənab Retçett, ya da qatili ola bilərdi.
– Bu, vacib deyil. Bu... deyək ki... Hansısa üçüncü şəxs də ola bilərdi. Bir anlıq belə ehtimal
eləyək ki, o üçüncü şəxs Retçettlə söhbət eləməyə gedir və onun ölmüş olduğunu görür.
Cəsədi görən kimi də bələdçini çağırmaq üçün zəngi basır. Sonra həyəcanlanır,
özünün cəncələ düşəcəyindən qorxur və bununçün də bələdçiyə Retçett kimi cavab verir.
– Bu mümkündür, – Buk könülsüz-könülsüz etiraf etdi. Puaro
xanım Habbarda baxdı:
– Bəli, madam, mənə elə gəldi ki, nəsə demək istədiniz...
– Düzü, nə deyəcəyimi mən də bilmirəm... Amma belə çıxır ki, mən də saatımı geri çəkməyi
unutmuşam?
– Xeyr, madam. Məncə, siz o adamın sizin kupenizdən keçdiyini eşidibsiniz, ancaq yuxu
arasında. Sonra da yuxuda sizə elə gəlib ki, kupenizdə kimsə var, diksinib qalxmısınız və bələdçini
çağırmaq üçün zəngi çalmısınız.
Xanım Habbard mızıldandı:
– Hə... Ola bilər...
Knyaginya Draqomirova gözlərini belçikalıya zilləmişdi:
– Bəs mənim xidmətçimin sözlərini necə izah edəcəksiniz, müsyö Puaro?
– Bu, çox bəsitdi, madam. Xidmətçiniz ona göstərdiyim yaylığın sizinki olduğunu dərhal bildi.
Ancaq çox saya şəkildə sizi qorumağa cəhd etdi. O, bələdçi geyimində olan həmin adamla da
həqiqətən qarşılaşmışdı, amma bundan daha əvvəl. Qatar Vinkovci stansiyasındaykən. Ancaq sizə
yüz faizlik alibi qazandıracağını düşünüb, bizə, onu bir saat sonra gördüyünü dedi. Dediyim kimi,
beləcə, sizi şübhələrdən qurtaracağını güman eləyirdi.
Knyaginya başını əydi:
– Hər şeyi nəzərə almısınız, müsyö. Sizə... heyranam.
Doktor Konstantin qəfildən yumruğunu masaya çırpınca hər kəs yerindən dik atıldı.
– Ola bilməz! Ola bilməz! Ola bilməz! Ola bilməz! – o dedi. – Bu, düzgün versiya deyil. Bu
versiyada minlərlə boşluq var. Cinayət belə baş verməyib. Və müsyö Puaro özü də bunu çox yaxşı
bilir.
Puaro maraq içində ona baxdı:
– Belə baxıram ki, mən ikinci versiyamı da bəyan eləmək məcburiyyətindəyəm. Amma
birinci versiyanı da gözünüzü yumub, bir yana atmayın. Bəlkə sonradan bununla razılaşasınız. –
Puaro yenidən üzünü o biri şəxslərə tutdu. – Cinayətin başqa bir çözüm yolu da var. İndi bu
qənaətə necə gəldiyimi danışım. Hamını dindirdikdən sonra arxama
yaslanaraq gözlərimi yumdum və düşünməyə başladım. Bəzi məqamlar üzərində dayanmalıydım.
Bu nöqtələri dostlarıma sadaladım. Bir hissəsini də bəyan elədim. Məsələn, pasportdakı yağ ləkəsi
kimi... O biri nöqtələri də təkrar söyləyirəm. Bunlardan birincisi, qatar İstanbuldan qalxdıqdan
sonra burada ilk nahar yeməyini yediyim vaxt müşahidə etdiyim bir şeydi. Salonda hər millətdən
və hər təbəqədən adamlar vardı. Öz- özümə belə bir qarışıq qrupun başqa şəraitdə bir araya
gəlib-gələ bilməyəcəyini soruşdum. Və bu cavabı verdim: belə bir şey sadəcə, Amerikada
mümkündür. Ancaq Amerikada bir dam altında belə çeşid-çeşid millətdən olan adamlar toplaşa
bilərlər. Bir italyan sürücü, bir ingilis tərbiyəçi, isveçli dayə, alman otaq xidmətçisi və başqaları...
Bu mənim o təxmin oyununa başlamağıma səbəb oldu. Yəni hansısa tamaşanı səhnələşdirməyə
hazırlaşan bir rejissor kimi mən də Armstronqlar ailəsinin faciəsində hər kəsə bir rol verməyə
başladım. Bunun sayəsində çox maraqçəkici və məmnunluq yaradan nəticələrə gəldim. Bu metod
öz bəhrəsini verməyə başladı.
Bundan başqa da hər kəsin hadisə ilə bağlı dediyi sözləri ağlımda bir yerə cəm elədim. Və çox
qəribə nəticələrə gəldim. Yeri gəlmişkən, cənab Makkuinin birinci dəfə dediklərini götürdüm.
Onunla apardığım birinci söhbət məndə arxayınçılıq yaratmış və heç şübhə doğurmamışdı. Amma
ikinci sorğulamada o maraq doğuran bir kəlmə söylədi. Ona, Armstronq olayından bəhs edən bir
kağız tapdığımızı danışdım. “– Amma o... – Makkuin dedi və dayandı. Sonra da, – Yəni... – deyə
davam etdi. – Qoca ehtiyatsızlıq eləyib”. Əslində, başqa bir şey demək istədiyi anda sözü
dəyişdirdiyini hiss etdim. Bəlkə də, “Axı o kağız yandı...”, deyəcəkdi. Çünki cənab Makkuin elə
bilirdi ki, o kağız yandırılaraq məhv edilib. Yəni başqa sözlə desək, o ya qatildir, ya da qatilin
yardımçısı. Bu məsələ haqda bu qədər.
Sonra qulluqçu. Ağasının qatarla səfərlərə çıxdığı zaman yuxu dərmanı almağa adətkərdə
olduğunu dedi. Bu, doğru ola bilər. Amma Retçett dünən gecə yuxu dərmanı içərdimi? Yastığının
altındakı avtomatik tapança bu iddianın yalan olduğunu ortaya çıxarır. Retçett dünən gecə əli
tətikdə gözləmək niyyətindəydi. O yuxu dərmanı isə ona özündən xəbərsiz verilmişdi. Kimmi
vermişdi? Təbii ki, Makkuin, ya da qulluqçu.
İndi cənab Hardmanın ifadələrinə gəlirik. Onun mənə... özünün kim olması ilə bağlı dediyi
bütün sözlərə inandım. Amma iş onun cənab Retçetti qorumaq üçün əl atdığı yollara gəlincə,
danışdıqları gülməli şəkil aldı. Retçetti etibarlı şəkildə qoruya bilmək üçün gecəni onun
kupesində, ya da heç olmasa, qapını görə biləcəyi bir yerdə keçirməsi lazım idi. Danışdıqlarından
bir şey çox aydın başa düşülürdü. Başqa vaqonlardan hər hansı kimsə Retçetti öldürmüş ola
bilməzdi. Bütün diqqətlər İstanbul-Qala vaqonunun üstündə cəmlənmişdi. Mənə çox qəribə və
izahı qeyri-mümkün göründü, amma mövzunu sonra araşdırmaq fikrilə bir kənara qoydum.
Miss Debenhemlə polkovnik Arbetnotun söhbətinin bir qismini eşitmiş olduğumu artıq
hamınız bilirsiniz – yəqin ki. Mənim üçün maraqlı olan, polkovnikin onu Meri çağırması və onunla
çox yaxın olduğunun anlaşılmasıydı. Ancaq miss Debenhemlə polkovnik Arbetnot özlərini elə
aparırdılar ki, guya bir neçə gün əvvəl tanış olublar. Mən polkovnik tipli ingilisləri yaxşı tanıyıram.
Gənc bir xanıma elə ilk görüşdə vurulsalar belə, həmişə ağır-ağır, nəzakətlə irəliləyərlər, heç bir
vaxt işi tələsik tutmazlar. Elə buna görə də o qərara gəldim ki, əslində miss Debenhemlə polkovnik
Arbetnot bir-birini yaxşı tanısalar da, hansısa bir səbəb üzündən özlərini yad-biganə kimi
aparırlar. Başqa kiçik bir nöqtə də miss Debenhemin Amerikada şəhərlər, ya da beynəlxalq telefon
danışıqları üçün istifadə edilən “uzaq məsafə əlaqəsi” deyimindən xəbərdar olmasıydı.
Baxmayaraq ki, miss Debenhem mənə heç vaxt Amerikada olmadığını demişdi.
Gələk başqa bir şahidə. Xanım Habbard yatağında uzandığı yerdən ara qapının rəzəli
olub-olmadığını görə bilmədiyini dedi. Elə buna görə də miss Olsondan qapıya baxmasını
istəyibmiş. İndi... əgər xanım Habbard 2, 4, ya da 12 və yaxud da hər hansı bir cüt nömrəli kupedə
qalsaydı, bu sözləri doğru olardı. Çünki cüt nömrəli kupelərdə rəzə dəstəyin düz altında olur.
Habbardınkı kimi tək rəqəmli kupelərdə isə rəzə dəstəyin tam
yuxarısındadı və süngər torbası bunun üstünü örtə bilməz. Bunun üçün də xanım
Habbardın saxta bir hekayə uydurduğunu düşündüm.
İndi burada “zamanlar” haqqında bir-iki söz söyləməyimə izin verin. Mənim üçün əzilmiş
saatın ən diqqətçəkici yanı tapıldığı yer idi. Yəni Retçettin pijamasının cibi. İnsanın saatını qoymağı
ağlına gətirmədiyi, çox narahat bir yer. Üstəlik, yataqların baş tərəfində də saatların asılması üçün
kiçik qarmaqlar var. Bu üzdən saatın xüsusi olaraq pijamanın cibinə qoyulması qənaətinə gəldim.
O halda cinayət ikiyə on beş dəqiqə işləmiş baş verməmişdi.
Elə isə, bundan qabaqmı baş vermişdi? Yəni birə iyirmi üç dəqiqə qalmışmı? Dostum
müsyö Buk məni oyandıran o qışqırığa diqqət verdiyini söylədi. Amma Retçettə dozadan artıq yuxu
dərmanı verilmişdi. Onun üçün də qışqıra bilməzdi. Əgər qışqıracaq gücdə olsaydı, onda özünü
müdafiə üçün çarpışa da bilərdi.
Kupedə belə bir çarpışma olduğunu göstərəcək heç bir şey yoxdu.
Cənab Makkuinin bir deyil, iki dəfə cənab Retçettin fransızca bilmədiyinə diqqətimizi
çəkdiyini xatırladım. Hələ ikinci dəfəki çox qabarıq şəkildəydi. Sonunda o qərara gəldim ki, birə
iyirmi üç dəqiqə qalmış oynanılmış oyun sırf mənim üçün hazırlanmış bir komediya olub! Saat
işinin iç üzünü hər kəs görə bilərdi. Detektiv hekayələrində tez-tez qarşılaşdığımız bir oyundu bu.
Bu komediyanı hazırlayanlar saat oyununun iç üzünü başa düşəcəyimi və zəkamın parlaqlığına
görə öz-özümü təbrik edərək Retçettin fransızca bilmədiyini yada salacağımı, beləcə, saat birə
iyirmi üç dəqiqə qalmış eşitdiyim səsin onunku olmayacağı və onun bundan qabaq öldüyü
nəticəsini çıxaracağımı təxmin etdilər. Amma onlar yanılıblar – mən Retçettin saat birə iyirmi üç
dəqiqə qalmış hələ yuxu dərmanının təsiriylə dərin-dərin yatdığına inanıram.
Ancaq oyunları uğurlu oldu! Mən qapımı açıb bayıra baxdım. İstifadə olunan
fransızca danışıqları da eşitdim.
Mən bu söhbətin mənasını qavraya bilməyəcək qədər sarsaq hərəkət eləyəcəyim təqdirdə
cənab Makkuin gəlib açıq-açığına deyəcəkdi: “Bağışlayın, müsyö Puaro, danışan cənab Retçett ola
bilməz, çünki o fransızca bilmirdi”.
Beləliklə... bəs cinayət əslində nə vaxt törədilib? Retçetti öldürən kimdir? Məncə... təbii ki,
mənim deyəcəyim də sadəcə, bir fikirdi... Retçett saat ikiyə yaxın öldürülüb. Doktor da onun ən
geci saat ikidə öldürülmüş ola biləcəyini deyir.
Qatilin kim olmasına gəlincə...
Puaro susaraq dinləyicilərinə baxdı. Elə diqqət kəsilmişdilər ki, heç bir irad bildirmək
mümkün deyildi. Bütün gözlər ona dikilmişdi. O dərin səssizlikdə milçək uçsa, eşidilərdi. Kimsənin
cınqırı çıxmırdı. Puaro ağır-ağır danışmağına davam elədi.
– Qatardakı hər hansı birinin əleyhinə tutarlı bir versiya qurmağın son dərəcə çətin olduğunu
dərhal başa düşdüm. Bir də “ən uyğunsuz” birinin başqa birinin lehinə şahidlik etməsi.
Sözgəlişi desək... Məsələn, cənab Makkuinlə polkovnik Arbetnot bir- birini dəstəklədilər.
Halbuki onların əvvəllər bir-birini tanıdıqları ağla gəlməzdi. Eyni şey bir ingilis qulluqçuyla bir
italyan, isveçli bir xanımla bir ingilis qızı arasında da oldu. Öz-özümə, “çox qəribədi, – dedim. Axı
ola bilməz ki, burda hamı ucdantutma bu hadisədə iştirakçı olsun?..”
Sonra isə işin iç üzünü başa düşdüm. Hamısı da iştirakçıydılar. Armstronq hadisəsi ilə əlaqəsi
olan bir çoxunun eyni qatara minmələri bir təsadüf ola bilməzdi. Mümkün deyildi bu. Təsadüf də
deyildi. Planlı şəkildə qərarlaşdırılmış bir şeydi. Polkovnik Arbetnotun andlılar məhkəməsi haqda
dediklərini xatırladım. Bir andlılar məhkəməsi on iki nəfərdən ibarət olur... və vaqonda on iki
sərnişin vardı. Retçett də on iki dəfə bıçaqlanmışdı.
Burada mənə rahatlıq verməyən bir cəhət də üzə çıxdı... nəyə görə bu ölü mövsümdə
İstanbul-Qala vaqonu ağzınacan sərnişinlərlə doludur?
Retçett Amerikada cinayətinin cəzasını almaqdan canını qurtarmağa nail olmuşdu. Günahkar
olması şübhəsizdi. Və mən gözümün qabağına Retçettə ölüm hökmü çıxaran və özləri də bunu
icra eləməyə məhkum olan andlıları gətirdim. Bax, bunu düşünər- düşünməz hər şey səliqəli
biçimdə yerini aldı.
Bu mənzərə mənə qüsursuz bir mozaika kimi göründü. Hər kəs öz üstünə düşən rolu
oynayırdı. Plan, şübhələr hansısa birinin üzərində cəmləşdiyi təqdirdə onun xilas olmasını
təmin edəcək şəkildə hazırlanmışdı. Bir, ya da bir neçə nəfər şahidlik edərək şübhəli adamı təmizə
çıxaracaq və işi büsbütün qarışdıracaqdılar. Hardmanın şahidliyi vacib idi. Çünki hansısa yad birinin
qatil olduğu ehtimal edilə bilərdi və bu adamın günahsız olduğuna dair göstərəcəyi bir şahid
olmazdı. İstanbul vaqonundakı sərnişinləri heç bir təhlükə gözləmirdi. Verdikləri ifadələr ən xırda
təfərrüatına qədər qabaqcadan hazırlanmışdı. Bu, ayrı-ayrı parçaları birləşdirildiyi zaman bitkin
bir tablo ortaya çıxan bilməcələrə bənzəyirdi. Amma bu bilməcə elə ağıllı hazırlanmışdı ki, ələ
keçən hər yeni parça işi daha da çətinləşdirəcəkdi. Dostum müsyö Bukun da dediyi kimi, ağıla
sığmayacaq bir şeydi. Bu işi hazırlayanların da istədiyi elə bu cür düşünməyimiz idi əslində.
Bəs bu versiya hər şeyi üzə çıxarırmı? Bəli, çıxarır. O, yaraların xarakterini üzə çıxarır. Çünki
hər zərbəni ayrı biri endirib. O saxta təhdid məktubları... Saxtaydılar, çünki sadəcə, sonradan
dəlil kimi göstərilmək üçün yazmışdılar. Heç şübhəsiz, əsl məktublar da olub. Retçettə başına
gələcəkləri bildirən məktublar.
Makkuin o məktubları məhv etdi və yerinə də saxtalarını qoydu. Sonra Hardmanın Retçett
tərəfindən tutulmuş olduğuna dair danışdığı söhbət... təbii ki, başdan-ayağa yalan idi – O
xəyali “qadın səsli, balacaboy, qaraşın” adamın təsviri. Uyğun gələn bir şey idi bu. Beləcə, əsl
vaqon bələdçilərinin başı cəncələ düşməyəcəkdi. Və bu təsvir bir kişi kimi bir qadına da uyğun
gəlirdi.
Qətlin bıçaqla həyata keçirilməsi ilk baxışda cəfəng görünür. Amma dərindən düşünəndə
əmin olursan ki, mövcud şəraitdə bu ən doğru seçimdi. Bir xəncəri güclü, ya da zəif, hər kəs istifadə
edə bilər. Səsi-küyü də yoxdu.
Məncə, hamı növbəylə xanım Habbardın kupesindən keçib, Retçettin qaranlıq kupesinə
gedərək onu bıçaqlayıb. Beləcə, onlardan heç biri onu hansı bıçaq zərbəsinin öldürdüyünü bilə
bilməyəcəkdi. Əlbəttə ki, bu təxminimdə yanıla bilərəm.
Retçett yəqin ki, sonuncu məktubu yastığının üstündə görüb. Bu kağızı diqqətlə yandırıblar.
Armstronq olayına diqqəti çəkəcək bir əşyayi-dəlil olmadığı təqdirdə heç kim qatardakı
sərnişinlərdən şübhələnməyəcəkdi. Qatilin kənardan gəldiyi hesab olunacaqdı. Və sərnişinlərdən
biri o “qadın səsli, balacaboy, qaraşın adamı” Brodda qatardan düşərkən gördüyünü iddia
edəcəkdi.
Düzü, bilmirəm ki, sui-qəsdçilər qatarın uğradığı qəza üzündən planın bu hissəsini tətbiq
eləyə bilməyəcəklərini başa düşdükləri zaman nə baş verib? Hər halda, yığışıb tələm-tələsik götür-
qoy eləyiblər. Sonra da işə davam etməyə qərar veriblər. Əlbətə, bu şəraitdə artıq sərnişinlərdən
biri, ya da hamısı şübhəni özlərinə çəkəcəkdilər. Amma bu ehtimal onsuz da lap qabaqcadan
düşünülmüş və lazımi hazırlıq görülmüşdü. Sui- qəsdçilər işi büsbütün qarmaqarışıq icra etmək
qərarına gəliblər. O iki “dəlil” də ölünün kupesinə qəsdən atılıb. Bunlardan biri, hamıdan fərqli
olaraq yüz faizlik alibisi olan polkovnik Arbetnotla bağlıydı. Çünki onun Armstronq ailəsiylə
əlaqəsini isbat etmək asan olmayacaqdı. İkinci dəlil isə, şübhəni knyaginya Draqomirovanın
üstünə çəkəcək o yaylıqdı. Amma knyaginya cəmiyyətdəki yüksək səviyyəsi, çox tabsız-tavansızlığı
və xidmətçisiylə bələdçinin şahidliyi sayəsində yenə də təhlükədən uzaq idi. İşi daha da
dolaşdırmaq üçün ortaya birini də çıxardılar – qırmızı xələtli qadın. Onun mövcud olduğuna da
şəxsən mən şahidlik edəcəkdim. Qapıma nəsə toxundu. Qalxıb bayıra baxdım. Uzaqda qırmızı
xələtli qadının uzaqlaşdığını gördüm. Diqqətlə seçilən bir neçə nəfər... bələdçi, miss Debenhem
və Makkuin də onu gördüklərini dedilər. Mən vaqon- restoranda sərnişinləri sorğuya çəkərkən
qırmızı xələti çamadanıma qoyan kimdisə,
məncə, çox zarafatcıl biriydi. O xələtin kimin olduğunu bilmirəm. Kontes Andreninin olmasına
şübhə edirəm. Çünki o xanımın əşyaları arasında son dərəcə bərli-bəzəkli şifon bir xələt var. Ancaq
xələtdən çox, gecə paltarına bənzəyir.
Makkuin diqqətlə yandırılan məktubun bir parçasının yenə də qalmış olduğunu və burada
yazılmış olan Armstronq adının asanlıqla oxunduğunu ilk dəfə öyrənəndən sonra dərhal o
birilərinə xəbər çatdırıb. Elə Kontes Andreninin vəziyyəti də həmin vaxt təhlükəli bir hal
alıb. Əri pasportdakı adı dəyişdirmək üçün dərhal hərəkətə keçib. Onların qarşılaşdıqları ikinci
əskiklik də buydu. Hamısı da Armstronq ailəsiylə yerli- dibli, heç bir əlaqəsinin olmadığını
deməyə qərar vermişdilər. Bilirdilər ki, həqiqəti dərhal üzə çıxarmaq mümkün olmayacaq.
Konkret bir nəfərdən şübhələnmədikcə, bu məsələni araşdırmayacağımı güman eləyirdilər.
Bundan sonra üstündə baş işlətmək gərəkən bir nöqtə də vardı. Cinayətlə bağlı versiyam
doğrudursa, – ki doğru olduğuna inanırdım – o halda vaqon bələdçisinin də bu olayla hansısa bir
əlaqəsi olmalıydı. Lakin o vaxt da qarşımıza on iki deyil, on üç nəfər çıxırdı. Və bu dəfə qarşımda
hər zamankı, “bu qədər adamdan biri günahkardır” formulunun əvəzinə bunun tam əksi vardı.
Bu dəfə on üç nəfərdən biri, yalnızca biri günahkar deyildi. Bəs kimdi o?
Onda çox qəribə bir nəticəyə vardım. Cinayətə əl bulaşdırmamış şəxs, əslində bunu ən çox
istəyən insandı. Kontes Andrenidən danışıram. Kont Andreninin arvadının o gecə kupesindən çölə
addım atmadığına dair and içdiyi zaman həyəcanlı və səmimi halı məni mütəəssir etdi. Bununla
belə, Kontun xanımının yerini tutduğunu qərarlaşdırdım.
Əgər beləydisə, onda bələdçi Pyer Mişel də heç şübhəsiz o on iki nəfərlik andlılardan biriydi.
Amma onun bu işə bulaşmış olmasını necə izah edə bilərdik? İllərdən bəri bu şirkətdə çalışan,
dürüst və yaxşı bir adamdı. Pul qarşılığında cinayət törədilməsinə əl uzadacaq bir tip deyil Mişel.
Deməli, Pyer Mişelin də Armstronq hadisəsi ilə bir bağlılığı vardı. Ancaq buna da inanmaq çətin
idi.
Sonra uşaq otağına baxan xidmətçi qızın fransız olduğunu xatırladım. Bəs o bədbəxt Suzanna
Pyer Mişelin qızıydısa? Bax, onda vəziyyət aydınlaşdı. Üstəlik də cinayət üçün niyə qatarın seçilmiş
olduğu da aydın oldu. Oynanan bu dramdakı rolları elə də yaxşı anlaşılmayan başqa kimsələr də
varıydımı? Polkovnik Arbetnotun Armstronqun dostu olduğunu fikirləşdim. Hər halda,
müharibədə bir yerdə döyüşmüşdülər.
Xidmətçi Hildeqarda Şmidt... onun Armstronqların evindəki işini asanlıqla təxmin edə bildim.
Bəlkə də mən qarınquluyam deyə, usta aşpazı gözüm dərhal alır. Onun üçün bir tələ qurdum.
Qadın da dərhal bu tələyə düşdü. Ona yaxşı bir aşpaz olduğunu bildiyimi dedim. “Bəli,
cənab, – deyə cavab verdi. – Bütün ev sahibi olan xanımlar da belə deyərdilər”. Lakin sizi
otaq xidmətçisi kimi işə götürüblərsə, xanımlar yaxşı bir aşpaz olub-olmadığınızı heç cür öyrənə
bilməzlər.
Sonra Hardman... Onun Armstronqların eviylə bir əlaqəsinin olmadığı görünürdü. Amma
olsun ki, o, ölən fransız qızın aşiqi olub. Ona başqa millətin qadınlarının cazibədarlığından
danışdım. Və gözlədiyim hala düşdü. Birdən-birə gözləri doldu. Təbii ki, Hardman bunu qarın
gözlərini qamaşdırması ilə izah etdi.
Yerdə xanım Habbard qalır. İcazə verin bunu deyim: bu dramda ən vacib rolu o oynayıb.
Retçettin kupesiylə qonşu kupedə qalırdı. Üstəlik də, kupelərinin arasında qapı vardı. Yəni
şübhələr hər kəsdən çox onun üstündə toplanacaqdı. Qurulan plan üzündən onu dəstəkləyəcək
bir şahid də yoxuydu. O rolu... kifayət qədər normal, bir az gülməli, qızının heyranı olan amerikalı
ana rolunu oynamaq üçün çox güclü bir aktrisa lazımıydı. Amma Armstronq ailəsiylə əlaqəsi olan
bir aktrisa vardı. Xanım Armstronqun anası aktrisa Linda Arden...
Puaro susdu.
Sonra xanım Habbard yol boyu eşidilənə heç bənzəməyən, xəyalpərvər, qalın və təsirli
bir səslə: “Mən həmişə düşünmüşəm ki, komediya rollarında daha bacarıqlı ola bilərəm”, – dedi.
Sonra dalğın-dalğın sözünə davam etdi. – O süngər torbası məsələsindəki vəziyyətim çox
gülüncdü. Burdan da belə məlum olur ki, bir rolun
öhdəsindən gəlmək üçün gərək yaxşıca məşq edəsən. Biz bu rolu buraya gələrkən yolda məşq
etmişdik, ancaq görünür, o vaxt mən cüt nömrəli kupedəymişəm. Rəzələrin yerlərinin fərqli ola
biləcəyi heç ağlıma gəlməmişdi. – Habbard oturuşunu dəyişdirərək Erkül Puaroya baxdı. – Hər şeyi
bilirsiniz, müsyö Puaro. Siz çox heyrətamiz insansınız. Amma Nyu-Yorkdakı o faciəli günü, o
fəlakəti xəyalınıza belə gətirə bilməzsiniz. Kədərdən, qüssədən dəliyə dönmüşdüm. Xidmətçilər də
mənim kimi. Polkovnik Arbetnot da ordaydı. O, Armstronqun ən yaxın dostuydu...
– Müharibədə mənim həyatımı xilas etmişdi, – Arbetnot dedi. – Elə o vaxt, həmin o yerdəcə
Kasettinin qaçdığı ölüm cəzasının icra edilməsini qərarlaşdırdıq.
– Yəqin ki, hamımız ağlımızı itirmişdik, – deyə xanım Habbard davam etdi. – Bilmirəm...
On iki nəfərdik. Daha doğrusu, on bir nəfər. Suzannanın atası Fransadaydı. Əvvəlcə, bu işi kimin
icra edəcəyini müəyyənləşdirmək üçün püşk atmağı fikirləşdik. Amma axırda bu yolu seçdik. Bunu
sürücü Antonio təklif etdi. Daha sonra Meri Debenhem bütün təfərrüatları Hektor Makkuinlə
birlikdə hazırladı. Hektor qızım Sonyaya vurğundu. Bizə Kasettinin pulu sayəsində necə ölümdən
qurtulduğunu da elə o danışdı. Planımızı qüsursuz vəziyyətə gətirmək çox vaxt apardı. Əvvəlcə
Retçettin izinə düşmək məcburiyyətində qaldıq. Sonra Mastermanla Hektoru onun yanına
soxmağa çalışdıq. Heç olmasa, ikisindən birini. Nəsə, bunu bacardıq. Sonra Suzannanın atasıyla bir
görüşümüz oldu. Polkovnik Arbetnot çox istəyirdi ki, on iki nəfər olaq. Fikirləşirdi ki, belə daha
uyğun olar. Bıçaqlama fikrini elə də xoşlamadı. Amma bunun işimizi xeyli sadələşdirəcəyini o da
dərk eləyirdi... Suzannanın atası da bizə qoşulmağa razıydı. Hektordan Retçettin gec-tez Şərqdən
qatarla qayıdacağını öyrəndik. “Şərq ekspresi”ylə. Pyer Mişel də bu qatarda çalışırdı. Belə fürsəti
əldən qaçırmaq olmazdı. Həm də bu şəkildə təkcə amerikalılardan şübhə edilməsinin də qarşısını
almış olacaqdıq.
Təbii ki, qızım Helenanın ərinə də vəziyyəti söyləmək lazım idi. O isə Helenayla birlikdə
gəlməyə israr etdi. Hektor işi gözəlcə yönəldirdi və beləcə Retçett səfər üçün uyğun günü seçdi.
Yəni Pyer Mişelin iş başında olacağı günü. İstanbul-Qala vaqonundakı bütün kupeləri
tutmaq niyyətindəydik. Amma təəssüflər olsun ki, bu kupelərdən birini başqası sifariş etmişdi. Bu
kupe xeyli qabaqcadan şirkətin direktorlarından biri üçün ayrılmışdı. “Cənab Harris” təbii ki,
qondarma bir adamıydı. Hektorun kupesində yad birinin yerləşməsi hər şeyi çətinləşdirəcəkdi.
Sonra... ən son anda isə siz gəldiniz... – Xanım Habbard bir an sözünə ara verdi. – Eh, artıq hər şeyi
bilirsiniz, müsyö Puaro. İndi nə edəcəksiniz? Madam ki, hər şeyi polisə açıqlayacaqsınız, olarmı
bütün günahı mənim üstümə yıxasınız? Mən o adamı ləzzət ala-ala on iki dəfə bıçaqlaya bilərdim.
Onun günahı sadəcə qızımın, nəvəmin və hələ ana bətnində olan başqa bir uşağın ölümünə səbəb
olmaq deyildi. Məsələ daha da dərindi. Deizidən qabaq da başqa uşaqlar qaçırılmışdı. Ondan sonra
da qaçırıla bilərdi. Cəmiyyət o şəxsin hökmünü vermişdi. Biz, sadəcə, edam hökmünü yerinə
yetirdik. Amma başqalarını bu işə qarışdırmağa gərək yoxdur. Bütün bu nəcib ürəkli, sadiq
insanlar... və bədbəxt Pyer Mişel... Meriylə polkovnik Arbetnot... Onlar bir-birini dəlicəsinə
sevirlər...
Hamının toplaşdığı salonda onun o gözəl səsi adamı ovsunlayırdı. Nyu-Yorkda minlərcə
tamaşaçını sarsıdan o qalın, hissiyyatlı, insanın iliyinə işləyən o səs...
Puaro arxadaşına baxdı:
– Siz bu şirkətin direktorlarındansınız, müsyö Buk. Nə deyirsiniz? Buk
yüngülcə öskürdü:
– Məncə, müsyö Puaro, elə doğru olanı o ilk açıqladığınız versiya idi. Orasına söz ola
bilməz. Polis gələndə onlara bu versiyanı təkrarlamağımız daha uyğun olar. Siz də eyni fikirdə
deyilsinizmi, doktor?
– Əlbəttə, eyni fikirdəyəm, – doktor Konstantin cavab verdi. – Tibbi dəlillərə gəlincə... Onsuz
da mən... necə deyərlər... mümkün olmayan bəzi iddialar irəli sürmüşdüm...
– Beləliklə, sonuncu qərarımı sizə elan edirəm, – Puaro dedi. – Artıq bu hadisənin
araşdırılması ilə bütün əlaqəmi kəsirəm. Bu mənim üçün bir şərəf işi idi.

SO
N

Anda mungkin juga menyukai